Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB dövlət başçılarının Kiyev toplantısından qayıtdıqdan sonra Binə Beynəlxalq Hava Limanında jurnalistlərə müsahibəsi - 29 yanvar 2003-cü il


- Axşamınız xeyir olsun!

Mənim Kiyevə qısamüddətli səfərim haqqında yəqin ki, televiziyadan və digər informasiya orqanlarından məlumatınız var. Ona görə sizə elə bir məlumat verməyə ehtiyac yoxdur.

Biz orada əsasən azad iqtisadi zona yaradılması haqqında müzakirə apardıq. Bu barədə yenə də hərə öz fikrini dedi. Tapşırdıq ki, bir az da işləsinlər, Müstəqil Dövlətlər Birliyi ölkələri başçılarının sentyabr ayında toplantısı olacaq, orada bu məsələyə baxarıq.

İlk dəfə olaraq, Müstəqil Dövlətlər Birliyində sədr dəyişildi. İndi Rusiyanın deyil, Ukraynanın prezidentini sədr seçdik. Bu da yaxşı bir hadisədir. Çünki, ümumiyyətlə, əvvəlcədən bu təşkilatda rotasiya sistemi var. Ancaq Yeltsin zamanı onu müəyyən qədər dəstəkləmək üçün hər dəfə belə qərarlar qəbul edirdik ki, o, sədr qalsın. Amma indi prezident Putin məsələni özü qoyubdur. O, bunu oktyabr ayında Kişinyovdakı sammitdə də qaldırmışdı. Biz bunu orada da müzakirə etdik, ancaq həll edə bilmədik. Amma burada müzakirə etdik və həll etdik. Artıq indi Ukraynanın prezidenti Leonid Kuçma Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının sədridir. Sentyabr ayında olacaq sammitin yeri də əvvəlcədən müəyyən olundu - Yaltada keçiriləcəkdir. Başqa elə bir məsələ yoxdur.

Prezident Putin görüşdə beynəlxalq məsələlər haqqında müəyyən məlumat verdi. Çünki onun böyük əlaqələri var. Xüsusən İraqla və bir də Şimali Koreya ilə əlaqədar olan məsələlər haqqında bizə məlumatlar verdi. Biz bu məlumatların bir hissəsini bilirik, bir hissəsini də nəzərə aldıq. Başqa elə bir şey yoxdur

Sual: Cənab prezident, Rusiya prezidenti sammitdən sonra mətbuat konfransında bəyan etdi ki, İraqla bağlı MDB dövlət başçılarının hamısı eyni mövqedən çıxış edibdir. Buna münasibətinizi öyrənmək istərdik, Azərbaycanın mövqeyi necədir?

Cavab: Biz oradan çıxıb getdik. Mətbuat konfransını cənab Putinlə cənab Kuçma bir yerdə keçirdilər. Buna görə nə deyibsə, onun cavabıdır.

Sual: Cənab prezident, orada "Qafqaz dördlüyü"nün görüşü keçirildi, nəticələri barədə nə deyə bilərsiniz?

Cavab: Bəli, keçirildi, növbəti dəfə söhbət etdik. Rusiya, Gürcüstan, Ermənistan və Azərbaycan prezidentləri regiondakı vəziyyət, təhlükəsizliyin təmin olunması, iqtisadi əməkdaşlıq məsələləri barədə danışdıq. Bu, sadəcə, fikir mübadiləsidir, başqa bir şey yoxdur.

Sual: Cənab prezident, "Qafqaz dördlüyü" çərçivəsində əsir düşmüş Elməddin Abıyevin məsələsini qaldırdınızmı?

Cavab: Mən bunu ondan soruşdum. Siz bunu artıq o qədər şişirtməyin. Hər dəfə televiziyada, deyəsən, ANS kanalıdır, o əsgəri göstərirlər. Hadisə olubdur, minaya düşübdür. Bunu onlar deyir. Bəlkə də atəş açıblar. O. yaralanıb və özü də ağır yaralanıbdır. Onlar da onun üzərində, cərrahiyyə əməliyyatı aparıblar. Əvvəl də bizə demişdilər, indi Koçaryan da mənə dedi ki, - Putinin yanında söhbətimiz oldu, Şevardnadze də orada idi,- biz gözləyirik ki, səhhətinə zərər dəymədən onu qaytarmaq mümkün olsun.

Axı hər gün televizoru açırıq, o əsgəri göstərirsiniz, bilmirəm, onu göstərənlər kimdir, yəqin buradadır. Əsgər yaralanar da, itkin də düşər. Siz bunu başa düşməlisiniz ki, 6-7 il müharibə aparmış, bir-birini öldürmüş, bir-birini qırmış iki xalq, erməni və Azərbaycan xalqı 1994-cü ildən indiyə qədər hər iki dövlətin iradəsinə görə, kənardan heç bir sülhməramlı qüvvənin iştirakı olmadan atəşkəsi saxlayır. Elə həmin o əsgər haqqında da söhbət edəndə Koçaryan özü dedi, mən də dedim ki, bəli, biz atəşkəsi saxlayırıq və saxlayacağıq. Ancaq bu hadisə də olubdur. Belə hadisələr ola bilər.

Sual: Cənab prezident, azad iqtisadi zonanın yaradılması barədə nə kimi irəliləyişlər əldə olundu?

Cavab: Mən sizə dedim ki, yenə də müzakirə etdik və tapşırdıq ki, gələn sammitə qədər tam qərar hazırlasınlar.

Sual: Cənab prezident, "Qafqaz dördlüy”ünün görüşündən sonra Vladimir Putin bəyan etdi ki, bu ölkələrin güc strukturlarının əməkdaşlığı zəruridir. Buna münasibətinizi bilmək olarmı?

Cavab: Bilirsiniz, güc strukturları əməkdaşlıq etmirlər. Onlar görüşürlər və bəzi məsələlər haqqında müzakirələr aparırlar. Ancaq bu o demək deyil ki, biz Ermənistanla əməkdaşlıq edirik. Eləcə də, məsələn, belə təkliflər irəliyə sürülübdür ki, dörd ölkənin parlament sədrləri görüşsünlər. Onlar bu yaxınlarda Kislovodskda görüşəcəklər. Bəli, daxili işlər nazirləri, başqa güc strukturlarının rəhbərləri görüşürlər.

Sual: Cənab prezident, Rusiyanın kütləvi informasiya vasitələri belə bir məlumat yayıb ki, yazda Ermənistan və Azərbaycan prezidentləri Sankt-Peterburqda görüşəcəklər. Bu, doğrudurmu?

Cavab: Yaxşı, bunları bilirsinizsə, məndən niyə soruşursunuz?! Bəli, mayın 30-da Sankt-Peterburqun 300 illiyi olacaqdır. Biz də dəvət olunmuşuq. Özü də bir çox dövlət başçıları, bütün Avropanın dövlət başçıları dəvət edilibdir. Bizim orada görüşümüz olacaqdır. Sağ olun.

Tarixi arayış