Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna Prezidenti Leonid Kuçmanın dəvəti ilə rəsmi dövlət səfərinə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavabı - 24 mart 1997-ci il


Ukraynaya səfər Azərbaycan ilə Ukrayna arasında yaranmış sıx qarşılıqlı əlaqələrlə bağlıdır. Bilirsiniz ki, Ukraynanın prezidenti cənab Leonid Kuçma 1995-ci ildə Azərbaycanda rəsmi səfərdə olubdur. Biz yaxşı danışıqlar aparmış, çox mühüm sənədlər imzalamışıq. Həmin vaxt o, məni Ukraynaya rəsmi səfərə dəvət etmişdi. Mən bu dəvəti qəbul etmişəm və indi oraya gedirəm.

Hesab edirəm ki, orada yaxşı danışıqlarımız, birinci növbədə iqtisadi əməkdaşlıq barədə danışıqlarımız olacaqdır. Özü də təkcə iki ölkə arasında yox, ümumiyyətlə, Qafqaz bölgəsi, Ukrayna, Avropa ölkələri, Mərkəzi Asiya arasında. Bu ölkələrin bir-biri ilə əməkdaşlığı, xüsusən nəqliyyat və başqa sahələrdə əməkdaşlıq indi çox böyük aktuallıq kəsb edir.Bunların hamısını müzakirə edib əməkdaşlığımızın sonrakı perspektivləri və onların həyata keçirilməsi üçün konkret tədbirlərin görülməsi barədə danışıqlar aparacağıq. Mən bu səfərə çox yüksək qiymət verirəm. Çünki, Ukrayna böyük dövlətdir, iqtisadi sahədə əməkdaşlığımıza çox böyük imkanlar var. Bu əməkdaşlığı edərkən həm Ukrayna, həm də Azərbaycan çox fayda götürə bilər. Ona görə də mən bu rəsmi səfərə gedirəm. Hesab edirəm ki, yaxşı olacaqdır.

Mən Ukrayna - Azərbaycan münasibətlərinin bütün istiqamətlərdə,bütün sahələrdə inkişaf edəcəyini gözləyirəm. İqtisadi, elmi-texniki əməkdaşlığı, təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün bizim geniş imkanlarımız var. Bu məsələlərə dair dövlətlərarası bir çox sənədlər hazırlanıb və biz bunları orada imzalayacağıq. Bir sözlə, səfərdən yaxşı nəticələr gözləyirik. MDB ölkələri dövlət başçılarının qarşıdakı görüşü ilə bağlı suala cavab olaraq onu deyə bilərəm ki, həmin görüşdə müzakirə olunacaq məsələlər hazırdır. Kimin hansısa rəyi varsa, ola bilər ki, biz bu barədə fikir mübadiləsi aparaq. Ancaq görüşə hansısa birgə təklif çıxarmaq niyyəti yoxdur. Gürcüstan kimi Ukraynanın da Azərbaycan üçün strateji tərəfdaş ola bilməsinin mümkünlüyü barədə suala qısaca belə cavab vermək olar: biz Ukrayna ilə də Gürcüstanla imzaladığımız bəyannaməyə bənzər bir sənəd imzalamaq niyyətindəyik.