Azərbaycan Prezidenti Heydər Əliyevin Yaponiyanın "Asahi" teleşirkətinə müsahibəsi - 27 fevral 1998-ci il


Sual: Hazırda Yaponiya iqtisadiyyatı müəyyən çətinliklərlə qarşılaşır. Siz bu barədə nə deyə bilərsiniz?

Cavab: Yaponiya iqtisadiyyatının necə vəziyyətdə olduğundan danışmaq mənim üçün çətindir. Biz bunu kənardan müşahidə edirik və burada baş verən proseslərdən xəbərdarıq. Lakin bu, məni o qədər də çox maraqlandırmır, çünki, dediyiniz kimi, Yaponiya nə kimi çətinliklərlə işləsə də, o, böyük iqtisadi potensiala malik yüksək inkşaf etmiş ölkədir, dünya iqtisadiyyatında aparıcı mövqe tutur. Buna görə də belə düşünürəm ki, Yaponiya bu çətinlikləri aradan qaldıracaq və Dünya Birliyində əvvəlki tək layiqli yer tutacaqdır.

Sual: Cənab prezident, siz Yaponiyaya özünüzün ilk rəsmi səfərinizin məqsədləri barədə nə deyə bilərsiniz?

Cavab: Bu, müstəqil Azərbaycan prezidentinin Yaponiyaya ilk səfəridir. Elə bu faktın özü indiki səfərin böyük əhəmiyyəti olduğunu göstərir. Biz müstəqil bir dövlət kimi altı ildir mövcuduq, dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı münasibətlər yaratmağa çalışırıq. Mən dünyanın istər Qərbində, istərsə də Şərqində bir çox aparıcı ölkələrində rəsmi səfərlərdə olmuşam. Yaponiya həm iqtisadi baxımdan, həm də dünya siyasətində öz sanbalına görə çox böyük ölkədir. Buna görə də mənim səfərimdən məqsəd ən əvvəl Yaponiya ilə sıx münasibətlər yaratmaq və əməkdaşlığımızın konkret istiqamətlərini müəyyənləşdirməkdir. Mən Yaponiyaya bu məqsədlə gəlmişəm və səfərimin yekunlarından razıyam.

Sual: Cənab prezident, ölkənizdə olduqca çox neft var. Onun ehtiyatları nə qədərdir?

Cavab: Ən əvvəl, siz buna görə Azərbaycana həsəd aparmayın. Sizin neftiniz yoxdur, əvəzində başqa çox şeyləriniz var. Ümumiyyətlə, Xəzər hövzəsində neft olduqca çoxdur. Biz Xəzər dənizinin Azərbaycan sektorunda işləyirik. Azərbaycanda quruda da neft ehtiyatları var. Bilirsiniz ki, Azərbaycan qədim neft məmləkətidir və hazırda onun hasilatının ikinci mərhələsi başlanır. Biz xarici neft şirkətlərini cəlb edərək zəngin neft yataqlarının işlənməsi sahəsində fəal iş aparırıq. Bu yataqlar Azərbaycan geoloqları, neftçiləri tərəfindən kəşf olunmuşdur və biz onları müxtəlif səbəblər üzündən istismar edə bilmirdik. Bizdə nə qədər neft olduğunu söyləmək çətindir. Misal üçün, elə neft yataqları var ki, geoloqlarımız, mütəxəssislərimiz onların barəsində proqnozlar verirlər. Amma biz onların istismarına, qazılmasına başladıqda məlum olur ki, orada neft gözlədiyimizdən də çoxdur. Yeri gəlmişkən, hazırda "Çıraq" yatağında vəziyyət belədir. Biz burada 1994-cü ilin sentyabrında imzalanmış müqaviləyə əsasən ötən ilin noyabrında neft çıxarmağa başladıq. Burada qazılmış quyular gözlənildiyindən də artıq miqdarda neft verdi. Hərəsində bir quyu qazdığımız "Əşrəfi" və "Dan ulduzu" yataqlarında nəzərdə tutulduğundan artıq miqdarda neft hasil edilmişdir. Biz həmin yataqlara dair müqaviləni 1996-cı ildə imzalamışıq və burada iştirak payının 20 faizi Yaponiyanın "İtoçu" şirkətinə mənsubdur. Sözün qısası, neft çoxdur. 30 il müddətinə 9 müqavilə imzalanmışdır. Həmin müqavilələr üzrə sərmayələrin ümumi məbləği təxminən 30 milyard Amerika dolları qədərdir, bir neçə milyard ton neft çıxarılcaqdır.

Sual: Cənab prezident, Yaponiya Azərbaycanla əməkdaşlığa başlamaqda bir qədər gecikmişdir. Yaponiya sizin yaxşı tərəfdaşınız ola bilərmi?

Cavab: Siz, şübhəsiz, gecikmisiniz, bu, nə isə yaponlara yaraşan cəhət deyildir. Onlar adətən gecikmirlər və lazım olan yerə hamıdan tez gəlirlər. Amma əminəm ki, itirilmiş nə varsa, onun yerini dolduracaqsınız. Məsələn, dünən biz iri bir layihədə Yaponiyanın "Mitsui" şirkətinə 15 faiz ayrılması haqqında saziş imzaladıq. İndi fikir verin: Sizin "İtoçu" şirkəti bizim birinci neft müqaviləmizdə, habelə "Dan ulduzu" və "Əşrəfi" yataqlarına dair müqavilədə iştirak edir, dünən isə "Mitsui" şirkəti ilə bir müqavilədə 15 faizlik pay aldı. Bu, pis başlanğıc deyildir. Zənnimcə, öz yapon xarakterinizlə siz itirilmiş nə varsa, onun yerini doldura bilərsiniz. Bu, sizdən asılı olacaqdır. Əgər 1994-cü ildə biz ölkəmizə gəlmiş şirkətlərlə saziş bağlamışıqsa, indi tenderlər elan edirik. Məsələn, ötən ilin sentyabrında İtaliyanın "Eni-Acip" şirkəti ilə müqavilə bağladığımız "Kürdaşı" yatağına 10 namizəd vardı. "Eni-Acip"ən yaxşı iqtisadi şərtlər təqdim etdi və biz onunla müqavilə imzaladıq. "Mitsui" şirkəti bizə müraciət etdikdə ona dedik ki, əgər siz başqa şirkətlərə nisbətən daha yaxşı şərtlər təqdim etsəniz, onda biz bunu sizə verə bilərik. Onlar bu şərtləri təqdim etdilər. Yəni, indi bizdə tender gedir, rəqabət gedir. Əgər Yaponiya şirkətləri daha yaxşı şərtlər təklif etsələr, onlar yer alacaqlar.

Müxbir: Cənab prezident, bu yaxınlarda İraqın bombardman edilməsi təhlükəsi vardı. Bunu isə əsasən neftlə bağlayırlar. Əlbəttə, neft hər bir ölkə üçün yaxşıdır, amma o, xalqa bədbəxtlik gətirməməlidir.

Heydər Əliyev: Nə edəsən? Axı biz belə bir vəziyyət qarşısında vahiməyə görə öz təbii ehtiyatlarımızdan ölkəmizin inkişafı üçün istifadə etməyə bilmərik. Hesab edirəm ki, Küveytlə, Iraqla bağlı bu kimi hallar aradan qaldırılmalıdır. Hər halda dünya daha təhlükəsiz olmalı və yol verilməməlidir ki, iqtisadi maraqlar ucbatından insanlar və ya hər hansı ölkələr silahlı basqınla əlaqədar sanksiyalar təklif etsinlər.

Sual: Cənab prezident, Sovet İttifaqının mövcud olduğu dövrdə Siz Siyasi Büronun üzvü idiniz. Bizə elə gəlir ki, indi Azərbaycan Rusiya ilə müqayisədə ABŞ ilə daha yaxın tərəfdaşlıq əlaqələri yaradır. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Biz dünyanın bütün ölkələri ilə - Rusiya ilə də, Amerika Birləşmiş Ştatları ilə də, Fransa ilə də, İngiltərə ilə də, Yaponiya ilə də, Çinlə də, hamı ilə, o cümlədən bütün qonşularımızla - İran, Türkiyə və Gürcüstan ilə də bərabərhüquqlu, - qarşılıqlı surətdə faydalı münasibətlər yaratmaq istəyirik. Hətta hərbi münaqişədə olduğumuz Ermənistanla da. Biz yol verə bilmərik ki, böyüklüyündən asılı olmayaraq hər hansı bir ölkə suverenliyimizi, müstəqilliyimizi pozsun. Biz Azərbaycanın dövlət müstəqilliyinə nail olmasını tarixi hadisə hesab edirik. Odur ki, bizim birinci dərəcəli vəzifəmiz müstəqilliyimizin toxunulmazlığını təmin etməkdir. Buna görə də kimsə bizə hər hansı təzyiq göstərməyə çalışdıqda və ya suverenliyimizi hər hansı dolayı yollarla pozmaq istədikdə biz bununla razılaşa bilmərik. Azərbaycan kiçik bir ölkədir. Amma biz hesab edirik ki, indi dünyada bütün ölkələr ərazisindən, əhalisinin miqdarından, iqtisadi potensialından asılı olmayaraq bərabərhüquqlu ölkələr olmalıdır. Bütün ölkələrlə, o cümlədən Rusiya və Amerika Birləşmiş Ştatları ilə münasibətlərimizin əsasını məhz bu prinsiplər təşkil edir.

Sual: Cənab prezident, deyilənlərə görə, Rusiyada çox güclü korrupsiya var. İmzalanmış müqavilələr nəticəsində neftdən Azərbaycana çox böyük miqdarda pul daxil olduqdan sonra bu cür korrupsiyadan qorxmursunuzmu?

Cavab: Korrupsiya hər yerdə, o cümlədən Yaponiyada da var. Bu yaxınlarda eşitdim ki, sizin maliyyə naziri əməkdaşlarının korrupsiyaya qurşandığına görə istefa vermişdir. Bu yaxınlarda, təxminən 15 gün bundan əvvəl mən Azərbaycanın xarici işlər nazirini işdən çıxartdım, çünki onun da korrupsiyada əli vardı. Bir sözlə, korrupsiya dünyanın, demək olar bütün ölkələrinə yoluxmuş bir xəstəlikdir. Odur ki, bizim vəzifəmiz bu xəstəliklə mübarizə aparmaqdır. Korrupsiya Azərbaycanda bu gün də özünü göstərir. Biz bunu gizlətmirik və bu barədə açıqca danışırıq. Yaponiya firmalarının nümayəndələri ilə görüş zamanı mən onları buna çağırdım ki, münasibətlərimiz təmiz, vicdanlı əsasda qurulsun. Müxtəsəri, korrupsiya ilə mübarizə aparacağıq.

Sual: Cənab prezident, sovet sisteminin süqutu Sovet İttifaqının o vaxtkı rəhbərliyinin buraxdığı səhvlərlə bağlıdır. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Bilirsinizmi, bu, böyük məsələdir. Keçmiş Sovet İttifaqının rəhbərliyinin səhvləri çox olmuşdur. Lakin artıq indi demək olar ki, məsələ Sovet İttifaqı rəhbərlərinin səhvlərində deyil, siyasi və iqtisadi sistemdə idi. Siz bilirsiniz ki, 1987-ci ildə mən özümün bütün vəzifələrimdən istefa verdim. Mən Sov. İKP MK Siyasi Bürosunun üzvü və SSRİ hökuməti sədrinin birinci müavini idim. Altı il işləmədim, təcrid olundum, hətta təqiblərə məruz qaldım, məni gözümçıxdıya saldılar. 1990-cı ildə sovet rəhbərliyi olduqca xalqa zidd qərar qıxarıb, xalq hərəkatını yatırtmaq üçün Azərbaycana iri qoşun kontingenti yeritdikdə qan töküldü. Moskvada mən Qorbaçovun və onun hökumətinin bu qərarına qarşı etirazımı bildirdim. Elə onda mən Kommunist Partiyası ilə vidalaşdım, halbuki gənclik illərindən onun sıralarında olmuşdum. Sonra öz baxışlarımı yenidən nəzərdən keçirib qiymətləndirdim. Sovet İttifaqının hələ mövcudluğu dövründə mən bu fikirdə idim ki, Kommunist Partiyası hakimiyyətdən getməlidir. Sovet İttifaqı daha mövcud ola bilməz. Belə də oldu və Sovet İttifaqı süquta uğradı. Ola bilsin ki, bu, qəribə haldır, lakin rəhbərlərindən birinin mən olduğum - Əliyevin olduğu Sovet İttifaqının süqutunu böyük razılıqla və məmnunluqla qarşıladım. Ona görə də sovet rəhbərliyinin səhvləri vardı, amma indi, demək olar ki, sistemin özü də səhv idi. Hərçənd inkar etmək olmaz ki, bu sistem öz tarixi rolunu oynamışdır. Mən bütün keçmişi pisləyənlərlə razı deyiləm. Hər hansı keçmişdə müsbət cəhətlər də var, mənfi cəhətlər də var.

O ki qaldı dövləti necə qurmağıma, dediyim kimi, mən müstəqil Azərbaycanın prezidentiyəm. Mənim fəaliyyətimin əsasını Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurmaq, insan hüquqlarını, söz, mətbuat, vicdan azadlıqlarını, bütün azadlıqları, siyasi plüralizmi, sahibkarlıq azadlığını təmin etmək prinsipləri təşkil edir. Biz iqtisadiyyatı bazar münasibətləri və dünya iqtisadiyyatı ilə sıx inteqrasiya əsasında qururuq. Biz xarici sərmayələr üçün açıq qapı siyasəti elan etmişik. Onlar bizə gəlirlər. Bundan ötrü biz əlverişli şərait yaratmışıq. Yəni biz istər siyasi, istər iqtisadi, istərsə də sosial sahələrdə müasir dünya sivilizasiyası səviyyəsində olmaq istəyirik.

Sual: Cənab prezident, bir aydan sonra Rusiya prezidenti Boris Yeltsin Yaponiyaya rəsmi səfərə gələcəkdir. Siz cənab Yeltsin haqqında nə deyə bilərsiniz?

Cavab: Yaxşı adamdır. O, demokratiya tərəfdarıdır, iqtisadi islahatlar aparır, Rusiyanın demokratikləşdirilməsini çox fəal həyata keçirir, çox demokratik dəyişikliklər etmək istəyir. Mən də istəyirəm ki, Rusiya imperiya dövləti deyil, demokratik dövlət olsun. Bizim kimi, siz də Rusiya ilə qonşusunuz. Buna görə də istəyirəm ki, Rusiya demokratik ölkə olsun, köhnə Rusiya daha mövcud olmasın.

Sual: Cənab prezident, necə bilirsiniz, Rusiya Kuril adalarını Yaponiyaya verə bilərmi?

Cavab: Bilirsinizmi, bu, köhnə problemdir. Mən bilən, 1993-cü ildə, prezident Boris Yeltsin Yaponiyada olarkən bildirmişdi, - buna görə də sizdə saziş əldə edilmişdi, Şimal əraziləri məsələsi həll ediləcəkdir. Mətbuatdan bilirəm ki, prezident Yeltsinin və Baş nazir Haşimotonun Krasnoyarskda görüşü, - bu görüşü "qeyri-rəsmi görüş" adlandırdılar, - olarkən həmin məsələ də diqqət mərkəzində idi. Deyirlər ki, onlar bu məsələni 2000-ci ilədək həll etmək barədə razılığa gəlmişlər. Ürəkdən arzu edirəm ki, bu məsələ həll olunsun.

Müxbir: Sağ olun.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - 14-cü cild Azərnəşr, Bakı - 2005, səh. 401