Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransa Respublikasının milli bayramı münasibətilə Fransanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqi - "Gülüstan" sarayı, 14 iyul 1996-cı il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Fransa Respublikasının milli bayramı - Bastiliya günü, Fransa inqilabının 207-ci ildönümü münasibətilə sizi ürəkdən təbrik edir, Fransa xalqına xoşbəxtlik və səadət arzulayıram.

Fransa inqilabı təkcə fransız xalqının həyatında yox, dünyanın bir çox xalqlarının həyatında böyük dəyişikliklərin başlanğıcı olmuşdur. Fransanın mütəfəkkir insanları, böyük şəxsiyyətləri Jan Jak Russo, Monteskye, Didro və digər dahi insanların yaratdıqları demokratiya prinsipləri, hakimiyyətin demokratiya əsasında bölgü prinsipləri həm Fransada, həm də demokratiyanı qəbul etmiş digər ölkələrdə yayılmış, özünə hüquq qazanmışdır.

Fransız xalqının bəşər sivilizasiyasına verdiyi töhfələr əvəzsizdir. Mədəniyyəti, elmi sevən hər bir insan bunu qiymətləndirir, o cümlədən Azərbaycan xalqı da çox yüksək qiymətləndirir. Fransa inqilabından sonra Fransa Respublikasının yaşadığı dövrdə demokratiyanın inkişafında və dünyada demokratiyanın yayılmasında da fransız xalqının əvəzsiz xidmətləri var.

Fransa dünyanın böyük dövlətlərindən biridir, iqtisadi cəhətdən, mədəni səviyyəsi, demokratiya cəhətdən dünyada özünə layiq görkəmli yer tutmuşdur. Fransa Respublikasının, fransız xalqının dövlət quruculuğu sahəsində, demokratik prinsiplərin yaranması və inkişaf etməsi, cəmiyyətin demokratik prinsiplər əsasında formalaşması sahəsində əldə etdiyi nailiyyətlər və təcrübə dünyanın başqa ölkələri üçün çox faydalı örnək olmuşdur.

Ona görə də biz Fransa Respublikasının, Fransa inqilabının ildönümünü Azərbaycanda böyük məmnuniyyətlə qeyd edirik. Bu bayram günü mən Azərbaycan xalqının Fransa Respublikasına, fransız xalqına olan hörmət və ehtiramını bir daha bəyan edirəm. Məmnuniyyət hissi ilə qeyd edirəm ki, Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında çox sıx dostluq və əməkdaşlıq əlaqələri yaranmışdır. 1993-cü ilin dekabrında Azərbaycanın prezidenti kimi mənim Fransaya ilk səfərim zamanı Fransa ilə Azərbaycan arasında dostluq və əməkdaşlığa dair sənədlər imzalanmış və bundan sonra əlaqələrimiz daha da genişlənmiş, inkişaf etmişdir.

Son zamanlar bizim əməkdaşlığımızda çox diqqətəlayiq, müsbət hadisələr baş verir. Fransanın bir çox şirkətləri Azərbaycana böyük maraq göstərirlər və respublikamızla əməkdaşlığa başlayıblar. Bildiyiniz kimi, Fransanın ən böyük şirkətlərindən olan "Elf akiten" şirkəti Azərbaycanda neft-qaz hasilatı sahəsində bizimlə əməkdaşlığa başlayıb və bu il iyunun 4-də "Şahdəniz" yatağının istifadəsi ilə əlaqədar imzalanmış müqavilənin iştirakçısıdır. Azərbaycan iqtisadiyyatının digər sahələrində də Fransa şirkətləri ilə əməkdaşlıq başlanmışdır və əminəm ki, bu əməkdaşlıq gündən-günə genişlənəcək və inkişaf edəcəkdir. Biz Azərbaycan tərəfi bu əməkdaşlığı istəyirik və Fransa ilə bütün sahələrdə - həm iqtisadiyyat, həm də elm, mədəniyyət sahəsində əməkdaşlıq etməyə maraq göstəririk.

Fransa Respublikası ATƏT-in Minsk qrupunun üzvüdür. Biz Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün Minsk qrupunda Fransa Respublikası ilə əməkdaşlıq edirik. Bu məsələlərlə əlaqədar iyun ayında Fransa Respublikasının Prezidenti cənab Jak Şirak ilə telefon danışığımda geniş fikir mübadiləsi apardım və indiki mərhələdə Fransa Prezidentinin bu məsələyə böyük marağını hiss etdim. Danışıqlarımız nəticəsində belə razılığa gəldik ki, Fransanın xarici işlər naziri bu yaxın vaxtlarda, payızda Azərbaycana rəsmi səfərə gələcəkdir və biz bu məsələləri daha geniş müzakirə edəcəyik. Beləliklə də Fransa Ermənistan - Azərbaycan münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə aradan qaldırılmasında daha fəal iştirak etmək əzmindədir.

Prezident Jak Şirak məni Fransaya dəvət edibdir, telefon danışığı zamanı bu dəvəti bir daha bəyan etdi. Mən bu dəvəti məmnuniyyətlə qəbul etmişəm, eyni zamanda telefon danışığımızda Prezident cənab Jak Şirakı Azərbaycana rəsmi səfərə dəvət etmişəm. Beləliklə, ölkələrimiz arasında və şəxsən Fransa prezidenti ilə mənim aramda çox six əlaqələr yaranıbdır.

Qeyd etmək istəyirəm ki, bu əlaqələrin yaranmasında Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Jan Perrənin xüsusi rolu var. Bu gün bəyan etdiyi kimi, onun Azərbaycanda fəaliyyətini başa çatdırıb Fransaya qayıtması münasibətilə mən fürsətdən istifadə edib cənab Jan Perrənə çox dəyərli fəaliyyətinə görə Azərbaycan dövləti adından, öz adımdan təşəkkürümü bildirirəm.

Səhv etmirəmsə, dörd ildir cənab Jan Perrən Azərbaycanda Fransanın səfiridir. Fransa Respublikasının ölkəmizdə ilk səfiri, bizim əlaqələrimizin yaranmasının əvvəlindən böyük fəaliyyət göstərmiş bir şəxsdir. Son zamanlar isə Azərbaycanda diplomatik korpusun duayenidir və mən bu sahədə də onun fəaliyyətini müsbət qiymətləndirirəm. Bunların hamısı birlikdə cənab Jan Perrəni Azərbaycanın dostu edibdir və o, bu dostluq hisslərini bu gün burada izah etdi.

Cənab səfir, Azərbaycan haqqında, paytaxtımız Bakı haqqında, Azərbaycanın insanları haqqında dediyiniz xoş sözlərə görə təşəkkür edir və ümidvar olduğumu bildirmək istəyirəm ki, bu hissləriniz, fikirləriniz sizin imkanlarınız çərçivəsində Fransada yayılacaq və gələcəkdə də Fransa - Azərbaycan dostluğunun möhkəmlənməsi və inkişaf etməsi uçün səylərinizi əsirgəməyəcəksiniz.

Bastiliya günü, Fransada Respublika günü, Fransanın milli bayramı münasibətilə sizi bir daha təbrik edir, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Əmin olduğumu bildirmək istəyirəm ki, Fransa - Azərbaycan dostluğu gündən-günə möhkəmlənəcək, genişlənəcək və əbədi olacaqdır. Sağ olun.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa