Kitabi-Dədə Qorqud dastanının 1300 illik yubileyi şərəfinə həsr olunmuş Azərbaycan Prezidenti Heydər Əliyev adından Gülüstan sarayında keçirilən rəsmi qəbulda Prezident Heydər Əliyevin nitqi (9 aprel 2000-ci il) sənədinə tarixi arayış


"Kitabi-Dədə Qorqud" Azərbacan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir. Elm aləminə XIX əsrdən məlum olan "Kitabi-Dədə Qorqud"un iki əlyazma nüsxəsi (Drezden və Vatikan) tapılmışdır. Bu dastanlar islamdan öncə Azərbaycanda baş vermiş hadisələrlə səsləşir. Dastandakı hadisələrin əksəriyyəti Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Əlincə, Göyçə gölü və s. yerlərdə cərəyan edir. "Kitabi-Dədə Qorqud"u yazıya köçürən şəxs Dədə Qorqudu bu dastanların yaradıcısı, həm də iştirakçısı kimi təqdim edir. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adət-ənənələri, köçəri həyat tərzi və s. haqqında tarixi-etnoqrafik məlumatla zəngindir. Soykökümüzü, tariximizi, dövlətçiliyimizi və Azərbaycan türkcəsini öyrənmək baxımından zəngin mənbə olan "Kitabi-Dədə Qorqud" yalnız Azərbaycanın deyil, bütün türk dünyasının ölməz kitabıdır.

1951-ci ildə pantürkizmi təbliğ edən ideologiya kimi Azərbaycanda və Türkmənistanda öyrənilməsi və təbliği yasaqlanan "Kitabi-Dədə Qorqud" Azərbaycanda 1957-ci, Türkmənistanda isə 1980-ci ildə bəraət alıb.

Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarının poetik dili bədii təsvir vasitələri ilə zəngindir. Onlarda xalq dilinin incəliklərindən, atalar sözü, məsəl və idiomatik ifadələrdən məharətlə istifadə olunmuşdur.

Azərbaycan prezidenti Heydər Əliyev 1997-ci il aprelin 20-də "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar fərman imzalayıb. Üç il müddətində yubiley çərçivəsində görülən işləri elmi, ictimai, siyasi və bədii nöqteyi-nəzərdən yüksək qiymətləndirən dövlət başçısı "Kitabi-Dədə Qorqud" ensiklopediyasının nəşrini böyük nailiyyət adlandırıb.

"Gülüstan" sarayında keçirilən rəsmi qəbulda çıxış edən Heydər Əliyev qeyd edib ki, yubiley tədbirləri "Kitabi-Dədə Qorqud"un 1300 il yaşı olduğunu bütün dünyaya bəyan etməklə nəinki Azərbaycan tarixində, dünya tarixində də bu dastanın yaranma tarixinə aydınlıq gətirib.

YUNESKO çərçivəsində, Drezdendə, Moskvada, Türkiyənin müxtəlif şəhərlərində təşkil olunan yubiley tədbirləri 2000-ci ilin aprelində Bakıda Türkdilli Dövlətlər Birliyinin VI zirvə toplantısına dəvət olunmuş dövlət başçılarının iştirakı ilə keçirilmiş təntənəli yubiley mərasimi ilə başa çatıb.

Tarixi arayış 5 may 2008-ci ildə tərtib edilib.