Amerika Birləşmiş Ştatlarının Dövlət katibi xanım Madlen Olbrayta - Klivlend şəhəri, 18 may 1999-cu il


Hörmətli xanım Olbrayt, aprel ayının 24-25-də Vaşinqtonda NATO-nun əlli illik yubileyinə həsr olunmuş sammitin uğurla keçməsi münasibətilə Sizi təbrik edirəm.

Müstəqil Azərbaycan Respublikasının prezidenti kimi, NATO-nun əlli illik yubileyi sammitində iştirak etməyimdən məmnun oldum.

Biz NATO ilə "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlığımıza böyük əhəmiyyət veririk və öz tərəfimizdən Azərbaycan ilə NATO arasındakı münasibətlərin daha da dərinləşməsi üçün əlimizdən gələni edəcəyik.

Biz dünyanın müxtəlif bölgələrində baş verən hərbi münaqişələrin aradan qaldırılması, o cümlədən Qafqaz regionunda sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olunması sahəsində Amerika Birləşmiş Ştatlarının göstərdiyi səyləri alqışlayırıq. Bu baxımdan Sizin təşəbbüsünüz və iştirakınızla Vaşinqtonda Azərbaycan, Ermənistan və Gürcüstan prezidentlərinin görüşünün keçirilməsini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Cənubi Qafqaz regionunda sülhün və əmin-amanlığın bərqərar olunması üçün çox mühüm əhəmiyyət kəsb edən belə görüşləri gələcəkdə də davam etdirmək lazımdır.

Aprel ayının 26-da Dövlət Departamentində Sizinlə keçirdiyimiz təkbətək görüşü və Sizin iştirakınızla Ermənistan prezidenti ilə keçirdiyimiz görüşü xüsusilə əhəmiyyətli hesab edirəm.

Biz Ermənistan ilə Azərbaycan arasında olan münaqişənin tezliklə sülh yolu ilə həll olunması üçün Amerika Birləşmiş Ştatlarının ATƏT-in Minsk qrupunda daha da fəal rol oynamasını arzu edirik. Bu baxımdan danışıqlar prosesini irəli aparmaq və tərəflər arasında inamı bərpa etmək üçün irəli sürdüyünüz təklifləri bəyənirəm. Münaqişənin tezliklə dinc yolla həll olunmasına kömək etmək üçün Sizin şəxsən səylər göstərməyə hazır olmağınızı alqışlayıram. Həm Sizinlə keçirdiyimiz ikitərəfli görüş zamanı, həm də Ermənistan prezidentinin iştirakı ilə üçtərəfli görüşümüz zamanı münaqişənin həllinə dair ABŞ-ın mövqeyini qətiyyətlə bildirməyiniz bizi ruhlandırmışdır.

Münaqişənin sülh yolu ilə həll olunması üçün Sizin bəyan etdiyiniz mövqe, yəni Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, işğal olunmuş torpaqların azad olunması, qaçqınların öz doğma yurd-yuvalarına dönməsi və Dağlıq Qarabağa yüksək özünüidarəetmə statusunun verilməsi bizim mövqeyimiz ilə tam üst-üstə düşür. Ona görə də biz münaqişənin bu prinsiplər əsasında tezliklə həll olunması üçün hər cür əlavə səylər göstərməyə hazırıq.

Biz münaqişəyə son qoyulması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-a böyük ümidlər bəsləyirik. Ermənistan ilə Azərbaycan arasında uzun sürən möhkəm sülhün yaradılması üçün ABŞ-ın Minsk qrupundakı fəaliyyətini daha da artırmasını istəyirik.

Biz ölkələrimiz arasında iqtisadi münasibətlərin bütün sahələrdə genişləndirilməsini arzu edirik. Məmnuniyyətlə bildirmək istəyirəm ki, enerji sektorunda əməkdaşlığımız çox uğurla davam edir. Hesab edirəm ki, aprel ayının 27-də Amerika Birləşmiş Ştatları Senatının binasında ARDNŞ ilə Amerikanın "Eksson", "Mobil" və "Monkrift oyl" şirkətləri arasında üç yeni neft müqaviləsinin imzalanması bu əməkdaşlığa təzə və güclü bir töhfə olmuşdur. Sizi əmin edirəm ki, ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığı bütün sahələrdə inkişaf etdirmək üçün Azərbaycanda geniş imkanlar vardır.

Hörmətli xanım Olbrayt, Sizin ölkənizdə səfərdə olarkən həkimlərin məsləhəti ilə Ohayo ştatının Klivlend klinikasında əvvəlcə müayinədən keçdim, sonra isə ürəyimdə cərrahiyyə əməliyyatı aparıldı. Müalicə olunduğum zaman mənə göstərdiyiniz diqqətə, qayğıya, hörmətə və ehtirama görə Sizə hədsiz minnətdarlığımı bildirirəm.

NATO-nun Balkanlarda həyata keçirdiyi əməliyyatların qızğın bir vaxtında, Kosovo böhranına son qoymaq üçün gərgin danışıqlar apardığınız və çoxsaylı səfərlər etdiyiniz bir zamanda başınızın çox qarışıq olmasına baxmayaraq, vaxt tapıb həm cərrahiyyə əməliyyatından əvvəl, həm də sonra mənə bir neçə dəfə telefon zəngi edərək səhhətimlə maraqlanmağınız, müalicəmin gedişinə şəxsən nəzarət etməyiniz Sizin nə qədər yüksək mənəvi keyfiyyətlərə malik, insanpərvər, qayğıkeş bir insan, əsl sadiq dost olduğunuzu bir daha nümayiş etdirdi. Məni qardaş bilib göstərdiyiniz münasibət güc, qüvvət, ürəyimə təskinlik verdi. Telefon edərək ad günümü təbrik etməyiniz məni çox sevindirdi. Sizin bu qayğıkeşliyinizi heç zaman unutmayacağam.

Sizi əmin edirəm ki, mən bu dostluğa həmişə sadiq qalacağam. Amerika-Azərbaycan dostluğunun, dövlətlərimiz arasında strateji tərəfdaşlıq, müttəfiqlik münasibətlərinin daha da güclənməsi və inkişaf etməsi üçün bundan sonra da heç nəyi əsirgəməyəcəyəm.

Sizin vətəninizi tərk edərək bir daha Sizə ən dərin hörmət və ehtiramımı bildirir, Sizə və ailə üzvlərinizə cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram.

Səmimiyyətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.