Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər və Birlik İşləri üzrə Dövlət katibi Robin Kuk ilə görüşdəki söhbətindən - London, 22 iyul 1998-ci il


Robin Kuk: Hörmətli cənab prezident Əliyev! Sizi səmimi-qəlbdən salamlayıram və dünya miqyaslı görkəmli siyasi xadim və dövlət xadimi Heydər Əliyev ilə görüşdən çox məmnun olduğumu bildirirəm.

Bizə məlumdur ki, Azərbaycan dövləti başçısının Birləşmiş Krallığa rəsmi səfəri son dərəcə uğurla keçir və bütün ölkə miqyasında böyük diqqət mərkəzindədir. Onu da qeyd etmək istəyirəm ki, Böyük Britaniya Qafqaz və Mərkəzi Asiya ölkələrinə xüsusi maraq göstərir və dünyanın bu regionunda Azərbaycanın açar rolunu oynadığını yaxşı bilir. Birləşmiş Krallığın Azərbaycan ilə əlaqələrinin gündən-günə genişlənməsindən, ölkələrimiz arasındakı əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən razı qaldığımızı nəzərinizə çarpdırıram. Biz Azərbaycanın Avropa strukturları ilə əlaqələrinin daim artmasından şadıq və bildirirəm ki, Böyük Britaniya Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv kimi qəbul olunması üçün lazımi səylər göstərəcək və ölkəniz bu məsələdə də Birləşmiş Krallıq tərəfindən dəstəklənəcəkdir. Müstəqillik yolunu tutmuş Azərbaycanda demokratik islahatların həyata keçirilməsində əldə edilmiş nailiyyətlərdən xəbərdarıq, respublikanızda gedən demokratikləşdirmə proseslərini Böyük Britaniya diqqətlə müşahidə edir.

Bu ilin payızında Azərbaycanda keçiriləcək prezident seçkilərinin demokratiyanın inkişafı yolunda mühüm addım olacağına əminəm və cənab Heydər Əliyev, Sizin yenidən prezident seçiləcəyinizə əmin olduğumu bildirirəm, Sizə uğurlar arzulayıram.

Heydər Əliyev: Əvvəlcə onu deməliyəm ki, Böyük Britaniyaya rəsmi səfərimin gedişindən çox razıyam. Səfərim uğurla keçir, əlahəzrət kraliça II Yelizaveta və Baş nazir Toni Bleyr ilə görüşlərimdən, apardığım danışıqlardan, imzalanmış sənədlərdən, Birləşmiş Krallıqda Azərbaycana göstərilən çox böyük marağın şahidi olduğumdan məmnun qaldığımı vurğulayır və dəvətə görə minnətdarlığımı bildirirəm. Qeyd etmək istəyirəm ki, Azərbaycan respublikası prezidentinin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Baş nazirinin dostluq münasibətləri və tərəfdaşlıq haqqın birgə bəyannaməsi ölkələrimiz arasın əlaqələrin gələcək inkişafında mühüm rol oynayacaqdır. Əmin olduğumu bildirirəm ki, bu səfərim ölkələrimiz arasındakı münasibətlərdə yeni mərhələ açacaqdır.

Mən Böyük Britaniya-Azərbaycan əlaqələrinin getdikcə möhkəmləndiyini və strateji tərəfdaşlıq xarakteri kəsb etdiyini çox yüksək qiymətləndirirəm. Müstəqillik yolunu seçmiş Azərbaycan Respublikasının qarşılaşdığı bir sıra çətinliklərdən söz açarkər, ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi problemini qeyd etmək istəyirəm. Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən başlanmış hərbi təcavüzü nəticəsində respublikamızın ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bir milyondan çox azərbaycanlı yerindən-yurdundan zorla çıxarılaraq qaçqın və köçkün vəziyyətinə düşmüşdür və hazırda onların əksəriyyəti çadırlarda ağır şəraitdə yaşayır. Münaqişənin tezliklə aradan qaldırılması üçün Minsk qrupu çərçivəsində aparılan danışıqların, ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1996-cı ilin dekabrında Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həlli barədə qəbul olunmuş prinsiplərin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Bu münaqişənin sülh yolu ilə aradan qaldırılmasına dair prinsiplərin qəbul olunmasında Böyük Britaniya hökumətinin də səs verməsini razılıq hissi ilə xatırlatmaq istəyirəm.

Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə nizama salınması üçün ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ-ın, Fransanın, Rusiyanın son təklifləri maraqlıdır və Azərbaycan həmin təkliflərlə pazılaşmışdır, Ermənistan isə bunlara hələ də münasibət göstərmir, ümumiyyətlə, münaqişənin tezliklə aradan qaldırılması üçün beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara, qətnamələrə, beynəlxalq hüquq normalarına Ermənistan heç bir məhəl qoymur. Mən bir daha bəyan edirəm ki, Azərbaycan münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün öz səylərini davam etdirəcək və ərazimizin ən kiçik hissəsini belə heç bir ölkəyə verməyəcəkdir.

Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar sahəsində ciddi addımlar atılmışdır və qeyd edim ki, bu islahatlar, xüsusilə özəlləşdirmə, torpaq islahatı, xarici ticarətin sərbəstləşdirilməsi uğurla həyata keçirilir. İslahatlar öz müsbət nəticələrini verir, iqtisadiyyatda vəziyyət sabitləşir, ümumi daxili məhsul istehsalında müəyyən artım var. İnflyasiya son dərəcə azalıb, milli valyutamızın məzənnəsi möhkəmlənir. Azərbaycan bazar iqtisadiyyatı yolunu seçmişdir və Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəyinə görə iqtisadi islahatların aparılmasında keçmiş sovet respublikaları arasıda birinci yeri tutur. Bu işdə Xəzərin Azərbaycan sektorundakı zəngin neft yataqlarının xarici neft şirkətləri ilə birlikdə işlənilməsi sahəsində bağlanmış neft müqavilələrinin əhəmiyyətini qeyd etmək istərdim.

Hasil olunacaq neftin ixracı məsələləri üzərində dayanaraq demək istəyirəm ki, həmin neftin dünya bazarına çıxarılması üçün bir neçə neft kəməri-nin olması zəruridir. Hazırda neft boru kəmərlərinin istiqamətləri, tikintisi və istifadə imkanları ətrafında işlər davam etdirilir. İlkin neftin ixracı üçün Bakıdan Rusiya ərazisi ilə Qara dənizdəki Novorossiysk limanınadək çəkilmiş kəmərdən artıq istifadə olunur, hazırda Gürcüstan ərazisindən Qara dənizə, Supsa limanına yeni bir boru kəməri tikilir. Mən əsas neft boru kəmərinin Bakıdan, Azərbaycandan Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Aralıq dənizinə nəql olunmasını zəruri hesab edirəm və Qazaxıstanın Aktau limanından Bakıya daşınan neftin də Bakı-Ceyhan xətti ilə dünya bazarına çıxarılacağını nəzərə çarpdırıram. Bizim bölgəmizdə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi yaradılmışdır. Bu dəhlizin mühüm perspektivləri vardır. Dəhlizin səmərəli işləməsinə Azərbaycan böyük əhəmiyyət verir.

Nəzərinizə çatdırım ki, Qədim "İpək yolu"nun bərpası üçün Avropa Birliyinin TRASEKA proqramı çərçivəsində bu il sentyabrın 7-8-də Bakıda beynəlxalq konfrans keçiriləcəkdir. Ümidvaram ki, Böyük Britaniya həmin konfransda yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacaqdır. Azərbaycan Avropa strukturlarında, NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramında yaxından iştirak edir və Böyük Britaniya ilə əməkdaşlığı genişləndirməyə hazırdır. Bizim ölkəmiz Avropa Şurasının tam hüquqlu üzvü olmasına böyük əhəmiyyət verir və bu işdə Birləşmiş Krallığın Azərbaycanı dəstəkləyəcəyinə ümid bəsləyir.

Sizə məlumat verərək bildirirəm ki, cəmiyyətin humanistləşməsində mühüm addımlar atılmışdır. Respublikamızda demokratik prinsiplər bərqərar olunmuş, siyasi plüralizm təmin edilmiş, insan hüquqları və azadlıqları qorunmuş, ölüm cəzası ləğv edilmişdir. Bir sözlə, biz demokratik, hüquqi dünyəvi dövlət qururuq. Ölkənin ilk demokratik konstitusiyasi qəbul edilmiş, çoxpartiyalılıq əsasında keçirilən seçkilər nəticəsində demokratik parlament seçilmişdir. Qeyd edim ki, hazırda respublikamızda qarşıda prezident seçkilərinə hazırlıq işləri aparılır. Seçkilərin azad, tam demokratik əsasda keçirilməsi üçün tədbirlər görülür. Seçkilərin beynəlxalq hüquq normaları əsasında, dünya standartlarına uyğun surətdə, bütün xalqın fəal iştirakı ilə keçirilməsi, beləliklə də geniş kütlələrin demokratik proseslərə cəlb olunması üçün hər cür imkanlar yaradılır.

Bildirmək istəyirəm ki, ikitərəfli münasibətlərin tarixində və inkişafında mənim bu səfərim önəmli rol oynayacaqdır. Bu münasibətlərin və əməkdaşlığın müvəffəqiyyətlə həyata keçirilməsi üçün ölkələrimizin səfirliklərinin fəaliyyətini qarşılıqlı surətdə genişləndirməyi zəruri hesab edirəm və bu məqsədlə bütün imkanlar yaradılmalıdır.

Robin Kuk: Cənab prezident, Sizinlə görüşümdən çox məmnun qaldığımı bildirirəm. Azərbaycan Respublikasının rəhbərinin müdrikliyinə, zəngin dünyagörüşünə, dərin biliyinə və uzaqgörənliyinə heyran olduğumu söyləmək istəyirəm. Və bir də qeyd edim ki, Böyük Britaniya Azərbaycanı özünə çox yaxın tərəfdaş və dost ölkə hesab edir. Vurğulayıram ki, Avropa strukturlarında Böyük Britaniya ilə Azərbaycanın əməkdaşlığının daha da möhkəmlənməsi vacibdir və bunun üçün geniş imkanlar vardır. ATƏT-in Minsk qrupunun səylərinin Birləşmiş Krallıq tərəfindən bundan sonra da dəstəklənəcəyini bildirirəm və əmin edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə aradan qaldırılması üçün ölkəmiz hər cür səy göstərəcəkdir.