Azərbaycanın görkəmli ictimai xadimlərinin, elm, ədəbiyyat, mədəniyyət xadimlərinin və idmançıların bir qrupuna "İstiqlal", "Azərbaycan bayrağı", "Şöhrət" ordenləri və "Tərəqqi" medallarının təqdim olunması mərasimi - Prezident iqamətgahı, 12 dekabr 1998-ci il


Heydər Əliyev:  Mən bu gün şərəfli bir vəzifəni yerinə yetirməliyəm - sizə Azərbaycanın dövlət mükafatlarını təqdim etməliyəm. Xalq şairi Bəxtiyar Vahabzadəni "İstiqlal" ordeni alması münasibətilə təbrik edirəm, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Bəxtiyar Vahabzadə: Hörmətli prezident! Hörmətli mərasim iştirakçıları! Mən bu mükafatla 1995-ci ildə təltif olunmuşam. Amma xəstəliyimə və digər səbəblərə görə onu vaxtında ala bilmədim. Anadan olmağımın 70 illik yubileyi münasibətilə keçirilən mərasimdəki çıxışımda mən bir söz demişdim, indi onu təkrar etmək istəyirəm. Keçmiş Sovetlər İttifaqı dövründə mən bir çox ordenlər, medallar və digər yüksək mükafatlarla təltif olunmuşam. Desəm ki, o vaxt sevinməmişdim, yalan olar. Mən onda da sevinmişdim. Amma bu "İstiqlal" ordeni mənim öz milli, müstəqil dövlətimin ordenidir. Bundan böyük şərəf yoxdur ki, sən başqa bir dövlətin deyil, məhz öz müstəqil dövlətinin ordeninə layiq görüləsən.

Hörmətli prezident, buna görə Sizə dərin təşəkkürümü bildirirəm. Belə hesab edirəm, hələ sovet hakimiyyəti illərində də mənim gecə-gündüz bütün fəaliyyətim, arzum bu idi ki, müstəqil dövlətim yaransın və millətim heç bir millətin "quyruğu" olmasın. Allaha şükür ki, biz ona nail olduq. Cənab prezident, arzu edirəm ki, bu müstəqilliyimiz Sizin rəhbərliyiniz altında günü-gündən çiçəklənsin, müstəqilliyimizi heç kəs əlimizdən ala bilməsin. Təşəkkür edirəm.

Heydər Əliyev: Xalq yazıçısı İsa Hüseynova yüksək mükafatı təqdim edirəm. Səni xoş gördük, təbrik edirəm. Xəstələnmişdin, ona görə də çoxdandır səni görmürəm. Xəstəliyə fikir vermə. Özünü möhkəm saxla. Sən böyük əsərlər yaratmısan, hələ bundan sonra da yaradacaqsan. Xalqımız da, dövlətimiz də sənin əsərlərini yüksək qiymətləndiribdir. Mən səni təbrik edirəm. Sənə cansağlığı, səadət arzulayıram. Əgər səndə aritmiya varsa, ən böyük arzum odur ki, heç bir xəstəliyin olmasın. Yox, yaxşısan, gümrah görünürsən, qocalmamısan, hələ cavansan.

İsa Hüseynov: Cənab prezident, mən Sizi hər gün görürəm, hər gün Sizə səcdə edirəm. Siz təkcə Azərbaycan xalqı üçün yox, bütün bəşəriyyət üçün çox işlər görmüsünüz. Şəxsən mən bir yazıçı, ziyalı kimi Sizdə nadir insani xüsusiyyətlər müşahidə etmişəm. Sizdə olan həssaslığı heç kəsdə, heç bir dövlət başçısında görməmişəm. Cənab prezident, mən Sizə bir məktub göndərmişdim. Həmin məktubda təxminən belə bir ifadə işlətmişdim ki, mən Sizi öz doğma atam, qardaşım kimi tanıyıram. Bütün bunlar da təbiidir. Mən Sizi çox istəyirəm. Sizə cansağlığı, daha böyük uğurlar arzulayıram.

Heydər Əliyev: Azərbaycan Elmlər Akademiyasının akademiki Cəlal Əliyevi "İstiqlal" ordeni alması münasibətilə təbrik edirəm. Sənə cansağlığı, yeni-yeni elmi əsərlər yazmağı arzulayıram. Təbrik edirəm. Xalq artisti, bəstəkar Arif Məlikovu "İstiqlal" ordeni alması münasibətilə təbrik edirəm. Mən sənə cansağlığı, yeni-yeni əsərlər arzulayıram. Sən bir simfoniya hazırlayırdın, deyəsən hələ qurtarmamısan.

Arif Məlikov: Vaxtilə Azərbaycanda Rusiya mədəniyyəti günləri keçirilirdi. Siz mənə söz verdiniz, orada çıxış etdim və salonda oturanlara bir sual verdim. Soruşdum, dünya tarixindən kim bir misal gətirə bilər ki, prezident bəstəkarı Azərbaycan Dövlət Filarmoniyasının binasından uzun məsafədə qəbiristanlığa qədər çiynində aparıbdır? Heç kim ikinci belə bir adam tapa bilmədi. Mən bu faktı nəyə görə dedim? Çünki bu fakt Sizinlə, həm də mənim ikinci atam Qara Qarayevin adı ilə bağlıdır. Mən onun tələbəsiyəm. Mən burada ikinci bir sözü də tam mənası ilə deyə bilərəm. Ola bilər ki, dünyada ən musiqisevər prezident varsa, o da Sizsiniz, cənab prezident. Musiqi xalqın ürəyidir. Musiqi xalqın gündəlik həyatıdır. İnsan anadan olandan məzara gedənə qədər musiqi ilə yaşayır. Azərbaycanda musiqiyə qayğı doğrudan da yüksək səviyyədədir. Bu qayğının bir nümunəsi də bu gün mənə bu yüksək ordeni təqdim etməyinizdir. Mənim üçün danışmaq çətindir. Çünki bəstəkar musiqı yazmalıdır. Bir neзə gün bundan əvvəl Siz bu salonda hərbçilərə yüksək mükafatlar verirdiniz. Mən həmin mərasimı televiziya vasitəsilə izləyirdim. Orada çox gözəl çıxışlar edildi. Amma ən gözəl çıxış o idi ki, hərbçi deyirdi: "Azərbaycan xalqına xidmət edirəm". Mən də çıxışımı həmin sözlərlə bitirirəm. Cənab prezident, Sizə təşəkkür edərək demək istəyirəm ki, mən Azərbaycan xalqına xidmət edirəm.

Heydər Əliyev: Milli Məclisin sədri, hüquq elmləri doktoru, professor Murtuz Ələsgərovu yüksək dövlət mükafatı - "İstiqlal" ordeni alması münasibətilə təbrik edirəm. Murtuz müəllim, hüquq elmi çox mühüm elmlərdən biridir. Müstəqil dövlət qurandan sonra bu elmin əhəmiyyətini, qədrini biz daha da çox bilirik. Siz də ömrünüzün demək olar ki, ən şüurlu hissəsini hüquq elminə və Azərbaycanda hüquq təhsilinin inkişafına həsr etmisiniz. Ona görə də bu yüksək mükafata layiq görülmüsünüz. Sizi təbrik edirəm.

Murtuz Ələsgərov: Zati-aliləri möhtərəm prezident! Azərbaycanın yüksək mükafatına - "İstiqlal" ordeninə layiq görüldüyüm üçün Sizə ürəkdən öz təşəkkürümü bildirirəm. Bilirsiniz, Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, ona Sizin kimi müdrik bir rəhbər başçılıq edir. Sizin bütün varlığınız, həyatınız Azərbaycanın, millətimizin taleyi ilə həmişə bağlı olmuşdur.

Vaxtilə ölkəyə rəhbərlik etdiyiniz dövrlərdə Azərbaycanın iqtisadiyyatını, mədəniyyətini, elmini, təhsilini inkişaf etdirməyə böyük qayğı göstərmisiniz. Vətəndən uzaqda olduğunuz illərdə də Azərbaycanı unutmamısınız, respublikamızın qayğısına qalmısınız. Əliniz daim Azərbaycanın üzərində olubdur. 1993-cü ildə isə Sizin respublika rəhbərliyinə qayıdışınızdan sonra Azərbaycan xalqının tarixində yeni səhifə, yenı dövr başlanmışdır. Təsadüfi deyildir ki, Azərbaycan xalqı bu dövrü Qurtuluş günü kimi dəyərləndirir və Milli Məclisin Qurtuluş günü barədə qəbul etdiyi qərar Sizin Sədaqətinizə böyük xalq məhəbbətinin təzahürüdür. Oktyabrın 11-də Azərbaycanda prezident seçkiləri keçirilmişdir. Azərbaycan vətəndaşları azad, demokratik şəraitdə keçirilən bu seçkilərdə Sizə səs vermişlər, Siz parlaq qələbə əldə etmisiniz. Bu, bizi sevindirir. Siz yenidən beş il müddətinə Azərbaycanın prezidenti, rəhbəri seçilmisiniz. Bu, Sizin Azərbaycan xalqı qarşısında gördüyünüz böyük işlərin, əməllərin nəticəsidir. Cənab prezident, mən 50 ildən, yəni yarım əsrdən çox şüurlu, mənalı həyatımı Bakı Dövlət Universitetinin divarları arasında keçirmişəm. Mən universitetdə tələbəlikdən başlayaraq rektorluğa qədər bir yol keçmişəm. Bu müddət ərzində universitetdə yaxşı günlər də, çətin günlər də olubdur. Sizin rəhbərliyiniz dövründə universitetin vaxtilə 50, 60 illik yubileyləri keçirilibdir. Mən rektor olduğum illərdə, Sizin rəhbərliyiniz və iştirakınızla və bilavasitə təşəbbüsünüzlə 1995-ci ildə universitetin 75 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Mənim həyatımın böyük bir hissəsi Bakı Dövlət Universitetində keçmişdir. Mən həmişə çalışmışam ki, xalqıma, millətimə sədaqətlə xidmət edim və universitetin adını uca tutum. İcazə verin, bu yüksək ordeni elmə, təhsilə, xüsusilə hüquq elminə verdiyiniz böyük mükafat kimi qiymətləndirim. Bu mükafatı Sizdən qəbul etmək mənim üçün çox şərəflidir. Bu yüksək mükafata görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Azərbaycanın gələcəyi, xoşbəxtliyi naminə Sizə uzun ömür, cansağlığı və işinizdə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

Heydər Əliyev: Akademik Azad Mirzəcanzadəni yüksək mükafat - "İstiqlal" ordeni alması münasibətilə təbrik edirəm. Azərbaycanda sənin elmi xidmətlərin böyükdür. Azərbaycan xalqı bir ildir ki, sənin yubileyini qeyd edir. Bu yubiley mərasimləri respublikanın çox yerlərində keçirilibdir. Bakıdakı yubiley mərasimində mən də iştirak edirdim. Sən bunların hamısına layiqsən. Bunların hamısını elm sahəsindəki xidmətlərinə görə qazanmısan, Mən bu ordeni məmnuniyyətlə sənə təqdim edirəm. Səni təbrik edirəm, cansağlığı arzulayıram.

Heydər Əliyev: Laçın Rayon İcra Hakimiyyətinin başçısı Muradxan Cabbarova "Azərbaycan Bayrağı" ordenini təqdim edirəm. Sizi təbrik edirəm, cansağlığı arzu edirəm. Laçınlıların hamısına salam söyləyin. Əmin ola bilərsiniz ki, Laçın rayonu azad olunacaqdır və laçınlılar öz yerlərinə qayıdacaqlar.

Muradxan Cabbarov: Möhtərəm prezident, bu yüksək mükafata, göstərdiyiniz daimi diqqət və qayğıya görə Sizə tükənməz minnətdarlığımı bildirirəm. Bu etimadı doğruldacağıma söz verirəm. Çox sağ olun, Sizə ən böyük uğurlar arzulayıram.

Heydər Əliyev: General-leytenant Kərim Kərimovu "Şöhrət" ordeni alması münasibətilə təbrik edirəm. Səninlə görüşümdən çox məmnunam. Xalqımız qarşısında sənin xidmətlərin ondan ibarətdir ki, sən Azərbaycan xalqını bütün dünyaya öz işlərinlə tanıtmısan. Səni Azərbaycanda çox qiymətləndiririk. Aldığın orden və medalların, mükafatların hamısı sənin böyük elminin öz müvəffəqiyyətlərinin nəticəsində olubdur. Amma sən indi müstəqil Azərbaycanın yüksək ordenini alırsan. Təbrik edirəm.

Heydər Əliyev: Mərhum Qurban Abbasovun həyat yoldaşı Nina Kolomeytsevanı təbrik edirəm. Təəssüflənirəm ki, Qurban Abbasova bu mükafatı - "Şöhrət" ordenini özünün alması qismət olmadı. Biz onun xidmətlərini heç vaxt unutmayacağıq, xalqımız da, ölkəmiz də unutmayacaqdır. O, görkəmli neftçi idi və çox işlər görmüşdü. Onun gördüyü işlər bugünkü və gələcək nəsillər üçün nümunədir. Xalq şairi Nəbi Xəzriyə "Şöhrət" ordenini təqdim edərək, Nəbi müəllimi təbrik edirəm, cansağlığı arzulayıram. Maşallah, yaxşısan, cavan qalmısan, həmişə cavan olasan, yeni-yeni əsərlər yaradasan.

Nəbi Xəzri: Hörmətli prezidentim, mən Sizdən çox mükafatlar almışam. Lakin bu mükafatın mənim üçün əhəmiyyəti çox böyükdür. Çünki o, müstəqilliyin çətin, əzablı, əziyyətli yollarına qədəm qoymuş millətimizin, xalqımızın, respublikamızın ilkin ordenidir. Mükafatların kiçiyi böyüyü olmur. Mükafat mükafatdır. Ona görə də mən Sizə çox təşəkkür edirəm. Demək istəyirəm ki, mükafatlar xalqın səxavət xəzinəsindən bizə verilən ənam və ərməğanlardır. Biz nə qədər sağıqsa, bu ərməğanları özümüzlə gəzdiririk. Bizdən sonra isə bu ərməğanlar xalqın şöhrət müzeylərində qorunub saxlanır. Mən vaxtilə "Mükafat" adlı bir şeir yazmışam. İstəyirəm ki, həmin şeirdən bir-iki misra deməklə çıxışımı bitirim:

                                                                                              O gün ki, qovuşduq sözlə, sənətlə,
                                                                                              Nəslə də, əsrə də səs verən bizik.
                                                                                              Biz onu gəzdirək böyük hörmətlə,
                                                                                              Mükafat xalqındır, gəzdirən bizik.
                                                                                              Çox sağ olun, minnətdaram.

Heydər Əliyev: Mərhum xalq yazıçısı Yusif Səmədoğlunun təltif olunduğu ordeni yazıçının qızı Mehriban Vəkilovaya və qardaşı Vaqif Vəkilova təqdim edirəm.

Vaqif Vəkilov: Hörmətli prezident!

Siz də, yəqin, biz hamımız da çox istəyirdik ki, bugünkü təntənəli mərasimdə Yusifin özü iştirak etsin. Bunun üçün hamımız, ilk növbədə Siz əlinizdən gələni əsirgəmədiniz. Fəqət, həyatın yenilməz qanunları vardır. Mehribanla mənim burada iştirakımız bu təntənəli mərasimə bir az kədər çaları verdiyi üçün bizi üzrlü hesab edin. Hörmətli prezident, Yusif Səmədoğlu ailəsinin təşəkkürünü Mehribanla məndən qəbul edin. Çox sağ olun.

Heydər Əliyev: Xalq artisti Qədir Rüstəmova "Şöhrət" ordenini təqdim edərək, təbrik edirəm. Necəsən? Bəlkə bir oxuyasan.

Qədir Rüstəmov: Cənab prezident, Allah Sizin canınızı sağ etsin. Mən gecə-gündüz Sizə Allahdan dua edirəm. Çox sağ olun ki, mənə minik maşını da vermisiniz. İstəyirəm. Bəxtiyar müəllimin sözlərinə yazılmış bir mahnını oxuyum…

Heydər Əliyev: Mərhum alim İbrahim Səfərovun təltif olunduğu "Şöhrət" ordenini onun oğlu İbrahim Səfərova təqdim edirəm. Akademik Böyükkişi Ağayevə yüksək mükafatı təqdim edir və onu bu münasibətlə təbrik edərək cansağlığı arzu edirəm. Çox məmnunam ki, xeyirxah işini davam etdirirsən, insanları sağaldırsan.

Böyükkişi Ağayev: Hörmətli cənab prezident!

Bu gün burada olmaqdan və Sizinlə görüşməkdən böyük sevinc hissi duyuram və özümü xoşbəxt hiss edirəm. Keçmiş illərdə respublikanın rəhbəri və müstəqil Azərbaycanın prezidenti kimi Siz daim mənim elmi, pedaqoji, praktik fəaliyyətimə çox diqqət yetirmisiniz. Ölkənin çox yüksək mükafatını dünyanın tanınmış və müdrik bir şəxsiyyətindən, respublikamızın sevimli prezidentindən almaq mənim qəlbimdə Sizə minnətdarlıq və böyük fərəh hissi doğurur. Bu, mənim həyatımda birinci mükafatdır. Çox sevinirəm ki, onu müstəqil Azərbaycanın prezidenti cənab Heydər Əliyev mənə təqdim etdi. Bu, mənim üçün çox böyük şərəfdir. Mən onu həyatımın böyük mənası sayıram. Respublikamızın bir vətəndaşı, öz ömrünü, sənətini, səyini Xalqın səhhətinə sərf edən bir həkim kimi mən Sizə cansağlığı, uzun ömür arzulayıram. Arzu edirəm ki, Sizin həyatınız səadətlə, xoşbəxtliklə dolu olsun. Çox sağ olun.

Heydər Əliyev: Xalq artisti Həsən Məmmədova "Şöhrət" ordenini təqdim edirəm. Səni təbrik edirəm. Cansağlığı, kinoda da, səhnədə də yeni yaradıcılıq uğurları arzulayıram.

Həsən Məmmədov: Möhtərəm prezident! Azərbaycanın kino, teatr sənəti sahəsindəki əməyimə layiqli qiymət verdiyinizə, məni ölkəmizin ali "Şöhrət" ordeni ilə təltif etdiyinizə görə Sizə öz səmimi təşəkkürümü bildirirəm. Eyni zamanda bunu Azərbaycan kino, teatr sənətinə, mədəniyyətinə Sizin verdiyiniz qiymət kimi qəbul edirəm. Biz - elm və incəsənət xadimləri, ziyalılar 1969-cu ildə hakimiyyətə ilk gəlişinizdən bu günə kimi həmişə Sizin diqqət və qayğınızı hiss etmişik. Azərbaycan mədəniyyəti 30 ildən çoxdur ki, öz layiqli yerini tutmuş və sərhədlərimizdən çox uzaqlarda tanınmışdır. Bu, məhz Sizin zəhmətiniz sayəsində mümkün olmuşdur. Bildiyimiz kimi, 1988-ci ildən sonra ölkəmizdə baş verən bəzi olaylar və qarışıqlıqlar xalqımıza, mədəniyyətimizə çox böyük zərbə vurubdur. Amma sevindirici haldır ki, böyük Azərbaycan xalqının istəyi ilə 1993-cü ilin iyununda respublikada yenidən hakimiyyətə gəlişinizdən sonra bu geridəqalmalar Sizin diqqət və qayğınız sayəsində aradan götürüldü. Biz bunu heç vaxt unutmarıq. Sizin diqqət və qayğınız sayəsində biz bunu həmişə hiss edirik və bundan sonar da hiss edəcəyik. Biz bu yolda bundan sonra da çalışacağıq və özümüzü doğruldacağıq. Cənab prezident, Azərbaycan mədəniyyətinə, incəsənətinə və mənə verdiyiniz bu yüksək qiymətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycanın müstəqilliyi, dirçəlişi, bütövlüyü, qurtuluşu uğrunda apardığınız müqəddəs mübarizədə Sizə böyük uğurlar arzulayıram. Çox sağ olun.

Heydər Əliyev: Xalq artisti rejissor Rasim Ocaqovu yüksək mükafat alması münasibətilə təbrik edirəm, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Sən gözəl filmlər yaratmısan, inanıram ki, bundan sonra da yeni filmlər çəkəcəksən.

Rasim Ocaqov: Hörmətli və əziz prezident! Mənim üçün çox əziz olan bu gündə bir neçə kəlmə demək istəyirəm. Hamı bilir, amma bir daha qeyd etmək istəyirəm ki, Siz Azərbaycan kinosuna həmişə böyük diqqət yetirmisiniz. Vallah, Siz hakimiyyətə gəlməsəydiniz, indinin özündə kino olmazdı. Çox sağ olun. Mənim yadımdan heç vaxt çıxmaz, Siz məni 1980-ci ildə "Ad günü" filminə görə Dövlət mükafatı laureatı, 1982-ci ildə Azərbaycanın xalq artisti adına layiq gördünüz. Biz yaxşı başa düşürük ki, Sizin qayğınız olmasaydı "İstintaq" filmi heç vaxt ekranlara çıxa bilməzdi, biz SSRİ Dövlət mükafatı almazdıq. Cənab prezident, mən və Azərbaycanın bütün kino işçiləri bütün bunlara görə minnətdarıq və ömrümüz boyu Sizə borcluyuq. Çox sağ olun. Allah Sizə uzun ömür, cansağlığı versin. Sağ olun.

Heydər Əliyev: Xalq artisti Gülxar Həsənovanı orden alması münasibətilə təbrik edirəm.

Gülxar xanım, sizə cansağlığı, uzun ömür arzulayıram. Burada təltif olunanların əksəriyyəti bu mükafatları gözləyiblər. Amma siz gözləməmisiniz, Siz təltif olunan kimi bu mükafatı alırsınız. Onlardan sizin fərqiniz bundan ibarətdir.

Gülxar Həsənova: Əziz prezident! Mən bu gün çox sevinirəm ki, bütün sahələr üzrə sənət adamlarımız fərəh içərisindədirlər. Əziz, sevimli, möhtərəm prezidentimiz! Şəxsən mən bu mükafatı gözlənilmədən aldığıma görə sevinirəm. Mən sovet dövründə çox ordenlər, medallar, adlar almışam. Amma nəticəsində bir şey görməmişəm. Bu gün mən artıq yaşa dolmuşam, necə deyərlər, "qocalıq-binəvalıq, kürkümə düşdü yamaqlıq". Bu qoca vaxtımda Siz məni yada salmısınız. Mən bunu unuda bilmərəm. Əvvəlki yüksək mükafatlarım qarşısında Sizin bu gün mənə təqdim etdiyiniz bu orden qəlbimdə, ürəyimdə onların hamısından üstün yer tutubdur.

Mənim çoxlu tələbələrim vardır. Onlardan biri hazırda Los-Ancelesdə yaşayır. O, vaxtilə Bakıda Leyli, Əsli obrazlarını ifa edibdir. O, mənim oğlumun dəfnində Bakıya gəlmişdi. Sizin haqqınızda onun danışdığı sözlər məni çox sevindirdi. Demək istəyirəm ki, Siz Azərbaycanı bütün dünyada tanıtmısınız. Mən inanıram ki, Siz təbiətin, Allahın yetirdiyi yeganə şəxsiyyətsiniz. Mən Sizin kimi ikinci şəxsiyyətin olacağını hiss etmirəm. Çünki buna qabiliyyət, bilik, dözüm lazımdır. Siz hər şeyə - yaxşıya da, yamana da dözmüsünüz, öz işinizi görmüsünüz. Mən Üzeyir bəyin, Müslüm Maqomayevin əsərləriylə tanındığıma, sevildiyimə görə vaxtilə çox qiymətlər almışam. Amma yenə də deyirəm, bugünkü qiymət onlardan çox yüksəkdir. Televiziyada Sizin çıxışlarınızı verəndə mən bütün işlərimi kənara qoyub Sizə qulaq asıram. Sizin yaddaşınız, biliyiniz həqiqətən Allahın vergisidir. Mən arzu edirəm ki, o bilik, ağıl, düşüncə ömrünüzün axırınadək Sizdə möhkəm olsun və Siz gələcək nəsilləri də sevindirəsiniz.

Heydər müəllim, ona görə sevinmirəm ki, mən gec də olsa buraya gəlmişəm. Mən gec-tez buraya gələcəkdim. Ancaq müəyyən səbəblərdən belə olubdur. Mənim Sizə deyəcək çox sözlərim vardır. Amma onları burada deyə bilmərəm, ayrıca bir vaxtda deyəcəyəm. Sizə minnətdaram. Sizə uzun ömür, cansağlığı arzulayıram. Gün o gün olsun ki, Sizin köməyinizlə Qarabağ torpaqları düşməndən azad edilsin. Biz maddi, mənəvi cəhətdən Sizdən həmişə kömək görmüşük. O gün olsun ki, biz incəsənət işçiləri gedib, düşməndən azad olunmuş Qarabağ bölgəsində çıxışlar edək. Yetirdiyim, yaxşı adlar almış yüzlərlə tələbələrim hamısı, mən Sizi hər yerdə daha gözəl, daha yaxşı qarşılayaq. Cənab prezident, Sizə uzun ömür, cansağlığı arzulayıram.

Yüksək mükafatların təqdim olunması mərasimində nitq

Hörmətli xanımlar və cənablar! Mən sizi Azərbaycanın Dövlət mükafatları almağınız münasibətilə bir daha ürəkdən təbrik edirəm. Hər birinizə cansağlığı, uzun ömür, yeni müvəffəqiyyətlər, yeni yaradıcılıq uğurları arzulayıram. Bu gün dövlət mükafatlarını alanlar Azərbaycanın mötəbər insanlarıdır. İndi müstəqil Azərbaycanın dövlət mükafatları əksərən ölkəmizin elm, mədəniyyət, incəsənət xadimlərinə təqdim olunur. Bu da təbiidir. Çünki bizim xalqımız həmişə elmi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti yüksək qiymətləndirmişdir. İnsan həyatının, insan fəaliyyətinin bu sahəsi bütün dövrlərdə cəmiyyətə, ölkəyə, dövlətə, hər bir insana çox bəhrələr vermişdir. Biz fəxr edirik ki, Azərbaycanın zəngin mədəniyyəti var, zəngin elmi var, zəngin incəsənəti, musiqisi vardır. Bunu da yaradanlar yüksək istedada malik olan adamlardır, fitri istedada malik olan adamlardır, eyni zamanda fədakar insanlardır. Siz məhz belə insanlarsınız.

* Azərbaycan prezidenti Heydər Əliyev daha sonra "Azərbaycan" qəzetinin baş redaktoru Əmir Mustafayevə, məşhur idmançılar Namiq Abdullayevə, Ağayar Axundzadəyə, Natiq Eyvazova, Zemfira Meftahəddinovaya, Ceyhun Məmmədova, Aynur Sofiyevaya, Rövşən Hüseynova, Sabir Hüseynova, Zülfiyyə Hüseynovaya "Tərəqqi" medallarını təqdim etdi.

Bu gün təltif olunanların əksəriyyəti yaşlı nəslə mənsubdur. Hər birinizin həyatı böyük bir tarixdir. Hər birinizin çiyinlərinin arxasında böyük iz var, böyük yol var. Hər biriniz öz əsərlərinizlə, öz ictimai-siyasi fəaliyyətinizə, Azərbaycanın inkişafına xidmətlərinizi göstərmisiniz və bu xidmətləri də xalq həmişə qiymətləndiribdir. Bu dövlət mükafatları müstəqil Azərbaycanın dövlət rəmzidir, dövlətçilik rəmzidir və eyni zamanda xalqın, ictimaiyyətin sizin əməyinizə, zəhmətinizə, sizin yaradıcılığınıza, əsərlərinizə verdiyi ümumi qiymətin mücəssəməsidir. Siz xoşbəxt adamlarsınız, çünki yaradıcısınız - əsərlər yaratmısınız və bu gün də yaradırsınız, gələcəkdə də yaradacaqsınız. Sizin əsərləriniz xalqa fayda verir, bugünkü nəsillər və gələcək nəsillər üçün çox gərəklidir, əhəmiyyətlidir. Mən məmnunam ki, bu gün sizinlə bir daha görüşdüm, hər birinizin əlini sıxdım və müstəqil Azərbaycanın bu yüksək mükafatlarını sizə təqdim etdim. Mən şəxsən sizin hər birinizi çox yaxşı tanıyıram. Uzun illərdir ki, sizin fəaliyyətinizi, yaradıcılığınızı müşahidə edirəm, izləyirəm və bir azərbaycanlı kimi şəxsən bunu qiymətləndirirəm. Azərbaycanın prezidenti kimi isə mən bu cür fərmanların verilməsini və bu mərasimin keçirilməsini özümün şərəfli vəzifəm hesab edirəm. Elm, mədəniyyət, incəsənət xadimləri ilə bərabər, burada gənc nəslin nümayəndələri də, idmançılar da bu gün Azərbaycanın dövlət mükafatlarını aldılar. Onlar da öz yüksək göstəriciləri ilə dünya miqyasında Azərbaycan idmanına uğurlar qazandırdıqlarına görə bu yüksək mükafatlara layiq olublar.Ümumiyyətlə, bugünkü mərasim buraya toplaşanların hər birinin həyatında əlamətdar bir hadisə olduğu kimi, eyni zamanda bizim ictimai həyatımızda çox böyük bir hadisədir. Bu, onu göstərir ki, müstəqil Azərbaycanın dövləti öz vətəndaşlarının yüksək nailiyyətlərini layiqincə qiymətləndirə bilir. Bu da bizim müstəqilliyimizin, dövlətçiliyimizin gözəl göstəricisidir. Mən sizin hamınıza yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Hər birinizə cansağlığı, səadət və müstəqil Azərbaycanın bu günü, gələcəyi naminə əməli fəaliyyət arzulayıram. Bu gün siz bu ordenləri, medalları alarkən bir xüsusiyyəti qeyd etdiniz ki, bu, müstəqil Azərbaycanın milli mükafatlarıdır. Bu, həqiqətən belədlir. Sizlərin çoxunun burada qeyd etdiyiniz kimi, keçmiş illərdə də yüksək mükafatlara layiq olmusunuz. O mükafatlar da qiymətlidir, heç vaxt onları unutmaq lazım deyildir. Siz o mükafatları öz xalqınıza, vətəninizə, millətinizə xidmətə görə almısınız. Sizin yaratdığınız əsərlər, yaradıcılıq fəaliyyətiniz birinci növbədə Azərbaycanın elmini, mədəniyyətini, incəsənətini inkişaf etdiribdir. Azərbaycanın elmi, mədəniyyəti əsrlər boyu inkişaf edibdir və heç vaxt biz fərq qoymamışıq - hansı şair, hansı yazıçı, hansı musiqiçi, hansı alim bunu hansı dövlətin vaxtında yaradıbdır, hansı hökmdarın vaxtında yaradıbdır. Bunları biz heç vaxt araşdırmamışıq və araşdırmaq da lazım deyil. Çünki insan və xüsusən yaradıcı insan öz həyatı dövründə yaratdığını birinci növbədə öz xalqı üçün yaradır, öz vətəni üçün yaradır, öz milləti üçün yaradır, öz ölkəsi üçün yaradır. Əgər onun yaratdığı əsər öz ölkəsinin hüdudlarından kənara çıxarsa və başqa bir ölkə tərəfindən də qiymətləndirilirsə, buna sadəcə sevinmək lazımdır. Buna heç vaxt mənfi münasibət göstərmək lazım deyil. Sizin keçmişdə aldığınız mükafatlar da, ordenlər də, medallar da qiymətlidir. Onların hər biri sizin həyatınızın, tərcümeyihalınızın parlaq bir səhifəsidir. Ancaq bununla yanaşı, bu günü görmək - Azərbaycanın mьstəqilliyini görmək, bu zamana qədər yaşamaq özü-özlüyündə böyük xoşbəxtlikdir. Müstəqil Azərbaycanın dövlət mükafatını almaq, şübhəsiz ki, hər bir insanda böyük iftixar hissi doğurur. Mən sizin hissiyyatlarınızı çox yaxşı anlayıram və mən özüm də məhz bu dövrü yüksək qiymətləndirirəm. Mən dəfələrlə demişəm, bu gün də deyirəm: bu dövr bizim üçün çox çətindir, çox ağırdır. Biz böyük çətinliklərdən keçib irəliyə gedirik. Ancaq tək bir müstəqilliyimizə görə hər bir şeyə dözməliyik. Çünki bu çətinliklər - bəzən maddi çətinliklər, sosial çətinliklər, hər bir insanın həyatında olan çətinliklər -bunlar keçicidir, müvəqqətidir. Bəzən böyük müharibələr gedir, minlərlə, milyonlarla insanlar həlak olurlar. İstənilən qələbəyə nail olmaq üçün. Biz isə indi bu ağır dövrü yaşayırıq ona görə ki, Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlayırıq. Mən bir daha bildirmək istəyirəm ki, bu dövr, ola bilər, bir az çox olsun, ola bilər, az olsun, ancaq bu dövr keçici bir dövrdür. Biz bunu nə qədər çətin olsa da yaşamalıyıq və inanıram ki, yaşayacağıq. Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə! Mən əminəm ki, Azərbaycanın müstəqilliyi əbədi olacaqdır. Mən əminəm ki, biz bu müstəqilliyi qoruyub saxlaya biləcəyik və gələcək nəsillərə daha da qüdrətli müstəqil Azərbaycan dövləti çatdıracağıq. Bütün bunlara görə də sizin bu mükafatlarınızın böyük əhəmiyyəti vardır. Mən inanıram ki, siz bu gün də, gələcəkdə də əmək fəaliyyətinizlə, yaradıcılığınızla, yeni-yeni əsərlərinizlə Azərbaycanın inkişafına öz xidmətlərinizi göstərəcəksiniz. Mən sizi bir daha təbrik edirəm, sizə cansağlığı, uzun ömür arzulayıram. Sağ olun.

Tarixi arayış

MƏDƏNİYYƏT