Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadəyə - 12 oktyabr 1995-ci il


Əziz Bəxtiyar müəllim!

Sizi - xalqımızın böyük şairi, görkəmli alimi, tanınmış pedaqoqu və yorulmaz ictimai-siyasi xadimini 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Xalqın düşüncə və arzuları, hiss və duyğuları, istək və amalları həmişə sizin zəngin yaradıcılığınızın, mübariz poeziyanızın cövhəri olmuşdur. Məslək və əqidənizin xidmətində sədaqətlə durmuş qələminiz sizi şöhrət zirvəsinə ucaltmış, Azərbaycanın sevimli sənətkarı etmişdir.

Çoxillik elmi-pedaqoji fəaliyyətiniz, nurlu şer-sənət dünyanız illər boyu gənclərin tərbiyəsinə böyük təsir göstərmiş, haqq-ədalətin təntənəsi uğrunda mübarizədə qalib gəlməyə xalqı səfərbər etmişdir. Bu gün Vətən torpağının keşiyində duran mərd oğul və qızlarımız məhz doğma xalqın, müqəddəs torpağın azadlığı üçün yanmaq amalı ilə yaşayır, döyüşür və yaradır. Sizin şəxsiyyətiniz və yaradıcılığınız xalqın milli təfəkkürünün formalaşmasına xidmət etmiş, onu milli dirçəlişə səsləmiş, istiqlaliyyət uğrunda mübarizədə əvəzsiz rol oynamışdır. Siz hər zaman azadlıq carçısı olmuş, ən çətin anlarda belə güc və silah qarşısında baş əyməmiş, əqidəsindən dönməyən şair, mübariz millət vəkili, yorulmaz ictimai xadim kimi xalqın müdafiəsinə qalxmışsınız.

Hörmətli şair!

Sizi - həyatın mənasını xalqa sədaqətlə xidmətdə görən fədakar insanı ömrün müdrik çağında Azərbaycanın müstəqilliyi həqiqətən bəxtiyar etmişdir. Sizə möhkəm cansağlığı, uzun ömür və müstəqil Azərbaycan dövlətinin gələcəyi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT