Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Ercan Murat və bu təşkilatın ölkəmizdəki nümayəndələrini qəbul edərkən söhbətindən - Prezident sarayı, 30 may 2001-ci il


Heydər Əliyev: Hörmətli Ercan Murat!

Hörmətli dostlar!

Mən belə başa düşürəm ki, bugünkü görüş hörmətli Ercan Muratın Azərbaycandan getməsi ilə əlaqədardır. Bu diplomatik işin, təbiidir, özünün müəyyən qaydaları vardır. Qoymurlar ki, insan bir yerdə çox işləsin, dəyişdirirlər. Yəqin ki, sizi də buna görə dəyişdiriblər. Ancaq belədir ki, biz ölkəmizdə işləyən adamlara öyrəşirik və onların Azərbaycandan getməsinə o qədər də razı olmuruq.

Siz burada işlədiyiniz dövrdə Azərbaycanın müxtəlif təşkilatları ilə səmərəli əməkdaşlıq etmisiniz. Ona görə də mən sizə təşəkkür edirəm. Güman edirəm ki, gələcək işinizdə bundan da yaxşı işləyəcəksiniz. Buyurun, mən sizi dinləyirəm.

Ercan Murat: Cənab prezident, icazə verin, vaxt tapıb bizi qəbul etdiyinizə görə öz adımdan, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı ixtisaslaşmış qurumlarına rəhbərlik edən və bu görüşün iştirakçısı olan həmkarlarım adından Sizə təşəkkürümü bildirim.

Siz Birləşmiş Millətlər Təşkilatının müxtəlif strukturlarının Azərbaycanda fəaliyyətinə daim dəstək vermisiniz. Ona görə bugünkü görüşü də biz müstəsna hal kimi qəbul etmirik.

Qərara aldıq ki, Sizinlə bugünkü görüşümüzdə, son dörd ildə - həmkarlarımla birlikdə burada fəaliyyət göstərdiyim müddətdə həyata keçirdiyimiz tədbirlər, gördüyümüz işlər barədə Sizə qısaca məlumat verək. Ondan sonra gələcək planlarımızı sizinlə bölüşək. Sizin tövsiyələrinizi və məsləhətlərinizi dinləyək.

Heydər Əliyev: Ancaq qısaca.

Ercan Murat: Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda diqqət yönəltdiyi əsas sahə Sizin hökumətinizin ölkənizdəki qaçqınların və məcburi köçkünlərin həyatının yaxşılaşdırılmasına yönəldilmiş səylərinə dəstək vermək olmuşdur. Biz bu sahədə əməkdaşlığımızın nəticələrindən çox məmnunuq. Xüsusilə biz bəzi məcburi köçkünlərin öz yurd-yuvalarına dönməsindən, məsələn, Horadiz qəsəbəsində öz əvvəlki yaşayış yerlərində məskunlaşaraq yeni həyata başlamalarından çox məmnunuq.

Bu baxımdan biz Abid Şərifovun idarəsi ilə çox müvəffəqiyyətlə əməkdaşlıq etmişik və bu işimiz davam edir. Eyni zamanda sizin hökumətinizlə, dövlət strukturları ilə iqtisadi və sosial sahələrdə də bir sıra layihələr həyata keçirmişik. O cümlədən dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iş yerlərinin açılması, uşaqların problemlərinin həll olunması sahələrində uğurlu əməkdaşlıq etmişik. Biz bu fəaliyyətimizi həyata keçirərkən, BMT-nin Azərbaycandakı altı təşkilatı kimi yox, vahid bir mərkəzdən əlaqələndirilmiş halda işləmişik. Hesab edirik ki, bu səmərəli olubdur. O mənada ki, Sizin hökumətiniz bizim fəaliyyətimizi daim dəstəkləyibdir, bizim ixtisaslaşmış ayrı-ayrı təşkilatlarımızı vahid mərkəz kimi qəbul edibdir. Biz də sizin hökumətinizlə bu sahədə uğurlu əməkdaşlıq etmişik.

Gələcək planlarımız barədə də fikirlərimi Sizinlə bölüşmək istəyirəm. Biz çox məmnunuq ki, Sizin hökumətiniz olduqca mühüm qərar qəbul edərək, Azərbaycanı bu gün dünyada mövcud olan informasiya-texnologiya səviyyəsinə qaldırıbdır. Bu baxımdan biz xüsusilə cənab Ramiz Mehdiyevlə çox yaxından əməkdaşlıq edirik ki, Sizin hökumətinizdə informasiya-texnologiya siyasətini tam yüksək səviyyəyə qaldıraq.

Biz həmçinin Sizin təşəbbüs göstərərək Neft Fondu yaratmağınızı və bu fondda toplanan vəsaitlərin xalq üçün istifadə olunması sahəsindəki səylərinizi tam dəstəkləyirik. Həm də mənim həmkarlarım bu işdə Sizə hər cür dəstək verməyə hazırdırlar.

Cənab prezident, sonda onu bildirmək istəyirəm ki, masanın bu tərəfində əyləşən həmkarlarımla biz ölkəniz sülh əldə etdiyi zaman bir komanda halında ona yardım göstərməyə hazır olmağımız haqda yekdil fikrə gəlmişik.

Biz münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün Sizin ardıcıl olaraq göstərdiyiniz səyləri çox heyranlıqla izləyirik və bildirirəm ki, Azərbaycan münaqişəni həll etdikdə, problem sülh yolu ilə aradan qaldırıldıqda, biz Azərbaycana yardım, hər cür kömək göstərməyə hazırıq.

Nəhayət, bir neçə kəlmə də şəxsi düşüncələrimi, müşahidələrimi Sizinlə bölüşmək istəyirəm. Cənab prezident, mən burada demək olar ki, dörd il çalışdım.

Bu müddətdə Azərbaycanı, Bakını, azərbaycanlıları çox sevdim. Mən burada çalışmağımdan çox böyük məmnunluq duydum. Özümü öz ölkəmdə olduğum kimi hiss etdim, öz dilimdə danışdım. Bütün bunlara görə Sizə və Sizin vasitənizlə bütün Azərbaycan xalqına dərin təşəkkürümü və minnətdarlığımı çatdırmaq istəyirəm.

Möhtərəm prezident, əgər Sizin mənə və mənim həmkarlarıma hər hansı sualınız olarsa, cavab verməyə hazırıq.

Heydər Əliyev: Təşəkkür edirəm. Sualım yoxdur. Çünki sual vermək asandır, amma işləmək lazımdır.

Burada dörd il müddətində səmərəli fəaliyyət göstərdiyinizə görə sizə bir daha təşəkkür edirəm. Gələcək işlərinizdə sizə uğurlar arzulayıram.

Siz Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həll olunmasını dəstəkləyirsiniz. Sülh əldə ediləndən sonra siz Azərbaycana lazımi yardımlar edəcəksiniz.

Ona görə təşəkkür edirəm.

Ancaq öncə məsələni sülh yolu ilə həll etmək lazımdır.

Təəssüflər olsun ki, nə qədər acı da olsa, deməliyəm ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu məsələnin həll olunmasında çox passivlik göstəribdir. Biz dəfələrlə demişik ki, 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair dörd qətnaməsi olubdur. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü tanınıb və Ermənistanın silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxması tələb olunubdur.

Mən Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin iclasında mərkəzi kürsüdən bir neçə dəfə çıxış edib bu məsələləri yada salmışam və Azərbaycanın bu barədə həm narazılığı, həm də arzularını, istəklərini, tələblərini bildirmişəm. Ancaq təəssüflər olsun ki, bunların heç biri hələ nəticə verməyibdir. Doğrudur, Birləşmiş Millətlər Təşkilatı onunla kifayətlənir ki, indi bu məsələ ilə ATƏT, onun Minsk qrupu və bu qrupa rəhbərlik edən dünyanın üç böyük dövləti məşğul olurlar. Amma bu, Birləşmiş Millətlər Təşkilatının və onun Təhlükəsizlik Şurasının üzərində olan məsuliyyəti heç də götürmür.

Bu günlərdə mən Azərbaycanın milli bayramə - Respublika günü münasibətilə Birləşmiş Millətlər Təşkilatının baş katibi Kofi Annandan təbrik məktubu almışam. Bu təbrik məktubunda da cənab Kofi Annan bəyan edir ki, məsələnin sülh yolu ilə həll olunmasını istəyir və münaqişə sülh yolu ilə həll edildikdən sonra Birləşmiş Millətlər Təşkilatının torpaqlarımızda bərpa işlərinə yardım edəcəyini bəyan edir. Bu arzulara görə təşəkkür edirəm. Ancaq əsas məsələ həll olunmalıdır. Əgər əsas məsələ həll olunmasa, münaqişə aradan qaldırılmasa, Azərbaycanın işğal edilmiş torpaqları azad olunmasa, verilən sözlər havadan asılı qalacaqdır.

Mən bilirəm ki, siz bu işlərə bilavasitə cavabdeh deyilsiniz. Amma siz Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda nümayəndələrisiniz. Ona görə də mən bunları sizə bilavasitə deyərək, eyni zamanda ümid edirəm ki, siz bizim bu narazılığımızı və tələblərimizi Birləşmiş Millətlər Təşkilatının rəhbərliyinə və Təhlükəsizlik Şurasına çatdıracaqsınız.

Biz real hərəkətlər və nəticələr gözləyirik. Amma indi bizə verilən vədlərin hamısı bundan sonrakı işlərə aiddir. Mən yenə də bildirirəm ki, biz məsələnin sülh yolu ilə həll olunmasına çalışacağıq. Amma nə qədər çətinliklər olduğunu siz görürsünüz. Qaçqın kimi çadırlarda yaşayan insanların vəziyyətini, yəqin ki, siz hamıdan çox görürsünüz. Dünyanın heç bir ölkəsində bu qədər qaçqın yoxdur. Dünyanın heç bir ölkəsində yerini-yurdunu itirmiş insanlar bu qədər ağır vəziyyətdə yaşamırlar. Amma beynəlxalq təşkilatların bu məsələlərə biganə yanaşması, təbiidir ki, bizi təəccübləndirir və incidir.

Mən görülən işlər üçün sizə bir daha təşəkkür edirəm. Siz başqa yerə işə gedirsiniz. Amma burada iştirak edən sizin həmkarlarınız Azərbaycandadırlar. Arzu edirəm ki, onlar mənim bu sözlərimi də daim nəzərə alsınlar.

Ercan Murat: Cənab prezident, çox sağ olun. Bizə verdiyiniz məsləhətləri açıq-aydın eşitdik. Əmin ola bilərsiniz ki, mən Sizin ölkənizi tərk etməmişdən öncə Sizin bu fikirlərinizi Birləşmiş Millətlər Təşkilatının baş katibinə də yetirəcəyəm. Bizi qəbul etmək üçün vaxt ayırdığınıza və verdiyiniz dəstəyə görə Sizə "çox sağ olun!" deyirəm. Mən həm Sizə, həm də Azərbaycana gələcəkdə daha böyük uğurlar arzulayıram. Sağ olun.

Heydər Əliyev: Sağ olun.