Xalq artisti bəstəkar Polad Bülbüloğluya - Bakı şəhəri, 4 fevral 2000-ci il


Əziz Polad Bülbüloğlu!

Sizi - Azərbaycan müsiqi mədəniyyətinin görkəmli xadimini yubileyiniz münasibətilə təbrik edir, Sizə səadət, cansağlığı və xoşbəxtlik arzulayıram.

Azərbaycan mahnı sənətinin zəngin ənənələrini özündə əks etdirən nəğmələriniz estrada tarixinə həmişəlik daxil olmuşdur. Əgər XX əsrin birinci yarısında sizin atanız, Azərbaycanın peşəkar vakal sənətinin banisi böyük Bülbül öz yaradıcılığında Azərbaycan muğam sənəti ilə Avropa ifaçılıq məktəbinin əvvəllər misli görünməmiş vəhdətini yaratmağa nail ola bilmişdisə, əsrin ikinci yarısında sizin yaradıcılığınız müasir estrada mahnı sənətinin milli xalq melodiyalarımızın ritmləri ilə birləşməsinin rəmzinə çevrildi.

Siz həm bəstəkar, həm də öz mahnılarınızın təkrarolunmaz ifaçısı kimi keçmiş Sovet İttifaqı gəncləri içərisində tez bir zamanda böyük uğur qazana bildiniz. Pərəstişkarlarınız tərəfindən həmişə Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında mühüm bir mərhələ kimi qəbul edilən sənətiniz bu gün də gənc nəsil tərəfinadən olduqca yüksək qiymətləndirilir.

Siz müxtəlif janrlarda əsərlər yaratmaqda böyük uğurlar qazana bilmisiniz. Onların içərisində kinofilmlərə yazdığınız musiqi xüsusilə seçilir. Çoxşaxəli istedadınız kino aktyoru kimi fəaliyyətinizdə də özünü göstərir.

Sizi yubiley münasibətilə bir daha təbrik edir və yeni yaracılıq uğurları diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT