Azərbaycanın xalq artisti Lyudmila Georgiyevna Zıkinaya - Bakı şəhəri, 26 aprel 1997-ci il


Hörmətli Lyudmila Georgiyevna!

Sizi yaradıcılıq fəaliyyətinizin 50 illik yubileyi münasibətilə təbrik edir, sizə cansağlığı, firavanlıq və yeni-yeni uğurlar arzulayıram.

Sizin yaradıcılığınız gözəlliyə və insanlığa hədsiz sədaqətlə xidmət etmək nümunəsi kimi rus musiqi mədəniyyətinin inkişafında bütöv bir mərhələ olmuşdur. Özgün rus mahnılarında əksini tapan xalqın dühası həyat və ölüm, məhəbbət və səadət kimi əbədi problemlərin dərkolunmasına həmişə xidmət etmişdir. Sizin ifanızda bu mahnılar əxlaq dərsi kimi səslənəcək, müasirlərimizin mənəvi aləminin formalaşmasına amiranə təsir göstərmişdir. Rusiya ilə, vətən və dünya mədəniyyəti ilə min tellərlə bağlanan sizin yaradıcılığınız dünyanın bütün guşələrində milyonlarla insanın qəlbinə hakim kəsilmişdir. Siz öz misilsiz səsinizin gücünə və rus mahnısının mənəvi qüdrətinə arxalanaraq, rus incəsənətinin təbliğində heyrətamiz müvəffəqiyyətlər qazanmısınız. Sizin yaradıcılığınız rus musiqisinin özgünlüyünün çox parlaq ifadəsi kimi bir çox xalqlara müyəssər, anlaşıqlı və yaxın olmuş, geniş şöhrət və nüfuz qazanmış, ümumbəşəri sərvətə çevrilmişdir. Azərbaycanda Sizin gözəl mahnılarınız, unudulmaz səsiniz, təkraredilməz şəxsiyyətiniz xüsusi məhəbbət və ehtirama malikdir. Siz Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafına, Azərbaycan və rus xalqları arasında dostluğun möhkəmlənməsinə böyük töhfə vermisiniz. Biz bunu yüksək qiymətləndiririk ki, siz 25 ildir Azərbaycanın xalq artisti fəxri adını daşıyırsınız. İnsana, xalqın həyati qüvvəsinə, ümumbəşəri dəyərlərə inam aşılanmış mahnılarınız indiki ağrılı-acılı və ölümlü-itimli günlərdə bizim üçün xüsusi məna kəsb edir. Siz öz səmimi, dərin milli sənətinizlə humanizm amallarına daim xidmət edərək, xeyir və sülhdən ibarət olan öz yaradıcılıq öyüdünüzü gələcək əsrə yönəldirsiniz.

Ömrünüz uzun olsun.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT