Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniya Federativ Respublikasının kansleri Gerhard Şröder ilə görüşdəki söhbətindən - İstanbul, "Çırağan sarayı", 19 noyabr 1999-cu il


Heydər Əliyev:  Cənab Şröder, sizi səmimi-qəlbdən salamlayıram və nəzərə çarpdırıram ki, Almaniya ilə bütün sahələrdə əlaqələrin genişləndirilməsinə Azərbaycan həmişə xüsusi diqqət yetirir. Mən 1947-ci ildə Azərbaycana gətirilmiş Bremen qalereyası rəsmlərinin Almaniyaya qaytarılması haqqında sərəncamı və məktubu AFR kanslerinə təqdim edirəm. Xatırladım ki, ikinci dünya müharibəsi qurtardıqdan sonra bir zabitin həmin əsərləri Bakıda satmağa cəhd göstərərkən respublikamızın müvafiq orqanları tərəfindən yaxalanmışdı.

Bu əsərlər o vaxt Azərbaycan Dövlət İncəsənət Muzeyinə verilmiş və orada saxlanılmışdır. Lakin 1992-ci ildə muzeydən 130 əsər, o cümlədən Bremen qalereyasının 10 əsəri oğurlanmışdır. Həmin əsərlər 1997-ci ildə Amerikanın Nyu-York şəhərində tutuldu və oğruların orada məhkəməsi oldu. Cənab kansler, biz bu iki əsəri və Nyu-Yorkda məhkəmə orqanlarının sərəncamında olan əsərləri sizə veririk. Mən 1947-ci ildən müzeyimizdə saxladığımız həmin əsərlərlə bağlı sənədləri də sizə təqdim edirəm.

Gerhard Şröder:  Çox səmimi dostluq hərəkətinə görə Sizə ürəkdən təşəkkür edirəm, əmin olduğumu bildirirəm ki, bu addım Azərbaycan ilə Almaniya arasında bütün sahələrdə, həmçinin mədəniyyət sahəsində əlaqələrin daha da inkişaf etməsinə layiqli töhfə olacaqdır.

Cənab prezident, mən Bremen şəhərinin rəhbərliyinə bu barədə məlumat verəcəyəm və biz müsadirə edilmiş bu əsərlərlə əlaqədar mülkiyyət hüququnu müəyyənləşdirəcəyik. Mən əminəm ki, təkcə bremenlilər deyil, Almaniyanın bütün sakinləri də Sizin bu addımınızı və mədəniyyət sahəsində əməkdaşlığımızı yüksək qiymətləndirəcək, münasibətlərimizə hörmətlə yanaşacaqlar. Bu əsərlərin bizə verilməsi ölkələrimizin siyasi, iqtisadi və mədəni sahədə qarşılıqlı münasibətlərinin daha da inkişaf etməsinə Sizin töhfəniz olacaqdır. Mən Sizə çox minnətdaram.

Heydər Əliyev: Azərbaycan 1991-ci ilin sonlarında öz dövlət müstəqilliyini əldə etdi, suveren dövlət oldu. Bildirirəm ki, müstəqillik yolu ilə inamla addımlayan Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu və demokratik islahatların həyata keçirilməsi sahəsində böyük nailiyyətlər əldə edilmiş, Dünya Birliyi ilə əlaqələrin möhkəmləndirilməsi üçün böyük işlər görülmüşdür. Azərbaycan həm də bir sıra problemlərlə qarşılaşmışdır. Ermənistan-Azərbaycan münaqişəsi ölkəmiz üçün ən ağrılı problemdir.

Azərbaycan 1988-ci ildən bəri Ermənistan silahlı qüvvələrinin təcavüzünə məruz qalmışdır. Hazırda atəşkəs rejiminə əməl olunsa da, ölkəmizin ərazisinin 20 faizi Ermənistanın işğalı altında qalmaqdadır, bu ərazilərdən qaçqın düşmüş 1 milyondan çox vətəndaşımız hələ də çadırlarda ağır vəziyyətdə yaşayırlar. Bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün Minsk qrupu çərçivəsində danışıqlar aparılır. Bu münaqişənin sülh yolu ilə həll edilməsi üçün Ermənistan prezidenti ilə də birbaşa danışıqlar aparırıq.

Biz ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını, yerlərindən zorla qovulmuş qaçqınlarımızın doğma yurdlarına qayıtmasını istəyirik və Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək idarəetmə statusu verməyə tərəfdarıq.

Gerhard Şröder: Cənab prezident, nəzərə çarpdırıram ki, ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin tezliklə həll olunması üçün Almaniya öz səylərini artıracaq və Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləyəcəkdir.

Mən ölkələrimizin bütün sahələrdə əməkdaşlığımın daha da möhkəmləndirilməsindən, yaradılmış birgə müəssisələrin fəaliyyətinin genişləndirilməsindən, Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsində Almaniya şirkətlərinin də yaxından iştirakından məmnun qaldığımı bildirirəm.

Heydər Əliyev: Cənab Şröder, səmimi və mehriban görüş üçün Sizə təşəkkürümü bildirir və Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Gerhard Şröder: Cənab prezident, mən bu dəvəti məmnunluqla qəbul edirəm.