Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Kalmıkiyanın xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı David Nikitiç Kuqultinova təbriki - Bakı şəhəri, 21 aprel 1997-ci il


Əziz David Nikitiç!

Sizi şərəfli 75 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə cansağlığı, səadət və yeni-yeni yaradıcılıq uğurları arzulayıram

Dünya mədəniyyəti xəzinəsinə sanballı töhfə vermiş kalmık ədəbiyyatı əsl xalq şairi kimi Sizinlə haqlı olaraq fəxr edir. Əsrimizin taleyüklü problemləri Sizin şəxsi taleyinizdə, yaradıcılığınızda və ictimai fəaliyyətinizdə öz əksini tapmışdır. Kalmık xalqının mənəvi ənənələri əsasında formalaşmış poeziyanız tarixin bütün mərhələlərində həmişə xeyirxahlıq, humanizm ideallarına, ümumbəşəri dəyərlərə xidmət etmişdir.

Siz xalqlar dostluğunun nəğməkarı kimi postsovet məkanının mürəkkəb şəraitində də öz doğma mövzunuza sədaqətinizi qoruyub saxlayaraq çoxcəhətli mədəni əlaqələrin inkişafına ardıcıl surətdə tərəfdar çıxmısınız. Eyni zamanda gerçəkliyin yaradıcılığınız üçün xas olan fəlsəfi nöqteyi-nəzərdən və vətəndaşlıq mövqeyindən dərk edilməsi nəticəsində dünya ədəbiyyatının böyük humanist ideyalarını yeni şəkildə səsləndirmisiniz.

Əsərlərinizin güclü və cəsur qəhrəmanları, igidliyi və vətənpərvərliyi vəsf edən kalmık eposlarında əksini tapan qədim ənənələri davam etdirmişlər. Siz ədəbiyyata romantik kimi gələrək öz yaradıcılığınızda gənclik ideallarına sədaqəti qoruyub saxlaya bilmisiniz ki, bu da şerlərinizdə sonrakı nəsillər üçün əxlaq və mənəvi kamillik dərsinə çevrilmişdir.

Azərbaycan ilə Sizi çoxdankı dostluq telləri bağlayır. Əminəm ki, tariximizin müasir mərhələsi bütün sahələrdə Azərbaycan-Kalmıkiya əməkdaşlığının daha da inkişafı işinə hələ çoxlu yeni səhifə yazacaqdır.

Ömrünüz uzun olsun. Sizi bağrıma basıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT