Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Slovakiyanın xarici işlər naziri Eduard Kukan başda olmaqla nümayəndə heyətini qəbul edərkən söhbətindən - 1 fevral 2000-ci il


Heydər Əliyev: Cənab nazir, hörmətli qonaqlar, sizi Azərbaycanda salamlayıram, ölkəmizə səfərinizi alqışlayıram.

Səhv etmirəmsə, Azərbaycan müstəqillik əldə etdiyi və Slovakiya müstəqil, azad dövlət olduğu vaxtdan bəri bu səfər qarşılıqlı münasibətlərimizdə belə səviyyədə ilk səfərdir. Ona görə də bu, bizim üçün böyük əhəmiyyətə malikdir.

Mənə dedilər ki, bu gün siz xarici işlər naziri ilə də, baş nazirlə də görüşlər keçirmişsiniz. Bu, çox yaxşıdır, yəni siz müxtəlif strukturlarda fikir mübadiləsi apara və ölkələrimiz arasında gələcək əməkdaşlığın yollarını müəyyənləşdirə bilmisiniz.

Azərbaycanda biz Slovakiya ilə daha fəal əməkdaşlıq etməyə çox həvəs göstəririk. Bilirik ki, Slovakiya iqtisadi cəhətdən inkişaf etmiş ölkədir - mən sənayenin, infrastrukturun inkişafını nəzərdə tuturam. Bununla bərabər, bizim hamımız kimi Slovakiya da keçid dövrünü yaşayır, onun öz problemləri var. Yəni bizim oxşar cəhətlərimiz çoxdur. Məhz bu təcrübə mübadiləsi aparmaqda bir-birinə kömək etmək, başlıcası isə iqtisadiyyatla mədəniyyətdə, təhsildə, bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün geniş əlaqələrin zəruriliyini şərtləndirir. Ona görə də sizin səfəriniz bizim üçün böyük əhəmiyyətə malikdir. Sizi dinləyirəm.

Eduard Kukan: Biz çox şadıq ki, bu səfəri - sizin doğru buyurduğunuz kimi, Slovakiya hökuməti üzvlərinin Azərbaycana ilk səfərini həyata keçirə bildik.

Mən ona da şadam ki, Slovakiyanın iqtisadiyyat naziri və biznesmenlərin böyük bir qrupu mənimlə birlikdə buradadırlar. Onlar siyasi danışıqlarımızın bütün nəticələrini konkret həyata yönəltmək üçün Azərbaycandakı tərəfdaşları ilə bilavasitə əlaqələr yaratmaq istəyirlər. Məncə, Azərbaycan ilə Slovakiya arasında gələcək əməkdaşlıq üçün mövcud olan potensialımızın konkret layihələrdə öz əksini tapması çox mühümdür.

Yəqin ki, Azərbaycana bu ilk səfərimiz bir qədər ləngimişdir - Slovakiya müstəqillik əldə etdikdən yeddi il sonra həyata keçirilmişdir. Lakin həmişə işə başlamaq lazımdır, ilk səfəri etmək lazımdır. Əminəm ki, biz ötən vaxtdan ikitərəfli əməkdaşlığın inkişafına ciddi hazırlaşmaq üçün, bu səfərdən sonra əməkdaşlığımızın hər iki ölkədən ötrü daha fəal və faydalı olması üçün istifadə etmişik.

Biz çexlərdən, keçmiş Çexoslovakiyadan ayrıldıqdan sonra ötən yeddi ildə Slovakiya bazar iqtisadiyyatı yolu ilə, demokratik cəmiyyət kimi inkişaf edir. Avropa və Transatlantika strukturlarına qovuşmaq istəyir. Yaxın günlərdə biz Slovakiyanın gələcəkdə Avropa Birliyinə üzv olması üçün bu qurumla danışıqlara başlayacağıq. Biz NATO-nun da üzvü olmağa hazırlaşırıq. Bilirik ki, Azərbaycan Avropa ölkəsidir və gələcək inkişafımızın bir çox istiqamətləri eynidir. Buna görə də həm Azərbaycana, həm də bizə, Slovakiyaya kömək edə biləcək qarşılıqlı məsləhətləşmələr, informasiya mübadiləsi üçün ümumi zəmin var.

Bu gün Azərbaycanın bir çox görkəmli nümayəndələri ilə danışıqlar aparmağa həqiqətən imkanımız oldu və çox şadıq ki, bütün bu danışıqlar çox konkret, qeyri-formal idi və aydın sübut edir ki, Sizin ölkəniz Slovakiya ilə iqtisadi, siyasi, mədəni əlaqələrin inkişafına, onunla bütün sahələrdə əməkdaşlığa həvəs göstərir.

Slovakiyada biz də gələcəkdə bu münasibətlərin inkişafına çox fəal başlamağa hazırıq. Bir az sonra iqtisadiyyat nazirimiz bizdə əməkdaşlıq üçün həqiqətən yaxşı baza olduğu və bunun ölkələrimiz arasında faydalı kooperasiyanı təmin edə biləcəyi barədə danışacaqdır. Bir sözlə, cənab prezident, Sizinlə görüşə bildiyimizə görə çox sağ olun. Biz həmçinin ümidvarıq ki, bu səfərdən sonra əməkdaşlığımız dinamik olacaq, qarşılıqlı surətdə faydalı prinsiplər əsasında həyata keçiriləcək və həm Azərbaycana, həm də Slovakiyaya kömək edəcəkdir.

Lyubomir Qarax (Slovakiyanın iqtisadiyyat naziri): Çox sağ olun, cənab prezident. Azərbaycana gəlmək və həmkarımla çox faydalı söhbət aparmaq imkanına görə mən də təşəkkür etmək istəyirəm.

Bizim biznesmenlər qrupunun da faydalı görüşləri olduğuna görə təşəkkür etmək istəyirəm. Konkret şəxsi əlaqələr barədə dəqiq informasiyam var və bunlar göstərir ki, iqtisadi münasibətlərimiz daha yaxşı ola bilər.

Biz energetika sahəsində əməkdaşlıqdan danışdıq. Slovakiya bu sahədə çox güclü kooperasiyaya hazırdır. Buna görə də dedim ki, Sizə ehtiyatlar, bizdə isə nəqliyyat var. Sizin ehtiyatların Avropa bazarlarına nəqli bizim yollar vasitəsilə həyata keçirilə bilər. Bu, Sizin üçün də, bizim üçün də çox faydalıdır. Düşünürəm ki, bu və digər istiqamətlərdə kooperasiyamız çox uğurla inkişaf edəcəkdir. Çox sağ olun.

Heydər Əliyev: Mən sizin ölkənizin prezidenti cənab Şuster ilə Yaltada görüşüb söhbət etdim, onu Davosda da gördüm. Biz onunla elə indi sizinlə danışdığımız mövzuda söhbət etdik. Onda cənab Şuster də, mən də ölkələrimiz arasında münasibətləri fəallaşdırmaq arzusunda olduğumuzu bildirdik. Bununla əlaqədar sizin səfərinizin əhəmiyyətli olduğunu bir daha vurğulayıram.

Şadam ki, siz bizim iqtisadi imkanlarımızla, iqtisadiyyatımızın vəziyyəti ilə müəyyən dərəcədə tanış ola bilmisiniz. Cənab nazir, siz doğru qeyd etdiniz ki, Azərbaycan Avropa ölkəsidir. Lakin Azərbaycan Avropanın ən ucqarında yerləşir. Azərbaycanın coğrafi-strateji mövqeyini də ümumən elə bu müəyyənləşdirir, yəni Azərbaycan Qərblə Şərqin, Avropa ilə Asiyanın qovuşuğunda yerləşərək, onların arasında münasibətlərin inkişafında çox mühüm rol oynayır. Bu baxımdan bizim kommunikasiya imkanlarımızı, TRASEKA proqramına uyğun olaraq Böyük İpək yolunun bərpasına dair gördüyümüz tədbirləri, böyük neft və qaz ehtiyatlarına malik olduğumuzu bilirsiniz.

Azərbaycan qədim neft diyarıdır, lakin son vaxtlar biz Azərbaycan dövlətinin yeni, müasir neft strategiyasını müəyyənləşdirmişik. Bu strategiya Xəzər dənizinin Azərbaycan sektorundakı və təbii ki, qurudakı, - belə ki, bizdə olduqca çox ehtiyatlara malik köhnə yataqlar var, - neft və qaz ehtiyatlarından fəal istifadə edilməsini nəzərdə tutur.

Beləliklə, bizim bu cür, sizin digər üstünlükləriniz var. Slovakiya Avropanın mərkəzində yerləşən ölkədir, hərçənd Şərqi Avropa ölkəsi sayılırdı. Bir vaxtlar sosialist sisteminə, - onda biz bunu qarşılıqlı iqtisadi yardım şurası və ya Varşava müqaviləsi adlandırırdıq, - daxil olan ölkələrə Şərqi Avropa ölkələri deyilirdi. Lakin Slovakiya coğrafi cəhətdən Avropanın mərkəzindədir. Mən özüm bilirəm və bizdə, Azərbaycanda da yaxşı məlumdur ki, hətta o illərdə - sosializm dövrü illərində də Çexoslovakiya yüksək inkişaf etmiş sənayesi, istehsal olunan malların yüksək keyfiyyəti, Çexiyada da, Slovakiyada da iri sənaye müəssisələrinin cəmləşməsi ilə fərqlənirdi. Ona görə də bütün bunlar fəal əməkdaşlığımıza əsas verir.

Biz sizinlə əməkdaşlıq etməyə, eləcə də İpək Yolu proqramına - TRASEKA proqramına daha fəal qoşulmağınıza hazırıq. Yeri gəlmişkən, Davosda buna bir sessiya həsr olunmuşdu və biz orada çıxış edərək bu yolun verdiyi imkanlardan danışdıq. Həqiqətən, dünyanın qloballaşması baxımından, - ABŞ prezidenti cənab Klinton Davosda öz nitqində bu barədə ətraflı danışdı, - Şərq və Qərb problemi indi çox böyük əhəmiyyətə malikdir. Bu mənada bizim sizinlə əməkdaşlığımız böyük aktuallıq kəsb edir.

Doğrudur, mənə dedilər ki, bu sahədə bizim uğurlarımız hələlik çox azdır. Axı, biz yenicə başlayırıq və bu baxımdan bizim imkanlarımızı öyrənməkdən ötrü səfərinizin sizin üçün də böyük əhəmiyyəti var. O, sizin imkanlarınızı öyrənmək, bu əməkdaşlığı hansı sahələrdə həyata keçirməyi müəyyənləşdirmək baxımından bizim üçün də əhəmiyyətlidir.

Baş nazir mənə məlumat verdi ki, siz bu məsələləri ətraflı müzakirə etmisiniz və mən bununla tam razıyam. Düşünürəm ki, fəal əməkdaşlığı təmin etmək üçün böyük imkanlar var.

Sizdə olduğu kimi, bizdə də bazar iqtisadiyyatının inkişafı ilə bağlı problemlər var, yəni biz eyni yolla - ölkələrimizi demokratik ölkələrə çevirmək, demokratik dövlət quruculuğu, bazar iqtisadiyyatını inkişaf etdirmək, özəlləşdirməni həyata keçirmək və s. yolu ilə gedirik. Sizdə bu proseslər gedir, ola bilsin, bir qədər çox irəliləmişdir. Bu proseslər bizdə də gedir. Biz xüsusən neft və qaz sektoruna xarici sərmayələrin cəlb edilməsində yaxşı uğurlar qazanmışıq. Özü də təkcə bu sektora yox. Bizdə iqtisadiyyat olduqca çoxsahəlidir, ona görə də başqa sektorlara da sərmayə qoyulur. Məsələn, bu gün mən siqaret istehsalı üzrə tamamilə yeni bir müəssisənin açılışında oldum. Bu müəssisəyə 50 milyon dollar məbləğində sərmayə qoyulmuşdur. Doğrudur, onun məhsulu mənim o qədər də ürəyimcə deyildir, çünki mən siqaret çəkmirəm və hamını da təbliğ edirəm ki, siqaret çəkməsinlər. Lakin bu, bizdən asılı deyildir. Siqaret çəkənlər onsuz da çəkəcəklər. Spirtli içkilər içən insanlar onsuz da içəcəklər.

Mən Moskvada işləyərkən, - bilirsiniz ki, mən Siyasi Büronun üzvü və Nazirlər Soveti sədrinin birinci müavini idim, - Qorbaçov və Siyasi Büronun bəzi digər üzvləri Sovetlər İttifaqında adamların spirtli içkiləri tərgitməsi vəzifəsini qarşıya qoymuşdular. Ancaq bütün bunlar elə kobud, inzibati və mənasız xarakter daşıyırdı ki, iqtisadiyyata xeyir əvəzinə, böyük zərər gətirdi.

Yeri gəlmişkən, onda mən Qorbaçova dedim, bilin ki, mənim xalqım, Azərbaycan xalqı içən xalq deyildir, çünki etiqad etdiyimiz islam dini spirtli içkiləri haram buyurur. Ona görə də bir azərbaycanlı, Azərbaycan xalqının nümayəndəsi kimi şəxsən məndən ötrü içmək və ya içməmək problemi yoxdur. Xalqımız əsasən içmir, lakin Sovetlər İttifaqında biz başqa xalqlarla çox yaxınlaşdığımıza görə, təbii ki, araq Azərbaycana da yol tapmışdır.

Eduard Kukan: Sizdə pivə də spirtli içki hesab edilir?

Heydər Əliyev: Bəli. Bilirsiniz, o vaxt iş cəfəngiyyata gəlib çıxmışdı. Mən Siyasi Büronun bu komissiyasının üzvü idim, lakin Nazirlər Soveti sədrinin birinci müavini olaraq ticarətə də kuratorluq edirdim. İş o yerə gəlib çıxdı ki, pivəni də spirtli içki hesab etdilər, ona görə də Moskvada bütün pivə zavodlarını bağlamağa başladılar. Halbuki, bundan bir neçə il əvvəl pivə zavodları, pivə istehsalı texnologiyaları satın almışdılar, o cümlədən Çexoslovakiyadan, onları da bağladılar. İş o yerə gəlib çıxdı ki, bir akademikin başçılıq etdiyi bir qrup leninqradlı alim yazdı ki, demə, uşaq kefirinin tərkibində də alkoqol var və kefir istehlakını qadağan etmək lazımdır.

Siz öz ölkənizin təcrübəsindən bilirsiniz ki konyunktura həmişə özünü göstərirdi. Bax, onda da dedilər ki, "gəlin, spirtli içkiləri ləğv edək". Azərbaycan bundan ziyan çəkdi. Ona görə yox ki, Azərbaycan içmək imkanından məhrum oldu, məhz ona görə ki, o illərdə, 70-ci illərdə biz üzümçülüyü geniş inkişaf etdirməyə başlamışdıq. Əslində, 70-ci illərin axırlarına - 80-ci illərin əvvəllərinə yaxın şərab materialının təxminən üçdə birini biz verirdik. Sovetlər İttifaqında 6 milyon ton üzüm istehsal edilirdi, onun təxminən 2 milyon tonu Azərbaycanda istehsal olunurdu. Biz üzüm plantasiyaları salınması üçün çox böyük iş aparırdıq. Doğrudur, xalqımız bundan hər halda fayda götürürdü, çünki üzüm çoxillik bitkidir və onu əkdikdən sonra məhsul götürmək üçün beş il vaxt lazımdır. Bütün bu beş il ərzində dövlət kolxoz və sovxozlarımızı maliyyələşdirir, böyük məbləğdə pul ayırırdı ki, sonra məhsul əldə edilsin. Bunun hesabına kəndlərimiz çox varlandı, insanlar özlərinə yaxşı evlər tikdilər, avtomobil aldılar və sair. Heyif ki, 80-ci illərin təxminən ortalarında bu üzüm bağlarına kotan salıb onları məhv etməyə başladılar.

Mən bu keçmişi xatırlamaqla demək istəyirəm ki, sosialist sistemində belə hallar olub, bizdə də, sizdə də bunlarla qarşılaşmışlar. Ona görə də keçid dövrü sizin üçün də, bizim üçün də çətindir. Buna baxmayaraq, biz özəlləşdirmə yolu ilə gedirik.

Dedim ki, bu gün mən yüksək keyfiyyətli siqaret istehsal edən müəssisəyə getmişdim. Yenə deyirəm, mən siqaret çəkmirəm, amma siqaret çəkməyi qadağan etmək qeyri-mümkündür, spirtli içkilər içilməsinin qadağan olunmasına yönəldilmiş tədbirlər də bax beləcə uğursuzluğu düçar oldu. Amma bu məhsul lazımdır. Bu müəssisəyə 50 milyon dollar məbləğində sərmayə qoymuşlar və o, 5 aya tikilmişdir. Əvvəllər çox pis yaşayan kollektiv indi daha yüksək əmək haqqı almağa başlamışdır, müasir texnologiya ilə işləyir. Ona görə də xarici sərmayələrin cəlb edilməsi bizim üçün, zənnimcə, sizin üçün də, böyük əhəmiyyətə malikdir.

Bizim imkanlarımız genişdir. Neft sektoruna böyük sərmayələr gəlir. Bizdə kənd təsərrüfatı sektoruna, xalq istehlakı malları, - mən həm ərzaq, həm də sənaye mallarını nəzərdə tuturam, - istehsal sahəsinə də böyük həcmdə sərmayə qoymaq olar.

Baş nazir mənə dedi ki, konkret sahələr var və biz əməkdaşlığı artıq təşkil edə bilərik. Mən bunu bəyənirəm və hesab edirəm ki, sizin səfərinizlə bünövrəsi qoyulan başlanğıc gələcəkdə bu baxımdan çox uğurlu olacaqdır.

Mənə dedilər ki, siz Azərbaycanın Xarici İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə sənədlər imzalayacaqsınız. Artıq bu, yaxşı başlanğıcdır. Bizim xarici işlər naziri mənə məruzə etdi ki, digər sənədlərə də dair layihələr var. Bu sənədləri hazırlamaq, razılaşdırmaq və onları ya ölkənizə bizim səfərimiz zamanı, yaxud da sizin rəhbərliyinizin Azərbaycana növbəti səfəri zamanı imzalamağa imkan tapmaq olar. Bir sözlə, başlanğıc yaxşıdır və şadam ki, dəvətimizi qəbul edib, respublikamıza gəlmisiniz. Hesab edirəm ki, bu başlanğıc münasibətlərimizin inkişafı üçün yaxşı perspektiv açır.

Eduard Kukan: Bəli, həqiqətən, həmkarımla biz xarici işlər nazirlikləri arasında əməkdaşlıq haqqında protokol imzalayacağıq və ondan nazirlər, departament direktorları səviyyəsində daim siyasi dialoq, məsləşətləşmələr aparmaq, müxtəlif beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq üçün istifadə edəcəyik.

Əlbəttə, biz siyasi dialoqu davam etdirmək istərdik. Ona görə də həmkarımı bu il Slovakiyaya səfərə dəvət etmişəm. Siz bildirdiniz ki, bu yaxınlarda Yaltada, Ukrayna prezidenti Kuçmanın təşkil etdiyi konfransda Slovakiya prezidenti ilə görüşmüsünüz və mən belə başa düşdüm ki, prezidentimiz Sizi Slovakiyaya rəsmi səfərə dəvət etmişdir.

Heydər Əliyev: Mən onu dəvət etdim, o da məni dəvət etdi.

Eduard Kukan: Mənə məhz belə də bildirmişdilər ki, prezidentlər bir-birini rəsmi səfərə dəvət etmişlər və indi kimin birinci gələcəyini razılaşdırmaq lazımdır. Mən bu fürsətdən istifadə etmək və Slovakiya prezidenti adından Sizə xatırlatmaq istərdim ki, bir qədər sonra razılaşdıracağımız vaxtda Siz bizə, Slovakiyaya səfər edə bilsəniz, biz bundan çox şad olacağıq.

Şadam ki, Sizin parlamentin sədri ilə görüşə bildim. Çünki parlamentlər arasında münasibətlər də çox vacibdir və biz bu istiqamətdə də əlaqələr yaratmaq istərdik.

Siz sərmayələr haqqında danışdınız. Öz iqtisadiyyatını gələcəkdə daha fəal inkişaf etdirmək üçün sərmayələr Slovakiyaya da çox gərəklidir. Xarici sərmayələrə böyük ehtiyacımız var, buna görə də Qərbin banklarının və ya iri şirkətlərinin Slovakiyaya gəlməsini, onların ölkəmizə sərmayə qoymasını təşviq edəcək qanunlar qəbul etmişik. Siz dediniz ki, təsərrüfatınızın inkişafı üçün bu da lazımdır. Xarici sərmayələrə bizim də ehtiyacımız çoxdur və ümidvarıq ki, onlar Slovakiya iqtisadiyyatını irəlilətməyimizə kömək edəcəkdir.

Onu da demək istərdim ki, biz Slovakiyanın bütün qonşuları ilə çox yaxşı, mehriban qonşuluq münasibətləri yaratmağa müvəffəq olmuşuq. Biz çexlərlə çox mehriban yaşayırıq, onlarla münasibətlərimiz çox yaxşıdır. Mağarlarla keçmişdə bəzi problemlərimiz vardı, indi isə Slovakiyadakı macar milli azlığını təmsil edən siyasi partiya hökumətimizə daxildir. Bizdə hökumət dörd siyasi partiyadan ibarət koalisiyadır, onlardan biri macarların partiyasdıır.

Əlbəttə, biz bu gün mehriban qonşuluq münasibətlərini bundan sonra da inkişaf etdirmək istəyirik. Deyərdim ki, bu, Avropa Birliyinə daxil olmaq üçün hazırlıqır. Çünki biz həqiqətən Mərkəzi Avropa dövləti olduğumuzu sübut etmək istəyirik, sağ olun ki, siz coğrafi və siyasi terminologiyanı düzgün işlədirsiniz. Çünki biz də həmişə deyirdik ki, biz haradan Şərqi Avropa ölkəsi olduq, axı, biz Avropanın mərkəzindəyik və buna görə də bizim haqqımızda Mərkəzi və ya Orta Avropa ölkəsi deyilməsinə üstünlük veriririk, - biz sübuta yetirmək istəyirik ki, əgər bizim, Mərkəzi Avropa ölkələrinin, ikitərəfli münasibətlərdə hətta bəzi problemlərimiz varsa da, biz onları normal şəkildə, sivil qaydada həll edə bilərik. Ona görə də biz ümumi Avropa ailəsinə qarşılıqlı problemlər gətirməyəcəyik, sübut etmək istəyirik ki, bura orta Avropa zonasıdır, tarixə nəzər salsaq görərik ki, ikinci dünya müharibəsi bu zonadan başlamışdır. Doğrudur, bizdə heç də həmişə belə yaxşı olmayıbdır, amma indi sübut etmək istəyirik ki, bu bölgə sabitdir və Avropa Birliyinin gələcək inkişafına heç bir təhlükə, siyasi risk törətmir.

İqtisadiyyatın inkişafı barədə. Əlbəttə, biz böyük dəyişikliklər etməliyik, çünki keçmiş Çexoslovakiyada iqtisadiyyatın strukturu tamam başqa cür idi. İndi Slovakiya müstəqil ölkə kimi inkişaf edir. Bizdə böyük müəssisələr, ağır sənaye, müdafiə sənayesi var, onlar burada hələ Çexoslovakiya dövründə cəmləşdirilmişdir. İndi biz konversiya keçiririk. Odur ki, məsələlərimiz olduqca çoxdur. Siyasi düzəlişlər etmək olar, qanunları nisbətən asanlıqla qəbul etmək, müxtəlif tədbirlər görmək mümkündür, lakin iqtisadiyyatı yenidən qurmaq, əlbəttə, daha çətin vəzifədir. Buna baxmayaraq, biz bu vəzifəni yerinə yetiririk. Çexiya, Polşa və Macarıstan nə vaxt Avropa Birliyinin üzvləri olacaqsa, biz də təxminən həmin vaxtda bu təşkilatın üzvü olmaq niyyətindəyik. Çünki biz, - Vışeqrad dördlüyü adlandırdığımız dörd ölkə, - bu regional strukturda çox sıx əməkdaşlıq edirik və siyasi məsələlər, müdafiə məsələləri və digər bütün xətlər üzrə xarici siyasət fəaliyyətimizi əlaqələndiririk. Bir sözlə, az-çox eyni səviyyədə olan dövlətlərin bu əməkdaşlığı bizim hamımıza kömək edir və hamıya göstərir ki, həqiqətən çox səmərəli işləyə bilərik, Orta Avropa indi sabitlik zonasıdır.

Biz buradakı bütün danışıqlarımızda Dağlıq Qarabağ problemini xatırlayırdıq. Başa düşürük ki, bu, çox böyük problemdir, ölkənizin bütün inkişafını çətinləşdirir, mürəkkəbləşdirir. Cənab prezident, biz erməni həmkarlarınızla Sizin bütün siyasi əlaqələrinizi izləyirik. Ümidvarıq ki, Siz hər halda problemin həlli yolunu tapacaqsınız. Əgər problem sülh yolu ilə həll edilərsə, məncə, bütün Avropa və bütün dünya bunu alqışlayardı. Başa düşürəm ki, bu, çox ağır, çox mürəkkəb və çox uzun sürən bir işdir. Ancaq, zənnimcə, bu, həmin məsələnin həllinin ən yaxşı üsuludur və biz Ermənistan prezidenti ilə Sizin görüşlərinizi müsbət əlamət kimi qiymətləndiririk. Minsk qrupu artıq 12 ildir çalışır, nəticələr isə azdır. Məncə, belə ikitərəfli danışıqlarda bu son dərəcə ağır vəziyyətdən çıxış yolunu tapmaq imkanları daha çoxdur.

Cənab prezident, Sizdən MDB-nin gələcəyini necə təsəvvür etdiyinizi soruşa bilərəmmi? Çünki bu, bizim üçün də vacib məsələdir. Biz aydın bəyan etmişik ki, Avropa Birliyinin üzvü olmaq istəyirik, NATO-ya daxil olmaq istəyirik. Digər tərəfdən, biz Rusiya ilə normal münasibətlərin inkişafına həvəs göstəririk, axı, bizim qarşılıqlı əməkdaşlığımızın, xüsusən iqtisadi sahədə əməkdaşlığımızın böyük tarixi var. Odur ki, biz bu əməkdaşlığı davam etdirməyə həvəs göstəririk. Bizim siyasi sahədə də imtiyazlı deyil, əksinə, ölçülüb-biçilmiş münasibətlərimiz var. Biz bu münasibətləri gələcəkdə də saxlamaq istəyirik.

Əlbəttə, Rusiyada tezliklə yeni rəhbərlik olacaq - mart ayında orada prezident seçkiləri keçiriləcəkdir. Təbii ki, biz hamımız bunun gedişini izləyirik və istəyirik ki, Rusiya öz problemlərini həll etsin, beynəlxalq həyatın müsbət iştirakçısı olsun, beynəlxalq münasibətlərdə özünəməxsus yeri tutsun. Bir sözlə, Müstəqil Dövlətlər Birliyinin necə inkişaf edəcəyi çox mühüm məsələdir.

Heydər Əliyev: Bunu eşitmək xoşdur ki, sizin qonşularınızla mehriban, yaxşı münasibətləriniz var, həqiqətən indi Avropada bu vaxtadək olmayan sabitlik və əminlik mövcuddur. Məsələn, mən hesab edirəm ki, bu, bütün Avropa ölkələrinin inkişafı üçün həlledici amildir. Sizin qonşularınızla mehriban, yaxın münasibətləriniz ölkənizin gələcək inkişafı üçün çox mühüm amildir. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məruz qaldığımız ağır vəziyyəti nəzərə alaraq bunu deyirəm.

Bizim də qonşularımızla münasibətlərimiz yaxşıdır. Rusiya bizim qonşumuzdur - aramızda mehriban və yaxşı münasibətlər var və istəyirik ki, bu münasibətlər belə də olsun. Doğrudur, kimsə bu münasibətlərə kölgə salmaq istəyir, kimsə fitnəkarlığa əl atır, kimsə Çeçenistanda indiki vəziyyətdən istifadə edərək Moskvanın kütləvi informasiya vasitələrində yalan məlumatlar yayır, mən axırıncı dəfə Moskvada olarkən buna etirazımı bildirdim. Rusiya prezidentinin vəzifəsini icra edən cənab Putin də açıq bəyan etdi ki, mətbuatda yazılanlar və ya televiziya ilə deyilənlər Rusiya dövlətinin rəsmi mövqeyi deyildir. Buna baxmayaraq, bu, bizi narahat edir, o mənada ki, Rusiya sizin üçün olduğu kimi, bizim üçün də böyük əhəmiyyətə malikdir. Biz bir çox onilliklər və yüzilliklər ərzində Rusiya ilə bağlı olmuşuq. Bundan başqa, iqtisadiyyatda böyük inteqrasiyamız olmuşdur, özü də təkcə Rusiya ilə deyil, həm də keçmiş Sovet İttifaqının bütün ölkələri ilə.

Qonşumuz olan Türkiyə ilə çox mehriban, yaxşı münasibətlərimiz var. Çox mehriban.

Bizim Gürcüstanla yox yaxşı, mehriban münasibətlərimiz var. Siz yəqin ki, orada olacaqsınız? Dostum Eduard Şevardnadzeyə - Gürcüstan prezidentinə məndən salam yetirin.

Bizim İranla da yaxşı münasibətlərimiz var. Hərçənd, bu münasibətləri mürəkkəbləşdirmək istəyən qüvvələr də var. Çünki bəzi məqamlar var. Azərbaycan demokratik, dünyəvi ölkədir, məhz dünyəvi xarakterli inkişaf yolu ilə gedir. İranın isə, əlbəttə, öz xarici və daxili siyasəti var, biz bunun əleyhinə heç nə deyə bilmərik. Ümumiyyətlə, biz bir-birinin işlərinə, qonşularımızın, yaxın və uzaq ölkələrin işlərinə qarışmamaq mövqeyində dururuq. Bu, bütün dünyada ölkələr arasında qarşılıqlı münasibətlərin əsas prinsiplərindən biridir. Hərdən bəzi uydurma məsələlər, problemlər olur. Amma, təkrar edirəm, bizim İranla böyük ticarətimiz, yaxşı münasibətlərimiz var və biz bu münasibətləri inkişaf etdirəcəyik.

Ermənistanla isə… bilirisiniz ki, əslinə qalsa, bu münaqişənin təşəbbüsçüsü Ermənistandır. Hələ 1988-ci ildə onlar Dağlıq Qarabağı Ermənistanla birləşdirməyə cəhd göstərdilər, münaqişə başlandı, genişlənib müharibəyə çevrildi. Bu müharibə bir çox azərbaycanlıların da, ermənilərin də həyatına son qoymuşdur, çoxlu qan tökülmüşdür. Müxtəlif səbəblərdən Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar hazırda Ermənistan silahlı birləşmələrinin işğalı altındadır, oradan bir milyonadək azərbaycanlı zorla çıxarılmışdır. Onlar çadırlarda yaşayır, təbii ki, işsizdirlər və Azərbaycanda çox böyük sosial-iqtisadi çətinliklər yaşayırlar.

Doğrudur, 1994-cü ilin mayında biz məsələni sülh yolu ilə həll etmək üçün atəşkəs haqqında saziş bağladıq. Əlbəttə, Minsk qrupu fəal işləyir, az iş görməyibdir. Minsk qrupunun fəaliyyəti sayəsində 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə biz münaqişənin sülh yolu ilə nizama salınması üzrə razılaşmamız üçün əsas ola biləcək sənədi hər halda əldə edə bildik. Lakin Ermənistan tərəfi bu prinsiplərlə razılaşmadı. Prinsiplər isə adidir, beynəlxalq hüquq normalarına əsaslanır. Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək özünüidarə statusu verilməsi və Dağlıq Qarabağın əhalisinin - həm erməni, həm də azərbaycanlı əhalisinin təhlükəsizliyinin təmin edilməsi.

Oranın əhalisi az - cəmi 170 min nəfər idi. Onların təxminən 30 faizi azərbaycanlılar, 70 faizi isə ermənilər idi. Azərbaycanlıların hamısı qovulub çıxarılıb, ermənilər orada yaşayırlar, lakin onların da yarısı, köçüb getmişdir. Bir sözlə, görürsünüz, o qədər də çox adamın yaşamadığı kiçik bir ərazi üstündə iki ölkə, iki xalq arasında münaqişə yaradılmışdır.

Çox şey itirməyimizə, bizə olduqca böyük maddi, mənəvi, siyasi ziyan vurulduğuna baxmayaraq, biz məsələnin dincliklə nizama salınması mövqeyində möhkəm dayanmışıq. Həmsədrlərin - Rusiyanın, Amerika Birləşmiş Ştatlarının və Fransanın fəaliyyəti ilə yanaşı, Ermənistan və Azərbaycan prezidentləri arasında birbaşa dialoq aparmaq zərurəti də məhz bundan irəli gəlir. Bu dialoq ötən ilin aprelində Vaşinqtonda başlamışdır, biz bir neçə dəfə görüşmüşük, axırıncı görüş bu yaxınlarda Davosda oldu. Mən bu görüşləri müsbət qiymətləndirirəm, proses çətin getsə də, onlar bizi sülhə yaxınlaşdırır.

Biz bunu əsas tuturuq ki, hər iki tərəfdən kompromislər olmalıdır. Lakin kompromislərin də həddi var və onu keçmək olmaz. Ona görə də biz indiyədək ümumən kompromislərin elə bir həddini tapa bilməmişik ki, Ermənistan və Azərbaycan buna gedə bilsin.

Bununla belə, bu, Minsk qrupunun fəaliyyətinin güclənməsi ilə yanaşı, bəlkə də məsələnin həllinin həqiqətən ən səmərəli kanalıdır. Mən hamıdan eşidirəm, siz də dediniz ki, dünyanın bütün dövlətləri Ermənistan və Azərbaycan prezidentlərinin görüşlərini bu məsələnin dincliklə nizama salınması üçün müsbət hal kimi qarşılayır. Bu, şəxsən məni daha çox ruhlandırır, ruhlandırır ki, biz bu prosesi davam etdirməliyik. Biz axırıncı dəfə Davosda görüşərkən münaqişənin dincliklə həllinə nail olmaq üçün məhz bu barədə razılığa gəldik.

Əlbəttə, biz yaxşı başa düşürük ki, məsələnin hərbi yolla həllinə qayıtmaq Ermənistan üçün də, bizim üçün də çox ağır nəticələrlə bağlıdır. Elə dünya ictimaiyyəti də Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların başlanmasını çətin ki, təqdir etsin. Lakin bunu Ermənistanda daha çox başa düşməlidirlər. Çünki məhz Ermənistan tərəfindən konstruktivizm daha çox olmalıdır, o, Azərbaycan ərazisinin 20 faizini işğal etmişdir. Biz Ermənistan ərazisinin bir metrini də işğal etməmişik. Onlar bir milyon azərbaycanlını öz yaşayış yerlərindən didərgin salmışlar, biz heç kəsi qovmamışıq.

Münaqişənin başlanğıc mərhələsində onlar azərbaycanlıları Ermənistandan qovdular. Yeri gəlmişkən, azərbaycanlılar həmin ərazidə əsrlər boyu yaşamışlar və onu özlərinin doğma torpaqları hesab etmişlər - biz bu gün də belə hesab edirik. Sadəcə, Sovetlər İttifaqı yaradılarkən respublikalar təşkil edildikdən sonra sərhədlər belə müəyyənləşdirilmişdi.

Söz yox ki, Azərbaycanda yaşayan ermənilər də buradan köçüb getdilər. Doğrudur, burada onlar Ermənistanın müəyyən zonasında yığcam şəkildə yaşayan azərbaycanlılar kimi yığcam yaşamırdılar.

Lakin indi, bunların hamısı olub-keçəndən sonra sülh lazımdır. İnanıram ki, əgər biz razılığa gələ, münaqişənin nizama salınması formulunu tapa və Ermənistanla Azərbaycan arasında sülhə nail ola bilsək, - biz Azərbaycanda bunu çox istəyirik, - bunun təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də bütövlükdə dünya birliyi üçün, xüsusən Qafqaz, Cənubi Qafqaz üçün böyük müsbət nəticəsi olacaqdır. Bildiyiniz kimi, Gürcüstanda da münaqişələr var, lakin onlar daxili xarakter daşıyır. Burada isə münaqişə iki ölkə arasındadır, iki müstəqil dövlət arasındadır.

Sizə dediyim kimi, Qafqaz Şərq və Qərb, İpək yolu, TRASEKA, İNOQEYT proqramları və digər proqramlar baxımından çox böyük əhəmiyyət kəsb edir. Ona görə də İstanbulda mən Cənubi Qafqaz ölkələrinin təhlükəsizlik, sülh və əməkdaşlıq paktını yaratmaq təklifini irəli sürdüm və bir çox dövlətlərə müraciət etdim. Lakin bu, yalnız münaqişənin nizama salınmasının həlli yolu tapıldıqdan, Ermənistanla Azərbaycan arasında sülh əldə edildikdən sonra həyata keçirilə bilər. Düşünürəm ki, belə də olacaqdır. Mən bunun alternativlərini görmürəm. Daim düşmənçilikdə, daim münaqişədə olmaq, görünür, ermənilər üçün də ağır olacaq, azərbaycanlılar üçün də asan olmayacaqdır. Ona görə də biz yol tapmalıyıq.

Təkrar edirəm, mən çox şadam ki, bütün ölkələrdə, bəyan etdiyiniz kimi, o cümlədən sizin ölkənizdə bu münaqişənin dincliklə nizama salınmasını gözləyir, bizim birbaşa dialoqumuzu alqışlayırlar. Hesab edirəm ki, biz buna nail olacağıq. Siz Gürcüstanda, Ermənistanda olacaqsınız. Ümidvaram ki, siz orada vəziyyəti görəcəksiniz. Ümidvaram, siz bu arzuları Ermənistandan da bildirəcəksiniz ki, biz sülhə yaxınlaşa bilək. Hər halda, Azərbaycan bu mövqelərdə möhkəm dayanmışdır və biz bu mövqelərdə axıradək dayanacağıq.

MDB-yə gəldikdə, o, lap əvvəldən hansısa bir mütəşəkkil təşkilata çevrilmədi. Bunun səbəbləri var, onların üzərində dayanmaq istəmirəm. Lakin biz, MDB -nin üzvləri bir yerə toplaşanda hamımız eyni bir şeydən danışır və deyirik ki, MDB-yə daxil olan ölkələrin bütün imkanlarından əməkdaşlıq üçün həqiqətən istifadə olunmasından ötrü MDB-ni daha mütəşəkkil, dinamik təşkilata çevirmək lazımdır.

Amma vəziyyəti çətinləşdirən məsələlər də var. Məsələn mən hələ 1993-cü ildə bəyanat vermişdim, sonra onu daha bir neçə dəfə təkrar etdim. Başa düşürsünüzmü, beynəlxalq təşkilat olan MDB-də onun üzvü olan iki dövlətin bir-biri ilə müharibə aparması, hərbi münaqişədə olması ağlasığmazdır. Siz Avropada, Avropa Birliyində və ya hər hansı digər ittifaqlarda belə şeyə rast gələ bilərsinizmi? Rast gələ bilməzsiniz. Burada isə belə şey var və bu, bizim vəziyyətimizi çətinləşdirir.

Lakin təkcə bu deyil. MDB-nin daxilində başqa ziddiyyətlər də var. Biz hesab edirik ki. MDB yaradıldığı məqsədə xidmət edən təşkilata çevrilə bilər. Amma bundan ötrü Rusiyanın geniş fəaliyyəti gərəkdir. Çünki Rusiya özünün həm iqtisadi, həm siyasi, həm hərbi potensialına görə, ərazisinə və əhalisinin sayına görə MDB ölkələri arasında çox böyük yer tutur. Ona görə də bu baxımdan Rusiya öz daxilində vəziyyəti sabitləşdirməli, bununla da MDB ölkələrini sıx birləşdirmək üçün müsbət rol oynamalıdır.

Biz - MDB dövlət başçıları axırıncı dəfə yanvarın 24-25-də Moskvada görüşdük. Yeri gəlmişkən, bilirsinizmi, hamı belə bir əhval-ruhiyyədə idi ki, - bu, çıxışlarımızda da öz əksini tapdı, - əgər MDB dövlət başçıları yanvarın 25-də Moskvada görüşərkən yaranmış ruhu saxlaya bilsək, MDB-nin həyatında yeni mərhələyə başlamaq üçün real imkana malikik. Lakin, görünür, bunu Rusiyada prezident seçkiləri keçirildikdən sonra daha konkret şəkildə hiss edə biləcəyik. Yəqin ki, bundan sonra biz yenidən görüşəcəyik.

Azərbaycanın mövqeyi belədir ki, MDB-nin yaradıldığı məqsədə xidmət edən təşkilat olması üçün real, qarşılıqlı surətdə faydalı, səmimi, mehriban əməkdaşlıq etmək lazımdır.

Eduard Kukan: Bu, iki məsələ üzrə həqiqətən çox dərin təhlildir. Əlbəttə, biz arzu edirik ki, Siz Ermənistanla danışıqlarda problemin dincliklə həllinə nail olasınız. Bu işi uğurla axıra çatdırmaq üçün Sizə səbr arzulayırıq.

MDB haqqında dedikləriniz barədə. Əlbəttə, məncə, bütün Avropa ölkələri istəyirlər ki, Rusiyada daxili siyasi vəziyyət sabit olsun. Sabit Rusiyanın olması çox mühüm və çox yaxşıdır. Biz istəyirik ki, Rusiya islahatlar yolu ilə inkişaf etsin, ancaq bu, onların daxili işidir və onu özləri həll etməlidirlər. Biz buna hörmət edəcəyik. Lakin Avropada daha sakit vəziyyət üçün Rusiyada vəziyyətin sabit olması vacibdir ki, biz bu ölkənin gələcək inkişafının necə olacağını yəqin edə və müəyyənləşdirə bilək.

Cənab prezident, Siz ikitərəfli əməkdaşlığımız haqqında doğru dediniz ki, baş nazirin yanında söhbət zamanı biz çox konkret layihələrdən danışdıq. Mənə verilmiş məlumata görə, bu danışıqlardan təxminən bir neçə gün sonra biz müqavilə bağlanması və ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığa, ticarətə və biznesə başlanması üçün buraya konkret təkliflər göndərəcəyik. Əminəm ki, bu əməkdaşlıq gələcəkdə genişlənəcəkdir.

Bu söhbətə görə çox sağ olun. Ölkənizin gələcək inkişafı barədə bütün bu ideyaları, fəlsəfəni Sizdən eşitmək mənim üçün çox mühüm idi. İcazə verin, Slovakiya hökuməti adından Sizə müstəqil Azərbaycanın inkişafı yolunda ən xoş arzularımı bildirim. Arzu edirəm ki, Siz bütün məsələlərin həlli yollarını tapasınız, hərçənd, onlar çox mürəkkəbdir, ağırdır. Ölkələrimizə arzu etmək istəyirəm ki, yaxşı gələcəyimiz olsun, bir-birimizi tədricən daha yaxşı tanıyaq, çünki daha uğurlu əməkdaşlığın şərtlərindən biri də budur.

Nümayəndə heyətimizin ölkənizə səfərinə, əməkdaşlığımızın gələcəkdə daha fəal inkişafı məqsədi ilə bütün bu danışıqların həqiqətən nəinki səmimi, həm də konkret, - bu isə xüsusilə vacibdir, - olması üçün çox yaxşı şərait yaratdığınıza görə Sizə bir daha təşəkkür etmək istəyirəm.

Heydər Əliyev: Azərbaycana göstərdiyiniz diqqətə görə, səfərinizə görə sizə təşəkkür edirəm. Ümidvaram ki, bu səfər münasibətlərimizin inkişafında mühüm rol oynayacaqdır.

Xalqınıza, ölkənizə arzu edirəm ki, qarşınıza qoyduğunuz bütün vəzifələr uğurla həyata keçirilsin. Xüsusilə arzu edirəm ki, siz öz məqsədinizə çata biləsiniz - Avropa Birliyinin üzvü olasınız, NATO-ya daxil olasınız və Avropa cəmiyyətinin tam hüquqlu üzvü olasınız. Xalqınıza ən xoş arzularımı bildirirəm.


"Azərbaycan" qəzeti, 3 fevral 2000-ci il.