"Türkiyə Böyük Millət Məclisində Ankara bəyannaməsinin imzalanması ‎mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı" ‎‎(Ankara, 29 oktyabr 1998) sənədinə tarixi arayış‎


‎29 oktyabr 1998-ci ildə Türkiyə Böyük Millət Məclisinin (Türkiyə Respublikasının ‎parlamenti) binasında Xəzər regionunun enerji ehtiyatlarının, o cümlədən ‎Azərbaycan neftinin dünya bazarlarına çatdırılmasını təmin edəcək Bakı-Tbilisi-‎Ceyhan boru kəməri marşrutunun müəyyənləşdirilməsini nəzərdə tutan Ankara ‎bəyannaməsinin imzalanması mərasimi olub. Azərbaycan Prezidenti Heydər ‎Əliyevin təşəbbüsü ilə hazırlanan bəyannaməni Türkiyə dövləti adından prezident ‎Süleyman Dəmirəl və Baş nazir Məsud Yılmaz, Azərbaycan dövləti adından ‎prezident Heydər Əliyev, Gürcüstan dövləti adından prezident Eduard ‎Şevardnadze, Qazaxıstan dövləti adından prezident Nursultan Nazarbayev, ‎Özbəkistan dövləti adından prezident İslam Kərimov, ABŞ dövləti adından ‎energetika naziri Bill Riçardson imzalayıb. ‎

Bu bəyannamənin imzalanması ilə Xəzər hövzəsindəki neft və qaz ehtiyatlarının ‎Transxəzər və Transqafqaz neft və qaz kəmərləri sistemlərini əhatə edən, Şərq-‎Qərb enerji dəhlizi ilə daşınmasını nəzərdə tutan layihələr sisteminin əsas vəsiləsi ‎olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri marşrutunun seçildiyi bütün dünyaya elan ‎edilib. Bəyannamənin imzalanması Türkiyə Respublikasının yaradılmasının 75-ci ‎ildönümünə təsadüf edib.

BTC əsas ixrac boru kəmərinin tikintisinə başlanılmasını təşkil etmək məqsədilə 18 oktyabr 1999-‎cu ildə "Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsinin həyata ‎keçirilməsinə dair İstanbul Bəyannaməsi" və 18 noyabr 1999-cu ildə İstanbulda ‎‎"Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin ‎əraziləri ilə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri vasitəsi ilə nəql ‎edilməsinə dair Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyəti ‎arasında saziş imzalanıb. ƏİBK-nin tikilmə məsələlərini əhatə edən digər sənədlər ‎‎17 oktyabr 2000-ci ildə Bakıda, 12 mart 2001-ci ildə Ankarada imzalandıqdan və ‎tranzit ölkələrin parlamentində ratifikasiya edildikdən sonra, onların icrasına ‎başlanıb.‎

‎18 sentyabr 2002-ci ildə Bakıda, Səngəçal terminalında BTC əsas ixrac boru ‎kəmərinin təməli qoyulub. Mərasimdə ƏİBK-nin keçdiyi hər üç ‎ölkənin prezidentləri iştirak edib və bu tarixdən başlayaraq hər üç ölkədə BTC-nin ‎tikintisinə başlanılıb. 25 may 2005-ci ildə kəmərin Azərbaycan hissəsində tikinti ‎başa çatıb və onun neftlə doldurulmasına başlanılıb. 2006-cı ilin fevralında kəmərin Gürcüstan və aprel ayında isə Türkiyə hissəsində ‎tikinti işləri başa çatdırılıb. 2006-cı il may ayının əvvəllərində BTC-yə Azərbaycan neftinin vurulması başlanılıb və 25 may 2006-cı il tarixində neft Türkiyənin Ceyhan limanına çatıb. BTC-nin rəsmi açılış mərasimi isə 13 iyul 2006-cı ildə Ceyhan terminalında kəmərin keçdiyi tranzit ölkələrin dövlət başçılarının iştirakı ilə olub.

Dünyanın ən iri layihələrindən biri olan BTC-nin reallaşmasında Azərbaycan ‎Prezidenti Heydər Əliyevin müstəsna xidmətləri nəzərə alınaraq layihəyə onun adı ‎verilib.‎

14 iyul 2008-ci ildə Ceyhan limanından 500-cü tanker dünya bazarlarına göndərilib. ARDNŞ-yə məxsus 630 000 barel xam neft yüklənmiş bu tanker İtaliyanın Triyest şəhərinə yola salınıb. Boru kəmərinin ötürmə qabiliyyəti durmadan artır və bu günədək ən yüksək gündəlik axın 949 393 barel olmaqla, 2008-ci il may ayının 11-də əldə edilib. Bundan başqa, 2008-ci ilin may ayı BTC üçün daha bir rekordla – Ceyhan terminalında ümumi həcmi 29 milyon barel xam neft olmaqla, bir ay ərzində 37 tankerin yüklənib yola salınması ilə əlamətdar olub. Bu günədək BTC kəməri vasitəsilə ixrac edilən neft və kondensatın ümumi həcmi təxminən 397 milyon barel (53 milyon tondan artıq) təşkil edib. Hazırda BTC ilə gündəlik təxminən 850 000 barel neft ixrac edilir və gözlənilir ki, bu ilin sonlarında boru kəməri ilə gündə bir milyon barel (ildə təxminən 50 milyon ton) neft göndərilməsinə nail olunacaq. (http://www.bp.com/)

Bəyannamənin imzalanma mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər ‎Əliyev BTC-nin Şərqlə Qərbi birləşdirən ən iri enerji dəhlizinə çevriləcəyinə ‎inandığını bildirib.‎

Tarixi arayış 24 iyul 2008-ci ildə tərtib edilib.