Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Norveçin Baş naziri Qru Harlem Brundtland ilə görüşdə çıxışı - 24 aprel 1996-cı il


Hörmətli baş nazir xanım Brundtland!

Mən səmimi qəbul üçün Sizə öz təşəkkürümü bildirir və qeyd etmək istəyirəm ki, Sizinlə əvvəllər keçirdiyim görüşləri həmişə məmnuniyyətlə xatırlayıram. Məni Norveçə rəsmi səfərə dəvət etdiyi üçün xanım Brundtlanda minnətdarlığımı bildirirəm və bəyan edirəm ki, dost ölkəyə gəlməyimə şadam.

Norveç ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı zəmin yaranmışdır. Azərbaycanın neft yataqlarının işlənməsində Qərbin digər nüfuzlu neft şirkətləri ilə birgə "Statoyl" şirkətinin də "Əsrin müqaviləsi"ndə iştirakından razılıqla söhbət açmaq istəyirəm və bildirirəm ki, digər şirkətlərin də respublikamızda geniş fəaliyyəti üçün hər cür şərait vardır.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində görülən işlərdən bəhs edərkən bildirmək istəyirəm ki, ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Budapeşt zirvə toplantısında xanım Brundtlandın da fəal iştirakı ilə qəbul olunmuş qərardan sonra Minsk qrupu çərçivəsində, böyük dövlətlərin vasitəçiliyi ilə danışıqlar aparmağa və birbaşa dialoqlara başlamağa imkan xeyli artıb. Bu işdə Minsk qrupunun fəaliyyətinə böyük ümidlər bəslənilir.

Mən aprelin 21-də Lüksemburqda Ermənistan prezidenti Levon Ter-Petrosyan ilə görüş keçirdim. Bu görüşdə qəbul edilmiş birgə bəyanatı münaqişənin sülh yolu ilə nizama salınması yolunda mühüm addım saymaq olar. Bir daha bəyan edirəm ki, Azərbaycan sülhsevər dövlətdir, münaqişəni yalnız sülh yolu ilə həll etməyə çalışır. Ölkəmizə dəymiş böyük maddi, mənəvi zərbələrə, respublikamızın ərazisinin 20 faizindən çoxunun işğal altında olmasına, bir milyondan artıq vətəndaşımızın didərgin vəziyyətində, ağır şəraitdə yaşamasına baxmayaraq, biz Ermənistana ədalətli sülh təklif edirik.

Dağlıq Qarabağda yaşayan təxminən yüz minə yaxın erməniyə Azərbaycan dövlətinin tərkibində dünya təcrübəsində mövcud muxtar qurum statusu verməyə, eyni zamanda, Dağlıq Qarabağda yaşayan, Azərbaycan vətəndaşı olan ermənilərin təhlükəsizliyini təmin etməyə ölkəmizin hazır olduğunu bildirirəm. Bu danışıqlarda sülh əldə edilməməsinin əsas səbəbi Ermənistanın qeyrikonstruktiv mövqe tutması, zor işlətməsi və bir sıra ölkələrə arxalanmasıdır. Bütün bu maneələrə baxmayaraq, biz bundan sonra da sülh danışıqlarını davam etdirmək istəyirik.

Avropa ölkələrindən Norveçin Azərbaycanın müstəqilliyini birincilər sırasında tanıdığını və ölkəmizdə işləyən xarici şirkətlər arasında "Statoyl"un ilk şirkətlərdən biri olduğunu nəzərə çarpdırmaq istərdim. Mənim fikrimcə, Norveç, о cümlədən "Statoyl" ilə əməkdaşlığımız uzunmüddətli olacaqdır. XXI əsrin Norveç ilə Azərbaycan arasında yaxın münasibətlər əsri olacağına ümid bəslədiyimi bildirmək istərdim. Yaratdığımız bu əlaqələr möhkəm zəmin üzərində qurulur, ona görə də gərək dövlətlərimiz bütün beynəlxalq təşkilatlarla daha sıx əməkdaşlıq etsinlər.

Mən hörmətli baş nazir xanım Brundtlandı Azərbaycana rəsmi səfərə dəvət edirəm.