Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İsveçrə Konfederasiyasının prezidenti Kaspar Villiger ilə görüşdə söhbətindən - Nyu-York, 2 fevral 2002-ci il


Heydər Əliyev:  Dünya İqtisadi Forumu Davosda keçiriləndə mən oraya gəlirəm. İndi bu forum Nyu-Yorkda keçirilir, mən də Nyu-Yorka gəlmişəm.

Kaspar Villiger: Cənab prezident, biz Sizinlə bir neçə il bundan əvvəl Bakıda və Davosda görüşmüşük. Mənim üçün çox xoşdur ki, indi də Sizinlə Nyu-Yorkda görüşürük. Sizinlə hər bir görüş həmişə məndə xoş duyğular yaradır.

Hörmətli prezident, Sizinlə burada görüşmək mənim üçün çox xoşdur, lakin mən Sizi gələn il Davosda görməkdən çox məmnun olardım.

Heydər Əliyev: Mən mütləq Davosa gələcəyəm.

Kaspar Villiger: Cənab prezident, mən elə bilirəm ki, dəhşətli 11 sentyabr faciəsindən sonra Nyu-Yorka gəlmək yaxşı haldır.

Heydər Əliyev: Mən Dünya İqtisadi Forumunun açılış mərasimində sizin çıxışınızı dinlədim. Siz çox yaxşı danışdınız. Mühüm məsələləri çox yaxşı qeyd etdiniz. Yaxşı çıxışınıza görə mən sizi təbrik edirəm. Siz həmin çıxışınızda Dünya İqtisadi Forumuna böyük bir yol göstərdiniz. Forum çox yaxşı keçir. Dünyanın əksər ölkələrindən buraya nümayəndələr gəlmişdir.

Kaspar Villiger: Cənab prezident, mənim haqqımda dediyiniz xoş sözlərə görə Sizə təşəkkür edirəm. Bilirsiniz, Dünya İqtisadi Forumunun Davosda keçirilməsi üçün lazımi işlər görmədiyimə görə bizim ölkədə - İsveçrədə məni tənqid edirlər. Lakin mən elə bilirəm ki, təbliğat üçün deyil, problemlərin həll olunması üçün işləmək lazımdır. Mənim fikrimcə, Nyu-Yorkda da biz əsas problemləri həll etməyə çalışmalıyıq. Çünki Davos Dünya İqtisadi Forumunun əsas istiqaməti də bundan ibarətdir.

Biz gərək həmişə çoxlu fikir mübadiləsi aparaq. Davos İqtisadi Forumu kimi tədbirlər olmasa, gərək üç ay vaxt sərf edib dünyaya gəzintiyə çıxaq ki, bir-birimizi görək.

Heydər Əliyev: Doğrudur, Davos Forumu dünya üçün həqiqətən çox vacib və önəmli bir forumdur. Ona görə də bu Forumun işində hər il xeyli ölkədən nümayəndələr iştirak edir.

Mən üçüncü dəfədir ki, Forumda iştirak edirəm. Mən Dünya İqtisadi Forumunda iştirak etmək üçün iki dəfə Davosda olmuşam, üçüncü dəfə isə Nyu-Yorka gəlmişəm. Çox məmnunam ki, sizinlə görüşüb söhbət edirik. Biz sizinlə həm Bakıda, həm də Davosda görüşmüşük. Siz nazir olanda mən sizinlə görüşmüşəm. Xatirimdədir, iki il bundan əvvəl Bakıda görüşümüz zamanı dediniz ki, siz iki ildən sonra İsveçrənin prezidenti olacaqsınız və biz Davosda görüşəcəyik. İndi görürsünüz, sizin dedikləriniz doğru oldu. İki ildən sonra, yəni indi siz həm prezidentsiniz, həm də biz görüşürük.

Kaspar Villiger: Cənab prezident, bilirsiniz, bizim ölkəmizdə prezident olmaq üçün elə bir böyük bacarıq lazım deyildir. Bizim ölkədə cəmi 7 nazir var. Bu 7 nazir növbə ilə prezident olurlar. Mən artıq 1995-ci ildə bir dəfə prezident olmuşam, yəni indi ikinci dəfədir ki, prezident oluram. Amma bu dəfə yalnız bir il prezident işləyəcəyəm.

Heydər Əliyev: Hər halda indi prezidentsiniz. Prezidentliyə necə gəlməyinizin elə bir əhəmiyyəti yoxdur. Siz mənə demişdiniz ki, prezident olacaqsınız, amma bunun üçün yaşamaq da lazımdır.

Mən sizə Davos haqqında bir kitab göstərmək istəyirəm. Görürsünüz, biz Davosa nə qədər böyük əhəmiyyət veririk. Bu kitab "Davos: Qlobal İqtisadiyyatın üfüqləri" adlanır. Baxın, burada bizim görüşümüz haqqında şəkil də var.

Kaspar Villiger: Mənə elə gəlir ki, bir qədər dəyişmişəm.

Heydər Əliyev: Yox, heç dəyişməmisiniz. Mən dəyişmişəm, amma siz dəyişməmisiniz.