Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul edərkən söhbətindən - Prezident sarayı, 8 noyabr 1999-cu il


Dövlətimizin başçısı səfiri səmimiyyətlə salamladı və onun vəziyyəti ilə maraqlandı.

Stenli Eskudero: Cənab prezident, çox yaxşıyam. Sizin vəziyyətiniz necədir? Siz çox yaxşı görünürsünüz.

Heydər Əliyev: Çox işləyirəm, ona görə.

Stenli Eskudero: Doğrudur. Mənə elə gəlir ki, Siz işləyən zaman yaxşı görünürsünüz.

Heydər Əliyev: Elədir. Mən özüm də bunu hiss etmişəm. Ona görə də dünən, bazar günü həddindən artıq çox işləmişəm.

Stenli Eskudero: Doğrudur, mən bunu dünən bildim. Çünki dünən mənimlə əlaqə saxlanılmışdı və burada Siz bəzi məsələləri müzakirə etmişdiniz. Əslində, mənim özüm də, bir neçə məsələ var idi, işdə onunla məşğul oldum. Cənab prezident, mənə elə gəlir ki, gərək Sizinlə biz həftədə bir gün ayıraq ki, həmin gün bizim üçün iş olmasın.

Heydər Əliyev: Elədir, tapmaq lazımdır.

Stenli Eskudero: Cənab prezident, artıq çoxları Sizi təbrik etmək üçün öz növbələrini gözləməkdədirlər. Çünki Sizin apardığınız siyasətin nəticəsində həm Sizin çox böyük tarixi qələbəniz, həm də Amerikanın tarixi qələbəsi hesab edirik ki, yaxın zamanlarda İstanbulda dörd böyük layihə üzrə müqavilənin, sənədin imzalanması gözlənilir. Şübhəsiz ki, bunların ən başlıcası əsas boru kəməri barədədir. Məndə olan məlumatlara görə, İstanbulda Transxəzər qaz kəmərinin çəkilməsi barədə də ümumi anlaşmanın imzalanması gözlənilir. Şübhəsiz ki, bu böyük layihə də məhz Sizin təşəbbüsünüzlə meydana çıxan layihələrdən biridir və ümidvarıq ki, bu da müvəffəqiyyətlə başa çatacaqdır.

Cənab prezident, fürsətdən istifadə edərək, onu da bildirmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Xəzər regionundan dünyaya ixrac olunacaq bu enerji ehtiyatlarını dünyanın malı etmək üçün Sizin göstərdiyiniz çox qətiyyətli səyləri çox yüksək qiymətləndirir.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Həqiqətən, Bakı-Ceyhan neft kəməri, neft borusu artıq beş ildir mənim gördüyüm işlərin demək olar ki, bir istiqamətidir. Ötən beş ildə biz bir çox mərhələlərdən, bir çox çətinliklərdən keçmişik. Bilirsiniz ki, son zamanlara qədər də bu məsələ yenə hələ tamam deyildi. Təbiidir ki, Amerika Birləşmiş Ştatlarının bu məsələdə prinsipial mövqeyi bizə çox kömək etdi. Əsas işlər bizim üzərimizə düşmüşdü və biz də bunu başa çatdırdıq. Müqavilə hazırdır. Bizim nümayəndələrimiz indi Ankarada işləyirlər.

Noyabr ayının 1-də Ankarada mənə Beynəlxalq Atatürk Sülh Mükafatı verilərkən orada Türkiyənin bütün dövlət, hökumət başçıları - hamısı iştirak edirdi. Orada açıqca dedim ki, Bakı-Ceyhan məsələsi həll olunubdur və biz İstanbulda bu müqaviləni imzalayacağıq.

Siz bilirsiniz ki, Transxəzər qaz kəməri haqqında da bizim fikrimiz müsbət olmuşdur və bu barədə mən Ankarada bəyanat verdim. Amerika Birləşmiş Ştatlarının keçmiş dövlət katibi cənab Corc Şults ilə görüşümüzdə də bu məsələni biz çox ətraflı müzakirə etdik. Güman edirəm ki, İstanbulda bu barədə bir çərçivə müqaviləsi, yaxud bir bəyanamə imzalanacaqdır. Burada bizim bir məsələ vardır, bunu da cənab Corc Şults Bakıda olanda danışırdıq ki, bu Transxəzər qaz kəmərində gələcəkdə Azərbaycanın qaz ixracı imkanları da nəzərdə tutulmalıdır.

Stenli Eskudero: Tamamilə doğrudur.

Heydər Əliyev: Cənab Şults da bu barədə dedi ki, tamamilə doğrudur və belə də olmalıdır. Bu şərtlə biz İstanbulda bəyannaməni imzalayacaıq. Ona görə də həqiqətən İstanbulda böyük hadisələr olacaqdır. Bu, tarixi hadisədir və ondan sonra da hələ çox işlər görməli olacağıq. Bütün bu müqavilələri yerinə yetirmək lazımdır. Ancaq bu barədə artıq bizim təcrübəmiz vardır. Biz sizinlə və başqa ölkələrdən olan şirkətlərlə bu məsələləri lazımi səviyyədə apara bilirik. Hər halda mən şəxsən çox məmnunam ki, bu beş ildə gördüyümüz işlər artıq sona çatıbdır və müsbət nəticə verir.

Stenli Eskudero: Cənab prezident, şübhəsiz, mən Sizin - bu layihələrin həyata keçirilməsi üçün müntəzəm, davamlı surətdə səylər qoymuş bir şəxsin həmin layihələrin həyata keçməsinin nəticələrini və yaxud, deyərdim ki, artıq sona çatmasını, onun bəhrələrini gördükdə necə şadlıq hissləri keçirdiyinizi anlaya bilərəm.

Cənab prezident, başqa bir məsələ ilə əlaqədar Sizə onu bildirmək istəyirəm ki, bu yaxınlarda Alyaska ştatından biznes dairələrini təmsil edən bir qrup şəxs Azərbaycana çox uğurlu səfər etmişdir. Alyaska ştatından Azərbaycanda səfərdə olan nümayəndə heyətinə, şübhəsiz ki, Amerika Birləşmiş Ştatları Ticarət Nazirliyinin nümayəndələri də qatılmışdılar. Üç günlük səfər zamanı nümayəndə heyəti Azərbaycanın dövlət və hökumət nümayəndələri ilə, Dövlət Neft Şirkətində, Beynəlxalq Əməliyyat Şirkətində, Azərbaycana sərmayə qoymuş Amerika biznes dairələrini təmsil edən şirkətlərlə çoxsaylı görüşlər keçirdilər. Bu görüşlər nəticəsində onlar bir daha əmin oldular ki, Azərbaycanda xarici investisiyalar üçün çox əlverişli şərait yaradılmışdır. Bu şirkətlər öz sahələrində Azərbaycana sərmayə qoymaq üçün bir sıra uğurlu layihələrin də perspektivli olduğunu gördülər.

Mən Sizə bu barədə əvvəllər bildirmişdim. Bu nümayəndə heyəti Alyaska ştatının qanunverici orqanından Sizə rəsmi dəvət göndərib ki, Siz həmin ştatı ziyarət edəsiniz. Bu dəvəti Alyaska qanunvericilik orqanı adından xarici əlaqələr komissiyasının sədri xanım Bornes imzalamışdır və qanunverici orqan Sizi Alyaskada görmək istəyir. Mən Alyaskada olarkən xanım Bornes ilə görüşdüm. Görüş zamanı o, məndən xahiş etdi ki, onların bu rəsmi dəvətini Sizə çatdırım. Eyni zamanda xahiş etdi ki, ziyarətiniz zamanı Sizi oğlunuz İlham müşayihət etsin. Bu dəvətdə qeyd olunubdur ki, sizin üçün münasib olan bir zamanda Alyaska ştatına ziyarətinizi arzu edirlər.

(ABŞ diplomatı həmin dəvətnaməni prezident Heydər Əliyevə təqdim etdi.)

Heydər Əliyev: Çox sağ olun, cənab səfir, mən təşəkkür edirəm. Bu dəvəti mən çox yüksək qiymətləndirirəm. Alyaska ştatı əfsanəvi bir yerdir. Ona görə də oranı ziyarət etmək həqiqətən hər cəhətdən maraqlıdır. Ancaq işgüzar əlaqələr qurmaq, şübhəsiz ki, bizim üçün hər şeydən üstündür. Mən mütləq bu dəvətdən istifadə edəcəyəm və sizin üçün, mənim üçün münasib bir vaxtda bunu həyata keçirəcəyik.

Stenli Eskudero: Çox gözəl. Mən bu məlumatı bu gün onlara göndərəcəyəm. Cənab prezident, elə bilirəm ki, onlar bunu eşitməkdən çox məmnun olacaqlar.

Cənab prezident, bir çox başqa məsələlər də vardır ki, mən fikirlərimi Sizinlə bölüşmək istəyirəm. Əgər etiraz etməsəydiniz, onları özəl halda davam etdirərdik.

Heydər Əliyev: Bəli, davam etdirərik. Ancaq mən istəyirəm bir məsələni bildirim. Sizin müraciətiniz olmuşdu və dörd konqresmenin mənə müraciəti olmuşdu. Azərbaycanda ayrı-ayrı dini icmaların burada hüquqlarının pozulması haqqında, onlara maneçilik törədilməsi haqqında. Mən bu məsələni çox geniş müzakirə etdim. Hətta bu məsələdən ötrü bizim təhlükəsizlik şurasını çağırdım və müvafiq göstərişlər verdim. Bizim inzibati orqanlara qəti xəbərdarlıq etdim ki, onlar bu məsələlərdə inzibatçılığa yol verməməlidirlər.

Mən bu gün bir daha bəyan edirəm ki, Azərbaycanda bütün azadlıqlar mövcuddur. Bizim konstitusiyaya uyğun və əməli fəaliyyətimizlə insan azadlıqları, o cümlədən vicdan azadlığı, din azadlığı təmin olunubdur və təmin olunacaqdır.

Ona görə burada bir tərəfdən Azərbaycanın qanunları pozulmamalıdır, ikinci tərəfdən də insanların hüquqları pozulmamalıdır. Yəni vicdan azadlığını təmin etmək lazımdır. Vicdan azadlığını, din azadlığını məhdudlaşdırmaq olmaz. Mən bu fikirlərimi bəyan etmişəm və bizim müvafiq orqanlar bu fikirlər əsasında lazımi işlər görəcəklər. Əgər lazım olsa bəzi qərarlar da qəbul olunacaqdır. Hər halda baş vermiş hadisələrə bundan sonra yol verilməyəcəkdir, arxayın ola bilərsiniz. Xahiş edirəm, mənim bu gördüyüm tədbirləri və sizə dediyim sözləri mənə məktub göndərmiş konqresmenlərə çatdırasınız.

Stenli Eskudero: Cənab prezident, mən bunu dərhal edəcəyəm. İcazə verin deyim ki, bu, Sizin tərəfinizdən atılmış növbəti və çox önəmli bir addımdır. Bu, həm şəxsən mənim üçün, həm təmsil etdiyim dövlətim üçün, həm də Azərbaycanın dostları üçün bir daha şəxsən Sizin tərəfinizdən atılmış çox inandırıcı bir addımdır. Çünki biz son dövrlər Azərbaycanda başverən bəzi insidentlərdən narahatlıq keçirməyə başlamışdıq. Amma bizdə tam əminlik var idi ki, bu işlər Sizin diqqətinizə çatdırıldıqdan sonra, şəxsən Siz bu işə nəzarət etdikdən sonra bunlar aradan qaldırılacaqdır və biz bunun bir daha əyani şahidi olduq.

İcazə verin, bu işlə əlaqədar bir məsələni də dəqiqləşdirim. Əvvəllər bu cür insidentlər nəticəsində bir neçə şəxsin, səhv etmirəmsə, dörd xarici vətəndaşın ölkədən deportasiya olunması barədə məhkəmə qərarları da çıxarılmışdır. Bunu belə anlaya bilərikmi ki, indi həmin dörd nəfər xarici vətəndaşın taleyinə və onlar barədə qəbul olunmuş qərarlara da yenidən baxıla biləcəkdir?

Heydər Əliyev: Bəli.

"Azərbaycan" qəzeti, 9 noyabr 1999-cu il