Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gəncə şəhəri İcra Hakimiyyətində keçirilən müşavirədə çıxışı- 12 sentyabr 2002-ci il


Hörmətli xanımlar və cənablar!

Mən sizi səmimi-qəlbdən salamlayıram və yenidən Gəncə şəhəri ilə, Gəncənin əhalisi, insanları, vətəndaşları ilə – sizinlə bu görüşlərimdən çox məmnun olduğumu bildirmək istəyirəm.

Mən bu gün saat 12-də təyyarə ilə Gəncə torpağına enmişəm, o vaxtdan indiyə qədər görüşlər keçiririk. Olimpiya İdman Kompleksinin açılışında birlikdə iştirak etdik. Sonra isə mən burada yerləşən hərbi hissədə iki saat oldum, hərbçilərlə görüşdüm.

Demək olar ki, bu görüşlər elə yetərli idi. Ancaq mən hesab etdim ki, sizinlə, yəni Gəncənin hakimiyyət orqanlarının başçıları, nümayəndələri, Gəncənin ziyalıları ilə, müxtəlif dövlət işlərində çalışan insanlarla bilavasitə görüşməsəm, bu, yetərli olmayacaqdır. Ona görə də üzr istəyirəm ki, axşam saat doqquzdur, bu vaxt mən sizinlə görüş keçirirəm. Bilirəm, yəqin bugünkü gün siz də yorulmusunuz. Amma mən yorulmamışam, kim yorulubsa, qoy mənimlə ayaqlaşsın. Mən istəyirəm ki, bizim bu görüşümüz işgüzar şəraitdə keçsin. Biz idman kompleksinin açılışında geniş söhbət etdik, bir sözlə, mən öz fikirlərimi bildirdim. Ancaq indi isə Gəncənin bugünkü həyatının vəziyyəti, görülən işlər, tədbirlər, sizin problemləriniz – bunlar haqqında danışmaq istəyirəm.

Xatirimdədir ki, 2000-ci ildə mən burada, bu salonda sizinlə görüşmüşdüm. O vaxt gəncəlilər mənim qarşımda bir çox məsələlər qoymuşdular. Mən də bir çox göstərişlər vermişdim. Bizim nazirlər məlumat veriblər ki, göstərişlərimin böyük hissəsi yerinə yetirilib və Gəncədə bir çox tədbirlər həyata keçirilibdir. Buna görə də mən istəyirəm ki, birinci növbədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısını dinləyim, o, məlumat versin. Ondan sonra İqtisadi İnkişaf naziri Fərhad Əliyev, «Azərenerji» Səhmdar Cəmiyyətinin prezidenti Pirverdiyev, «Azəriqaz» Səhmdar Cəmiyyətinin sədri Məlikov və lazım olsa, başqaları da danışa bilərlər. Ancaq bu sahələr barədə mən bir neçə göstərişlər vermişdim. Düşünürəm ki, onlar həmin göstərişlərin yerinə yetirilməsi haqqında məlumat verməlidirlər. Amma eyni zamanda, indiki vəziyyət, bundan sonra hansı işlər görüləcəkdir – bu barədə məlumat verməlidirlər.

Yekun nitqi

Mən bu gün görüşümüzün əvvəlində sizə bildirdim ki, bunu nə məqsədlə keçirirəm. Bir daha qeyd etmək istəyirəm ki, məqsədim Gəncənin problemləri ilə yaxından tanış olmaq və Gəncənin sosial-iqtisadi həyatında lazım olan əlavə tədbirlərin görülməsi üçün məlumat almaqdır. Mən hesab edirəm ki, burada biz çox geniş söhbət apardıq. Sizə də artıq məlum oldu ki, 2002-ci ildən sonra, yəni mən o vaxt Gəncədə olub konkret göstərişlər verdiyim vaxtdan sonra nə işlər görülüb və nə nəticələr əldə olunubdur. Hesab edirəm ki, çox iş görülübdür. Düzü, bu qədər təsəvvür etmirdim. Məndə fikir var idi ki, o qədər də çox iş görülməyəcəkdir. Etiraf etmək lazımdır ki, həm elektrik, qaz təchizatı ilə əlaqədar, həm də ki, Gəncədə müəssisələrin canlandırılması, işə salınması, əlavə iş yerlərinin açılması ilə əlaqədar çox iş görülübdür. Bu haqda geniş məlumatlar verildi və mən təkrar etmək istəmirəm. Hər halda, görülən işləri mən müsbət qiymətləndirirəm, ancaq eyni zamanda, hesab edirəm ki, daha da çox iş görmək mümkün olardı. Əgər birinci növbədə Gəncənin icra hakimiyyəti və onun başçısı daha da təşəbbüskar olsaydı, müvafiq respublika təşkilatları qarşısında məsələləri ciddi qoysaydı daha çox nailiyyətlər əldə etmək olardı. Təəssüf ki, bu olmayıbdır.

Ancaq bugünkü məlumatlar mənə əsas verir deyim ki, yaxın vaxtlarda Gəncənin həyatında xeyli dəyişikliklər olacaqdır. İqtisadi İnkişaf naziri Fərhad Əliyev burada bugünkü proqram haqqında məlumat verdi. Mən dünən onu bu məsələ ilə bağlı xüsusi dəvət etmişdim, dinlədim və bu məlumatlar mənə verildi.

Mən onu burada sizin yanınızda da dinlədim ki, siz də biləsiniz. Ancaq hələ bunlar niyyətlərdir, təkliflərdir, bəzi hazırlıqlardır. Bunları həyata keçirmək lazımdır. Bunların həyata keçirilməsinin də bir yolu var. Özəlləşdirməni ardıcıl surətdə aparmaq, özəl sektorun inkişafına yardım etmək, iş adamlarına kömək etmək və özəl sektorun iş adamlarını sahibkarların vasitəsilə bu məsələlərin əksəriyyətini həll etmək lazımdır. Düşünürəm ki, deməyə əlavə söz yoxdur.

Elektrik enerjisi barəsində Pirverdiyevin məlumatını mən nəzərə alıram. Gördüyünüz kimi, o da bəyan etdi ki, bütün məsələlər həll olunacaqdır. Qaz da 60 min abonentə çatdırılacaqdır. Bunun özü çox böyük bir hadisədir. 60 min abonent, 60 min ailə – bilmirəm İcra hakimiyyətində məlumat varmı, Gəncədə nə qədər ailə var?

Eyvaz Babayev: 60–62 min ailə var.

Heydər Əliyev: Cəmisi?

Eyvaz Babayev: Bəli.

Heydər Əliyev: İndi hamısı qaz alacaqdır?

Eyvaz Babaye: Bəli.

Heydər Əliyev: Çox gözəl. Qazı biz Rusiyadan alırıq. Bizim öz qazımız çatmır. Qazın alınması üçün biz nə qədər pullar xərcləyirik. 52 dollara alırıq, 8 dollara satırıq. Deməli, qalanını dövlət ödəməlidir. Elektrik enerjisinin haqqının cəmi 15 faizi ödənilir. Amma bunu elektrik enerjisinin istehsalına çəkilən məsrəflərlə müqayisə etsən, heç müqayisəyə gələn bir şey deyildir. Demək, belə çixir ki , biz Azərbaycanın əhalisinə elektrik enerjisini müftə veririk.

Ancaq bu da belə davam edə bilməz. Bakının elektrik şəbəkəsi Türkiyənin «Barmek» şirkətinə idarəetməyə verilibdir. Onlar artıq ciddi addımlar atıblar və get-gedə əhalidən elektrik enerjisinin haqqını yığmağa nail olublar. Gəncədə də belə şəbəkə yaranıbdır. Güman edirəm ki, o da bu yolla gedəcəkdir. Bilirsiniz, biz hələ ki, bunlara dözürük. Ancaq təsəvvür edin, heç bir dövlət buna dözməz. Heç bir Avropa dövlətində – o yerlərdə ki, əhali çox yaxşı yaşayır, yaxşı gəlirləri var – bir ailəyə pulsuz nə elektrik enerjisi, nə də qaz verərlər. Bizim qonşu Türkiyəni götürün, orada əgər bir nəfər, bir ailə elektrik enerjisinin haqqını verməyibsə, kəsirlər, qurtardı getdi. Nə edirsən et, öz işindir. Elektrik enerjisi almaq istəyirsənsə, haqqını ver. Vermirsən, sənə elektrik enerjisi verilmir. Çünki bazar iqtisadiyyatıdır, hamısı özəl sektordadır. Amma biz hələ ki, bütün bunların hamısını təkcə Gəncə üçün deyil, bütün Azərbaycan üçün dövlətin üzərinə götürmüşük. Bir yerdə də elektrik enerjisi çatışmayanda, oradan-buradan səsküy qaldırırlar.

Sosial problemlər həll olunmalıdır. İndi təsəvvür edin, 5-6 il əvvəl vəziyyət necə idi, indi vəziyyət necədir?

Bunlar bir gündə, bir ildə həll olunmur. Amma biz bunu ardıcıl surətdə həll edirik və nəticələrini də siz görürsünüz. Ancaq bir halda ki, biz bazar iqtisadiyyatına gedirik, deməli, bazar iqtisadiyyatının bütün tələblərini yerinə yetirməliyik. Ona görə, sizə müraciət edirəm: elektrik enerjisinə qənaət edin!

Azərbaycanda, ümumiyyətlə, keçmiş Sovetlər Birliyində elektrik enerjisinə qənaət yox idi. Mən Moskvada işləyəndə, Kremldə biz bu məsələləri SSRİ üzrə müzakirə edirdik. O vaxt da bu problemlər var idi. Lakin bu dərəcədə deyildi. Müqayisə edirdik Avropa ölkələri ilə. Məsələn, birinin 5 otağı var. Amma o hansı otaqda oturursa, həmin otağın işığını yandırır. 5 otaqdan 3-də onun televizoru var idi. Hansında televizora baxırsa, onu işlədirdi, qalanları işlətmirdi. Amma bizdə necədir? Bizdə bütün otaqlarda elektrik enerjisi işlənir və kimin 2-3 televizoru varsa, hamısı işləyir. Buna əlavə ev soyuducuları, paltaryuyan maşınları, tozsoranları və qış vaxtı istifadə olunan elektrik pilətələri. Axı buna hansı elektrik xətti dözə bilər? Başa düşün, dözə bilməz!

Ona görə mən sizinlə açıq danışıram. Bu sözləri təkcə sizə yox, bütün Azərbaycan vətəndaşlarına deyirəm. Biz elektrik enerjisi istehsalını artırırıq və artıracağıq. Onların əhaliyə çatması üçün bütün şəbəkələri işə salırıq və salacağıq. Ancaq siz isə, vətəndaşlar, elektrik enerjisinə qənaət edin. Bilin ki, bunların hamısı dövlətin xəzinəsindən gedir və bizim dövlətimiz hələ o qədər də zəngin deyildir. Bizim hələ çox problemlərimiz var ki, vəsait ayıra bilmirik.

Məsələn, İcra hakimiyyəti başçısı deyir ki, asfalt zavodu işləmir. Niyə? Vəsait yoxdur. Başa düşürəm, vəsait yoxdur. Amma əgər elektrik enerjisindən gözlənilən gəliri götürsək, qazın istifadəsindən gözlənilən gəliri götürsək, Azərbaycanın nə qədər çox vəsaiti olar! Onda asfalt zavodu da işləyər, başqa tələbatlar da ödənilər.

Bu məsələləri həll etdik və Fərhad Əliyevin məruzəsini də nəzərə alıram. Ancaq bir şeyi düşünürəm ki, təkcə bunlarla gərək iş tamamlanmasın, görünür, Gəncəyə əlavə yardımlar da edilməlidir.

Bu gün mən avtomobildə şəhərin küçələri ilə gedərkən diqqət yetirdim. İnciməyin, mən hər şeyi açıq deyəcəyəm. İki il öncə şəhər bundan yaxşı vəziyyətdə idi. Küçələr bundan yaxşı vəziyyətdə idi. Mən gördüyümü deyirəm. Bəlkə başqa yerlər var ki, mən görməmişəm, bundan yaxşı vəziyyətdədir. Niyə belədir? Nə üçün? Mən Xətai prospekti ilə gedirdim. Bu prospektin səkiləri dağılıb, bəzi yerlərdə səkilərin kənarında ot əkilib, amma quruyub-saralıb, baxan yoxdur. Küçələrdə abadlıq yoxdur. Bunun üçün vəsait lazım deyil ki? Bizdə iməclik məsələsi var, sizdə varmı? Hər adam öz evinin qarşısında təmizlik yaratsın. Həmin o Xətai prospektində müəssisələr var, onlar öz binalarının qarşısını abadlaşdırsınlar. Amma abadlıqdan əlamət yoxdur. Hər şey dağılıbdır.

Gəlin Bakıya baxın. Biz ona o qədər əlavə pul vermirik. Təkcə Bakı deyil, Azərbaycanda bir neçə belə şəhər var. Əlavə pul verilmir. Amma müəssisələrin imkanlarından istifadə edərək, əhalinin imkanlarından istifadə edərək, başqa vasitələrdən istifadə edərək küçələri qaydaya salırlar. Yaxşı, asfalt yoxdur, sizdə heç olmasa otu biçən alət də yoxdurmu ki, onu biçəsiniz, böyüyüb qurumasın? Ağacları suvarmaq da mümkün deyil? Mən dəhşətə gəldim. Demək, belə çıxır ki, siz şəhəri görmürsünüz? İcra hakimiyyətinin başçısı, sən bütün şəhərin əhalisini küçəyə çıxara bilərdin. Bir gün, iki gün, gəlin hamısını təmizləyək, belləyək, gül əkək. Mən Xətai prospektində bir dənə də çiçək görmədim. Belə şey olmaz axı! Bir o deyil, hərbi hissəyə gedəndə də mən bu işə fikir verdim. Hava limanından gələndə də küçələrə baxırdım. Bu, sadəcə, sizin şəhərə çox anlaşılmaz münasibətinizdir.

Vaxtilə Gəncənin çinarları adamı heyran edirdi. O çinarların yanından mən keçməmişəm. Yəqin onlar hələ durur. Yaxşı ki, onları qurutmamısınız. Amma belə getsə, onları da qurudacaqsınız. Belə şey olarmı? Mən çox narazı qaldım. Ürəyim ağrıyır. Gəncəni mən belə görmək istəmirəm. Deyirsən vəsait yoxdur. Nə vaxt gəldin dedin ki, əlavə vəsait lazımdır, biz sənə vermədik? Bizdə də vəsait yoxdur. Amma mən indi bunları görəndən sonra gedib vəsait tapacağam. Şəhərin abadlaşdırılması üçün mən xüsusi vəsait ayıracağam. Ancaq mən etibar edə bilmirəm ki, siz ondan necə istifadə edəcəksiniz. Çünki vəsaitsiz də onları düzəltmək olardı. Yenə də deyirəm, küçəni bölüşdür sektorlara. Hər sektoru ver bir müəssisəyə. Göstəriş ver ki, buranı təmir et, ot ək, haradan su gətirirsənsə, gətir, buranı suvar, nə edirsən et.

Bu, şəhərin əhalisi üçün lazımdır. Mən bilmirəm, cənab İcra hakimiyyətinin başçısı, sən buna necə dözürsən? Bəlkə elə sizin aləminizdə yaşayış elə bundan ibarətdir? Amma mən bunu yaşayış hesab etmirəm. Binaların bəziləri köhnədən rənglənib, bəzilərinin rəngi yoxdur. Həmin bu küçədə mən nə qədər ucuq şeylər gördüm. Heç olmasa, uçmuş daşları oradan götürəydiniz. Heç olmasa, prezident gəlir bura, küçədə bir təmizlik işi aparaydınız. İndi görün siz bu işlərə nə qədər biganəsiniz ki, bu gün də şəhəri bu vəziyyətdə təqdim etdiniz. Mən bundan çox narazıyam, həddindən artıq narazıyam. Birinci növbədə səndən – İcra hakimiyyətinin başçısından narazıyam. Sən bu şəhərdə doğulmusan, ya da bu şəhərdə ömür boyu yaşayırsan, müəssisə rəhbəri olmusan. Sənə indi böyük etimad göstərilibdir. Yaxşı, başqa şeyləri edə bilmirsən, şəhəri abadlaşdırmaq da mümkün deyilmi?

Bəli, Xətai prospektinin bəzi yerlərinə asfalt salıblar. Gördüm qapqara qaralıbdır. Yəqin orada çalalar idi. İndi o çalaları örtüblər. Bəlkə də asfaltlamaq çətindir. Amma səkiləri qaydaya salmaq, onları yaraşıqlı etmək, həmin o qurumuş otları biçmək, oradakı zibilləri təmizləmək mümkündür. Belə şey olmaz ki? Bilmirəm, bəlkə siz öz evinizdə də belə şəraitdə yaşayırsınız?

Ancaq mən inanmıram.

Amma Gəncə hər birimizin evidir, sizin evinizdir, mənim evimdir. Mən bu evə belə baxa bilmərəm. Bu məni çox narahat etdi və mən açıq deyim ki, icra hakimiyyəti başçısının bu sahədə fəaliyyətindən çox narazıyam. İstəyirsiniz, mən Abutalıbovu göndərim, on günə bu şəhərin küçələrini düzəltsin. Çünki mən görürəm ki, Bakıda nə işlər görübdür. Heç kim də ona kömək etmir. Özü hər şeyi edir. Bunu da edə bilərəm, mən zarafat etmirəm, doğru sözümdür. On-on beş günlük göndərim onu buraya, gəlsin, heç olmasa, bu əsas küçələri düzəltsin, sizi də öyrətsin ki, bunu necə edirlər.

Amma mən sizin özünüzü bu işlə məşğul olmağa məcbur edəcəyəm. Mən sizə tapşırıram və sizinlə bərabər şəhər təsərrüfatına, şəhər əhalisinin hamısına müraciət edirəm: şəhəri belə vəziyyətdə saxlamaq olmaz! Mən sizin yerinizə utanıram.

Tezliklə şəhəri abadlaşdırmaq lazımdır. Mən də buna kömək edəcəyəm. Amma sizin özünüz bu işlə ciddi məşğul olmasanız, mənim köməyim hədər gedəcəkdir. Mən belə düşünürəm.

Mən tapşırıram Fərhad Əliyevə. Bizim buradakı müzakirələrimizin nəticəsində verdiyim tapşırıqlara əsasən, nəzərdə tutulan planlar və görəcəyimiz işlərlə əlaqədar ümumi sənəd hazırlamaq lazımdır. Ola bilsin, bu sənəd mənim sərəncamim olsun və mənim sərəncamimda Gəncənin bəzi sosial-iqtisadi məsələlərinə aid tapşırıqlar verilməlidir ki, harada nə iş görülməlidir. Çox şeylər danışıldı. Elektrik enerjisi üzrə, qaz üzrə onların məlumatları nəzərə alınacaqdır və tapşırıqlar veriləcəkdir. Bir də ki, Gəncəyə, şəhərin kommunal təsərrüfat işlərinin daha da yaxşılaşdırılması üçün əlavə vəsait ayrılması məsələsi. Fərhad Əliyev, mən sənə tapşırıram, Maliyyə Nazirliyinə, Nazirlər Kabinetinə tapşırıram. Qısa bir müddətdə belə bir sərəncam hazırlayasınız. Amma o sərəncamda həm tapşırıqlar, həm perspektiv məsələlər, həm də şəhərin abadlaşdırılması üçün nə edə biləcəyimiz əksini tapmalıdır. Məsələn, asfalt zavodunun işləməsi. Bu haqda sən düşün, bu sənin vəzifəndir. Bu barədə tezliklə məlumat ver ki, görək, burada nə edə bilərik. Şəhərin küçələrini bu vəziyyətdə qoymaq olmaz. Asfaltlamaq, düzəltmək lazımdır. Amma birinci növbədə səkiləri düzəltmək lazımdır. Gələndə Rasizadəyə də mənim göstərişlərimi deyin və oturun, Maliyyə naziri, daha kim lazımdırsa, bu işə cəlb edin, Gəncənin inkişafı ilə əlaqədar ümumi bir sənəd hazırlayın. Hansı yardım mümkündür, bu ilin və gələn ilin büdcəsində şəhər təsərrüfatına vəsaitin artırılması ilə əlaqədar məsələləri nəzərə alın.

Bugünkü görüşümüzü sona çatdıraraq demək istəyirəm ki, mən Gəncə şəhərinə həmişə böyük diqqət yetirmişəm, bu gün də diqqət yetirirəm. Mənim bu həyəcanlı çıxışım da məhz Gəncə şəhərinin indiki xoşagəlməz mənzərələrini görəndən sonra olmuşdur. Gəncə həmişə gözəl şəhər olubdur. Onu daha da gözəlləşdirmək lazımdır. Çünki onun əsası gözəldir. Amma insanın özü nə qədər gözəl, sağlam olsa da, onun paltarından da çox şey asılıdır. İndi siz də şəhərin «paltarını» düzəltməlisiniz ki, küçələri abad olsun, mağazaları gözəlləşsin, binaları rənglənsin. Yoxsa nədir bu, mən gördüyüm binalarda 20–30 il bundan əvvəl qalmış rənglərdir. Mən güman edirəm ki, bundan nəticə çıxaracaqsınız. Təkcə İcra hakimiyyəti deyil, burada müəssisə rəhbərləri, başqa vəzifəli şəxslər var, onlar da.

Mən bu gün müşahidə etdiyim bir məsələyə də toxunmaq istəyirəm. Bu təkcə sizə aid deyil, təəssüflər olsun ki, ümumiyyətlə, Azərbaycanda müəyyən qədər ənənə yaranıbdır. Mən bu gün saat on ikidə planlaşdırmışdım ki, Gəncə hava limanına düşəcəyəm. Düz saat on ikidə mən Gəncə hava limanına düşdüm. Mənə dedilər şəhərə gəlmək iyirmi dəqiqə çəkəcək və gəlib kompleksin qarşısında açılış edəcəyik. Təbii ki, açılışda şəhər içtimaiyyəti də iştirak etməlidir. Mən də vaxtında gəldim. Açılış keçirildi. Şəhərin vətəndaşları çox böyük həvəslə meydana toplaşmışdılar. Bu kompleksin açılışı böyük hadisə kimi qəbul olundu, yüksək qiymətləndirildi və mən hesab edirəm ki, gələcəkdə görəcəksiniz Gəncə şəhəri üçün nə qədər əhəmiyyətlidir. Xüsusən gənclərin sağlamlığı üçün, onların idmanla, bədən tərbiyəsi ilə məşğul olması üçün nə qədər əhəmiyyətlidir.

Biz bü gün orada içəridə gənclərin çixişlarına baxırdıq. Mən gördüm, o uşaqlar, gənclər nə qədər böyük həvəslə çətin idman hərəkətlərini yerinə yetirirdilər. Nə qədər güc var onlarda, nə qədər ehtiyac var ki, onlar öz güclərini istifadə etsinlər. Bu, təmin olunacaqdır, arxayın ola bilərsiniz və İlham Əliyev artıq oranın direktorunu təyin edibdir. O da idmançilardan biridir. Hər halda, nəzarət edəcəkdir ki, gələcəkdə orada işlər yaxşi getsin.

Bu, çox böyük bir hadisə idi və insanlar da toplaşmışdı. Ancaq məni narahat edən nədir? Axşam tərəfi mənə belə bir məlumat gəldi ki, insanları – bunu şəhər İcra hakimiyyəti təşkil edir – saat ondan, onun yarısından oraya toplamağa başlayıblar. İnsanlar gəliblər və iki saat, üç saat bu mərasimin açılışını gözləyiblər. Bunu mən biləndə çox narahat oldum.

Amma mənim narahatçılığım təkcə bu hadisə ilə bağlı deyildir. Başqa yerlərdə də mən belə hallarla rastlaşmışam. Hətta Bakıda da. Yaxud Azərbaycanın başqa bölgələrində də. Mən bir neçə dəfə demişəm və bu gün bir daha deyirəm. Bu, şəhər İcra hakimiyyətinin yaxşı işini nümayiş etdirmir. Nə üçün? Saat birdə olan mərasimə insanlar saat onda, onun yarısında – üç saat, üç saat yarım qabaq gəlməlidirlər? Nə üçün? Mərasimin özü cəmi saat yarım çəkdi. Amma insanların çoxu orada üç saat gözləyiblər. Niyə insanlara belə əziyyət verirsiniz? Nə üçün? Kimin üçün?

Eyni zamanda, bu mənim gəlişimlə bağlı olduğu üçün, bunu özümə qarşı bir mənfi hal kimi qiymətləndirirəm. Guya siz mənə hörmət etmisiniz, amma əksinə, mən bunu hörmətsizlik nümunəsi kimi qiymətləndirirəm. Çünki istəmirəm ki, heç kim mənim hansısa bir toplantıya gələcəyimə görə, bir saat əvvəl gözləsin. İstəmirəm! Amma burada üç saat əvvəl gəlib yığışıblar. Günün altında. Bu məni çox narahat edir, çox narahat edir. Əgər bacarmırsınızsa, deyin ki, bacarmırıq. Əgər saat birdə tədbir başlayacaqsa, siz deyin ki, saat on ikidə gəlin. On ikidə kim gələr gələr, kim yetirə bilməz, birin yarısında gələr, kim yetirə bilməz, saat birdə gələr. Birdə tədbir başlayar, yetirə bilməyən, tədbir başlayandan sonra da gələr. Bu, azad, sərbəst bir görüşdür. Burada heç bir ciddi reqlament yoxdur.

Bu daha da yaxşı olar, nəinki üç saat əvvəl insanları meydana toplayıb, günün altında saxlayasan. Mən bundan çox incimişəm, başa düşürsünüz, çox incimişəm. Çünki, birinci növbədə, mən bunu özümə qarşı mənfi münasibət kimi qiymətləndirirəm. Təbiidir ki, heç kim istəmir ki, mənə mənfi münasibət göstərsin, məni incitsin. Amma bu cür ənənə yeni bir şey deyil, bununla vidalaşmaq lazımdır. Əziz dostlar, mən bunu təkcə sizə demirəm, bütün Azərbaycanın bölgələrində, o cümlədən Bakıda belə kütləvi tədbirləri keçirənlərin hamısına deyirəm. İnsanları heç bir tədbirə vaxtından əvvəl dəvət etmək olmaz. Xüsusən də prezidentin iştirak edəcəyi tədbirə dəvət etmək olmaz. Çünki prezident öz təbiətinə görə heç vaxt insanları gözləmək vəziyyətində saxlamaq istəmir.

Mən düşünürdüm, bunu deyim, deməyim. Kiminsə ürəyinə dəyəcək, kimsə, əlbəttə ki, narahatlıq keçirəcəkdir. Bəs mən narahatlıq keçirəndə yaxşıdırmı? Kim günahkardır, o da narahatlıq keçirsin. Mən onsuz da narahatam. Narahatam ki, mənim iştirak etdiyim tədbirə insanları üç saat əvvəl dəvət ediblər. Bu çox pis haldır. Mən bütün hakimiyyət orqanlarından tələb edirəm ki, bu ənənədən əl çəkin. İnsanlara daha da hörmətlə yanaşın, insanları hansısa bir tədbirə dəvət edirsinizsə, elə edin ki, onlar əziyyət çəkməsinlər. Mən bunu sizdən xahiş edirəm. Görüşümüzün sonunda mən sizə bir az acı sözlər dedim. Ancaq bunsuz olmur. Bu acı sözlərin hamısı hər bir Azərbaycan vətəndaşını yaxşı etmək məqsədi daşıyır. Mən ancaq buna görə özümə belə əziyyət verir, bu acı sözləri deyirəm. Mən bütün günü Gəncədəyəm, indi artıq gecə saat 11-dir. Sabah səhər mən Göranboya gedəcəyəm. Bu gün mənim üçün çox xoş, çox əziz gündür. Mən çox şey gördüm, çox şey öyrəndim və xüsusən, Gəncəyə yardım etmək, Gəncənin inkişafını təmin etmək üçün yeni tədbirlərin görülməsinin əsasını qoyduq. Sağ olun, sizə təşəkkür edirəm.

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış