Azərbaycan Prezidenti Heydər Əliyevin Yaponiya Xarici Ticarətin İnkişafı Təşkilatının sədri Toyoşimo Toro ilə görüşmüşdür - Tokio, 24 fevral 1998-ci il


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev fevralın 24-də Tokioda onun üçün ayrılmış iqamətgahda Yaponiya Xarici Ticarətin İnkişafı Təşkilatının (CETRO) sədri Toyoşimo Toro ilə görüşmüşdür.

CETRO-nun sədri Azərbaycan Prezidenti Heydər Əliyevi səmimi salamlayaraq onun Yaponiyaya ilk rəsmi səfərinin uğurla başlanmasından məmnun qaldığını və ölkələrimizin əlaqələrinin gələcək inkişafı baxımından bu səfərin çox böyük rol oynayacağına əmin olduğunu bildirdi.

Sonra cənab Toro başçılıq etdiyi təşkilat barədə dövlətimizin rəhbərinə ətraflı məlumat verdi. Qeyd olundu ki, 1958-ci ildə yaradılmış CETRO qeyri-kommersiya təşkilatıdır və hökumətin himayəsi altında fəaliyyət göstərir. Onun əsas vəzifəsi beynəlxalq ticarətin ahəngdar inkişafına nail olmaq üçün xarici ölkələrlə ticarət əlaqələrini möhkəmləndirməkdir. CETRO ölkəyə idxalın artırılmasına, digər dövlətlərlə Yaponiya arasında sənaye istehsalı sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə, inkişaf etməkdə olan ölkələrdə ticarət və sənayenin yüksəlişinə, mütəxəssis və informasiya mübadiləsinə kömək edir, Beynəlxalq ticarətin və dünyada iqtisadi fəaliyyətin təhlili sahəsində çoxillik təcrübəyə malikdir. Belə bir cəhət də vurğulandı ki, CETRO-nun təklif etdiyi informasiya və xidmətlər pulsuzdur və maraqlanan bütün şəxslər, şirkətlər, təşkilatlar bunlardan istifadə edə bilərlər.

Cənab Toro dedi ki, onun rəhbərlik etdiyi təşkilat yeni müstəqillik qazanmış ölkələrlə, o cümlədən, bunların sırasında mühüm yer tutan Azərbaycanla əlaqələr yaradılmasına böyük maraq göstərir. Son vaxtlar Yaponiya şirkətlərini ölkəmizə marağının artmasını məmnunluq doğurduğu vurğulandı. Təşkilatın sədri dedi ki, biz Azərbaycan Respublikasına müxtəlif sahələrdə köməyimizi təklif edə bilərik və bu, müstəqil dövlətinizin iqtisadiyyatının inkişafı üçün faydalı olar. Cənab Toro kiçik və orta biznesin inkişafına kömək etmək üçün Azərbaycana öz mütəxəssislərini göndərməyə hazır olduğunu bildirdi, Azərbaycan üçün stajçı hazırlamaq məsələsi qaldırdı.

Prezicent Heydər Əliyev verilən məlumatdan razı qaldığını söyləyərək CETRO-nun fəaliyyətindən xəbərdar olduğunu bildirdi və onunla əməkdaşlığın Azərbaycan-Yaponiya əlaqələrinin inkişaf etdirilməsi üçün yeni imkanlar aça biləcəyini vurğuladı.

Dövlətimizin rəhbəri Azərbaycanın potensial imkanları haqqında danışaraq dedi ki, bütün bunlar, yəni respublikamızın zəngin təbii sərvətləri, xüsusilə enerji ehtiyatları, əlverişli strateji mövqeyi dünyanın bir çox ölkələrinin diqqətini cəlb edir. Biz dünya iqtisadiyyatına qovuşmaq yolu seçmişik və bunun üçün Azərbaycanın qapılarını geniş açmışıq. Dünyanın ən böyük neft şirkətləri ilə imzalanmış müqavilələr Xəzərin Azərbaycan sektorundakı təbii yanacaq ehtiyatlarından səmərəli istifadə etməyə imkan verəcəkdir. Bu işdə Yaponiya şirkətlərinin də iştirak etdiyini xatırladan prezident Heydər Əliyev gələcəkdə onlarla əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu söylədi. Dövlətimizin başçısı bazar münasibətlərinə keçidlə əlaqədar respublikamızda aparılan tədbirlərdən, o cümlədən xarici ticarətin sərbəstləşdirilməsindən, əcnəbi iş adamlarının sərmayələrinin qorunması üçün hüquqi bazanın yaradılmasından da danışdı.

Prezident Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının üzləşdiyi problemlərdən söhbət açaraq dedi ki, bunlardan ən ağırı Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və onun doğurduğu çətinliklərdir. Lakin biz münaqişəyə ədalətlə, ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında sülh yolu ilə son qoyulmasına çalışır, ölkəmizin haqq işinə dünya dövlətlərinin, o cümlədən Yaponiyanın dəstək verəcəyinə ümid bəsləyirik.

Respublikamızın rəhbəri beynəlxalq ticarətin inkişafı üçün tranzit yolların əhəmiyyətini vurğulayaraq "böyük İpək yolu"nun bərpası ilə bağlı baş nazir cənab Haşimotonun irəli sürdüyü diplomatiyanı yüksək qiymətləndirdiyini bildirdi. Eyni zamanda qeyd olundu ki, Avropanı Mərkəzi Asiya ilə birləşdirən Transqafqaz dəhlizi artıq fəaliyyət göstərir və öz səmərəsini verir. Dövlətimizin başçısı "İpək yolu" üstündə yerləşən 33 ölkənin nümayəndələrinin iştirakı ilə bu ilin mayında Bakıda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransın xarici ticarət əlaqələrinin genişlənməsinə böyük töhfə verəcəyinə əmin olduğunu bildirdi.

Prezident Heydər Əliyev CETRO-nun sədrini Bakıya dəvət etdi. Cənab Toro bu dəvəti minnətdarlıqla qəbul etdi.

AzərTAc

"Azərbaycan" qəzeti, 25 fevral 1998-ci il