Bakıda Baş Kafedral kilsənin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 24 mart 2003-cü il


Bakı və Xəzəryanı bölgənin hörmətli yepiskopu!

Rus ruhanilərinin hörmətli nümayəndələri!

Hörmətli xanımlar və cənablar!

Azərbaycanın pravoslav xristianlarının həyatında, bütün Azərbaycanın həyatında belə böyük hadisə - Bakıda Baş Kafedral kilsənin açılışı münasibətilə sizin hamınızı təbrik edirəm.

XX əsrdə, ümumən, xristian dini, islam dini kimi, bu məbəd də çox mürəkkəb dövrlər keçirmişdir, böyük sınağa məruz qalmışdır. Bir çox onilliklər boyu rus pravoslav əhalinin dini ayinlər icra etdiyi yer olan bu məbəd 1920-ci ildə bağlanmış, yepiskop isə məhv edilmişdir. Azərbaycan ziyalılarının, Azərbaycanın din xadimlərinin də aqibəti belə olmuşdur. Ötən əsrin 20-30-cu illərində onların bir çoxu günahsızcasına repressiya olunmuş, hər şeydən məhrum edilmişdir.

Ancaq tale elə gətirdi ki, keçən əsrin 90-cı illərinin əvvəllərində Sovetlər İttifaqı dağıldı, Azərbaycan öz dövlət müstəqilliyinə qovuşdu. Təbii ki, Azərbaycan xalqı, Azərbaycan hökuməti azadlıqdan, müstəqillikdən istifadə edərək öz həyatını lazım bildiyi kimi qurmağa başladı. Əlbəttə, bununla əlaqədar Azərbaycanda yaşayan bütün xalqlar üçün keçmişdə əziz olmuş, xidmət etmiş çox şey, o cümlədən də bu Baş Kafedral kilsə bərpa edilməyə başladı.

Doğrudur, bu işə birdən-birə girişmək mümkün olmadı, ona görə ki, ötən əsrin 90-cı illərində Azərbaycanda baş verən məlum hadisələr üzündən rus pravoslav əhalinin bir hissəsi ölkəmizdən köçüb getdi, qalanları isə, Azərbaycan xalqının özü kimi, həyatlarının çətin dövrünü yaşadılar. Lakin, sizə məlum olduğu kimi, 1993-cü ildən etibarən biz ölkəmizdə qayda-qanun yaratmağa başladıq və tədricən ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olduq.

Müstəqil Azərbaycan dövləti qarşısında duran vəzifələri həyata keçirərək, hüquqi demokratik cəmiyyət quraraq, ötən illər ərzində çox şeyə nail olmuşuq. Sovet hakimiyyəti illərində Azərbaycan xalqı üçün qadağan edilənlərin çoxu bərpa olundu, xalqın, insanların istifadəsinə verildi, o cümlədən yepiskopluq yaradıldı, səhv etmirəmsə, 1998-ci ildə o, Bakı və Xəzəryanı bölgə yepiskopluğu statusu aldı. Yeri gəlmişkən, bu, yəni, Bakı və Xəzəryanı bölgə yepiskopluğu Sovet hakimiyyətindən əvvəl də mövcud idi. 1934-cü ilədək bir çox onilliklər ərzində mövcud olmuş, amma sonralar bunların hamısı ləğv edilmişdir. Şükür ki, bunların hamısını bərpa etmək, pravoslav xristianlara və bütün xristianlara bu dini təşkilatın imkanlarından bəhrələnməyə şərait yaratmaq mümkün oldu. Budur, həmin fəaliyyətin nəticəsi göz qabağındadır və bu qədim məbəd bərpa edilmişdir.

Bu baxımdan böyük iş görülmüşdür. Yepiskop həzrətləri, bu məbədin bərpası üçün göstərdiyiniz səylərə görə Sizə təşəkkür edirəm. Əlbəttə, bu məbədin bərpası üçün çox iş görmüş Rusiya biznesmeni, azərbaycanlı Aydın Qurbanovun fəaliyyəti də yüksək qiymətə layiqdir.

Bu gün o, öz xidmətlərinə görə Rus Pravoslav kilsəsinin təbrik məktubunu və yüksək mükafatını aldı.

Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir. Mən şadam ki, burada hamı bunu qeyd etdi və bu, həqiqətən, belədir. Azərbaycanda heç vaxt dini zəmində heç bir münaqişə, heç bir toqquşma olmamışdır. Hətta ötən əsrin 80-ci illərinin axırı - 90-cı illərinin əvvəllərindəki ağır dövrdə belə heç bir mənfi fakt qeydə alınmamışdır. Bu gün də, müstəqil Azərbaycanda biz hər bir insanın azadlığı üçün, o cümlədən dini mənsubiyyət azadlığı, vicdan azadlığı üçün hər cür şərait yaratmışıq. Hər kəs hansı dinə mənsubdursa, həmin dinə ibadət edir. Lakin bu, Azərbaycanda insanların mehriban, qarşılıqlı anlaşma şəraitində yaşamasına mane olmur, burada milli və dini mənsubiyyətlə əlaqədar heç bir ayrı-seçkilik yoxdur.

Yeri gəlmişkən, bununla əlaqədar mən Azərbaycan ruhaniləri, o cümlədən şeyx həzrətləri Allahşükür Paşazadənin, yepiskop həzrətləri Aleksandrın və yəhudi icması başçısının birgə fəaliyyətini, onların öz aralarında çox mehriban dostluq münasibətləri, tam qarşılıqlı anlaşma yaratdıqlarını xüsusi qeyd etmək istəyirəm.

Azərbaycanda dini konfessiyalar arasındakı belə qarşılıqlı münasibətlər, hesab edirəm ki, bir çox ölkələr üçün nümunə ola bilər. Mən bu xeyirxah işə görə dini rəhbərlərimizə təşəkkürümü bildirirəm və inanıram ki, onlar bu əməkdaşlığı daha da inkişaf etdirəcək və genişləndirəcəklər.

Bir sözlə, rus pravoslav əhali Azərbaycanda özünü normal hiss edir və prezident kimi bu gün bəyan edirəm ki, bundan sonra da Azərbaycanda azad yaşaya, işləyə, sevimli işi ilə məşğul ola, ölkəmizin ictimai həyatında fəal iştirak edə bilər və mən bunun üçün yalnız minnətdar olaram. Zənnimcə, bu baş kafedral kilsənin açılması pravoslav xristianların və bütün xristianların birləşməsinə kömək edəcək və eyni zamanda, Azərbaycanda xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və inkişafına xidmət edəcəkdir.

Bununla əlaqədar mən Rusiya ilə bizim mehriban münasibətlərimizdən danışmaq istərdim. Rusiya ilə Azərbaycan arasında dostluq, tərəfdaşlıq münasibətləri mövcuddur. Biz bu münasibətləri yüksək qiymətləndiririk, onların inkişafına və möhkəmlənməsinə çalışırıq, bütün imkanlardan, xüsusilə də iqtisadi əməkdaşlıqdan istifadə edirik. Rusiya prezidenti cənab Putinin Azərbaycana səfəri, Azərbaycan prezidentinin Rusiyaya cavab səfəri, digər çoxsaylı görüşlərimiz hər bir mərhələdə münasibətlərimizi təhlil etməyə və onların inkişafı üçün tədbirlər görməyə imkan yaradır. Bu gün də bu baş kafedral kilsənin açılışı Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsi üçün bir addımdır, özü də böyük addımdır.

Mən bu böyük hadisə münasibətilə sizin hamınızı bir daha təbrik edirəm, hər bir pravoslav xristianına, Azərbaycanın hər bir sakininə cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, işində uğurlar arzulayıram.

Hörmətli dostlar!

Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandr həzrətləri!

Siz Azərbaycandakı pravoslav ruhanilərə başçılıq etməklə yanaşı, ölkəmizin ictimai həyatında fəal iştirak edir və xalqlarımız arasında münasibətlərin möhkəmləndirilməsi üçün çox işlər görürsünüz.

Bununla əlaqədar, mən öz fərmanımla Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandrı Azərbaycanın ali mükafatı - "Şöhrət" ordeni ilə təltif etmişəm.

Fürsətdən istifadə edərək, bu təntənəli gündə sizin hüzurunuzda həmin yüksək mükafatı Aleksandr həzrətlərinə təqdim etmək və ona cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və çox vacib işində böyük uğurlar arzulamaq istəyirəm.

"Azərbaycan" qəzeti, 25 mart 2003-cü il