Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Beynəlxalq Uşaq İncəsənət Muzeyində çıxışı - Oslo, 24 aprel 1996-cı il


Hörmətli xanımlar, cənablar!

Mən və məni müşayiət edən nümayəndə heyətinin üzvləri Norveçin Oslo şəhərində yaradılmış belə bir qeyri-adi muzeylə tanış olmaqdan çox məmnunuq. Bu muzeyin ən üstün xüsusiyyəti ondan ibarətdir ki, o, uşaqlara - insanların, cəmiyyətin gələcəyinə, uşaqların öz istedadlarını ifadə edib yaratdıqları rəsmlərin nümayiş etdirilməsinə həsr olunubdur. Uşaqlara qayğı, onlar haqqında daim düşünmək, onlara qayğı göstərmək yüksək mənəviyyatın, mədəniyyətin əlamətləridir. Norveç yüksək mədəniyyətə, mənəviyyata malik bir ölkədir. Bu ölkənin vətəndaşları, Norveç xalqı həqiqətən yüksək mədəniyyət sahibləridir. Ona görə də Norveçdə belə bir muzeyin olması bir tərəfdən təbiidir, digər tərəfdən çox fərəhləndirici bir haldır.

Mən əvvəlcə, bu muzeyi yaradanlara, yaşadanlara və onu belə gözəl səviyyədə saxlayanların hamısına hörmət və ehtiramımı bildirirəm. Onlara xeyirxah işlərində gələcəkdə də uğurlar diləyirəm. Muzeydə Azərbaycan uşaqlarının rəsmlərinin, əl işlərinin nümayiş etdirilməsi bu muzeyin və Norveçin Azərbaycana olan dostluq münasibətinin təzahürüdür. Mən bunu çox yüksək qiymətləndirirəm. Məni ən çox heyran edən, coşduran, sevindirən hal ondan ibarətdir ki, bu muzeydə məhz Azərbaycanda yerlərindən-yurdlarından didərgin düşmüş, Ermənistanın təcavüzü nəticəsində çox əzab-əziyyətlər çəkmiş qaçqın uşaqların rəsmləri nümayiş etdirilir. Bu, çox əlamətdar bir haldır. Demək istəyirəm ki, bu muzeydə belə rəsmlərin olması hər bir azərbaycanlının hisslərinin çox incə yerlərinə toxunur.

Norveçin Qaçqınlara Yardım Şurasının bu sahədə fəaliyyətini mən yüksək qiymətləndirirəm. Azərbaycanlı uşaqların əsərlərinin gətirilib burada göstərilməsi sahəsindəki xidmətlərinə görə "Statoyl" şirkətinə, bu muzeyin rəhbərlərinə və Norveç Qaçqınlara Yardım Şurasına təşəkkürümü bildirirəm.

Azərbaycanın yaxın dostu, professor cənab Brundtlandın bu sahədə xidmətləri məni çox sevindirir. Onun Azərbaycana bu qədər qayğı və diqqət yetirməsi və respublikamızdakı qaçqınlara xidmət göstərməsi böyük hörmətə layiqdir. Mən buna görə də təşəkkür edirəm. Bu hadisə münasibətilə çox məmnun olduğumu bildirirəm. Bu işin təşkilatçılarına və buraya toplaşanların hamısına təşəkkürümü bildirirəm. Hamınızı əmin etmək istəyirəm ki, xalqımız, azərbaycanlılar belə xeyirxah işləri heç vaxt unutmayacaqlar. Bunlar hamısı Norveç-Azərbaycan dostluğunun, əməkdaşlığının daha da yüksəklərə qalxmasını təmin edəcəkdir. Təşəkkür edirəm.