Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin M.Qədirli adına Mərkəzi Hövzə xəstəxanasında müalicə olunan xalq şairi Bəxtiyar Vahabzadə ilə görüşdə söhbətindən - 19 yanvar 1997-ci il


Heydər Əliyev: Biz səni Türkiyəyə müalicəyə göndərdik ki, sağalıb gələsən. Gələndən sonra dedin ki, hər şey yaxşıdır. İndi necə oldu ki, yenə də xəstələndin?

Bəxtiyar Vahabzadə: Cənab prezident, Türkiyədə həkim prostat vəzini kəsib, lakin azca hissəsi qalıb, o da əngəl yaradıb. Əvvəl bundan yaxşı idim. Mən Türkiyədən Bakıya qayıdandan sonra Sizə də zəng etdim. Bir müddətdən sonra Türkiyədə məni müalicə edən həkimlə telefonla əlaqə saxladım. O dedi ki, düzələcək. Sonra gördüm ki, yox, düzəlmir. Sonra Azərbaycan Milli Məclisinin üzvü, Yeni Azərbaycan Partiyasının üzvü professor Sudeif İmamverdiyevə müraciət etdim. Baxan kimi dedi ki, əməliyyat keçirmək lazımdır. O, əməliyyat keçirdi, prostat vəzinin artıq hissəsini kəsib götürdü. İndi 3-4 gündür özümü yaxşı hiss edirəm. Demək, səhhətim düzəlib.

İndi müxalifət qəzetləri də ağızlarına gələni yazırlar. Lalə Şövkət Partiyasının qəzeti bu barədə material verib.

Heydər Əliyev: Belə məsələlərdən də yazırlar. Görünür, belə şeylərlə sensasiya yaratmaq istəyirlər. Yaxşı, qoy həkim gəlib məlumat versin, görək vəziyyət necədir?

Sudeif İmamverdiyev: Cənab prezident, ikinci gün əməliyyat keçirmişik. Bu əməliyyat hər cəhətdən çox yaxşı keçdi. Türkiyədə bu prostat vəzini aparatla götürmək çətin olub. Yəni texnika elə nahiyədə yerləşən vəzi tam təmizləyə bilmir. Vəzin orada qalmış hissəsi qapama yaradırdı, bu isə narahatlığa səbəb olurdu. Bəxtiyar müəllimin vəziyyəti də ona görə gündən-günə pisləşirdi.

Biz əməliyyatı elə-belə keçirmədik. Əvvəlcə yaxşıca yoxladıq, aparatla baxdıq. Gördük ki, maneə var və əməliyyat keçirib həmin artıq hissəni götürdük.

İndi Bəxtiyar müəllimin vəziyyəti gündən-günə yaxşılaşır. Biz düşünürük ki, bu vəziyyət get-gedə daha da yaxşılaşacaq. Müalicə yüksək keyfiyyətlə, düşünülmüş qaydada aparılır. Bəxtiyar müəllim özü də razıdır ki, vəziyyəti gündən-günə yaxşılaşır. İnşallah, hər şey yaxşı olacaq.

Bəxtiyar Vahabzadə: Heydər müəllim, Allah Sizdən razı olsun. Mən Sizə çox minnətdaram.

Cənab prezident, Yaşar Əliyev mənimlə bir palatada müalicə olunur. Onun da üzərində əməliyyat keçirilib. Siz Azərbaycana əvvəlki dövrdə rəhbərlik etdiyiniz zaman Gəncədə xalq hakimi işləyib. İndi də hüquq-mühafizə orqanlarında çalışır. İcazə verin, Yaşar müəllim "Respublika" qəzetində dərc olunmuş müsahibəni Sizə oxusun.

Yaşar Əliyev: Cənab prezident, biz Bəxtiyar Vahabzadə ilə dostuq. Xəstəliyimiz bir vaxta düşüb. Mənim də üzərimdə əməliyyat keçirilib. "Respublika" qəzetində dərc olunmuş bu müsahibənin sərlövhəsi belədir: "Xalq şairi Bəxtiyar Vahabzadə: sessiyanı çağırmaq şəxsi təşəbbüsüm idi".

Müxbir 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar belə bir sual verir: Bəxtiyar müəllim, sizcə o vaxt Azərbaycana qüvvətli bir adam rəhbərlik etsəydi, bu qırğın törəyərdimi?

Bəxtiyar müəllim bu suala belə cavab verir:

- Mən belə hesab edirəm ki, yox. Bilirsən, ay oğul, milli qanı olan, qüvvətli şəxsiyyət olan, vəzifə stolundan qorxmayan adam belə bir işə qətiyyən qol qoymazdı. Ermənilər bu işə çoxdan hazırlaşmışdılar. Onlar Qorbaçovun əli ilə Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasına nail olan kimi daha da fəallaşdılar. Əgər o zaman Heydər Əliyev Azərbaycana rəhbərlik etsəydi, bu qırğın olmazdı, heç kəs belə bir işə cəsarət etməzdi. Yeri gəlmişkən, mən Türkiyədə müalicə olunarkən ölkə prezidenti Süleyman Dəmirəl cənabları tərəfindən qəbul edildim. Onda Lissabonda olan hadisələrin çoxundan xəbərim yox idi. Süleyman Dəmirəldən bu barədə soruşdum. O, Heydər Əliyevin Lissabonda gördüyü işlərdən, çevikliklə, cəsarətlə diplomatik gedişlər edərək 53 dövlətin dəstəyini almağa necə nail olmasından danışaraq dedi ki, "Heydər Əliyevin qədrini bilin".

Bəxtiyar Vahabzadə: Cənab prezident, Süleyman Dəmirəl ilə görüşümdə o mənə dedi ki, mən siz ziyalılardan narazıyam. Ona görə ki, prezident Heydər Əliyevə lazımi səviyyədə dəstək vermirsiniz.

Heydər Əliyev: Sağ olun. O da sağ olsun, siz də sağ olun. Amma kimin dəstək verib-verməməsi əhəmiyyətli deyil, mən öz işimi aparıram.

Bəxtiyar Vahabzadə: Heydər müəllim, Allah Sizdən razı olsun. Fransa səfəriniz necə keçdi?

Heydər Əliyev: Fransaya səfərim çox yüksək səviyyədə keçdi. Fransa - Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün çox yaxşı danışıqlarımız oldu. Fransanın prezidenti Jak Şirakla çox maraqlı söhbətlərimiz oldu. Xarici işlər naziri və digər nazirlərlə, senatın, parlamentin sədrləri ilə, Fransanın ən yüksək vəzifəli adamlarının hamısı ilə görüşlərimiz, danışıqlarımız oldu. Biz orada Yelisey sarayında Jak Şirakın və mənim iştirakımla beşinci neft müqaviləsini imzaladıq, o da, mən də nitq söylədik.

Bəxtiyar Vahabzadə: Fransanın Minsk qrupuna həmsədrliyi məsələsi də müzakirə olundumu?

Heydər Əliyev: Bu məsələ ilə əlaqədar mürəkkəb danışıqlar oldu. Ancaq bu danışıqlar hələ davam edəcək. Görək sonra necə olacaq?

Bəxtiyar Vahabzadə: Allah yaxşı eləsin.

Heydər Əliyev: Bilirsiniz, Azərbaycanın səhiyyəsi, həkimləri yüksək səviyyədədir. Adam bəzən özününkünün qədrini bilmir. Mən hələ 70-ci illərdə də respublikaya rəhbərlik edərkən görürdüm ki, bizim tanınmış müxtəlif adamlar belə bir xəstəlik haqqında tez-tez şikayətlənirdilər. Mən də kömək edirdim, respublikamızın cərrahları belə əməliyyatlar keçirirdilər və çox yaxşı nəticələr də əldə edirdilər. Haqqına demək lazımdır, o vaxt Moskvada da çox yüksək səviyyəli mütəxəssislər var idi.

Bəxtiyar Vahabzadə: Mütəxəssislərin hamısı orada yetişirdi.

Heydər Əliyev: Bəli, hamısı orada yetişirdi. Sudeif İmamverdiyev də orada yetişib. Azərbaycanın ən böyük uroloqu Cavadzadə də, başqaları da Moskvada təcrübə keçiblər. O vaxt respublikamız üçün ən yüksək səviyyə ora idi. İndi həqiqəti demək lazımdır ki, səhiyyənin təşkili və tibbi yardımı sayəsində yaranmış sistem çox gözəl sistemdir. Heyf ki, o dağılır.

Bəxtiyar Vahabzadə: Elə təhsil sistemi də belə idi. Bizim təhsil sisteminin dünyada əvəzi yox idi.

Heydər Əliyev: Rus, sovet təhsil sisteminin əvəzi yoxdur. Dünyada Moskva Universitetinə bərabər universitet yoxdur. Mənim oğlum İlham Moskvada Beynəlxalq Əlaqələr Universitetini bitiribdir. Bu, dünyada ən məşhur universitetdir. Dünyanın ən böyük diplomatlarının çoxu orada təhsil alıbdır. Dünyada elə bir ikinci universitet yoxdur. Amma biz vaxtilə bunların qədrini bilməmişik. Biz elə bilirdik ki, hardasa bundan da yaxşısı var.

İndi bir tərəfdən yaxşı oldu ki, dünya dəyişdi, hər şey açıldı, biz harada nəyin olub-olmadığını bildik. Mənim Türkiyəyə də, Fransaya, İngiltərəyə, Amerikaya da - hamısına böyük hörmətim var. Hər bir ölkədə çox yüksək səviyyədə mütəxəssislər var. Ancaq axı Azərbaycan da böyük mütəxəssislər, kadrlar yetişdirib. Elm, səhiyyə, tibb, təhsil, tibb xidməti sahəsində biz nə qədər yüksək səviyyəli adamlar yetişdirmişik, bunların qədrini bilmək lazımdır. Mən dəfələrlə demişəm ki, bəziləri dünyanı anlamayan, burnunun ucundan o tərəfi görməyən adamlar indi hər şeyi pisləyirlər. Elə deyil. Təsəvvür edin, Azərbaycanda olan mədəniyyət xadimləri harada var?

Bəxtiyar Vahabzadə: Üzeyir bəy, Qara Qarayev, Fikrət Əmirov…

Heydər Əliyev: Belə şəxsiyyətlər harada var? Yoxdur. Azərbaycanda olan şairlər harada var? Azərbaycanda şairə, bəstəkara, aktyora, rəssama olan hörmət harada var? Xarici ölkədə rəssam şəkil çəkir, aparıb küçədə qoyur ki, görsün onu sata bilir, yoxsa yox. Amma bizdə rəssam bir şəkil çəkir, gətirib sərgiyə qoyuruq, onu tərifləyirik, hörmətini qaldırırıq. Xaricdə şair şer yazır, haradasa dərc olunur, ya olunmur, tanınmır.

Bəxtiyar Vahabzadə: Heydər müəllim, ən mühümü teatr sənətidir. İnanın ki, keçmiş SSRİ-də olan rejissorluq məktəbi dünyanın heç yerində yoxdur. Moskvadakı 10-15 dram teatrının hər birinin öz yolu var. Stanislavskinin, Efrosun, Yefremovun teatrları, rejissurası bir-birindən tamamilə fərqlənirdi. Orada məktəblər var ki, adamı dəhşətə gətirir. Respublikamızdakı rejissorlar da orada təhsil alıb gəliblər. Ona görə də, hətta 5-6 ildir teatr olmasa da, respublikamızda teatr da, aktyorlarımız da yüksək səviyyədədir.

Gərək ki, Sizə demişdim. Mən göytürklər haqqında, yəni 1.500 il bundan əvvəlki tariximiz haqqında bir pyes yazmışam. Bizim teatr indi onu hazırlayır. Mən onu aparıb həm də Türkiyə teatrına verdim. Birinci pyesimdir ki, onlara verirəm. Sizi inandırıram, baxdılar, təəccüb etdilər ki, bu nə məktəbdir, nə yenilikdir, bu teatrda bu yeniliyi necə yaratmaq olar? Amma onu bizim teatrda, səhnədə yaratmaq mümkündür. Çünki mən bu məktəbi keçmişəm. Məsələn, teatrın səhnəsində ekran onların təsəvvürlərində yoxdur. Ekranı səhnəyə gətirmək, kino ilə teatrı birləşdirmək rus rejissorluq məktəbinə məxsusdur.

Heydər müəllim, bilirsiniz ki, mən həmişə, ömrüm boyu "türk-türk" demişəm, respublikamızın müstəqilliyini istəmişəm. Amma bir həqiqət var ki, biz onu deməliyik. Biz böyük bir məktəb keçmişik - biz böyük rus mədəniyyəti məktəbini keçmişik. Xüsusən, XIX əsr rus mədəniyyəti dünya mədəniyyətinin zirvəsidir.

Heydər Əliyev: Tamamilə doğrudur.

Bəxtiyar Vahabzadə: Biz o bulaqdan su içmişik. Fikrət Əmirov, Qara Qarayev yaradıcılığı başqa-başqa üslublardır. Amma hərəsinin öz böyüklüyü, üstünlüyü var. Üzeyir bəy tamam başqa bir zirvədir. Rəssamlığımızı götürək, Səttar Bəhlulzadə tamam başqa bir dünyadır, Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev başqa-başqa məktəblərdir.

Ədəbiyyatımız da belədir. Götürək Süleyman Rəhimovu. O diapazonda, genişlikdə, nəfəsdə dünya ədəbiyyatında çox nadir yazıçılar var. Onu ancaq Aleksey Tolstoyla, Lev Tolstoyla müqayisə etmək olar. Onlar böyük nəfəslərdir. Biz o bulaqdan su içməyimizə təəssüflənməməliyik, biz onları təbliğ etməliyik.

Qurban olum, aman günüdür, hər şey ola bilər, ancaq müstəqilliyimizi əlimizdə möhkəm saxlamalıyıq.

Heydər Əliyev: Bilmirəm, burada televizor var, yoxsa yox. Mənim Fransadakı çıxışımı dünən də, srağagün də verirdilər. Fransada Beynəlxalq Əlaqələr İnstitutu var. Mən 1993-cü ildə də, bu dəfə də Fransaya gedəndə orada çıxış etdim. Fransaya səfərə gələn dünya ölkələri başçılarının hamısı orada mütləq çıxış edirlər. Klinton da, Kol da, Mitteran da - hamısı orada çıxış ediblər.

Böyük mütəxəssislər, Fransada olan səfirlər oraya toplaşmışdılar. Salon ağzınadək dolu idi. Mən orada çıxış etdim, suallar da verdilər. Mən təkcə orada yox, hər yerdə, demişəm ki, respublikamızın müstəqilliyi tarixi nailiyyətimizdir, müstəqilliyimiz sarsılmazdır, dönməzdir və biz onu heç vaxt əlimizdən verə bilmərik. Buna arxayın ola bilərsiniz. Dünyada da bilirlər ki, Azərbaycana nəinki müstəqilliyə nail olmuşdur, həm də respublikamızın hazırkı dövləti həqiqi müstəqillik siyasəti aparır. Mən orada çoxlu suallara cavab verdim. Bu, sirr deyil. Bu görüş televiziya vasitəsilə verilib.

Məsələn, mənə belə bir sualla müraciət etdilər ki, niyə siz Müstəqil Dövlətlər Birliyində bir çox sənədlərə imza atmırsınız və hər şeylə razı deyilsiniz? Cavab verdim ki, bu da bizim müstəqilliyimizi göstərir. Biz bu təşkilata daxil olmuşuq, o bizə lazımdır. Amma bu təşkilatın hansı qərarları respublikamızın müstəqilliyinə zərrə qədər də toxunursa, biz onu imzalamırıq, qəbul etmirik. Bu da təbiidir. Bir ölkə tamam qəbul edir - özü bilər, başqa bir ölkə də qəbul etmir. Görürsünüz, bu məsələləri Qərb ölkələrində bilirlər və mənə belə suallar verirlər. Yəni müstəqilliyimizi gündən-günə möhkəmləndirmək, onu müdafiə etmək sahəsində həyata keçirdiyimiz tədbirlərimizi Qərb ölkələrində bilirlər. Fransada da məndən bu barədə soruşurdular.

Müstəqilliyimiz haqqında narahat olmayın. Bu gün yanvarın 19-u, sabah 20-sidir. Bu günlər biz 20 Yanvar hadisəsinin yeddinci ildönümünü qeyd edirik. Yeddi il bundan əvvəl şəhidlər vermişik. Mən Fransaya səfərimdə də bu barədə danışdım. Dedim ki, mənim buraya səfərim Azərbaycana qarşı olmuş hərbi təcavüzün, bizim o faciəmizin, şəhidlərimizin yeddinci ildönümünə təsadüf edir.

Azərbaycana nə üçün belə hərbi təcavüz etdilər? Azərbaycanda ayağa qalxmış xalqın azadlıq hərəkatını boğmaq üçün bunu etdilər. Biz şəhidlər verdik, insanlarımız qırıldı. Azərbaycanın başına gələn bu bəla o vaxt heç bir respublikada baş verməmişdi.

Xalq da, siz də arxayın ola bilərsiniz ki, ölkəmizin müstəqilliyi sarsılmazdır. Doğrudur, bu, asan deyil, çox çətindir. Amma nə qədər çətin olsa da, bəlkə də başqa məsələlərdə biz nəyi isə itirə bilərik, ancaq müstəqillik məsələsində heç bir şeyi itirə bilmərik.

Fürsətdən istifadə edərək, Yanvar faciəsinin yeddinci ildönümü münasibətilə demək istəyirəm ki, Bəxtiyar müəllim, biz sizin bu sahədəki xidmətlərinizi həmişə qeyd etmişik və bu gün də mən bunu bildirirəm. Bilirsiniz ki, biz Yanvar faciəsinə siyasi qiymət verilməsi ilə əlaqədar 1994-cü ildə qərar qəbul etmişik. Yadımdadır, 1990-cı il yanvarın 22-də sizin sədrliyinizlə sessiya keçirildi. Təsəvvür edin, respublikanı, hökuməti idarə edən adamlar qaçdılar, sessiyaya Bəxtiyar Vahabzadə sədrlik edirdi. Əgər sən dünənədək bu hökumətə, xalqa, dövlətə, respublikaya rəhbərlik edirdinsə, onun ağır günündə də gəl xalqla bir yerdə ol. Sən qaçıb evdə gizlənmisən, Bəxtiyar Vahabzadə isə özünü burada fəda, necə deyərlər, şəhid edir. Yəni Bəxtiyar Vahabzadə burada bu qərarı qəbul edir, amma sən gedib dörd gündən sonra özünü Azərbaycana hakim təyin etdirirsən və bu faciənin üstünü örtməyə, basdırmağa başlayırsan.

Onlar bu faciənin üstünü basdırdılar, sizin qəbul etdiyiniz qərar isə qərar kimi qaldı. Yanvarın 22-də sessiyada siz qərar qəbul etdiniz ki, Sovet Ordusunun qoşunları əgər buradan tezliklə çıxmasa, Azərbaycan Sovet İttifaqının tərkibindən çıxacaqdır. Amma sovet ordusunun qoşunları Azərbaycandan çıxmadı. Bir neçə gün ondan sonra Azərbaycana təyin edilmiş rəhbərlər də sizin qəbul etdiyiniz qərarı yerinə yetirmədilər, Rusiyanın qoşunlarını buradan çıxarmadılar.

Sovet ordusunun qoşunlarını nəinki buradan çıxarmadılar, Bakı 1990-cı ili tamamilə fövqəladə vəziyyətdə, əsgərlərin avtomatı altında yaşadı. Qoşunları yalnız 1991-ci ilin sonunda Bakıdan çıxardılar. Bu da o vaxt baş verdi ki, artıq Moskvada qiyam olmuşdu. Sovet İttifaqı dağılırdı. Qoşunları da Bakıdan məhz bu vaxt çıxardılar.

Bəxtiyar Vahabzadə: Cənab prezident, o vaxt onlar qiyamçıları dəstəklədilər, onlara səs verdilər.

Heydər Əliyev: Bəli, onlar qiyamçılara səs verdilər, amma bundan da bir şey çıxmadı.

Bəxtiyar Vahabzadə: Cənab prezident, o vaxtkı sessiyada hökumət adamlarından yalnız Həsən Həsənov iştirak edirdi.

Heydər Əliyev: Onlar nə sessiyada iştirak etdilər, nə də şəhidlərin matəm, dəfn mərasiminə gəlmədilər.

Bəxtiyar Vahabzadə: Ondan 5-6 gün sonra qəzetdə elan etdilər ki, bu sessiya qeyri-qanunidir və onun heç bir hüquqi əsası yoxdur.

Heydər Əliyev: Bəli, bax, satqınlıq, milləti satmaq budur. Şübhəsiz ki, belə adamlar nə millətin qayğısına qala, nə də respublikamızın müstəqilliyini qoruya bilərdilər.

20 Yanvar hadisəsi faciəli olsa da, o, xalqımızın müstəqilliyə nə qədər meylli olduğunu, bu arzu ilə yaşadığını göstərdi və onu nümayiş etdirdi. Qan töküldü, faciə oldu, şəhidlər verdik, amma xalqımızın iradəsini dünyaya sübut etdik. Bunun da böyük əhəmiyyəti var. Ona görə də mən bu faciə haqqında danışanda deyirəm ki, əlbəttə, biz itkilər verdik, günahsız insanlar qırıldı, amma digər tərəfdən, Sovet İttifaqının o vaxtkı rəhbərliyinin irticaçı, təcavüzkar siyasəti büruzə verildi və Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi ən yüksək zirvəyə qalxdı.

Bəxtiyar Vahabzadə: Heydər müəllim, o vaxt Siz Moskvada çıxış etdiniz.

Heydər Əliyev: Bəli, yanvarın 21-də mən Moskvada çıxış etdim. İndi bunu demək istəmirəm, o vaxt mən Moskvada təcrid edilmiş, cəmiyyətdən tamamilə uzaqlaşdırılmış və təqib altında olan bir adam idim. Məni daim təqib edirdilər. Hətta hazırlaşırdılar ki, orada məni həbs etsinlər.

Sizə danışmışam, o vaxt mən Moskvada deyildim. Xəstə idim, Moskvadan kənarda sanatoriyada müalicə olunurdum. Axşam bu hadisəni eşitdim, gecə ikən Moskvaya gəldim. Uşaqlarım - oğlum İlham, qızım Sevil, qızımın əri Mahmud evdə idilər. Onlara dedim ki, mən oraya gedirəm. Bildirdilər ki, axı bu, təhlükəlidir. Onlar mənim ətrafımda olan vəziyyəti bilirdilər. Onların üçü də ayağa durdu və dedilər ki, ata, biz də səninlə gedirik. Dedim ki, siz getməyin. Bəlkə təkcə Mahmud mənimlə getsin, siz getməyin. Çünki orada cürbəcür hadisələr ola bilərdi. Nə olursa, qoy mənimlə olsun, heç olmasa sizinlə olmasın. Oğlum dedi ki, yox, mən də gedirəm. Hətta qızım uşaqlarını evdə qoyub dedi ki, mən də gedirəm. Yaxşı ki, o vaxt kimsə lentə alıb - oğlumla, qızımla, qızımın əri ilə birlikdə oraya gəldik. Necə deyərlər, sözümü də dedim, münasibətimi də bildirdim. Mən - vəzifədə olmayan bir adam, orada münasibətimi bildirdim, amma vəzifədə olan adamların heç biri bu faciəyə münasibətini bildirmədi, bəyanat vermədi.

Eybi yoxdur, yeddi il keçdi. Şəhidlərin ruhu, əlbəttə ki, qəlbimizdə yaşayır və daim yaşayacaqdır. Biz bu günü heç vaxt unutmayacağıq. Ona görə də mən yanvar faciəsinin yeddinci ildönümünün qeyd edilməsi ilə əlaqədar sərəncam verdim ki, xalqımız o günləri bir daha yad etsin. Mən buraya gələrkən gördüm ki, camaat indidən Şəhidlər xiyabanına axışır. Respublika sarayında sabah böyük bir mərasim olacaqdır, mən də orada iştirak edəcəyəm.

Bu söhbəti sən saldın, mən də bir daha deyirəm ki, Azərbaycanın müstəqilliyi uğrunda, mübarizədə Bəxtiyar Vahadzadənin xidmətləri böyükdür. Ölkəmizin, xüsusən o çox gərgin vəziyyətində siz vətəndaşlıq, ziyalılıq cəsarəti göstərmisiniz. Ona görə də nə mən, nə də xalqımız bunu unuda bilmərik və onu yüksək qiymətləndiririk.

Təhsil, teatr barədə sizin fikirlərinizlə mən tamamilə razıyam. Məsələn, siz Süleyman Rəhimov haqqında söz açdınız. Mənim xatirimdədir o vaxt mən işləyəndə ilk dəfə Süleyman Rəhimov və sonra yazıçılarımızdan, şairlərimizdən bir çoxları Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər. Bu, o vaxt dövlətimizin ən yüksək mükafatı idi. Bunları bu gün heç vaxt təhlil etmək lazım deyil. Kim hansı dövrdə, hansı dövlətdən hansı mükafatı alıbsa, o, yüksək bir nişanədir. O vaxt mən yazıçılarımızdan, şairlərimizdən ilk dəfə Süleyman Rəhimovun belə yüksək mükafata layiq görülməsi barədə təklif verdim və ona nail oldum. Süleyman Rəhimova Sosialist Əməyi Qəhrəmanı adı verildi.

Bilirsiniz ki, insanlar arasında paxıllıq da, rəqabət də var. Bəziləri dedilər ki, niyə Süleyman Rəhimova belə yüksək ad verirlər? Süleyman Rəhimov haqqında sizin dediyiniz bu fikirlərlə razıyam. Çünki mən Süleyman Rəhimov haqqında hələ o vaxt belə düşünürdüm. Düşünürdüm ki, Süleyman Rəhimov ədəbiyyatımızda həqiqətən özünəməxsus yer tutub.

Ümumiyyətlə, ədəbiyyatımızda, mədəniyyətimizdə çox şəxsiyyətlər olub. Amma elə şəxsiyyətlər olur ki, onlar özünəməxsus bir yer tutur, təkrarolunmazdırlar, onları heç kəs əvəz edə bilmir. Məsələn, Süleyman Rəhimov da, Mirzə İbrahimov da, Hüseyn Cavid də, Rəsul Rza da, Səməd Vurğun da, Cəlil Məmmədquluzadə də, Sabir də, Süleyman Rüstəm də belədir. Bu gün bizim dövrümüzdə yaşayanlardan söhbət açsaq, Bəxtiyar Vahabzadə də belədir. İkinci bir Bəxtiyar Vahabzadə yoxdur. O, başqasına bənzəmir və onu heç kəs əvəz edə bilməz. Sabah başqa bir şəxs yaranacaqdır, onun bəlkə də başqa xüsusiyyətləri olacaqdır.

Bəli, xalqımız elə xalqdır ki, tarixin hər bir mərhələsində böyük, dahi insanlar yetişdirir və biz bununla fəxr etməliyik. Biz kasıb xalq deyilik. Yəni biz intellekt cəhətdən kasıb deyilik. Bəli, xalqımızın zəkası çox zəngindir.

Bəxtiyar Vahabzadə: Cənab prezident, indi cavanlarımız yetişir. Bizə tamamilə bənzəməyən, yaxın gəlməyən, təzə bir yolla gedən cavan şairlərimiz yetişirlər. Dünən "Ata şapalağı" adlı bir şer oxudum, o, nə gözəl yazır! Atası rəhmətə gedib, şair deyir ki, mənim ata şapalağına ehtiyacım var. Deyir ki, ata, qalx mənə bir şapalaq vur - mən bu dünyanı dərk edə bilmirəm, bəlkə sənin şapalağın məni ayıltdı, bu dünyanı dərk edə bildim. Bizim ata nəsihətinə, ata öyüdünə həmişə ehtiyacımız var.

Üzr istəyirəm, mənim tamam başqa bir yolum var.

Heydər Əliyev: Sənin öz yolun var, bu yolu dəyişdirə bilməzsən. Amma onun da öz yolu var.

Bəxtiyar Vahabzadə: Bəli, onun da öz yolu var. Onu təqdir etmək lazımdır. Onun qolundan tutub irəli aparmaq lazımdır.

Heydər Əliyev: Düz deyirsən. Mən Anarla danışmışam, sizə də deyirəm, vaxt ayırıram, istəyirəm ki, bu yaxınlarda yazıçıların hamısı ilə, eyni zamanda, ya bir yerdə, ya da ayrıca gənc nəsillə görüşək. Çünki biz vaxtilə bunu edirdik. Məsələn, Anar, Elçin, Yusif Səmədoğlu - xatirimdədir, 25 il bundan əvvəl biz onlarla cavanlar kimi görüşürdük. İndi onlar yaşlaşıblar. Amma gərək bugünkü gənclərlə də görüşək. Belə cavanlarımız var və olacaqdır.

Bilirsiniz, bəzən mən çox görkəmli şairlərimiz, yazıçılarımız, bəstəkarlarımız, müğənnilərimiz haqqında düşünəndə deyirdim ki, görəsən bu gedəndən sonra onu kim əvəz edəcək? Amma sonra fikirləşib gördüm ki, yer boş qalmır. Gedən gedir, amma yenisi də başqa ruhda yaranır. Bəlkə də Bülbül kimisi olmayacaq, amma Bülbülün yerini verənlər olacaq.

Bəxtiyar Vahabzadə: Azər Zeynalov var. İlahi, o nə gözəl, şirin oxuyur!

Heydər Əliyev: Bəli, Azər Zeynalov. Mən Rəşid Behbudovu çox sevirdim. Rəşid Behbudov yaşlaşdıqca mən daim narahat olurdum ki, onun yerini kim tutacaq. İndi baxıram, Azər Zeynalov gözəl oxuyur.

Fəxr etməliyik ki, bizim Rəşid Behbudov kimi böyük bir müğənnimiz olubdur. Bu yaxınlarda Moskvada onun çox böyük yubileyini keçirdik. Moskvadan gələn böyük-böyük adamlar mənə deyirdilər ki, son illər Moskvada belə bir şey olmamışdır. Oradakı "Rossiya" salonuna Moskvanın bütün elitası, ziyalıları toplaşmışdılar. Bunun mənası nədir? Biz, birincisi, Rəşid Behbudovu xatırladıq, onu yada saldıq. İkincisi, Azərbaycanın musiqisini, mədəniyyətini göstərdik, üçüncüsü, Rusiya və Azərbaycan mədəniyyətlərini bir-birinə yaxınlaşdırdıq. Görürsünüz, bir tədbirlə nə qədər məsələ həll olundu.

Bəxtiyar Vahabzadə: Cənab prezident, Füzulinin yubileyi bir möcüzə idi. Yadınıza gəlir. İhsan Doğramacının köməyi ilə Türkiyədə Füzulinin yubileyi qeyd olundu. Amma respublikamızda keçirilən yubiley, yenə də deyirəm, möcüzə idi.

Heydər Əliyev: Bəli, xalqımızı tanıtmaq lazımdır. Mən neçə ildir çalışıram, işləyirəm, bir məqsədim var: xalqımızı tanıtmaq.

Siz indi Fransaya səfərim haqqında soruşdunuz. Mən Fransada üç gün oldum. Mən buradan təyyarə ilə saat 8-də uçdum, otelə çatandan yarım saat sonra biz Fransa prezidenti ilə görüşə başladıq. Həmin gün gecə saat 1-dək görüşlər davam etdi. O birisi gün də bütün gün görüşlər oldu. Üçüncü gün mən Fransada işlərimi qurtardım, saat 4-də oradan çıxdım. Həddindən çox görüşlər, böyük auditoriyalar oldu. Bunlar bir çox məqsəd daşıyır. Amma bunun ən böyük məqsədi Azərbaycanı tanıtmaqdan, ölkəmizin bu gün nə olduğunu göstərməkdən ibarətdir. Biz buna nail olduq.

Füzulinin yubileyi də həm Füzulinin yubileyinə, xatirəsinə hörmət idi, həm də Füzulini və xalqımızı dünyada tanıtmaq məqsədi daşıyırdı. Bax, xalqımız belə xalqdır ki, 500 il bundan əvvəl onun dahi bir şairi olubdur və onun əsərləri 500 ildir ki, yaşayır.

Bəxtiyar müəllim, daha sizin vaxtınızı almaq istəmirəm, xəstəsiniz. Allah şəfa versin. Mən inanıram ki, bu, son əməliyyatdır, daha belə əməliyyat olmayacaq, sağalacaqsınız, çıxacaqsınız, möhkəm işləyəcəksiniz və öz yerinizdə möhkəm dayanacaqsınız.

Bəxtiyar Vahabzadə: Cənab prezident, Allah sizdən razı olsun. Çox sağ olun.

Heydər Əliyev: Mən sizə öz hörmət və ehtiramımı bildirirəm. Təşəkkür edirəm ki, cərrahımız belə yaxşı əməliyyat aparıbdır. O, Yeni Azərbaycan Partiyasının üzvüdür və həmin partiyanın siyahısı ilə Milli Məclisə deputat seçilib. Bax, Milli Məclisdə belə cərrahımız var. Biz bununla da fəxr etməliyik. Fəxr etməliyik ki, Milli Məclisimizdə bu cür mütəxəssislər, ziyalı adamlar var. İndi Milli Məclisimiz keçmişdə Milli Məclisdə olan bazarkomlardan ibarət deyil. Xalqı təmsil edən ziyalılardır, sizsiniz, elm adamları, bilikli adamlardır. Mən çox məmnunam. Sağ olun.

Bəxtiyar Vahabzadə: Cənab prezident, çox sağ olun. Allah Sizdən razı olsun. Allah ömrünüzü uzun eləsin.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 1998, səh.331-341.

Tarixi arayış

MƏDƏNİYYƏT