Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransada təhsil alan soydaşlarımızla görüşdə söhbətindən - 3 mart 2001-ci il


Heydər Əliyev: Çox sağ olun. Yaxşı işlər görürsünüz. Mən bir neçə il bundan öncə belə şeyləri görə bilmirdim.

- Cənab prezident, biz keçən il Avropada ilk dəfə olaraq Azərbaycan tələbələrinin assosiasiyasını yaratmışıq. Bu assosiasiya ötən il Strasburqda fəaliyyətə başlayıbdır. Biz bu il Parisdə assosiasiyanın filialını açmışıq. Keçən ay tələbələr adından Strasburqda Azərbaycan mədəniyyəti günləri keçirmişik. İstəyirik ki, bu yaxınlarda Fransada Azərbaycanı təmsil edən jurnal buraxaq. Eyni zamanda iki ay ərzində internet saytı yaratmaq nəzərdə tutmuşuq. Bu, Azərbaycan haqqında fransız dilində ilk sayt olacaqdır.

Heydər Əliyev: Siz fransız dilini mükəmməl bilirsiniz?

Eleonora Hüseynova (Azərbaycanın Fransadakı səfiri): Cənab prezident, gözəl bilirlər.

- Cənab prezident, sizin fevralın 2-də gənclərlə Bakıdakı görüşünüz zamanı dediyiniz sözlər bizim üçün örnəkdir. Yəni Azərbaycan gəncləri ölkəmizin gələcəyi üçün əllərindən gələni etməyə hazırdır və hər şeyi edəcəklər. Söz veririk ki, üzərimizə düşən vəzifələri şərəflə yerinə yetirəcək, bizə bəslənilən ümidləri doğruldacağıq. Biz hər zaman sizi özümüzə nümunə bilirik.

Heydər Əliyev: Çox sağ olun. Strasburqda mətbuat konfransında bir gənc oğlan fransız dilində sual verdi. Sonra mən Azərbaycanda, Bakıda danışmışdım. Mənim üçün nə qədər sevinc gətirdi ki, o, belə gözəl sual verdi. Ermənistan prezidentinə çox məzmunlu sual verdi, özü də fransız dilində. Mən bunlarla fəxr edirəm.

- Cənab prezident, bizim təhsil sahələrimiz müxtəlifdir. Əsas təhsil sahələri hüquq, beynəlxalq münasibətlər sahələridir. Ona görə də ümid edirəm ki, bizim Fransada əldə etdiyimiz bilikləri sonra Azərbaycan üçün tətbiq etməyə nail olacağıq.

Heydər Əliyev: Yaxşı oxuyun. Bizim gənclərə, gənc kadrlara ehtiyacımız vardır. Mən həmişə deyirəm, gənclərin toplantısında da demişdim, bilirsiniz, indi gənclər irəli getməlidirlər. Çünki biz yeni dövlət qururuq, yeni quruluşdayıq, yeni iqtisadiyyat qururuq. İndiyə qədər zəhmət çəkmiş, xidmət göstərmiş adamlar, təbiidir ki, bu gün də qiymətlidirlər. Amma nəsillər nəsilləri əvəz etməlidir. Gərək gənclər indi sürətlə inkişaf etsinlər ki, Azərbaycanda özlərinə məxsus yer tutsunlar və hansı ölkədə olursa-olsun, Azərbaycanı yaxşı təmsil etsinlər. Təkcə gedib səfirlikdə işləmək üçün yox.

İndi biz müstəqil dövlətik. Müxtəlif ölkələrə çoxlu nümayəndə heyətləri göndərmək lazım olur. Məsələn, çox vaxt çətinlik çəkirik ki, bizim nümayəndə heyətinin üzvləri xarici dilləri bilmirlər. Onlarla tərcüməçi göndərmək lazımdır. Amma məsələ təkcə dil bilmək deyildir. Məsələn, Fransada siz təkcə dil öyrənmirsiniz, Avropanı öyrənirsiniz, burada olan təhsil sistemini öyrənirsiniz. Bunlar hamısı bizim üçün lazımdır. Mən çox sevinirəm.

- Cənab prezident, mən Sorbonna Universiteti Beynəlxalq münasibətlər fakültəsinin diplomatiya və siyasət şöbəsinin beşinci kurs tələbəsiyəm. Şəxsən bir tələbə kimi Azərbaycan Respublikasının vətəndaşı kimi söz verirəm ki, diplomatiya sahəsində gələcəkdə Azərbaycan üçün əlimdən gələni edəcəyəm.

Heydər Əliyev: Yaxşı oxuyun, təhsilinizi tez qurtarın.

- Cənab prezident, Azərbaycan dili artıq ikinci ildir ki, Parisdə Şərq Dilləri və Ölkəşünaslıq İnstitutunda tədris olunur. Azərbaycan dilini mən tədris edirəm. Burada Azərbaycan dilinin öyrənilməsinə maraq böyükdür. Təkcə dilə yox, mədəniyyətimizə də maraq böyükdür.

Eleonora Hüseynova: Cənab prezident, buradakı gənclərimiz həm fəal, həm savadlı, həm də vətənpərvərdirlər. Əsas odur ki, ürəkləri Azərbaycan üçün yanır. Mən həmişə onlarla görüşəndə bunu hiss edirəm, görürəm.

- Cənab prezident, hörmətli səfirimiz bilir. Bizim əsas məqsədimiz Fransadakı tələbələrimizi birləşdirməkdir və bunu qismən həll etmişik. Səfirimizə təşəkkür edirik və ona demişik ki, istəyirik, birləşməyimiz birbaşa Azərbaycan dövlətinin himayəsi altında olsun. Digər tərəfdən isə, istəyirik ki, Fransada tələbələrimizin sayı çox olsun. Çünki biz burada ölkəmizin ikinci dərəcəli səfirləriyik, diplomatlarıyıq. Ona görə də ümid edir və inanırıq ki, Azərbaycan dövləti, cənab prezident, şəxsən siz özünüz burada tələbələrin vəziyyətinin yaxşılaşmasına, sayının çoxalmasına diqqət göstərirsiniz.

Heydər Əliyev: Çox gözəl, şadam.

- Cənab prezident, Azərbaycandan uzaqda olsaq da, ölkəmiz üçün hər şey etməyə söz veririk və bunu edəcəyik. Biz bu sözü Azərbaycan xalqının böyük etimad göstərdiyi bir şəxsiyyətin qarşısında deyirik.

Heydər Əliyev: Çox məmnunam. Xalqımızın əsas problemini bilirsiniz. Bu, Ermənistan-Azərbaycan münaqişəsidir. Görürsünüz, bir ay keçməyibdir, mən yenidən danışıqlar aparmaq üçün buraya gəlmişəm. Yəqin siz eşitmisiniz ki, burada danışıqlar aparandan sonra Milli Məclisdə bu məsələni müzakirə etdik. Təəssüflər olsun ki, çoxları bu məsələnin nə qədər mürəkkəb, nə qədər çətin olduğunu indiyədək bilmirlər, hisslərə qapılırlar, hay-küylə məşğuldurlar.

Amma bu, nə qədər ağır, nə qədər çətin işdir. Çünki əgər bir ölkə o biri ölkənin torpaqlarının 20 faizini işğal edibsə, indi onları oradan ya hərb vasitəsilə çıxarmaq lazımdır, - hər halda hərb yolu indi o qədər də qəbul olunan yol deyil, - ya da sülh yolu ilə. Əlbəttə ki, sülh yolu ilə çox çətindir və nə qədər danışıqlar aparırıq. Təkcə burada deyil, hər yerdə. Mən bir ay müddətində ikinci dəfədir buraya gəlirəm. Danışıqları aparacağam ki, siz gənclər bundan sonra müstəqil Azərbaycanda rahat yaşayasınız.

- Cənab prezident, sözünüzə qüvvət vermək üçün deyirəm ki, sizə təqdim etdiyim elmi işi müdafiə etmək olduqca çətin idi. Çünki burada fransız professorlarına sübut etmək çətin idi ki, bu münaqişədə Azərbaycan haqlıdır.

Çətinliklərə baxmayaraq, bunu çox yüksək səviyyədə müdafiə etdim və elmi işimin iki nüsxəsi saxlanılmaq üçün Fransanın mərkəzi kitabxanalarına göndərilmişdir. Hazırda Sorbonna Universitetinin siyasi elmlər departamentində doktorantura təhsili alıram. Mən ilk azərbaycanlıyam ki, doktoranturaya qəbul olmuşam.

Heydər Əliyev: Sağ olun.

Bilirsiniz, bizə qarşı, ölkəmizə, xalqımıza qarşı ədalətsizlik olubdur. Amma, təəssüflər olsun ki, dünya ictimaiyyətində, bir çox ölkələrdə, o cümlədən Fransada bu ədalətsizliyi bilmirlər, ya da bilmək istəmirlər. Nə üçün? Çünki Ermənistan tərəfinin dünyada diasporu çox böyükdür. Onların təbliğatı böyükdür. Amma Azərbaycanın keçmişdə bu barədə imkanları heç olmayıbdır. Heç olmasa indi siz, nə təhər deyərlər, yavaş-yavaş meydana gəlirsiniz. Bu, bizə çox lazımdır. Çünki biz Azərbaycana qarşı edilən ədalətsizliyi, təcavüzü sübut etməliyik. Əgər bunu sübut etməsək, biz məsələni həll edə bilmərik. Burada da gərək hərə öz səyini qoysun.

- Cənab prezident, biz Qrenobldan gəlmişik. Mən özüm Qrenobl şəhərindəki Avropa İnstitutunun Beynəlxalq Təhlükəsizlik və Müdafiə Bölməsində doktorluq dissertasiyası yazıram. Allah qoysa, bu yaxınlarda institutumuzda ilk dəfə olaraq Azərbaycan haqqında elmi jurnal buraxılacaqdır. Həmin jurnal haqqında indi institutun rəhbərliyi ilə danışıqlar aparmışıq və onlar tam razılığını veriblər. Bu jurnal "Azərbaycan və beynəlxalq təhlükəsizlik" adı altında çıxacaqdır. Bu nöqteyi-nəzərdən biz imkan dairəsində öz köməyimizi göstərəcəyik. Bu jurnal fransız və ingilis dillərində çıxacaqdır. Əgər belə olarsa, dünyada Azərbaycanın xeyrinə ictimai rəyin yaradılmasına mühüm kömək olacaqdır. Ümid edirəm, yaxın günlərdə bu jurnal işıq üzü görəcəkdir.

Heydər Əliyev: Bunlar çox lazımdır, çox lazımdır.

- Cənab prezident, sonda demək istərdim ki, Fransanın keçmiş prezidenti Şarl de Qollun Parisdə 1958-ci ilin oktyabr ayında dediyi sözlər yadımıza düşür. O demişdi ki, Fransa böyük ölkədir, fransız xalqı böyük xalqdır və gələcəkdə Fransanın lazımi mövqe tutması üçün bütün xalq əlindən gələni edəcəkdir. Biz də hesab edirik, bu gün Azərbaycan gəncləri və Azərbaycan xalqı deyə bilər ki, Azərbaycan böyük ölkədir, Azərbaycan xalqı böyük xalqdır və Azərbaycan gələcəkdə böyük mövqe tutacaqdır. Biz bunun üçün əlimizdən gələni edəcəyik.

Heydər Əliyev: Bəli, siz gənclərin səyi ilə.

- Cənab prezident, sizə bütün işlərinizdə böyük müvəffəqiyyətlər arzulayırıq.

Heydər Əliyev: Çox sağ olun.

"Azərbaycan" qəzeti, 4 mart 2001-ci il.