Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ümumxalq hüzn günündə öz doğmalarının məzarlarını ziyarət etmək üçün Şəhidlər xiyabanına gəlmiş şəhid ailələrinin üzvləri ilə görüşdə çıxışı - Bakı, Şəhidlər xiyabanı, 20 yanvar 1998-ci il


Bu gün sizin üçün də, bizim üçün də böyük matəm günüdür. Bu, tək sizin faciəniz deyil, bütün millətimizin, bütün xalqımızın faciəsidir. O dəhşətli gecədən, dəhşətli gündən səkkiz il keçibdir. Ancaq bizim xalqımız o günü heç vaxt unutmayacaqdır. Çünki o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi, bu, bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən hərbi təcavüz idi və bizim xalqımıza qarşı soyqırım idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün, sizlər üçün, ailə üzvləri üçün böyük itkidir, faciədir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların şəhid olması zamanı tökülən qan bütün xalqımızın qanıdır. O qanın hər damcısında bizim xalqımızın qüdrəti var, xalqımızın qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlər boyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır.

Biz itkilərə görə, tələfata görə məyus oluruq, kədərlənirik və daim kədərlənəcəyik. Biz sizinlə birlikdəyik. Bu, tək sizin kədəriniz, sizin qəminiz-qüssəniz deyil, bütün Azərbaycan xalqının qəmi-qüssəsidir. Ancaq onlar öz şəhidliyi ilə, canlarından tökülən qan ilə özlərini də əbədiləşdirmişlər. Onlar xalqımızın müstəqillik, milli azadlıq arzularını və bu yolda şəhid olmağa hazır olduğunu bütün dünyaya nümayiş etdirmiş və bununla da qəhrəmanlıq nümunələri göstərmişlər.

Dünyaya gələn hər bir insan bu dünyanı tərk edəcəkdir. Bu dünya heç kim üçün əbədi deyildir. Ancaq öz əməlləri ilə, xalqa, millətə sədaqəti ilə, xalqın milli istiqlaliyyət ruhunu yüksəklərə qaldırmaları ilə dünyalarını dəyişənlər ən müqəddəs insanlardır. Onlar cismən bu dünyadan gediblər, ancaq ruhən bizim qəlbimizdədirlər, bütün Azərbaycan xalqının qəlbindədirlər. Bu gün Şəhidlər xiyabanına ümumxalq axını və hər bir Azərbaycan vətəndaşının gəlib bu müqəddəs qəbirləri ziyarət etmək arzusu və ziyarəti onu sübut edir ki, onlar - bu şəhidlər bütün xalqımızın qəlbində yaşayırlar. Onlar heç vaxt unudulmayacaqdır.

Biz bu günlər 20 Yanvar faciəsinin ildönümünü qeyd edərək, xalqımıza qarşı bu təcavüzü edənləri, xalqımıza qarşı soyqırım törədənləri, o günahsız insanları həlak edənləri bir daha məhkum edirik, onlara ümumxalq nifrəti nümayiş etdiririk. Bəzən deyirlər ki, onlar cəzalanmayıblar. Cəza cürbəcür olur. Bir var ki, insanı bir cinayətə görə cəmiyyətdən təcrid edirlər. O, müəyyən bir müddət cəza çəkir. Bir də var ki, bu cinayəti törədənlər həm Moskvada, həm də Azərbaycanda daimi cəzaya məhkum olublar. Onlar harada yaşamalarından asılı olmayaraq - Moskvada, dünyanın başqa yerlərində, burada, Azərbaycan torpağında, hətta bizim içimizdə daim cəzaya məhkum olunublar. Onlarda heç olmasa zərrə qədər vicdan qalıbsa, dərk etməlidirlər ki, nə qədər böyük cinayət ediblər, nə qədər cəzaya məhkum olunublar. Bəziləri nə qədər arsız da olsalar, hesab edirəm ki, xalqın onlara nifrəti ən böyük cəzadan da çox cəzadır və bu nifrət daim olacaqdır.

Biz 1994-cü ildə iki ay müzakirə apardıq. Xatirinizdədir, 1994-cü il yanvarın əvvəlində mən təşəbbüslə çıxış etdim ki, 20 Yanvar faciəsinə indiyə qədər siyasi qiymət verilməyibdir. Biz bunu Milli Məclisdə müzakirə etdik. Hərə öz sözünü dedi və qərar qəbul etdik. Şübhəsiz ki, bəlkə bu qərar da hər şeyi əhatə etmir. Ancaq bu gün bizim əlimizdə olan əsaslara görə hesab edirəm ki, bu qərar tarixi əhəmiyyət kəsb edən bir qərardır. Bəziləri deyirlər ki, bura kiminsə adı salınıb, kiminsə adı salınmayıbdır. Bəzilərinin adı ora düşüb. Amma mən bu gün, 20 Yanvar faciəsinin səkkizinci ildönümü münasibətilə deyirəm ki, həm o vaxtkı sovet hökumətinin ali rəhbər orqanları, onların rəhbərləri, həm də Azərbaycana o dövrdə rəhbərlik edənlərin hamısı - birincisi də, ikincisi də, üçüncüsü də, dördüncüsü də, beşincisi də, - hamısı o faciənin günahkarlarıdır.

Mən dünən gecə televiziyaya baxırdım. Orada bəzi adamları danışdırırdılar. O vaxtkı rəhbərlərdən biri deyir ki, "biz gecə saat 11-də dağılıb evimizə getdik. Biz bilmirdik ki, Bakıya qoşun girəcəkdir. Bunu ancaq Vəzirov bilirmiş, bir də Mütəllibov bilirmiş". Yalan danışırlar! O qoşunlar bir gündə paraşütlə bir dəqiqənin içərisində bura düşməlidir ki! Qoşunlar bura 10-15 günün içərisində ardıcıl surətdə gətirilib Bakının ətrafına doldurulmuşdu. Gecə ya saat 12-də, ya da 1-də birdən-birə Bakı şəhərinin müxtəlif istiqamətlərindən qoşunlar Bakının mərkəzinə hücum etdilər. Məgər onları gətirib bura paraşütləmi salmışdılar? Hamısı yalandır! Heç olmasa onların vicdanı olsun, heç olmasa bu günlər doğrusunu desinlər. Nə cür oldu ki, onlar gedib gecə saat 11-də rahat yatdılar, səhər ayılıb gördülər ki, faciə baş veribdir? Gecə səhərə qədər Bakı şəhəri qana qərq olmuşdu. Onlar hamısı günahkardır.

Mən dünən hiddətə gəlmişəm. İnsanda nə qədər həyasızlıq olar ki, çıxıb televiziya ilə desin ki, "mən bunu bilməmişəm, mən onu bilməmişəm. Bunu bir Vəzirov bilib, bir Mütəllibov bilib, bir də Elmira Qafarova bilib". Bəli, onlar biliblər, onlar günahkardırlar. Amma o birisilər də bilirdilər. Nə cür oldu ki, bunu adi insanlar bildilər, gecə bütün insanlar dəhşətə gəldi, adamlar gecə bir-birinə telefonla zəng ediblər ki, oradan tank keçdi, buradan top keçdi, oradan atəşə tutdular, buradan atəşə tutdular və s., amma bunlar rahat yatıblar.

Gecə mən yatdığım vaxt bir yerdə güllə atılanda oyanıram. Bir güllə səsinə oyanıram. Bəs o tanklar, toplar, avtomatlar, pulemyotlar bütün bu şəhərin binalarını atəşə tutanda bunların qulaqları nə qədər kar idi. Gözləri kor idi ki, elə yatmışdılar ki, ayıla bilmirdilər! Onların hamısı günahkardırlar. Onlar bilməlidirlər ki, bu gün onların hüquqi məsuliyyəti əgər sübüt olunmayıbsa, mənəvi məsuliyyətləri göz qabağındadır. Mən bununla nəyi demək istəyirəm? Bizim xalqımızın qəhrəmanlarını, canını qurban verən insanları görürsünüz. Biz bunlarla fəxr etməliyik. Azərbaycan xalqının qəhrəmanlığını, cəsurluğunu nümayiş etdirənlər bu insanlardır, bu şəhidlərdir. Amma o böyük-böyük vəzifələri tutub, belə gərgin dövrdə gedib evində yatanlar və xalqın aqibətinə biganə qalanlar indi də burada rahat gəzənlərdir. Onlar xalqa xəyanət etmiş adamlardır. Onların hər biri böyük cinayət edibdir.

Ancaq indi bizim məqsədimiz qisaskarlıqdan ibarət deyil. Şübhəsiz ki, hərə öz cəzasını almalıdır. Mən bir də qeyd edirəm ki, xalqın o nifrətindən doğan cəza onlara bütün cəzalardan da bəlkə ağır cəzadır. Bu, daim olacaqdır. Bizim isə məqsədimiz odur ki, dünyaya daim göstərməliyik ki, bu, Azərbaycan xalqına qarşı XX əsrdə onun 70 il itaət etdiyi dövlət tərəfindən edilmiş cinayət və o dövlətin aparıcı qüvvələri tərəfindən, aparıcı şəxsləri tərəfindən edilmiş cinayətdir.

Şəhidlər öz qəhrəmanlıqları, şəhidlikləri ilə xalqımızın mənəviyyatını yüksəklərə qaldırmışlar. Bizim insanlar buraya gələrkən, biz də hər dəfə bu məzarları, bu qəbirləri ziyarət edərkən onlara Allahdan rəhmət diləyirik. Amma eyni zamanda onların hər birinin qarşısında şəxsən mən baş əyirəm. Çünki onlar öz şəhidliyi ilə bizim xalqımızı yüksəltdilər. Bəli, onlar bizim müstəqilliyimizə yol açdılar. Onlar sübut etdilər ki, xalqımızı müstəqillik yolundan çəkindirmək olmaz və biz bu müstəqilliyi də əldə etdik. Biz bu müstəqil dövlətdə yaşayırıq, yaşayacağıq və o şəhidlərin bugünkü müstəqilliyimizin əldə edilməsində xüsusi xidmətləri vardır. Onlar bizim bu müstəqilliyimizin təməlini qoyan insanlardır. Onlar əmin ola bilərlər ki, onların tökülən qanları heç vaxt unudulmayacaq, onların qəhrəmanlığı heç vaxt unudulmayacaqdır. Onların şəhidliyi Azərbaycan xalqını daha da mətinləşdirib, Azərbaycan xalqının daim müstəqil yolla getməyinə kömək edir və kömək edəcəkdir.

Hörmətli bacılar, qardaşlar! Hörmətli analar! Mən sizə hörmət və ehtiramımı bildirirəm. Bilin ki, siz xalqımız üçün, şəxsən mənim üçün çox əziz insanlarsınız. Siz belə qəhrəman övladlar yetişdirmisiniz, sizin ailənizdə belə qəhrəman insanlar olubdur. Siz bununla fəxr edə bilərsiniz. Bütün bunlar da sizə təskinlik verməlidir, sizə təsəlli verməlidir. Allah sizə səbr versin. Allah xalqımıza səbr versin. Amma bilin ki, bizim bu yolumuz uğurlu yoldur. Bu yolda itkilərimiz olub, şəhidlərimiz olub. Bəlkə bundan sonra da ola bilər. Ancaq biz bu yolla gedirik, gedəcəyik və o şəhidlər də, onların qəhrəmanlıq nümunələri də böyük bir məşəl kimi bizim bu yolumuzu işıqlandırır və işıqlandıracaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!