Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialının açılışında nitqi - 13 oktyabr 1999-cu il


Əziz kursantlar!

Əsgərlər, zabitlər!

Müstəqil Azərbaycan Respublikası Ordusunun əsgərləri!

Mən sizi ürəkdən salamlayıram, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Ordusu üçün dəyərli zabitlər hazırlamaq məqsədi ilə bu gün Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının açılması münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının, dövlət müstəqilliyi əldə edilməsinin 8-ci ili bu günlərdə tamam olacaqdır. Нər bir müstəqil dövlətin öz dövlətçiliyini, torpaqlarını, ərazisini, xalqını qorumaq üçün güclü, qüdrətli ordusu olmalıdır. Biz bu ordunu son illər yaradırıq və apardığımız işlər böyük uğurlarla nəticələnir.

Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman onun ordusu yox idi. Təəssüflər olsun ki, müstəqillik əldə ediləndən dörd il öncə Ermənistanın Azərbaycana hərbi təcavüz etməsinə baxmayaraq, Azərbaycanın о vaxtkı rəhbərləri torpaqlarımızı müdafiə etməkdən ötrü ordu qurmaq, ordu quruculuğu işləri ilə məşğul olmaq üçün vaxt tapmamış, yaxud, sadəcə, bunu istəməmişlər.

Hətta bəziləri bildirirlər ki, Azərbaycanın о vaxtkı başçısı Mütəllibov deyirmiş ki, "bizə ordu lazım deyil, çünki biz Sovetlər İttifaqının bir hissəsiyik, sovet ordusu bizi də müdafiə edəcəkdir". Amma о vaxt açıq-aydın görünürdü ki, 1988-ci ildən Ermənistanın təcavüzü başlayandan sovet ordusu nəinki Azərbaycanın torpaqlarının müdafiəsində xalqımıza kömək etmədi, əksinə, bu torpaqların işğal olunmasında Azərbaycana təcavüz edən Ermənistana kömək göstərdi. Azərbaycanda ordu quruculuğuna son zamanlar başlanıbdır. Biz bu işə təxminən 1993-1994-cü illərdə başlamışıq, qısa bir zamanda torpaqlarımızı müdafiə etməyə qadir olan ordumuzu yaratmışıq. Ancaq bu, böyük bir prosesdir. Нər bir ordu canlı orqanizmdir, hər bir ordu daim inkişafdadır, heç zaman bir yerdə durmur.

Ordunun xüsusiyyəti bundan ibarətdir ki, əgər zabit heyəti uzun müddət xidmət edirsə, ordunun əsas hissəsi olan, hərbi mükəlləfiyyətə çağırılan əsgərlər il yarım, iki il müddətində xidmət edirlər. Ona görə də ordu daim canlı orqanizm kimi fəaliyyət göstərməlidir. Bunun da əsasını təşkil edən ordunun komandir kadrlarıdır, zabitləridir. Əgər peşəkar zabitlər komanda heyəti deyilsə, heç bir ordu güclü ola bilməz. Əsgərlər nə qədər qəhrəman, qüdrətli olsalar da onlara istiqamət verilməlidir. Hərbi peşəkarlıq sənətini mənimsəmiş komandirlər xidmət zamanı əsgərləri öyrətməli, onları düzgün istiqamətə yönəltməlidirlər. Ordu məhz bu cür daim möhkəmlənə bilər.

Buna görə də biz bu gün də, gələcəkdə də Azərbaycanda ordumuz üçün zabit, komandir kadrları yaranması işini əsas vəzifə hesab edirik, bu işlə ciddi məşğul oluruq və bundan sonra da məşğul olacağıq.

Doğrudur, təəssüflər olsun ki, bu sahədə bizim Müdafiə Nazirliyi səhvlər də buraxıbdır. Ancaq bu səhvlər aradan qaldırılır və Azərbaycan Ordusunun dəyərli, peşəkar, yüksək hərbi biliyə malik zabitlərinin hazırlanması üçün indi şərait yaranıbdır. Şübhəsiz ki, bu baxımdan kadrların hazırlanmasının bir neçə təbəqəsi mövcuddur. Bu, hər bir orduda vardır. Amma keçmişdə heç vaxt ordumuz olmadığına görə təcrübəmiz də olmamışdır.

Sizə məlumdur ki, mən hələ 1969-cu ilin sonunda və 1970-ci ilin əvvəllərində Azərbaycanda peşəkar zabit kadrları hazırlanması işi ilə ciddi məşğul olurdum. О vaxt müharibə yox idi. О vaxt heç güman etmək də mümkün deyildi ki, Ermənistan Azərbaycana təcavüz edəcək, Azərbaycan müharibəyə qoşulacaqdır.

Sual oluna bilər, onda nə üçün mən о vaxt başqa işlərlə bərabər, yaxud ondan da çox, sovet ordusunda azərbaycanlılardan ibarət zabit kadrlarının hazırlanması üçün çalışırdım? Amma bu da asan deyildi. Çünki sovet ordusunun komandan, zabit heyəti həmişə ruslardan və ümumiyyətlə, slavyanlardan ibarət olubdur. Başqa millətlərdən, xüsusən müsəlman millətlərindən orduya çağırılanlar ancaq əsgər olublar. Adətən, bu əsgərlərin də bir qismini inşaat batalyonlarına göndərirdilər. Bunun səbəbi, bir tərəfdən ondan ibarət idi ki, о vaxt Sovetlər İttifaqı öz ordusunun özü üçün ən etibarlı komandan heyətinin əlində olmasını istəyirdi. Məhz ona görə də Böyük Vətən müharibəsi zamanı, müharibənin ağır dövründə yaradılmış milli diviziyalar, о cümlədən Azərbaycan Milli Diviziyası müharibə qurtarandan sonra buraxıldı, dağıdıldı. Bu, о vaxtkı sovet imperiyasının siyasəti idi. Mən bu siyasəti görürdüm, başa düşürdüm. İstəyirdim ki, bütün vasitələrdən istifadə edib Azərbaycan gənclərini orduda peşəkar zabit sənətini mənimsəməyə cəlb edim.

Bu, bir də ona görə çətin idi ki, Azərbaycanın özündə - həm keçmiş zamanlardan, həm də sovet hakimiyyəti qurulan dövrdən - gənclər arasında, ümumiyyətlə, xalq arasında hərbçi peşəkar zabit olmaq arzusu, istəyi az olmuşdur. Ona görə də mən işi iki istiqamətdə aparırdım: birincisi, azərbaycanlıların о vaxt Sovet İttifaqında mövcud olan ali hərbi məktəblərdə təhsil almasına imkanlar yaradılmasını təmin etmək, ikincisi də, bunu həyata keçirmək üçün bir hazırlıq dövrü yaratmaqdan ibarət idi.

Bizim azərbaycanlılar ali hərbi məktəblərdə bəzən, çox hallarda müsabiqədən keçmirdilər. Birincisi, ona görə ki, hərbi işə marağı olmadığı üçün bəlkə də o, buna çox cəhd göstərmirdi. İkincisi, ona görə ki, bir çoxları rus dilini bilmədiyinə görə hərbi məktəblərə daxil olmağa çətinlik çəkirdi. Üçüncüsü, bəlkə ona görə ki, sadəcə, bunların qarşısı alınırdı. Bax, bütün bunların hamısını təhlil edəndən sonra mən Azərbaycanda orta hərbi məktəb - indi ona hərbi lisey deyirik -yaranması haqqında qərar qəbul etdim. Mən bu məktəbi yaratdım və ona Azərbaycanın çox dəyərli generallarından biri olan Cəmşid Naxçıvanskinin adını verdim.

Bu, çətin bir proses idi. Həm Azərbaycanın daxilində bunu dərk edə bilmirdilər, həm də Moskva buna yol vermirdi. Ancaq mən bunu Moskvadan icazə almadan özüm, öz iradəmlə, öz qərarımla qəbul etdim. Bakının Zığ qəsəbəsində bir internat-məktəb var idi. О məktəbi köçürtdüm, orada Cəmşid Naxçıvanski adına hərbi məktəbi yerləşdirdim.

Təbiidir ki, oraya ilk kursantların qəbul olunması da adi məsələ deyildi. Həvəskarlar, gəlmək istəyənlər az idi. Sonra gördüm ki, Azərbaycanda yaşayan ruslar, ermənilər və başqa millətlərin nümayəndələri oraya daha çox daxil olmağa çalışırlar, nəinki azərbaycanlılar. Bu, böyük bir proses idi. Mən bu proseslərin hamısından keçdim. Moskvada bunu çox pis qəbul etdilər, üç dəfə komissiya göndərdilər. Mənim qərarımı qanunsuz olaraq ləğv etməyə çalışdılar. Amma mən lazımi tədbirlər gördüm, məktəbin ləğv olunmasına imkan vermədim. Sonra isə - 1982-ci ildən Moskvada, Sovet İttifaqının rəhbərliyində işlədiyim zaman həmin məktəbin nəinki ləğv olunmaması, hətta güclənməsi üçün lazımi tədbirlər gördüm və о vaxtkı Sovetlər İttifaqı Müdafiə Nazirliyinin rəhbərliyinə lazımi təsirlər göstərdim.

Beləliklə, həmin məktəb yarandı. İndi hamıya məlumdur ki, о məktəb bizim bu günümüz üçün yaradılıbdır. Bəli, doğrudan da, bu gün Azərbaycanın Milli Ordusunda olan zabit kadrlarının əksəriyyəti о məktəbin yetirməsidir. Mən çalışırdım ki, azərbaycanlı gənclər üç il о məktəbdə hazırlıq keçəndən sonra həm Bakıdakı ali hərbi məktəbə, həm də SSRİ-nin başqa şəhərlərindəki ali hərbi məktəblərə qəbul olunsunlar. Çünki həmin gənclər artıq üç il hazırlıq keçmişdilər, rus dilini öyrənmişdilər, hərbi peşəyə maraqları var idi, fiziki cəhətdən hazırlıqlı idilər. Həmin hərbi məktəbdə fiziki hazırlıq əsas amillərdən biri idi. Beləliklə də, bu məktəb inkişaf etdi, genişləndi. İndi Azərbaycan onunla fəxr edə bilər. Mən bu gün bir daha deyirəm - bu, mənim böyük iftixarımdır, nailiyyətimdir ki, ölkəmiz bu bəlaya düşdüyü bir dövrdə - Azərbaycana Ermənistanın təcavüzü başlanan zaman döyüşlərdə və sonrakı döyüşlərdə də həmin məktəbi bitirən gənclər iştirak edirdilər. Onların bir çoxu şəhid olubdur. İndi bizim ordumuzda xidmət edən zabitlərin də çoxu həmin məktəbin yetirmələridir.

Mən bu məktəbin daha da güclənməsi üçün lazımi göstərişlər vermişəm. Müdafiə naziri Səfər Əbiyevdən bu gün bir daha tələb edirəm ki, həmin məktəbə diqqət, qayğı daha da artsın. Biz Azərbaycanın milli zabit kadrlarının hazırlanmasına bundan sonra daha ciddi diqqət yetirməliyik. Həmin məktəbin Naxçıvanda filialı gərək çoxdan açılaydı. Təəssüf ki, bu, gec olub. Bu təşəbbüsü Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov mənim qarşımda qaldırıbdır. Ancaq gec qaldırıbdır. Təəssüf edirəm ki, Azərbaycanın Müdafiə Nazirliyinin rəhbərliyi də və nazir Səfər Əbiyev də bu məsələ haqqında vaxtında düşünməyib, lazımi tədbir görməyibdir. Nə üçün? Çünki Azərbaycanın hər yerində zabit kadrları lazımdır, çünki Azərbaycanın demək olar ki, hər yerində bizim ordunun hissələri yerləşibdir. Amma bunların içərisində Naxçıvan xüsusi vəziyyətdədir.

Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas torpağından Ermənistan ərazisi vasitəsilə ayrılır, blokada şəraitində yaşayır. Amma mən bilirəm ki, hərbi peşəyə yiyələnmək, zabit olmaq istəyən gənclər Naxçıvanda həmişə çox olubdur. Naxçıvanın Azərbaycandan aralı düşməsi və bir çox sahələrdə əlaqələrin çox çətin olması, əlbəttə, buradakı gənclərin gedib Bakıdakı Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olması üçün çətinliklər yaradır. Bunu düşünmək, bilmək və vaxtında təşkil etmək lazım idi. Ona görə də mən hesab edirəm ki, bu məsələ gecikibdir. Ancaq mən qeyd edirəm ki, Vasif Talıbov bu təşəbbüsü qaldırdı və mən əmr verdim, bu filial yarandı.

Mən çox sevinirəm ki, qısa bir müddətdə belə bir gözəl bina hazırlanıb və hərbi liseyin filialına verilibdir. Mən buna çox sevinirəm. Çünki mən bilirəm ki, Naxçıvan ağır vəziyyətdə yaşayır. Bilirəm ki, burada tikinti materialı yoxdur, başqa şeylər çatışmır.

Sizə deyə bilərəm ki, 1971-ci ildə Bakıdakı həmin internat-məktəbin binasını Cəmşid Naxçıvanski adına Orta Hərbi Məktəbə verəndə mən hər il oraya gedirdim və hər dəfə də müxtəlif göstərişlər verirdim ki, yeni binalar tikilsin, bu iş genişləndirilsin. Mənim bu ciddi göstərişlərim və ona xüsusi nəzarətim sayəsində bütün bunlar yerinə yetirilirdi. Şübhəsiz ki, bunlar qısa zamanda yox, bir neçə ilə başa gəlirdi. Həmin məktəbin bütün tələbələrə uyğun səviyyəyə gəlib çatması üçün bir neçə il lazım oldu. Bunlar isə yalnız mənim oraya daimi diqqətimin nəticəsində mümkün oldu.

Ancaq muxtar respublikanın yerli hakimiyyəti qısa zamanda Naxçıvanda belə bir bina hazırlayıbdır. Bu, çox tərifəlayiq bir hadisədir. Mən bunu yüksək qiymətləndirirəm. Hərbi liseyin burada filialının yaradılması zərurəti bir də ondan irəli gəlir ki, tarixən naxçıvanlı gənclər zabitlik peşəsinə yiyələnməyə meylli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Elə XIX-XX əsrlərin tarixini götürsək, Naxçıvan xanları Kəngərlilər sülaləsindən çar Rusiyasının ordusunda 6 general var idi. Onlardan sonuncusu Cəmşid xan Naxçıvanski idi.

Əgər sonrakı dövrü, sovet hakimiyyəti dövrünü götürsək, Naxçıvandan yüksək rütbəli çox dəyərli zabitlər çıxıbdır. General Akim Abbasov, yüksək rütbəli bir çox zabitlər, Sovet İttifaqı qəhrəmanları Abbas Quliyev, Qəzənfər Əkbərov və başqaları. Demək, Naxçıvanda, bu xırda torpaqda tarixən hərbə, hərbi peşəyə çox yüksək həvəs olubdur. Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün hərbi liseyin filialının yaradılması çox zəruri idi. Mən bunu çox yüksək qiymətləndirirəm.

Burada təhsil başlayan gənclərimizə, bütün Azərbaycan gənclərinə üzümü tutub deyirəm ki, cəmiyyətdə hər bir peşə lazımlıdır, hörmətlidir, cəmiyyət üçün faydalıdır. Ancaq vətəni qorumaq peşəsi bu peşələrin hamısından yüksəkdir.

Özünü bu peşəyə həsr edən hər bir Azərbaycan gənci bütün gənclərdən yüksəkdə durur, bütün gənclərdən qiymətlidir. Çünki müstəqil dövlətimiz, müstəqil Azərbaycan yaşamalıdır, inkişaf etməlidir. Onun çox güclü ordusu bu gün də, gələcəkdə də olmalıdır. Olmalıdır ki, torpaqlarımız bundan sonra heç bir tərəfdən işğal edilməsin. Olmalıdır ki, torpaqlarımızın hər bir qarışı qoruna bilsin. Olmalıdır ki, dünyada məşhur olan və dünya tarixində böyük yer tutmuş sərkərdələr kimi, müstəqil Azərbaycanın özünün də hərbi sərkərdələri olsun. Biz bunu gözləyirik. Tam inanıram ki, Azərbaycan gəncləri içərisindən yaxın gələcəkdə belə sərkərdələr çıxacaqdır. Onlar nəinki Azərbaycanda, bütün dünyada tanınan sərkərdələr olacaqdır. Ona görə də mən özünü bu peşəyə həsr edənləri yüksək qiymətləndirirəm, onlara öz hörmət, ehtiramımı bildirirəm.

Ümidvaram ki, Naxçıvan fılialı qısa müddətdə genişlənəcəkdir. Buraya 100 yox, 200, bəlkə də ondan daha artıq gənc qəbul edib hazırlamaq mümkündür ki, bizim zabit kadrlarımız daha çox olsun.

Mən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialına uğurlar arzulayıram. Buradakı müəllim, zabit heyətinə müvəffəqiyyətlər arzu edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, onlar öz biliklərinin artması üzərində daim çalışacaqlar, hərb elminin bütün biliklərini filialın müdavimlərinə, kursantlarına çatdıracaqlar, burada yaxşı kadrlar hazırlanacaqdır.

Əmin olduğumu bildirmək istəyirəm ki, Naxçıvan filialının məzunlarının 100 faiz hamısı Azərbaycanın ali hərbi məktəblərinə qəbul olunacaqdır. Bunun üçün yaxşı oxumaq, çalışmaq lazımdır.

Mən bu hisslərlə sizin hamınıza bir daha cansağlığı, səadət, yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

Tarixi arayış

ORDU QURUCULUĞU