Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerikanın görkəmli ictimai-siyasi xadimi Qreq Laflin ilə görüşdə söhbətindən - Hyüston, 3 avqust 1997-ci il


Hörmətli cənab Laflin!

İlk öncə ölkəmiz barəsində, Azərbaycanda baş verən proseslər haqqında söylədiyiniz səmimi və xoş sözlərə görə minnətdarlığımı bildirirəm. Sizi Azərbaycanın dostu hesab edirəm və ölkəmizin haqq işinin müdafiə olunmasında Sizin xidmətlərinizi bir daha yüksək qiymətləndirirəm.

Mən belə bir mühüm cəhəti xüsusi olaraq vurğulanmaq fikrindəyəm ki, son illərdə Amerikada Azərbaycanı sevən insanların çoxalmasının olduqca böyük əhəmiyyəti vardır və mən bunu Dünya Birliyində respublikamızın nüfuzunun artmasının bariz nümunəsi hesab edirəm.

Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması, 907-ci düzəlişin ləğv olunması üçün dünya ictimaiyyətinin, ölkəmizin dostlarının böyük təsir gücünə malik olduğunu nəzərə çatdırmaqla məmnunluqla bunu da qeyd etməyi vacib sayıram ki, həqiqətlə səsləşən belə addımların sayca artması bizi olduqca sevindirir və haqq işimizin qalib gələcəyinə inamımızı artırır.

Mən Sizi Azərbaycana səfərə dəvət edirəm. Əminəm ki, dəvətimi qəbul etməklə Siz Azərbaycandakı dostlarınızın sayını yeni-yeni insanlar hesabına daha da artıracaq, bir çox amerikalı dostlarımız kimi əsl azərbaycanlı dostluğunun möhkəmliyi və səmimiliyinin nə demək olduğunun canlı şahidi olmaq imkanı qazanacaqsınız. Sağ olun.

"Azərbaycan" qəzeti, 5 avqust 1997-ci il