Səudiyyə Ərəbistanından Vətənə yola düşərkən Mədinə Hava limanında Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 13 iyul 1994-cü il


Mən beşinci gündür, Səudiyyə Ərəbistanındayam. Buraya iki müqəddəs şəhərin xadimi, Səudiyyə Ərəbistanının məliki Fəhd ibn Əbdül Əziz əl-Səud cənablarının dəvəti ilə gəlmişəm. Bir neçə dəqiqədən sonra ölkənizi tərk edəcəyəm. Mən bu səfəri, bu ziyarəti çox uğurlu hesab edirəm və burada bütün günlərdən çox razıyam. Səfər günlərində mən iki müqəddəs şəhərin xadiminin qayğı və diqqətini hər dəqiqə hiss etmişəm. Bunun nəticəsində bir müsəlman kimi mənə İslam aləminin ən müqəddəs yerlərini ziyarət etmək imkanı yaradılıbdır. Buna görə özümü xoşbəxt hesab edirəm.

Eyni zamanda son illərdə həm Ciddədə, həm də Məkkədə və Mədinədə iki müqəddəs şəhərin xadiminin bu müqəddəs yerləri abadlaşdırmaq, genişləndirmək və dünya müsəlmanlarının ibadətinə şərait yaratmaq üçün nə qədər işlər gördüyünün şahidi oldum. Burada tikilmiş, yaradılmış məscidlər, məbədlər, ziyarət yerləri məni heyran etdi və bir müsəlman kimi məndə böyük hörmət və ehtiram hissi doğurdu. Dost və qardaş ölkəni tərk edərkən iki müqəddəs şəhərin xadimi, Səudiyyə Ərəbistanının məliki, mənim dostum və qardaşım Fəhd ibn Əbdül Əziz əl-Səud cənablarına xüsusi təşəkkürümü və minnətdarlığımı bildirirəm. İslam aləmi üçün gördüyü işlərə görə ona təşəkkür edirəm. Bu fürsətdən istifadə edib Səudiyyə Ərəbistanının xalqına, bütün əhalisinə sevgi və məhəbbətimi bildirirəm. Onları bir daha ürəkdən salamlayıram və bu qardaş xalqa səadət və xoşbəxtlik arzulayıram. Cənab əmir, Mədinədə olduğum vaxt mənə göstərdiyiniz diqqətə görə şəxsən Sizə təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 14 iyul 1994-cü il