Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB dövlət başçılarının Soçidə keçirilən qeyri-rəsmi görüşündən Vətənə qayıtdıqdan sonra Binə aeroportunda jurnalistlərə müsahibəsi - 3 avqust 2001-ci il


- Güman edirəm ki, bizim Bakıdakı görüşlərimiz haqqında dövlət başçılarının qeyri-formal görüşü haqqında televiziya, radio, mətbuat vasitəsilə məlumatlarınız var. Ancaq düşünürəm ki, siz məndən də nəsə eşitmək istəyirsiniz. Onu deyə bilərəm ki, MDB on ildir fəaliyyət göstərir və ilk dəfədir belə bir qeyri adi görüş keçirilmişdir. Bu görüş Rusiya prezidenti Putinin təklifilə olmuşdur. Orada bir görüş oldu. Onu da siz yəqin gördünüz, hər kəs qalstuksuz, filansız, hansı paltarda istəyirdi, elə də gələ bilmişdi. Biz orada bir çox məsələləri müzakirə etdik. Ancaq əvvəlcədən gündəlik yox idi. Demək, hər bir dövlət başçısı istədiyi məsələni qaldıra bilərdi. Sonra da prezident Putin bunları ümumiləşdirib öz fikrini dedi. Görüş çox yaxşı, çox maraqlı keçdi. Biz bir sıra məsələləri müzakirə etdik. Putin Genuyada "səkkizlər"in görüşü haqqında da bizə məlumat verdi.

Ondan sonra isə tədbirlər qeyri-formal şəraitdə keçirildi. O gün axşam Putin ziyafət verdi. Eyni zamanda çox gözəl konsert də oldu. Rusiyanın incəsənət ulduzları orada idilər. Çox yaxşı idi.

Sabahısı gün bizim yenə bir görüşümüz oldu. Orada keçmiş çay sovxozu var idi, bir "Çay evi" var. Taxtadan olan evdir. Orada görüş keçdi. Biz orada çox məsələləri müzakirə etdik. Sonra təkbətək görüşlər keçirildi. Çünki mən istəyirdim.

Dünən günün birinci hissəsi təkbətək görüşlər oldu, ikinci hissədə biz gəmi ilə səyahət etdik. Orada da ancaq dövlət başçıları idi. Ona görə də sərbəst söhbət aparmağa imkan var idi. Beləliklə, mən hesab edirəm ki, bizim görüşümüz çox faydalı idi.

Mən təkbətək görüşlərdən prezident Putin ilə görüşümü çox əhəmiyyətli hesab edirəm. Çünki prezident Putinlə görüşməzdən əvvəl mən Nazarbayev ilə görüşmüşdüm. Xəzər dənizi barəsində onunla fikir mübadiləsi aparmışdıq və eyni mövqedə olduğumuzu bildirmişdik. Qərara gəlmişdik, danışmışdıq ki, sonra üçümüz görüşək. Üçümüz görüşdük, müzakirə elədik və təbiidir ki, Xəzər dənizinin cənubunda son vaxtlar baş vermiş hadisələrə çox mənfi reaksiya bildirildi. Xüsusən prezidentlər tərəfindən. Biz, üç Xəzəryanı dövlət Xəzərin statusu haqqında eyni fikirdə olduğumuzu bir daha bəyan etdik. Məlumdur ki, bizim müqavilələrimiz də var - Qazaxıstan ilə Rusiya arasında müqavilə, Rusiya ilə Azərbaycan arasında müqavilə. Bu müqavilələr də beynəlxalq hüquq normalarına uyğun, Xəzərin sektorlara bölünməsinin əsasındadır. Ona görə də bizim görüşümüz nəticəsində prezident Putin bəyanat verdi. O, dərc olunubdur. Yəqin bilirsiniz. Hesab edirəm ki, bu, çox lazımlı, çox əhəmiyyətli bir bəyanatdır.

Mənim Ermənistan prezidenti Koçaryan ilə təkbətək görüşüm oldu. Çox vaxt itirdik, çox danışıqlar apardıq, çox müzakirə apardıq. Ancaq mən bunun detallarını indiyə qədər deməmişəm və bu gün də deməyəcəyəm. Düzdür, kimsə oradan-buradan nəsə uydurur, qəzetlər də yazır. Ermənistanın qəzetlərində çox yazırlar, bizimkilər yazır. Ancaq mən hesab edirəm ki, danışıqlarda bir nəticə əldə olunmayana qədər bu barədə mənim tərəfimdən bundan artıq məlumat verilə bilməz. O biri təkbətək görüşlərin də hamısı maraqlı idi.

Demək olar ki, prezidentlərin hamısı ilə həm fərdi görüşlər olmuşdu, həm də bir yerdə idik. Gəmidə gedəndə iki adam orda söhbət edirdi, iki adam burda söhbət edirdi. Yəni fikir mübadiləsi aparmaq üçün çox yaxşı imkanlar yaranmışdı. Nəhayət, dünən axşam bunların hamısını bitirdik. Hamı bu gün öz ölkəsinə yollandı. Mən hesab edirəm ki, bu görüş çox əhəmiyyətli, çox faydalı görüşdür.

Sual: Cənab prezident, əvvəla, xoş gəlmisiniz. Siz dediniz ki, Putin belə bir bəyanat verib ki, üç Xəzəryanı ölkənin mövqeyi eynidir. Amma Siz burada olmayanda İran təyyarələri Azərbaycanın sərhədlərini növbəti dəfə pozdular. Sizcə, Rusiya prezidentinin bəyanatı və üç Xəzəryanı ölkənin prezidentlərinin mövqeyinin bir daha dəqiqləşməsi İranı bu hərəkətlərindən çəkindirə biləcəkmi? Konkret təklif olundumu ki, beş Xəzəryanı ölkənin başçılarının görüşü keçirilsin və bu problem yaxın vaxtlarda həll olunsun, gərginlik aradan qalxsın?

Cavab: Bilirsiniz, mən İrana görə zəmanət verə bilmərəm ki, İran bundan sonra nə edəcək, nə etməyəcəkdir. Bu barədə heç bir şey deyə bilmərəm. Ancaq biz orada danışdıq ki, - təəssüf ki, Türkmənistanın prezidenti ora gəlməmişdi - prezident Putin dörd Xəzəryanı ölkənin prezidentlərinin görüşünü təşkil edəcəkdir. Yəni Rusiya, Qazaxıstan, Azərbaycan və Türkmənistanın. Çünki Putin bu sözləri dedi ki, Xəzər dənizi keçmişdən SSRİ-yə mənsub olubdur və İran ilə SSRİ-nin sərhədi vardı. Biz, yəni dörd Xəzəryanı dövlət, müstəqillik əldə etmiş dövlətlər SSRİ-nin varisləriyik.

İkincisi də, MDB-nin xarici sərhədlərinin qorunması haqqında da dəfələrlə söhbət gedibdir və bu da MDB-nin prinsiplərindən biridir. Ona görə biz bu barədə işləyəcəyik. Yəni birinci addımı Putin öz üzərinə götürdü ki, təşəbbüs göstərsin, dördümüz görüşək. İndi üçümüz görüşdük, sonra dördümüz görüşək. Ondan sonra isə baxacağıq.

Sual: Cənab prezident, Koçaryanla dünənki görüşünüz prosesə hansısa təkan verdimi və növbəti ikitərəfli görüş nə vaxt olacaqdır?

Cavab: Bilirsiniz, nə qədər görüşmüşük. Çox. Axı təkan böyük şeydir. Təkan elədir ki, gərək prosesi irəlilətsin. Əgər xırda bir addım da olursa, bu, müsbətdir. Ancaq mən hələ heç bir şey deyə bilmərəm.

Sual: Cənab prezident, Ermənistan prezidenti öz müsahibəsində bildirmişdi ki, Azərbaycanla danışıqlar o zaman hər hansı bir nəticələrə gətirib çıxara bilər ki, Azərbaycan imtina etdiyi Paris danışıqları üzərinə qayıtsın. Yəni Ki Uest danışıqlarına yox. İndiki danışıqlar hansının üzərində gedirdi?

Cavab: Bilirsiniz, onlar bu məsələni müəyyən qədər düzgün çatdırmırlar. Parisdə bizim iki dəfə görüşümüz olubdur. Fransa prezidenti cənab Şirakın iştirakı ilə. Biz orada bir neçə variantları müzakirə etmişik. Mənim ondan əvvəl də Ermənistan prezidenti ilə görüşlərim olmuşdu. Son dəfə gərək ki, 1999-cu ilin oktyabr ayında idi. Naxçıvanda sərhəddə görüşmüşdük. Onda biz çox şeylərdə razılığa gəlmişdik. Ancaq ondan bir neçə ay sonra Ermənistan bundan imtina etdi. Ona görə o, tamam pozuldu. Başa düşürsünüz? İndi mən də deyə bilərəm ki, o prinsiplər əsasında, niyə onu pozdunuz. Amma biz heç nəyi pozmamışıq. Sadəcə, Parisdə bir neçə variant müzakirə olunubdur. Amma biz heç bir qəti fikrə gəlməmişik. Amma müzakirə olunan bəzi variantlardan Ermənistan ki, Paris görüşləri mükəmməl bir görüş olubdur.

O ki qaldı Ki Uestə, orada onlar da öz mövqelərini izah ediblər, mən də öz mövqeyimizi izah etmişəm. Artıq oradan gedəndə də belə bir şey olmadı ki, biz hansısa bir razılığa gəldik. Bu, prosesdir. Bir dəfə görür-sən, bir razılığa gəlirsən. Ondan bir az sonra ona etiraz edirlər. Yaxud, məsələn, mən bəzi məsələləri qoyuram. Onlar deyirlər olar, amma gələn dəfə deyirlər olmaz. Bəzi məsələlər də var. Vaxtilə mən demişəm ki, bu mümkündür, indi deyirəm, yox, mümkün deyildir. Ona görə də bu, prosesdir və heç yerdə prinsip yoxdur - nə Parisdə, nə Ki Uestdə, eyni zamanda Naxçıvanda, sərhəddə. Orada son prinsip var idi. Amma onu tamamilə pozdular. Ermənistan tərəfi pozdu. Ona görə mənə belə gəlir ki, bunlar, sadəcə, düzgün məlumat deyildir.

Sual: Cənab prezident, bəs Soçidə hansısa razılığa gəlmək mümkün oldumu?

Cavab: Qızım, mən sənə bir dəfə cavab verdim.

Sual: Cənab prezident, doğrudurmu ki, əsas mübahisələr Şuşaətrafı kəndlərə azərbaycanlıların qayıtması və Dağlıq Qarabağa yolun Laçından yox, Kəlbəcərdən verilməsi üzərində gedir?

Heydər Əliyev: Sən bunu haradan bilirsən?

Jurnalist: Ermənistan rəsmilərinin öz agentliklərinə verdikləri müsahibələrdən.

Heydər Əliyev: Sən onda Ermənistandan soruş ki, bu doğrudur, ya doğru deyil.

Sual: Cənab prezident, Koçaryanla yeni görüşünüz nə vaxt olacaqdır?

Cavab: Biz danışdıq ki, görüşəcəyik. Amma haçan ola bilər, deyə bilmərəm.

Sual: Cənab prezident, Dağlıq Qarabağda narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı müzakirələr keçirildimi?

Cavab: Bilirsiniz, Özbəkistan prezidenti İslam Kərimov xüsusi bir arayış hazırlamışdır ümumiyyətlə, narkobiznesin beynəlxalq terrorizm ilə bağlılığı və beynəlxalq terrorizmin narkobiznesdən istifadə edərək öz terrorçuluq hərəkətlərini həyata keçirməsi barədə. Bu məsələ haqqında bizim geniş fikir mübadiləmiz oldu və hamı bu fikrə gəldi ki, narkotik maddələr indi hər yerdən keçir. Təkcə Orta Asiyadan yox, bizim Qafqazdan da keçir, başqa yerlərdən də keçir və bunlar böyük təhlükə yaradır. Ona görə də orada konkret bir şey söylənmədi. Ancaq hamının eyn fikri oldu ki, bu, indiki zamanda bütün bəşəriyyət üçün, o cümlədən bizim dövlətlər üçün çox təhlükəli bir meyldir və bu getdikcə də genişlənir. Mən buradan gedəndə dedilər ki, bizim hüquq-mühafizə orqanları bir kiloqram heroin tutublar. Bilirsiniz, bir kiloqram heroin nədir? Yarım qram heroin narkomanı istədiyi vəziyyətə salır. Amma bu tonlarla keçir. Bu bir çox ölkələrdən keçir. İndi mən demək istəmirəm ki, hansı ölkədən, haradan daha çox, haradan daha az keçir. Bunların hamısı da həm MDB məkanına, həm də Avropaya gedir. Eyni zamanda Avropaya başqa yerlərdən də gəlir. Bilirsiniz ki, narkomaniya məsələsi, narkotik maddələrin gizli istehsal olunması və yayılması Cənubi Amerikada olduqca çox güclənibdir. Ona görə bu, qlobal məsələdir, dünyada böyük təhlükə doğuran məsələdir. Biz də bu barədə fikir mübadiləsi aparıb qəti mövqeyimizi bildirdik ki, bunların qarşısını almalıyıq.

Sual: Cənab prezident, BiPi şirkəti bildirir ki, Azərbaycanla razılığa gələnə qədər İranın hədələdiyi yataqlarda işlərini avam etdirməyəcəklər. Sizin buna münasibətinizi bilmək olarmı?

Cavab: Bilirsiniz, Bi-PI şirkəti hələ mənə bir şey deməyibdir. Ona görə də Bi-Pi şirkəti mənə deyəndə, mən deyəcəyəm. Amma onu bildirmək istəyirəm ki, bizim müqavilə imzaladığımız bütün yataqların hamısında işlər davam edəcəkdir.

Sual: Hörmətli cümhur başkanım, Gürcüstan prezidenti Şevardnadzenin təxirə salınan səfəri nə vaxt gerçəkləşəcəkdir?

Cavab: Biz onunla danışacağıq. Orada jurnalistin öldürülməsi ilə əlaqədar daxili vəziyyət bir az gərginləşibdir. Onunla belə danışmışıq ki, orada vəziyyət normal hala düşən kimi telefon əlaqəsi saxlayıb müəyyən edəcək və Azərbaycana mütləq gələcəkdir.

Sual: Cənab prezident, mətbuatla bağlı son fərmanınıza görə, televiziyada filmlərin hamısı Azərbaycan dilinə tərcümə olunub verilməlidir. Bu, çox böyük çətinliklər yaradır. İndi Azərbaycanın reklam bazarında o qədər vəsait yoxdur ki, Azərbaycan televiziyalarında filmləri belə sürətlə tərcümə etmək mümkün olsun. Ola bilərmi, Siz Milli Banka göstəriş verəsiniz ki, özəl televiziyalara güzəştli kreditlər versin və filmlər Azərbaycan dilinə tərcümə olunsun?

Cavab: Birincisi, mən sizdən soruşuram: hörmətli ANS, niyə indiyə qədər rus dilində bir belə seriallar, multfilmlər göstərirdiniz? Mən bu məsələni buradan gedəndə qaldırmışam. İndi siz də ayılmısınız.

Jurnalist: Cənab prezident, tərcümə etdiklərimiz var. Amma bu, çox baha başa gəlir.

Heydər Əliyev: Bəlkə də, ola bilər. Amma indi siz ayılmısınız. Mən Azərbaycan dili haqqında, latın əlifbası haqqında fərman verəndən sonra bu məsələni də çox vacib hesab etdim. Çünki biz bir tərəfdən deyirik ki, bütün azərbaycanlılar, Azərbaycanda yaşayan azərbaycanlılar Azərbaycan dilini bilməlidirlər, danışıqlarını Azərbaycan dilində aparmalıdırlar və bütün dövlət işləri Azərbaycan dilində getməlidir.

İkinci tərəfdən də təkcə siz deyilsiniz. Bizim dövlət televiziya şirkəti də gündə, demək olar ki, verilişlərin yarısını seriallara, rus dilində olan multfilmlərə həsr edir. Bilirsiniz, siz öz gözünüzdə tiri görmürsünüz, başqasının gözündə tükü seçirsiniz. Bəs bu sizin günahınız deyilmi? Siz və sizin xüsusi qonaqlarınız ki var, sən onları çox məhəbbətlə danışdırırsan, onlar indiyə qədər döşlərinə vururdular ki, millilik belə gəldi, Azərbaycan dili, nə bilim nə. Hətta bizim dilimizə başqa cür adlar qoyurdular. İndi nə oldu? İndi mən dil haqqında fərman qəbul etmişəm, latın əlifbası haqqında fərman qəbul etmişəm. Hələ fərman həyata keçməmişdən hay-küy salıblar və bunu yenə də tərsinə yozmağa başlayıblar ki, Heydər Əliyev bununla kiməsə zərər gətirmək istəyir.

Görürsünüz, nə qədər ağılsızdılar. Heydər Əliyev kiməsə zərər gətirmək istəsə, imkanları çoxdur, zərəri elə gətirər ki, o adam heç bilməz ki, hansı tərəfdən...

Bilirsiniz, mən buradan gedəndə - görünür, sən yox idin, cavan oğlan var idi, mənə o sual verirdi, bu məsələ qalxdı. Yəni bu məsələ qalxmadı, özüm dedim ki, mən Bakıya dönən kimi seriallar haqqında qəti fikrimi bildirəcəyəm. Çünki biz bir tərəfdən istəyirik ki, öz dilimizin tətbiq, istifadə sahəsini genişləndirək. İkinci tərəfdən də bu seriallara ayrı-ayrı, başqa dillərdə, xüsusən rus dilində olan filmlərlə baxırlar.

İndi gərək biz uşağı tərbiyə edək ki, o, ana dilini bilsin. Amma uşağın ən sevdiyi bir şey multfilmdir. Mənin balaca nəvəm var. O, multfilmə saatlarla baxır. Rus dilində baxanın biri rus dilini bilir, o birisi az bilir, başqa birisi heç bilmir. Bilməyən də yavaş-yavaş öyrənir.

Çünki multfilmdə görür ki, ayı nədir - medveddir, yaxud dovşan nədir - zayats, filandır, feşməkandır. Ona görə bu, böyük problemdir. İndi mən sənə bu barədə heç bir şey deyə bilmərəm. Ancaq hamımız bir yerdə düşünməliyik.

Sual: Cənab prezident, "Şahdəniz" layihəsi üzrə Gürcüstanla hər hansı bir həll olunmamış problem qalıbmı?

Cavab: Yox, qalmayıbdır. Görürəm ki, daha sözünüz yox-dur.

Sual: Cənab prezident, Siz Putinlə görüşəndə Qəbələ RLS-in statusunu müzakirə etmisinizmi?

Cavab: Onu müzakirə etməyə ehtiyac yoxdur. Biz onu müzakirə etmişik, komissiya yaratmışıq. Hesab edirəm ki, komissiyanın qərarı çıxandan sonra biz müzakirə edəcəyik.

Sual: Cənab prezident, İran Məsləhət Şurasının katibi belə bir ifadə işlətmişdir ki, əgər Azərbaycan öz mövqelərini dəyişməsə, İran ona qarşı ərazi iddiaları irəli sürə bilər. Sizin İrana səfəriniz zamanı hansı mövqeyin dəyişilməsi barədə müzakirələr gedə bilər?

Cavab: Bilirsiniz, burada deyirlər ki, BAB təşkilatı var, cavanları xüsusi yığıbdır. Əvvəl mən bilmirdim, deyirdim ki, bəlkə babtistlərdir, nədir. Sonra araşdırdım. Dedilər ki, bu, Bütöv Azərbaycan Birliyi təşkilatıdır. Yaxşı, BAB təşkilatı burada var. Gecə-gündüz danışır ki, gərək Cənubi Azərbaycanı özümüzə birləşdirək, filan edək, feşməkan edək. Yaxşı, bəs onlar buna reaksiya vermirlər? O da dövlətdir.

İndi bizim ölkəmizin bir hissəsi işğal olunubdur. Nə qədər əziyyət çəkirik. O da böyük dövlətdir. Biz dediyimiz Cənubi Azərbaycan İranın yarısına bərabər bir sahədir. Bütün İranda 30 milyona qədər azərbaycanlı yaşayır. Vaxtilə Fidel Kastronun yaxın silahdaşı var idi - Çe Qevara, istəyirdi ki, bütün Cənubi Amerikada sosializm yaratsın. Böyük şücaətlər etdi. Sonra haradasa məhv oldu. Bilirsiniz, indi belə şeyləri ortaya atmaq... Mən belə düşünürəm ki, o adam ki BAB yaradıb, nə qədər fantazyor olsaydı da, onun özü də dərk edirdi ki, bu, real bir şey deyil və olmamalıdır. Ancaq bir tərəfdən münasibətləri kəskinləşdirmək üçün, ikinci tərəfdən də, beləliklə, özünə populyarlıq qazanmaq üçün edibdir. Çünki adi adamlara Cənubi Azərbaycan deyəndə, deyir, bəli, Cənubi Azərbaycan! İndi ona görə də İran dözür-dözür və bir dəfə də deyir ki yaxşı, Azərbaycan vaxtilə İranın tərkibində idi. Biz də onu birləşdirərik.

İş bundadır ki, biz 8 milyonuq, İran 65 milyona yaxındır. Orada 30 milyon azərbaycanlı var. Onda deyəcəklər, kim-kiminlə birləşməlidir, kiçik böyüklə, ya böyük kiçiklə? Bilirsiniz, bizim tərəfimizdən bu məntiqsiz şeylər meydana çıxır və bunların nəticəsində belə şeylər əmələ gəlir. Ona görə mən orada verilən bəyanata qətiyyən heç bir əhəmiyyət vermirəm. Gedəndə də demişəm, indi də deyirəm ki, biz İranın daxili işlərinə qarışmırıq və qarışmayacağıq. İran da Azərbaycanın daxili işlərinə qarışmamalıdır.

Onların Təhlükəsizlik Şurasının katibi Ruhani burda olanda mən bu sözləri ona qəti demişəm. Demişəm ki, biz dünyəvi dövlətik. Biz bu gün dünyəvi dövlət deyilik, yüz ildir dünyəvi dövlət yolu ilə gedirik. Dünyəvi dövləti, sadəcə, müstəqillik əldə edəndən sonra almadıq ki? Bu dünyəvilik bizdə artıq keçən əsrin əvvəlindəndir. Məsələn, Azərbaycanda çadranı nə vaxt atdılar? 1925-26-cı illərdə qadınlar çadranı atdılar. İndi sənin başına çadra salmaq olar? İstəyirsən, salaq. Səni məscidə aparaq, çadranı da başına salaq.

Sual: Cənab prezident, İrana nə vaxt səfər edəcəksiniz?

Cavab: Görək. Gərək onlarla ikitərəfli danışaq.

Sual: Cənab prezident, Putinin təşəbbüsü ilə keçiriləcək dörd Xəzəryanı dövlət başçılarının görüşü təxminən nə vaxt və harada olacaqdır?

Cavab: Ay qardaş, bilirsən, mən sənə dedim ki, belə bir şey olacaq. İndi sən sual verirsən ki, nə vaxt olacaq, harada olacaq. Ondan sonra sual verəcəksən ki, nə bilim, o yerin quruluşu nə təhərdir, o, yarıyır, ya yaramır. Axı belə boş sualları verməyin. Bu sözü dedim. Demək, artıq bu tamam deyilən sözdür.

Sual: Cənab prezident, yəqin Sizə məlumat veriblər. Siz burada olmayanda İrana 12 radiostansiya keçirilirmiş. Gürcüstandan İrana aparılan hərbi radiostansiyalar Astara gömrükxanasında saxlanılıb. Araşdıracaqsınızmı ki, bu, İran sərhədinə qədər necə gedib çıxıb?

Cavab: Eşitmişəm. Əlbəttə, əlbəttə.

Sağ olun. İşə gedirəm. İndi soruşacaqsınız ki, mən bunu niyə deyirəm?

Jurnalist: Səfərdən gəlmisiniz. İndi də birbaşa işə getmək kifayət qədər güc tələb edir.

Heydər Əliyev: Bəli. Sən hansı...

Jurnalist: "Space" televiziyasındanam.

Heydər Əliyev: O birilərinə başa sal ki, Heydər Əliyev üç günlük səfərdən sonra da işə getdi

"Azərbaycan" qəzeti, 4 avqust 2001-ci il.

Tarixi arayış