"Statoyl" şirkətinin Azərbaycan Prezidentinin şərəfinə verdiyi rəsmi ziyafətdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı" (Stavanger, 25 aprel 1996-cı il) sənədinə tarixi arayış


24-27 aprel 1996-cı ildə Azərbaycan Prezidenti Heydər Əliyev Norveç Krallığının Baş naziri xanım Brundtlandın dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub. Norveç Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olub. Azərbaycanla Norveç Krallığı arasında münasibətlərin yaranmasında ilk olaraq bu ölkənin dövlət neft şirkəti "Statoyl"un mühüm rolu olub.

1994-cü ildə "Əsrin müqaviləsi" üzrə ən böyük pay sahibi olan xarici neft şirkətlərindən biri də "Statoyl" olub. Azərbaycanın yeni neft strategiyasının əsasını qoyan bu müqavilədə "Statoyl" şirkəti 8,71% paya sahib olub. Həmin şirkət 2 il sonra Xəzərin Azərbaycan sektorunda yerləşən ən iri qaz yatağı olan "Şahdəniz"in hasilatın pay bölgüsü əsasında birgə işlənilməsində 25,5% pay alaraq Azərbaycanla əməkdaşlığını daha da genişləndirib. 1998-ci ildə "Statoyl" şirkəti həmin sektorda yerləşən "Araz-Alov-Şərq" blokunun birgə işlənilməsində 15% pay alıb. "Statoyl" şirkəti eyni zamanda Azərbaycanın karbohidrogen ehtiyatlarını dünya bazarına çatdıracaq Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşasında da böyük (17,1%-lik) paya malikdir. Bu göstəricilər əsasında "Statoyl" şirkəti ölkəmizdə yeni neft strategiyası çərçivəsində hasil edilən neft və qaz məhsullarının istismarında payına görə ARDNŞ və "bp"-dən sonra üçüncü yeri tutur. Azərbaycan iqtisadiyyatına cəlb edilən xarici investisiyaların həcminə görə isə "Statoyl" şirkəti "bp"-dən sonra ikinci yeri tutur. (http://www.capital.trend.az/)

Azərbaycan Prezidenti Heydər Əliyev Norveçə rəsmi səfər çərçivəsində 25 aprel 1996-cı ildə Stavanger şəhərində "Statoyl" şirkətinin rəhbəri Harl Norvinq ilə görüşüb danışıqlar aparıb. Görüşdə Norveç dövlət neft şirkətinin ölkəmizlə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşün sonunda "Statoyl" şirkətinin rəhbəri Azərbaycan Prezidentinin şərəfinə rəsmi ziyafət verib. Ziyafətdə çıxış edən Azərbaycanın dövlət başçısı "Statoyl" şirkəti ilə imzalanmış müqavilə 30 il müddəti əhatə etsə də qarşılıqlı əməkdaşlığın daha uzunömürlü olmasını təmin edən bazanın mövcud olduğunu bildirib.

Tarixi arayış 9 iyul 2008-ci ildə tərtib edilib.