Xalq artisti Xuraman Qasımovaya - 5 iyun 2001-ci il


Hörmətli Xuraman xanım!

Sizi - Azərbaycan musiqi mədəniyyətin görkəmli nümayəndəsini yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz Azərbaycanda milli vokal sənətini, opera ifaçılığının inkişafında, onun yeni mərhələyə yüksəlməsində böyük xidmətləri olan bir sənətkar kimi dərin hörmət qazanmısınız. Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının Sizin ifanızda səslənən əsərləri yaradıcılığınızın ən müxtəlif çalarlarını üzə çıxarır. Sənətkarlığınızın dərin və yaradıcı günü sayəsində böyük professionallıqla ifa etdiyiniz bu nadir sənət inciləri dinləyicilərimizin yaddaşına birdəfəlik həkk olunmuşdur.

Axtarışlarla dolu qaynar yaradıcılıq fəaliyyəti Sizi sənət meydanında layiq olduğunuz zirvələrə ucaltmışdır. Məlahətli səs, böyük ustalıq və yüksək səhnə mədəniyyəti ilə səciyyələnən bu yaradıcılıq dünyası sənətkar şəxsiyyətinizin parlaq ifadəsidir. Uzun illərdən bəri solisti olduğunuz Azərbaycan Dövlət Opera və Balet teatrında ifa etdiyiniz partiyalar milli musiqi mədəniyyətimizin zəngin xəzinəsinə əbədi daxil olmuşdur.

Ölkəmizdə və eləcə də onun sərhədlərindən kənarda çıxışlarınızla siz Azərbaycan musiqi mədəniyyətini ləyaqətlə təmsil etmiş, onun şöhrətini yüksəklərə qaldırmısınız.

Kinofilmlərdə yaratdığınız obrazlar istedadınızın çoxşaxəli xarakter daşımasına dəlalət edir. Musiqi Akademiyasında vokal kafedrasının müdiri kimi göstərdiyiniz pedaqoji fəaliyyət də təqdirəlayiqdir. İnanıram ki, çoxlu sayda sənətkar Sizin keçdiyiniz və hələ neçə illər keçəcəyiniz yaradıcılıq yolundan bir məktəb kimi bundan sonra da bəhrələnəcək və musiqi mədəniyyətimizin daha da çiçəklənməsi işinə öz töhfələrini verəcəkdir.

Bu yubiley gününüzdə Sizə cansağlığı, xoşbəxtlik və yeni-yeni yaradıcılıq sevincləri arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
 
"Azərbaycan" qəzeti, 6 iyun 2001-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT