Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 24 aprel 2002-ci il


Hörmətli Saparmurad Atayeviç!

Hörmətli dövlət başçıları!

Xanımlar və cənablar!

Türkmənistan prezidenti Saparmurad Atayeviç Niyazovu, İran İslam Respublikasının prezidenti Seyid Məhəmməd Xatəmini, Qazaxıstan Respublikasının prezidenti Nursultan Abişeviç Nazarbayevi, Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putini ürəkdən salamlayıram.

Xəzəryanı dövlətlərin başçılarının görüşünün təşkilinə görə, mehriban qonaqpərvərliyə, səmimi qəbula görə hörmətli Saparmurad Atayeviçə minnətdarlığımı bildirmək istəyirəm.

Bu yaxın vaxtlaradək Xəzər dənizi SSRİ-nin fəaliyyət meydanı olmuşdur. Sovet İttifaqının dağılmasından sonra müstəqil Xəzəryanı dövlətlər Xəzər dənizində təşəkkül tapmış praktikanı davam etdirərək, lazımi ekoloji, iqtisadi, elmi-texniki tədbirlər həyata keçirirlər. Lakin Xəzər dənizinin nadir xarakterinin qorunub saxlanması zərurəti, onun özünəməxsus xüsusiyyətlərinin və təbii ehtiyatlarının mühafizəsi bütün Xəzəryanı dövlətlər arasında daha səmərəli əməkdaşlıq vəzifəsini irəli sürür.

Bununla əlaqədar Xəzəryanı dövlətlərin Aşqabat zirvə görüşü böyük əhəmiyyətə malikdir. Türkmənistan prezidenti Saparmurad Niyazovun təşəbbüsü tam dəstəklənməyə və bəyənilməyə layiqdir. Zənnimcə, bu zirvə görüşü Xəzəryanı ölkələrin Xəzər dənizində daha sıx əməkdaşlığın başlanğıcı olacaqdır.

Yeni şəraitdə Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirmək zərurəti yaranmışdır. Bizim ölkələrimiz bu istiqamətdə xeyli iş görmüşlər. Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri formatında ekspert qrupları böyük iş aparmışlar. Xarici işlər nazirləri, hökumət və dövlət başçıları səviyyəsində ikitərəfli əsasda bir çox görüşlər keçirilmişdir. Hesab edirəm ki, Xəzər dənizinin hüquqi statusu kimi mühüm məsələnin müzakirəsi və bu barədə qərar qəbul olunması üçün yaxşı təcrübə toplanmış və lazımi zəmin yaradılmışdır.

Xatırlatmaq istəyirəm ki, SSRİ Xəzər hövzəsində inhisara malik olaraq, bir çox onilliklər ərzində Xəzər dənizinin mineral ehtiyatlarının öyrənilməsi ilə, dənizdə neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsi ilə fəal məşğul olmuşdur. Bu işi SSRİ Neft və Qaz Sənayesi Nazirliyi Azərbaycanın neft sənayesi təşkilatlarının, elmi tədqiqat idarələrinin bazasında həyata keçirirdi.

Qeyd etmək lazımdır ki, Xəzər dənizindəki bütün neft və qaz yataqlarının kəşfiyyatı və istismarı Azərbaycan neftçiləri tərəfindən yerinə yetirilirdi. Onlar bu işlə ötən əsrin 40-cı illərindən başlayaraq məşğul olmuşlar. Azərbaycan neftçiləri, alimləri, geoloqları Xəzər dənizinin bütün akvatoriyasının geoloji quruluşunun öyrənilməsinə, neft və qaz yataqlarının axtarışlarına və kəşfiyyatına böyük töhfə vermişlər.

1949-cu ildə bizim neftçilərimiz Xəzər dənizində, Azərbaycan sahillərindən 100 kilometr məsafədə yerləşən Neft daşları yatağında neft və qaz hasilatına başladılar. Xəzər dənizinin karbohidrogen xammalından sənaye üsulu ilə istifadə edilməsi məhz həmin vaxtdan başlanmışdır.

1949-cu ildən başlayaraq Azərbaycan neftçiləri Xəzər dənizindən 480 milyon ton neft və 337 milyard kubmetr qaz çıxarmışlar.

Dövlət müstəqilliyi illərində Azərbaycan Xəzər dənizinin mineral ehtiyatlarının işlənilməsi ilə fəal məşğul olaraq, xarici sərmayələri bu işə cəlb etmişdir. Bütün bunlar Xəzər dənizinin Azərbaycan sektoru daxilində həyata keçirilir. Sovet İttifaqının Xəzəryanı respublikaları üçün sektorlar 1970-ci ildə SSRİ Neft Sənayesi Nazirliyi tərəfindən müəyyən edilmişdi. Yeri gəlmişkən, Xəzər dənizinin Sovet İttifaqının Xəzəryanı respublikaları arasında sektorlara bölünməsi orta xətt prinsipinə, beynəlxalq hüquqa uyğundur.

Eyni zamanda biz Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi barədə bütün Xəzəryanı dövlətlərlə intensiv iş aparırdıq. Bunun nəticəsində Rusiya Federasiyası və Qazaxıstan ilə Xəzər dənizində əməkdaşlığın prinsipləri haqqında, Xəzər dənizi dibinin bölünməsinə dair razılaşmalar imzalanmışdır. Bu razılaşmaların əsasını belə sututarların eyni uzaqlıqdan keçən orta xətt metodunun tətbiqi vasitəsilə həmhüdud və qarşı tərəfdəki dövlətlər arasında sektorlara bölünməsinin dünya praktikasında hamılıqla qəbul olunmuş prinsipi təşkil edir.

Ümidvarıq ki, bu gün biz bütün Xəzəryanı dövlətlər arasında razılığa nail olmaq imkanlarını müəyyən edə bilərik.

Hüquqi statusun olmaması sahilyanı dövlətlərin Xəzər barəsində öz suveren hüquqlarının həyata keçirilməsini davam etdirməsinə mane olmamalıdır və artıq təşəkkül tapmış müvafiq sektorlarda Xəzər dənizinin təbii ehtiyatlarının işlənilməsi və istifadəsi sahəsində işləri dayandırmaq üçün əsas ola bilməz.

Xəzər dənizinin hüquqi statusu məsələsinin sahilyanı dövlətlər arasında həlli onların suveren hüquqlarına hörmət, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq ruhunda, dinc vasitələrlə, danışıqlar yolu ilə həyata keçirilməlidir. Sahilyanı dövlətlər arasında münasibətlərdə güc işlətməklə təzyiq göstərməyin və hədə-qorxunun hər hansı forma və metodlarından istifadə edilməsi yolverilməzdir.

Xəzər dənizi Xəzəryanı ölkələrin mehriban qonşuluq, qarşılıqlı surətdə faydalı əməkdaşlıq dənizi, dostluq, sülh və təhlükəsizlik dənizi olmalıdır.

Diqqətinizə görə təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 25 aprel 2002-ci il.