Kəşmir münaqişəsi


Pakistan və Hindistan arasında Kəşmir regionuna nəzarət üstündə yaranan münaqişə. 1947, 1965, 1971, 1999-cu illərdə iki ölkə arasında bu ərazini tutmaq uğrunda silahlı toqquşmalar baş verib. Pakistan, əhalisinin əksəriyyəti müsəlman olan Kəşmirdə referendum keçirilməsini, onun ya öz tərkibinə qatılmasını, ya da statusunun müstəqil müəyyənləşdirilməsini tələb edir. Hindistan isə Kəşmir parlamentinin 1947-ci ildə Hindistana birləşmək qərarını əsas gətirərək vilayətin işğal etdiyi hissəsindən çıxmaqdan imtina edir. Hal-hazırda Pakistanın şimal-şərq, Hindistanın şimal ərazilərini əhatə edən Kəşmirin cənub hissəsi Hindistanın, şimal və qərbindəki Azad Kəşmir adlanan hissəsi isə Pakistan ordusunun nəzarəti altındadır. Qoşunları Nəzarət Xətti adlandırılan müvəqqəti sərhəd ayırır. BMT-nin də tərəfdar olduğu referendum keçirilməsi hələ də baş tutmayıb.