Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Sülh naminə tərəfdaşlıq" çərçivə sənədinin imzalanma mərasimində bəyanatı - Brüssel, NATO-nun iqamətgahı, 4 may 1994-cü il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Zəngin və çoxəsrlik tarixi olan, böyük inkişaf yolu keçən Azərbaycan Respublikası üç il bundan əvvəl sovet totalitarizminin süqutu nəticəsində öz milli istiqlaliyyətini bərpa etmiş və BMT-də, ATƏM-də və digər beynəlxalq təşkilatlarda təmsil olunduğuna görə bu gün NATO üçün dünya birliyinin tamhüquqlu üzvüdür.

Dünya inkişafının bugünkü qanunauyğunluqlarını nəzərə alaraq, indiki mərhələdə Azərbaycan dünya birliyində öz layiqli yerini tutmağa çalışır və demokratik cəmiyyət yaratmaq əzmindədir. Elə bir cəmiyyət ki, bəşər sivilizasiyasının öz inkişafının bütün mərhələlərində yaratdığı fundamental prinsiplərə və dəyərlərə sadiqdir.

Azərbaycanın dövlət siyasətinin əsasını sülhsevərlik, siyasi plüralizm, şəxsiyyətin azadlığının və insan hüquqlarının tanınması və təmin olunması prinsipləri təşkil edir. Bizdə siyasi partiyalar, dini etiqad azadlığı, milli azlıqların hüquqlarının müdafiəsi və s. haqqında normativ sənədlər qəbul edilmişdir və işləyir.

Azərbaycan öz xarici siyasətini bizim hamımızın qarşısında duran ümumi qlobal məqsədləri rəhbər tutaraq, dünyanın qarşılıqlı surətdə asılı və qarşılıqlı surətdə bağlı olmasını dərindən dərk etmək əsasında qurur. Biz möhkəm əminik ki, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət indiki həyəcanlı və hədə-qorxulu dövrdə təhlükəsizliyin əsasıdır.

Azərbaycan xarici dünya üçün açıq olan və ölkənin çox zəngin potensialından istifadə etməyə imkan verən bazar iqtisadiyyatı yaratmaq məqsədilə iqtisadi islahatlar həyata keçirməyə başlamışdır. Bu məqsədlə biz xarici investisiyaları iqtisadiyyatımıza cəlb etmək və dünyanın ən iri şirkətləri ilə əməkdaşlıq yaratmaq üçün tədbirlər görürük. İslahatların qanunvericilik yolu ilə təmin edilməsi prosesi gedir.

İndi Azərbaycan dərin böhran keçirir. Sovet quruluşunun iflasa uğramasının nəticəsi olan bu böhran keçmiş SSRİ-nin bütün ərazisini əhatə etmişdir. Buna baxmayaraq, biz yaşadığımız dövrün çətinliklərini dəf etmək və islahatların planlı surətdə həyata keçirilməsi yolu ilə çiçəklənən suveren dövlət yaradılmasına nail olmaq əzmindəyik.

Azərbaycan 1993-cü ilin sentyabrında Müstəqil Dövlətlər Birliyinin üzvü olmuş və bunu SSRİ parçalandıqdan sonra meydana gəlmiş ölkələrlə siyasi və iqtisadi əməkdaşlığın zəruri amili hesab etmiş və Kollektiv Təhlükəsizlik haqqında müqavilə imzalamışdır.

Mənim ölkəmin vəziyyətini ağırlaşdıran budur ki, o, Azərbaycana qarşı ərazi iddiaları olan qonşu Ermənistan Respublikası tərəfindən təcavüzə məruz qalmışdır.

Təcavüzkar dövlət olan Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ərazisində yaşayan ermənilərin etnik qrupundan ərazimizin ilhaqı üçün separatçılıq vasitəsi kimi istifadə edir. Ermənistan öz ərazisindən və silahlı qüvvələrindən Azərbaycan ərazisində müharibə aparmaq üçün istifadə edir və bu faktları gizlətməyə daha müvəffəq olmur.

Azərbaycana qarşı həyata keçirilən təcavüzün gedişində Ermənistan Respublikası Azərbaycan ərazilərinin 20 faizindən çoxunu işğal etmişdir. Ermənistan silahlı qüvvələrinin apardıqları etnik təmizləmə əməliyyatları nəticəsində 20 mindən çox adam öldürülmüş, təxminən 60 min nəfər yaralanmış və ya əlil olmuş, 4 min adam əsir düşmüş və ya girov götürülmüş, təqribən 1 milyon azərbaycanlı öz ölkəsində qaçqına çevrilmişdir.

İşğal olunmuş ərazilərdə qırılıb-çatılmaq təhlükəsinə məruz qalan azərbaycanlıların tamam hamısı həmin ərazilərdən qovulmuşdur. İşğalçılar "viran qoyulmuş torpaq" taktikasına əl atırlar. Təxminən 90 min yaşayış tikilisi 1 mindən çox iqtisadi obyekt, 250 məktəb və təhsil ocağı, 250 tibb müəssisəsi yandırılmış, qarət edilmiş və dağıdılmışdır. Azərbaycana vurulmuş zərər milyardlarla ABŞ dollarına bərabərdir.

Erməni millətçiləri müharibə məşəlini yandırmış və tarixin hökmü ilə sülh və mehriban qonşuluq şəraitində yaşamalı olan iki xalqı toqquşdurmuşlar. Mən qəti əminəm ki, Azərbaycanla Ermənistan arasında münaqişə hərbi yolla həll edilə bilməz. Hərbi əməliyyatların davam etməsi hər iki xalqı ağlasığmaz münasibətlərə düçar edir. Münaqişə onlara ayağa durmağa, öz müstəqilliyini bərqərar etməyə, iqtisadi islahatları tam həcmdə keçirməyə, demokratik dövlət qurmağa mane olur.

Azərbaycan münaqişənin aradan qaldırılması məsələlərində həmişə əməli mövqe tutmuşdur. Dövlətimizin ərazi bütövlüyü və sərhədlərinin pozulmazlığı bizim üçün ən başlıca prinsipdir. Biz işğal olunmuş bütün Azərbaycan ərazilərinin azad edilməsinə, qaçqınların hamısının, o cümlədən də 50000 qarabağlı azərbaycanlının öz torpaqlarına qayıtmasına çalışacağıq. Eyni zamanda biz Qarabağ ermənilərinin təhlükəsizliyini və bütün vətəndaş hüquqlarını təmin etməyi, onlara Azərbaycan dövləti çərçivəsində müvafiq səviyyədə muxtariyyət verməyi öhdəyə götürürük.

Cari il arpelin 12-də mən Ermənistan vətəndaşlarına, Dağlıq Qarabağın erməni millətindən olan sakinlərinə - Azərbaycan vətəndaşlarına müraciət edib, onları əl saxlamağa, hərbi əməliyyatları dayandırmağa çağırdım. Azərbaycan rəhbərliyi münaqişə zonasında hərbi əməliyyatlara cəlb olunmuş bütün sakinlərin şəxsi təhlükəsizliyinə, doğma torpaqda dinc, azad yaşamaq imkanına təminat vermişdir. Biz həmin prinsipial mövqeyimizi bu gün bir daha təsdiq edirik.

Azərbaycana qarşı təxminən altı ildən bəri davam edən hərbi təcavüz zamanı münaqişənin dincliklə aradan qaldırılması üçün çoxlu addım atılmışdır. Təəssüflər olsun ki, bu addımlar Ermənistan Respublikasının sərt təcavüzkar mövqeyi üzündən istənilən nəticələri verməmişdir.

Azərbaycan ərazilərinin işğalı faktı, bu ərazilərdən işğalçı Ermənistan silahlı qüvvələrinin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələbi BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində - 822-ci, 853-cü, 874-cü və 884-cü qətnamələrində öz əksini tapmışdır. Lakin indiyədək müxtəlif bəhanələrlə Ermənistan həmin qətnamələri yerinə yetirməkdən imtina edir. Ermənistan öz davranışı ilə dünya birliyinə açıq-aşkar meydan oxuyaraq, münaqişənin dincliklə, siyasi yollarla aradan qaldırılması üçün göstərilən bütün cəhdləri kökündən pozur. Azərbaycanın ərazi bütövlüyünü tanımır, işğal olunmuş Azərbaycan ərazilərini tərk etməkdən boyun qaçırır.

Azərbaycan Respublikası Minsk qrupunun fəaliyyətini dəstəkləmək üçün öz tərəfindən hər şey edir, bu qrup üçün mümkün olan bütün şəraiti yaradır. Lakin nəzərə çarpdırmaq istəyirəm ki, hər dəfə Minsk qrupu toplaşdıqda dünya Ermənistan tərəfindən hərbi əməliyyatların daha da gücləndirilməsinin, yeni-yeni Azərbaycan ərazilərinin işğal edilməsinin şahidi olur. ATƏM-in indiki sədrinin 1993-cü ilin oktyabrında bölgəyə səfəri və ya Minsk qrupunun bu ilin aprelində Praqada müşavirəsi keçirilən zaman və başqa vaxtlarda məhz belə olmuşdur. Minsk qrupunun nümayəndə heyəti aprelin 26-dan mayın 2-dək bölgədə idi. Biz ona hər cür kömək göstərdik. Əgər Minsk qrupunda təmsil olunmuş ölkələrin hamısı qanlı müharibəyə bacardıqca tez bir vaxtda son qoymaq və sülhün bərpasına başlamaq üçün möhkəm iradə ilə çıxış edərsə, mən əminəm ki, müvəffəqiyyət təmin olunar. Buna görə də Brüsseldə NATO-nun iqamətgahında olmaq fürsətindən istifadə edərək, ATƏM-in Minsk qrupunun bütün aparıcı ölkələrinin daxil olduqları Şimali Atlantika İttifaqına üz tutaraq, onu qan tökülən bölgəmizdə sülhün və sabitliyin təmin edilməsi üçün lazımi tədbirlər görməyə çağırıram.

Azərbaycan Respublikası Şimali Atlantika İttifaqına dərin hörmətlə yanaşır, onun son onilliklər ərzində Avropada sülhü, sabitliyi və ardıcıl inkişafı təmin etmiş olan fəaliyyətini yüksək qiymətləndirir. Hazırda dünyada kollektiv təhlükəsizliyin real surətdə mövcud olan strukturu kimi NATO demokratik dəyərlərin müdafiəsini və bu dəyərlərin Şərqi Avropada və keçmiş SSRİ ərazisində yaranmış yeni müstəqil dövlətlərdə yayılmasını təmin edir.

Biz NATO-ya gənc Azərbaycan dövlətinə Qərb dünyası ilə sıx və çoxtərəfli qarşılıqlı münasibətlər yaratmaqda və Qərb dünyasının çox zəngin təcrübəsindən bəhrələnməkdə kömək etməyə qadir olan bir təşkilat kimi baxırıq. Azərbaycanın, eləcə də digər yeni Avropa dövlətlərinin müstəqilliyinin möhkəmlənməsi NATO-nun bütün fəaliyyətinin əsaslandığı prinsiplərin sarsılmazlığının real təsdiqi olacaqdır.

Biz Zaqafqaziyada vəziyyətdən narahatlığın ifadə edilməsinə və həmin regiondakı dövlətlərin, o cümlədən də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə hörmətin təsdiq olunmasına görə NATO-ya minnətdarıq. Bu narahatlıq və hörmət NATO şurasının 1994-cü ilin yanvarında qəbul edilmiş bəyannaməsində öz əksini tapmışdır.

NATO-nun prinsipləri - onun iştirakçılarının öz münasibətlərini tənzimləyərkən, öz aralarında ortaya çıxan bütün mübahisələri dinc vasitələrlə həll edərkən, bu təşkilatın bir və ya bir neçə üzvünə qarşı təcavüzün dəf olunması üçün öz fərdi və kollektiv imkanlarını genişləndirərkən əsas tutduqları prinsiplər öz həyat qabiliyyətini uzun illər boyu sübut edir və qarşıdurmadan sonrakı dövrdə Avropada təhlükəsizliyin yeni sistemini qurmağın bünövrəsi ola bilərdi.

Bazar iqtisadiyyatı olan müstəqil demokratik dövlət qurmaq yolu seçən gənc Azərbaycan Respublikası bu yolda böyük müvəffəqiyyətlər qazanmış dövlətlərə böyük ümidlə baxır və onlardan kömək və yardım gözləyir. Buna görə də, bir çox digər ölkələr kimi, biz də NATO-nun "Sülh naminə tərəfdaşlıq" təşəbbüsünü böyük ruh yüksəkliyi ilə qarşıladıq. Şimali Atlantika İttifaqı özlüyündə bizim üçün elə bir təhlükəsizliyə istiqamətdir ki, bu təhlükəsizliyi o, NATO-nun üzvü olan ölkələrin dövlət və hökumət başçılarının bu il yanvarın 10-da keçirilmiş görüşündə NATO-nun baş katibi Manfred Vernerin dediyi kimi, öz üzvləri üçün təmin edir, çünki bu, kollektiv təhlükəsizlik sahəsində daha səmərəli fəaliyyət göstərən təşkilatdır.

Biz müharibə vəziyyətində olan, qonşu ölkə - Ermənistan tərəfindən təcavüzə məruz qalan bir dövlət kimi, ümidvarıq ki, NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramında iştirak etmək Ermənistan-Azərbaycan münaqişəsinin ədalətlə, dincliklə dayandırılmasına, işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsinə, müharibənin bütün nəticələrinin aradan qaldırılmasına tezliklə nail olmağa imkan verəcəkdir. NATO-nun yüksək nüfuzu bu qanlı müharibənin dayandırılması işində sanballı amil ola bilər.

Biz ümidvarıq ki, Azərbaycan Respublikasının "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulması bizə Avropada kollektiv təhlükəsizliyin etibarlı sisteminin yaradılmasında iştirakımızı fəallaşdırmağa imkan verəcəkdir.

Belə düşünürəm ki, Şimali Atlantika İttifaqının əsasını təşkil edən demokratik prinsiplər müvəffəqiyyətlə əməkdaşlıq etməyimizə, Zaqafqaziyada və digər bölgələrdə sülh və sabitlik yolunda duran əngəllərin əməli surətdə aradan qaldırılmasına, bütün xalqların tərəqqi və inkişafına kömək edəcəkdir.