Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Cəfər Cabbarlının anadan olmasının 100 illik yubileyi münasibətilə görkəmli dramaturqun "Aydın" pyesinin yeni quruluşda tamaşası zamanı sənətkarlarla söhbəti - Azərbaycan Akademik Milli Dram Teatrı, 7 may 2000-ci il


Fasilə zamanə görkəmli səhnə ustası, xalq artisti Nəsibə Zeynalova və xalq şairi Bəxtiyar Vahabzadə ilə söhbət

Heydər Əliyev (Nəsibə Zeynalovaya müraciətlə): Necəsiniz, nə var, nə yox?

Nəsibə Zeynalova: Şükür, yaxşıyam.

Heydər Əliyev: Sizi televiziyada hərdənbir görürəm və sevinirəm. Maşallah, yaxşısınız.

Nəsibə Zeynalova: Özüm yaxşıyam, amma ayaqlarım məni incidir.

Heydər Əliyev: Ayaqlarını möhkəmləndir. Sizi burada gördüyümə görə çox sevinirəm. Bəxtiyar müəllimi salonda gördüm, amma sizi görmədim. Yaxşıdır ki, indi televiziya verilişlərində iştirak edirsiniz. Bir müddət fasilə olanda, Sizə görməyəndə darıxırıq.

Nəsibə Zeynalova (İlham Əliyevə müraciətlə): Sizi hərdənbir görürəm.

Heydər Əliyev: Gənc vaxtlarında İlham sizin teatrın ən böyük pərəstişkarı idi. O, başqa teatrlara getməzdi, rəhmətlik Zərifə xanimi həmişə məcbur edərdi ki, gedək Musiqili Komediya Teatrına. Həmin teatr uşaq vaxtından İlhamın ən çox sevdiyi teatr idi. O sizin tamaşalara daha çox gedərdi.

Nəsibə Zeynalova: Zərifə xanım da həmişə teatra gələrdi, mənim sözlərimi eşıdırdi. O mənə deyərdi ki, səndən ayrılmayacağam. O, həyatdan tez getdi. Heyf, heyf, heyf...

Heydər Əliyev: O sizə də, teatrınızı da çox sevirdi, uşaqlarım da çox sevirdilər - oğlum da, qızım da. Mən də teatrı sevirəm, amma bir o qədər vaxtım olmur. Onlar məni də dartıb aparırdılar. Gözəl-gözəl komediyalar, gözəl-gözəl rollar vardı.

İlham Əliyev: Sizin tamaşalara biz bir neçə dəfə gedirdik.

Heydər Əliyev: Uşaq belə olur da: bir dəfə gedir, sonra hər dəfə getmək istəyir. “Hicran”, “Qayınana”...

Nəsibə Zeynalova: “Qayınana”, “Hicran”, “Altı qızın biri pəri” tamaşaları, Cəhrə arvad obrazı... Mənim ən çox xoşuma gələn Cəhrə arvad obrazıdır.

Bəxtiyar Vahabzadə: Cəhrə arvad deyir ki, vallah, imanımı yandıra bilmərəm - bilmirəm vedrə sol əlimdə idi, yoxsa sağ əlimdə. Çox incə detaldır.

Nəsibə Zeynalova: “Bir qəzetlik sözüm var, amma deməyəcəyəm. Nə dərdimə qalıb imanımı yandırım”.

Tamaşa başa catdıqdan sonra yaradıcı heyətlə söhbət

Mikayıl Mirzə (Tamaşanın quruluşçu rejissoru, xalq artisti): Əziz Prezidentimiz, bu gün bizim

sevincimizin həddi-hüdudu yoxdur. Bu, ürəkdən gələn sözdur. Siz bizə həmişə sevinc bəxş etmisiniz. Siz tamaşaya gəlməklə teatrımıza, bizim boynumuza böyük minnət qoydunuz. Sizi bir daha ürəkdən təbrik edirik. Sizə cansağlığı arzu edirik və mən bu gül dəstələrinin üzərinə Azərbaycanın bütün güllərini qoyaraq Sizə ərmağan edirəm. Ədəbiyyat və incəsənət xadimləri ilə görüşləriniz barədə bu toplunu mən tamaşaçıların qarşısında sizə təqdim edirəm.

Bu toplunu Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu buraxmişdir. Bu, siqnal nüsxəsidir, iki saat bundan əvvəl cap edilmişdir. Tamaşaçıların adından mən bu kitabı Sizə bağışlayıram. Kitabın müəllifi böyük elmi işci Asif Rustəmlidir. Özü buradadır. Bu kitaba görə ona eşq olsun. Bu kitabı teatr kollektivi, incəsənət işçiləri adından da sizə bağışlayıram.

Heydər Əliyev: Əziz və hörmətli Milli Dram Teatrımızın böyük sənətkarları! Mikayıl Mirzə həmişə çox orijinallığı ilə hamıdan fərqlənir. Mikayıl, mən təşəkkur edirəm. Ancaq mənim bura gəlməyimin əsas məqsədi bu tamaşanı yenidən görməkdir, bizim Milli Dram Teatrımızı təbrik etməkdir.

Bu gün sizin tərəfinizdən xalqımıza, vətəndaşlarımıza təqdim olunan bu tamaşa bizim üçün iki cəhətdən əhəmiyyətlidir. Birincisi, bu tamaşa bizim böyük dramaturqumuz, yazıçımız, böyük mütəfəkkirimiz Cəfər Cabbarlının 100 illik yubileyinə həsr olunubdur. İkincisi də, bu gözəl teatrın və ümumiyyətlə, Azərbaycanda dünyəvi teatrın yaranmasının 125 illiyinə həsr olunubdur.

Bilirsiniz ki, bu məsələlərə xüsusi qiymət verərək və xüsusi hörmət göstərərək, Azərbaycan Milli Teatrının, dünyəvi teatrın yaranmasının 125 illiyi və böyük Cəfər Cabbarlının anadan olmasının 100 illik yubileyi münasibətilə mən xüsusi sərəncamlar imzalamışam. Bu yubiley mərasimləri, demək olar ki, 1998-1999-cu illərdən keçirilir. Çünki mən 1998-ci ildə teatr haqqında sərəncam imzalamışdım, 1999-cu ildə isə Cəfər Cabbarlınınn 100 illiyi haqqında sərəncam imzalamışdım.

Yubiley tədbirləri keçir və keçəcəkdir. Çünki həm bizim teatrın yaranması, həm də Cəfər Cabbarlı kimi böyük bir şəxsiyyətimiz layiqdirlər ki, onların yubileyləri bir gündə yox, bir ayda yox, bir ildə yox, uzun müddətdə keçirilsin. Ona görə sizin bu gün təqdim etdiyiniz tamaşa bizim üçün qiymətlidir, xalqımız, vətəndaşlarımız üçün qiymətlidir.

Beləliklə, siz həm teatrınızın 125 illik yubileyinə öz töhfənizi verirsiniz, ikinci tərəfdən də Cəfər Cabbarlının 100 illiyinə öz töhfənizi verirsiniz və onun xatirəsini böyük hörmətinizi göstərirsiniz.

Mən çox sevinirəm ki, bizim teatr 125 illik böyük yol keçərək bu gün də yüksək səviyyədədir. Ümumiyyətlə, Azərbaycan teatrı, o cümlədən Milli Dram Teatrı yaşayır, inkişaf edir. Onu yaşadan, inkişaf etdirən sizin kimi gözəl sənətçilərimizdir.

“Aydın” tamaşasını mən keçmiş zamanlarda da görmüşəm. Bizim böyük sənət ustalarımız Ələsgər Ələkbərovun - gərək ki, o Fatma Qədri ilə birlikdə oynayırdı - onların ifasında görmüşəm. Bu tamaşanı Bakı teatrında, həm də Naxçıvan teatrında görmüşəm. Ümumiyyətlə, Cəfər Cabbarlınınn bu pyesi Azərbaycanın bütün teatrsevərləri, sənətsevərləri üçün həmişə qiymətli, əziz olmuşdur, bu tamaşa həmişə sevinclə qarşılanmışdır. Uzun bir fasilədən sonra siz yenidən bu əsərə qayıtmısınız. Bəlkə burada yenə mənim də bir az xidmətim var ki, mən Cəfər Cabbarlınınn 100 illik yubileyi münasibətilə sərəncam imzaladım, siz də bu sərəncama cavab olaraq onun gözəl əsərlərindən birini hazırladınız və bu gün təqdim etdiniz.

Cəfər Cabbarlı haqqında çox danışmaq olar. Mən çox məmnunam ki, onun qızı Gülarə də bu gün buradadır. Çoxdandır ki, mən onunla görüşməmişdim. Sevinirəm ki, bu gün gördüm və yenə də görüşəcəyik.

Cəfər Cabbarlı mədəniyyətimizin, ədəbiyyatimizən böyük, dahi insanlarından biridir. Təsadüfi deyil ki, - mənim xatirimdədir - biz onun 80 illik yubileyini çox təntənəli keçirdik. Azərbaycanda, Bakının ən gözəl guşələrindən birində Cəfər Cabbarlınınn heykəlini ucaltdıq. Mən bu barədə danışmışam. İndi insanlar ayaqustə durublar, mən istəmirəm vaxt alım, o heykəlin yaranması tarixi çoxlarına məlumdur. Çox xoşbəxtəm ki, onu mən yaratdım, onun yaradılması haqqında mən qərar qəbul etdim, heykəltəraş Mirqasımovun qarşısında duran bütün çətinlikləri həll etdim, o heykəli ucaltdıq. O da indi Azərbaycanda, Bakıda ən gözəl heykəllərdən biridir.

Cəfər Cabbarlı qoyduğu böyük irsə görə buna layiqdir. Bu gün sizin bu tamaşanız da, hesab edirəm ki, Cəfər Cabbarlınınn xatirəsinə layiqdır. Yenə də deyirəm, bizim milli teatrın 125 illik yubileyinə gözəl bir töhfədir.

Xatırlatdım ki, bu tamaşanı mən keçmişdə də görmüşəm. Bu bir az yeni quruluşdadır, müəyyən qədər muasirləşdirəlibdir, gördüyümdən bir qədər fərqlidir. Ancaq hər bir yeni mərhələ, təbiidir ki, bizi irəliyə aparır. Mikayıl Mirzə gərək ki, ilk dəfədir rejissorluq işinə başlayıbdır. Bu onun ilk rejissorluq əsəridir və hesab edirəm ki, bu əsər də çox uğurludur. Ona görə mən səni təbrik edirəm. Əgər bu yolla gedəcəksənsə, mən sənə bu yolda da uğurlar arzulayıram. Baxmayaraq ki, sən bizim dram teatrının, demək olar ki, ən yüksək səviyyədə duran aktyorusan, ümumiyyətlə, bizim mədəniyyətimizin ən yüksək sənətkarlarından birisən.

Burada sizin hamınız mənə tanışsınız, yeni adamlar yoxdurə 25 il bundan öncə gördüyüm adamlar da burada vardır - gərək ki, o Hacəbəylidir, orada durubdur. Sənin isə adın yadımdan çıxıbdır.

Yerdən səs: Rafiq əzimovdur.

Heydər Əliyev: Onlar elə o vaxt da var idilər. O vaxt Mikayıl Mirzə səhnəyə yeni-yeni çıxırdı. Amma Rasim Balayev də elə o illərin yetirməsidir. “Babək”, “Nəsimi” filmlərində çəkilibdir. Xatirimdədir, biz Nəsiminin 600 illik yubileyini keçirirdik. Rəhmətlik Həsən Seyidbəyli “Nəsimi” filmini yaradırdı və Nəsimi roluna aktyor axtarırdı. Mənimlə məsləhətləşirdi. Təbiidir ki, mənim məsləhətlərim, ola bilərdi ki, səthi olsun. Çünki bunu sənətkar tapa bilər. Ancaq bir gün mənimlə görüşəndə dedim ki, nə oldu bəs sənin əsərin? Dedi ki, tapmışam. Soruşdum ki, nəyi tapmısan? Dedi ki, Nəsimi roluna yeni bir aktyor tapmışam. Soruşdum ki, hardan tapmısan? Dedi ki, ya İncəsənət İnstitutunu bitirib, ya da orada oxuyur, gənc, çox istedadlı aktyordur.

Filmi çəkdi. Təbiidir ki, mən də himayədarlıq etdim, o filmin çəkilməsində öz xidmətlərimi göstərdim. Rasim Balayev də ilk dəfə orada Azərbaycana təqdim olundu. Görürəm ki, indi gəlmisən, Dövlət bəyi oynayırsan. Nəsimidən, Babəkdən, başqalarından sonra. Ancaq hər artist, aktyor üçün hər bir rol əhəmiyyətlidir.

Görürəm, o şəkilini. Onun adı da, familiyası da yadımdan çıxıbdır.

Yerdən səs: Hacı İsmayılovdur.

Heydər Əliyev: Şəkili. Bəxtiyar da buradadır. Lakin Hacı şəki ləhcəsində elə danışır ki, heç Bəxtiyar Vahabzadə də elə danışa bilməz.

Mən bizim yeni, gənc, istedadlı insanları görürəm. Gultəkin rolunu Məleykə xanım çox gözəl, məharətlə ifa etdi. Deyə bilərəm ki, onun ifası heç Fatma Qədrinin də ifasından geri qalmır.

Nurəddin Mehdixanlı Aydın rolunu çox gözəl ifa etdi. Burada da yenə müqayisə üçün Ələsgər Ələkbərovu deyə bilərəm. Çünki Ələsgər Ələkbərov mənim hafizəmdə, deyə bilərəm ki, gördüyüm bütün aktyorlardan - mən hətta Abbas Mirzə Şərifzadəni də görmüşəm - onların hamısından mənim üçün yüksəkdir. Doğrudur, qoy Həsən Turabov inciməsin, bu rolu o da oynayıbdır, onu da bilirəm. Ancaq hər dövrun öz hökmü var. Tamaşanı təqdim edənlər, baş rolları oynayanlar öz üzərlərini düşən vəzifəni çox gözəl yerini yetirdilər. Ona görə də bu yaradıcılıq uğuru münasibətilə mən sizi təbrik edirəm. Sizə yeni-yeni uğurlar arzulayıram.

Mən Milli Dram Teatrını sevirəm və daim sevəcəyəm. Onun 100 illik yubileyini mən etmişəm, 125 illik yubileyini də mən təşkil etmişəm. Hesab edirəm ki, 150 illik yubileyini də mən təşkil edəcəyəm. Təbiidir ki, sizin hamınızla birlikdə.

Mən sizin hamınıza cansağlığı arzulayıram. Tamaşa çox dinamik keçdi, çox böyük enerji tələb edirdi, xüsusən baş rollarda oynayanlardan. Bilirəm ki, indi onlar yorulublar. Amma görürəm ki, o qədər də yorulmayıblar. Təbiidir ki, aktyor üçün rolunu istədiyi kimi ifa etmək hər şeydən üstündür. Onda onlar yorulmur, dincəlirlər. Hesab edirəm ki, siz hamınız dincəlmisiniz, xüsusən baş rolları oynayanlar.

Mən sizin hamınızı təbrik edirəm. Sizə yeni-yeni sənət uğurları arzulayıram. Sağ olun.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT