Azərbaycan Prezidenti Heydər Əliyevin Yaponiyanın "Sankey Simbun" qəzetinin müxbiri ilə müsahibəsi - 27 fevral 1998-ci il


Sual: Cənab prezident, birinci sualım Sizin Yaponiyaya səfərinizin nəticələri haqqındadır. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Yaponiyaya səfərimin nəticələri yaxşıdır, mən bunu müsbət qiymətləndirirəm. Mən həm səfərimdən, həm də onun nəticələrindən razıyam.

Sual: Dünən məlum oldu ki, Yaponiya şirkətləri konsorsiumu ilə Azərbaycan arasında sənədin imzalanması təxirə salınıbdır. Səbəb nədir?

Cavab: Bilirsiniz, biz bir çox sənədlər imzaladıq. Mən buna xüsusi əhəmiyyət verirəm ki, bizim burada əsas məqsədimiz dövlətlərimiz, hökumətlərimiz arasında sənədlər imzalamaqdan ibarət idi. Ona görə də Yaponiya ilə Azərbaycan arasında iki çox mühüm sənəd - Azərbaycan Respublikası və Yaponiya arasında dostluq və tərəfdaşlıq haqqında birgə bəyanat və Azərbaycan Respublikası və Yaponiya arasında ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıq haqqında birgə bəyanat imzaladıq. Hər iki bəyanatı baş nazir cənab Haşimito ilə mən imzaladıq. Dövlətlərimiz və hökumətlərimiz arasında başqa bir neçə sənəd də imzalandı.

"Niçimen" Şirkətinə Azərbaycanda böyük bir iş vermək üçün biz Yaponiyanın İxrac-İdxal Bankından kredit götürdük və bu barədə də müqavilə imzaladıq. Sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Yaponiyanın "Mitsui" Şirkəti arasında pay iştirakının verilməsi haqqında saziş, yəni Azərbaycandakı "Kürdaşı" neft yatağının bir hissəsinin birgə işlənmək üçün bu şirkətə verilməsi barədə saziş imzaladıq.

Çox sənədlər imzalandı. Ancaq Yaponiya şirkətləri konsorsiumu ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanması nəzərdə tutulan müqavilə imzalanmadı. Çünki onun bəzi şərtləri hələ tam müəyyən olunmamışdır.

Sual: Siz dəqiq deyə bilərsinizmi ki, hansı şərtləri nəzərdə tutursunuz?

Cavab: Burada bir neçə şərtlər vardır və onlar iqtisadi məsələlərdir. Bunların hamısı mənim xatirimdə deyildir. Yəni o, dövlətlərarası, hökumətlərarası müqavilə deyil ki, mən onu dəqiqliklə bilim. O, Azərbaycan Dövlət Neft Şirkəti ilə Yaponiya şirkətləri konsorsiumu arasında olan müqavilədir.

Sual: Fevral ayının 4-də Ermənistanın prezidenti Levon Ter-Petrosyan öz vəzifəsini tərk etdi. Sizin fikrinizcə bu, Qafqazdakı ümumi vəziyyətə necə təsir edəcəkdir?

Cavab: Bilirsiniz, prezidentin istefaya getməsi, şübhəsiz ki, Ermənistanın daxilindəki vəziyyəti gərginləşdiribdir. İndi orada yeni prezident seçkiləri elan edilibdir və olduqca çox namizədlər vardır. Namizədlər arasında mübarizə gedəcəkdir və şübhəsiz ki, kimsə seçiləcəkdir. Ancaq siz bilirsiniz, Ermənistanla Azərbaycan arasında hərbi münaqişə olduğuna və biz bu münaqişəni sülh yolu ilə həll etmək üçün danışıqlar apardığımıza görə indi Ermənistanda baş vermiş bu vəziyyət, şübhəsiz ki, bizim bu danışıqları ləngidir.

Qafqazdakı ümumi vəziyyətə bunun indi nə cür təsir edəcəyini hələlik deyə bilmərəm. Çünki bu, Ermənistanın daxili işidir. Amma, əlbəttə ki, bizimlə münasibətlərdə bunun əhəmiyyəti vardır. Dediyim kimi, bizim danışıqlar indi demək olar ki, dondurulubdur.

Sual: Rusiyanın prezidenti təklif etmişdir ki, Xəzəryanı beş ölkənin gələcəkdə sammiti keçirilsin və Xəzər dənizinin beynəlxalq statusu müəyyən edilsin. Azərbaycan prezidentinin buna münasibəti necədir?

Cavab: Bilirsiniz, belə bir təklif çoxdan verilib. O, yeni bir təklif deyildir. Sammitin keçirilməsi barədə təklif verilməyibdir. Bu barədə sizdə olan məlumat dəqiq deyildir. Sadəcə olaraq, 4-5 ölkənin yüksək səviyyəli görüşünün keçirilməsi nəzərdə tutulmuşdur. Ancaq bu da hələ son təklif deyildir. Ayrı-ayrı ölkələr bu barədə bir-biri ilə danışıqlar aparırlar. Məsələn, Türkmənistanla Azərbaycan arasında bu məsələni həll etmək üçün həm Azərbaycan, həm də Türkmənistan tərəfi böyük bir nümayəndə heyəti müəyyənləşdiribdir və mən ekspert qrupları təyin etmişəm. Bizim nümayəndə heyətimiz 15 gün bundan qabaq Türkmənistanda, Aşqabadda olmuşdur. Növbəti görüş Azərbaycanda olacaqdır.

Yaxud da ki, Qazaxıstan ilə Azərbaycan arasında bu məsələni prezident Nazarbayev və mən bir neçə dəfə müzakirə etmişik. Rusiyanın prezidenti Boris Yeltsinlə, baş nazir Çernomırdinlə, xarici işlər naziri Primakovla da bu barədə mənim danışıqlarım olubdur. Yəni belə danışıqlar, məsləhətləşmələr vaxtaşırı keçirilir.

Sual: Xəzər dənizinin statusu barədə Rusiya ilə Azərbaycan arasında müxtəlif fikirlər vardır. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Bəli, doğru deyirsiniz, burada bizim mövqelərimiz müxtəlifdir. Biz Xəzər dənizinin sektorlara bölünməsinin tərəfdarıyıq, Rusiya ilə kondominium tərəfdarıdır. Ona görə də burada bizim fikirlərimiz müxtəlifdir.

Sual: Siz Xəzər dənizini göl kimi qəbul edirsiniz, yoxsa dəniz kimi?

Cavab: Bilirsiniz, bu məsələ də gərək müzakirə olunsun. Biri deyir Xəzər göldür, digəri deyir dənizdir, başqa biri deyir ki, daxili su hövzəsidir. Cürbəcür fikirlər vardır. Bunlar hamısı müəyyən olunmalıdır. Bu məsələ indiyədək heç vaxt müzakirə edilməyibdir. Çünki keçmişdə Xəzər dənizinin əksər hissəsi Sovet İttifaqının olubdur. İran da cənubda Xəzər dənizinin bir hissəsinə sahib olaraq başqa bir iddia irəli sürməyibdir. İndi, Sovet İttifaqı dağılandan sonra Xəzəryanı beş dövlət və hər dövlətin də öz fikri vardır. Bunlar hamısı müzakirə mövzusudur.

Sual: Məndə belə bir məlumat vardır ki, Türkmənistan, Qazaxıstan və Azərbaycan eyni fikirdədilər. Rusiya isə bu fikirə qarşıdır.

Cavab: Bəli, Qazaxıstanla Azərbaycan eyni fikirdədilər. Türkmənistan da bu fikrə yaxınlaşıbdır. Rusiya ilə İran başqa fikirdədilər. Ancaq güman edirəm ki, onlar da gəlib bizim bu fikrə çatacaqlar, fikrimizlə razılaşacaqlar.

Sual: Bu həqiqət nə vaxt olacaqdır?

Cavab: Mən istərdim tez olsun. Amma vaxt gəlib çatacaqdır.

Sual: Yaponiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrdən başqa, daha hansı əlaqələri görmək istərdiniz?

Cavab: Mən istərdim ki, bütün sahələrdə əlaqələrimiz olsun. Biz Yaponiya ilə geniş surətdə əməkdaşlıq etmək istəyirik. Baş nazir cənab Haşimito ilə mənim dünən imzaladığımız bəyanatda bunlar öz əksini tapıbdır.

Sual: Bakıda Yaponiya jurnalistlərinə müsahibə verərkən demişdiniz ki, müasir "İpək yolu"nu görmək istəyirsiniz. Bununla konkret olaraq nəyi demək istəyirsiniz?

Cavab: Bu çox mühüm bir problemdir. Biz artıq bununla çox ciddi məşğul oluruq. Biz Avropa-Asiya nəqliyyat magistralı yaratmışıq. Yüklər həmin nəqliyyat magistralı ilə artıq Mərkəzi Asiyadan Avropaya bu yolla, yəni Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstandan Xəzər dənizi vasitəsilə bərələrlə Bakıya gətirilir, buradan Gürcüstanın Qara dənizdəki Poti limanına çatdırılır, oradan isə Avropaya göndərilir. Ancaq bu, "İpək yolu"nun bir hissəsidir. "İpək yolu"nun böyük bir hissəsi isə Yaponiyadan başlamış Avropada İspaniyaya, İrlandiyaya qədərdir. Biz dünən bu məsələni baş nazir cənab Haşimoto ilə çox ətraflı müzakirə etdik.

Sual: Siz Bakıda Yaponiya jurnalistlərinə demişdiniz ki, Azərbaycanın iqtisadi istiqaməti Yaponiyaya doğrudur. Bu həqiqətdirmi?

Cavab: Bilirsiniz, biz bütün ölkələrlə iqtisadi əlaqələr qurmaq istəyirik. Yaponiya da dünyada iqtisadi cəhətdən ən inkişaf etmiş bir ölkə olduğuna və texnologiya, müasir texnika sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə biz bu sahədə də sizin ölkə ilə əməkdaşlıq etmək istəyirik.

Sual: Lakin şərhçilər deyirlər ki, Rusiyada Xəzər dənizi hövzəsi ölkələrinə çox təsir etmək istəyirlər. Bu barədə nə fikirləşirsiniz?

Cavab: Doğrudur.

Sual: Sizin bu barədə fikriniz necədir?

Cavab: Fikrim belədir ki, heç bir ölkəyə təsir etməməlidir. Hər bir ölkə öz işini müstəqil görməlidir. Böyük ölkələr öz imkanlarından istifadə edib kiçik ölkələrə təsir, yaxud təzyiq etməməlidirlər.

Sual: Sizin dediklərinizdə böyük həqiqət vardır. Bu, çox doğru ideyadır. Lakin məsələnin o biri tərəfi ondan ibarətdir ki, Azərbaycan bir çox sahələrdə, xüsusən iqtisadi sahədə Rusiyadan asılıdır.

Cavab: Yox. Rusiya ilə bizim iqtisadi əlaqələrimiz çox genişdir. Ona görə də biz bu əlaqələri davam etdirmək istəyirik. İqtisadi əlaqələrin geniş olması heç vaxt heç bir ölkəyə hüquq vermir ki, o, başqa bir ölkəyə təzyiq etsin.

Biz Yaponiya ilə iqtisadi əlaqələri ona görə genişləndiririk ki, sonra Yaponiya bizə təzyiq etsin? Biz bununla razı ola bilmərik. Əməkdaşlıq bərabərhüquqlu olmalıdır.

Jurnalist: Çox sağ olun.

"Azərbaycan" qəzeti, 28 fevral 1998-ci il