Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ Konqresində görüşlərbaşa çatdıqdan sonra jurnalistlərin suallarına cavabları - Vaşinqton, Kapitoli, 30 iyul 1997-ci il


Sual: Cənab prezident, danışıqlarınız barədə qısaca nə deyə bilərsiniz və 907-ci düzəliş ilə bağlı Konqres üzvlərinin fikri necədir?

Cavab:  Hesab edirəm, indiyə qədər apardığım danışıqlar çox uğurludur və güman edirəm ki, qarşıdakı danışıqlar da uğurlu olacaqdır. Mən bütün görüşlərimdən və danışıqlarımdan çox razıyam. Burada hər bir görüşdə bizi çox mehribancasına qəbul edirlər, çox açıq və səmimi söhbətlər aparırıq. Amerika-Azərbaycan əlaqələrinin inkişaf etməsi üçün yaxşı, yeni imkanlar yaranır.

Azərbaycana aid olan məsələlərin hamısını bu gün parlamentdə müzakirə etdik. Birinci növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, Amerikanın Azərbaycana yardım göstərməsinə embarqo qoyan 907-ci düzəlişin ləğv olunması haqqında müzakirələr apardıq. Həm Nümayəndələr Palatasında, həm də Senatda keçirdiyim görüşlər onu göstərir ki, indi bu maddənin ləğv edilməsi artıq qəbul olunur, yəni bu fikir daha da üstünlük qazanır. Ümid edirəm ki, 907-ci düzəlişin ləğvi üçün ciddi addımlar atılacaqdır. 907-ci düzəlişin ləğv olunması haqqında konqresmen cənab Kinqin verdiyi qərar layihəsi artıq dəstəklənir. Konqresin Nümayəndələr Palatasının spikeri cənab Qinqriç də 907-ci düzəlişin ləğv edilməsi fikrini dəstəklədi. Senator cənab Börd ilə çox əhəmiyyətli, məzmunlu danışıqlarım oldu. Azərbaycanın yaxın dostu senator cənab Braunbək ilə də çox səmərəli danışıqlar apardıq.

Sem Braunbək: Biz indi senatorların yeni bir qrupu ilə görüşə tələsirik. Azərbaycan Respublikasının Prezidenti Əliyevin burada olmasından çox məmnunuq. Amerika Birləşmiş Ştatlarının Konqresində bütün regiona - Qafqaza, Mərkəzi Asiyaya çox böyük maraq artmaqdadır. Birinci məsələ regionda sülhün bərqərar olmasıdır. Bu baxımdan hamımız əlimizdən gələn səyləri göstərməliyik. İkinci məsələ Azərbaycanın, Gürcüstanın, habelə Qazaxıstan, Özbəkistan, Qırğızıstan -Mərkəzi Asıya ölkələrinin hamısının, həmçinin Ermənistanın birlikdə işləyərək regional əməkdaşlığı inkişaf etdirmələridir, beləliklə də bir-birinə yardımçı olaraq öz dövlətlərinin müstəqilliyini qoruyub saxlamalarıdır ki, bu da çox böyük əhəmiyyət kəsb edir. Gərək hamımız səy göstərək ki, bu dövlətlər birlikdə inkişaf etsin və tərəqqiyə çatsınlar.