Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şair Zəlimxan Yaqubun yaradıcılığına həsr olunmuş poeziya məclisi başa çatdıqdan sonra Azərbaycanın incəsənət ustaları ilə görüşdə söhbətindən - Respublika sarayı, 19 dekabr 1998-ci il


Axşamınız xeyir olsun. Mən sevimli şairimiz Zəlimxan Yaqubu orada təbrik etdim. Ancaq bilmirdim ki, siz buradasınız. Sizi bir daha təbrik edirəm. Azərbaycanın gənc, amma çox istedadlı şairi Zəlimxan Yaqubun özünəməxsus şeirləri, özünəməxsus xüsusiyyətləri vardır. Zəlimxan Yaqubun çox da gözəl istedadı var. Biz bunu bu gün bir daha gördük. Bu gün bizim alimlər bunu burada qeyd etdilər.

Şair olmaq üçün, şübhəsiz ki, fitri istedad lazımdır. Ancaq eyni zamanda, şair olmaq üçün vətənə, xalqa, torpağa bağlılıq lazımdır, sevgi-məhəbbət lazımdır və şair olmaq üçün sevgi lazımdır. Həm insanı sevmək lazımdır, həm xalqını sevmək lazımdır, millətini sevmək lazımdır, həm atanı, ananı, babanı, nənəni sevmək lazımdır, həm də ki, gözəl bir qadını da sevmək lazımdır. Şairlərin çoxunu şair edən elə bu sevgi-məhəbbət olubdur. Hər halda bunlar hamısı bizə ədəbiyyatdan, tarixdən məlumdur. İndi mən istəmirəm araşdırım, bizim Zəlimxanın həyatında bu nə cür olubdur.

Hər bir şair Azərbaycan üçün dəyərli bir şəxsiyyətdir. Azərbaycan xalqı bütün tarix boyu şairlərlə zəngin olubdur. Bizim xalqımız başqa xalqlardan elə bununla çox fərqlənir. Bizim dahi şairlərimiz, söz ustalarımız həmişə xalqımıza mənəvi qida veriblər, xalqımızı ruhlandırıblar, xalqımızı həvəsləndiriblər, xalqımızı döyüşə həvəsləndiriblər, xalqımızı zəhmətə həvəsləndiriblər, xalqımızı vətəni sevməyə həvəsləndiriblər, şair sözü çox təsirli olur. Şeirlə deyilən sözün təsiri bütün başqa sözlərin hamısından təsirli olur. Ona görə də şair Azərbaycanda həmişə sevilib, şair həmişə hörmətli olubdur. Bu gün də sevilir, bu gün də hörmətlidir.

Fəxr edirik ki, bizim böyük şairlərimiz keçən əsrlərdə də olubdur, XX əsrdə də böyük şairlərimiz olub və bu gün də böyük şairlərimiz vardır. Biz fəxr edirik ki, şairlər nəsli kəsilmir, davam edir. Nəsildən-nəslə keçən bu istedad, bu şair sənəti bizim mədəniyyətimizi, xalqımızın mənəviyyatını həmişə zənginləşdirir. Bu baxımdan Zəlimxan Yaqub bizim bu son illərdə çox üzə çıxmış, xalq tərəfindən sevilmiş və öz şeiri ilə, sözü ilə, öz fəaliyyəti ilə böyük hörmət qazanmış şairdir. Bugünkü şer gecəsi də, poeziya məclisi də bunu bir daha sübut etdi.

Zəlimxan Yaqubun xüsusiyyətlərindən biri də odur ki, onun çox gözəl yaddaşı vardır. Bəli, bu, hər şairə nəsib olmur, hər şairə məxsus deyildir. Şair var ki, çox gözəl şeir yazır, amma onu kağıza yazandan sonra oxuyur. O da günah deyil. O da olmalıdır, bu da olmalıdır. Hərənin bir üslubu vardır. Ancaq Zəlimxanın bu barədə xüsusiyyəti bir də ondan ibarətdir ki, çox gözəl yaddaşı var. Öz yazdığı şerləri də həmişə çox gözəl yadında saxlayıb söyləyir, deyir, oxuyur. Ancaq başqa şairlərin şerlərini də insanlara çox gözəl çatdırır, cəmiyyətə çatdırır. Bunun özü böyük bir məharətdir. Bizim aktyorlarımızın, söz ustalarımızın ən gözəl xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, şairlərimizin yazdığı şeirləri aktyorluq sənətinin xüsusiyyətləri ilə insanlara çatdırırlar. Ancaq Zəlimxan üçün buna ehtiyac yoxdur. Bəlkə də özü yazdığı şerlərin, sözlərin buna o qədər ehtiyacı yoxdur -özünün beynindən, özünün qəlbindən, özünün içindən gələn şerləri gözəl bir sənət ustası kimi, söz ustası kimi, gözəl bir aktyor kimi özü də ifadə edir. Bu xüsusiyyət də indiki gecədə aydın göründü.

Bütün bunlarla əlaqədar, hörmətli Zəlimxan, mən səni ürəkdən təbrik edirəm. Sənə yeni yaradıcılıq uğurları arzulayıram. Bu gün səninlə bərabər Azərbaycanın bu gözəl səhnəsində sənin şerlərini və eyni zamanda öz sənətini nümayiş etdirən bizim bütün incəsənət xadimlərinə, xüsusən xalq incəsənətimizi yaşadan aşıqlarımıza təşəkkür edirəm və sizing hamınızı təbrik edirəm. Hamınıza cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram. Sağ olun.

Zəlimxan Yaqub: Möhtərəm prezident, icazənizlə, Sizə və bu gün burada iştirak edən bütün əzizlərimizə bir daha minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edib, bir sözü deməyi özümə borc bilirəm. Bu gün burada olan kollektivlərin hamısına öz təşəkkürümü bildirirəm. Ancaq aşıq sənətinin klassik nümayəndəsi Aşıq Kamandar Borçalıdan gəlibdir. O, sənətin böyük ustadıdır. Məsələn, Azərbaycanda Xan deyiləndə nəyi təsəvvür ediriksə, Borçalıda Kamandar deyiləndə o cür qəbul olunur. Aşıq Kamandarın bu gün burada iştirakı, Sizin burada olmağınız bu məclisi bir neçə qat da təravətli etdi. Çünki Kamandar Borçalının burada bir parçasıdır, klassik dədələrimizin nümayəndəsidir.

Aşıq Kamandar Əfəndiyev: Cənab prezident, üzr istəyirəm, mən bu məclisə böyük həvəslə gəldim. Söz vermişdim ki, bu əziz gündə iştirak etməyə gələcəyəm.

Zəlimxan Yaqub: Cənab prezident, tarixi yaddaşımıza yazılan bütün bu mənzərəyə görə Sizə bir daha təşəkkür edirəm. Bütövlükdə nə arzular etmişik, qoy onların hamısı haqqın dərgahında qəbul olunsun.

Heydər Əliyev: Çox sağ ol. Amma bir fikrimi bildirmək istəyirəm. Sən deyirsən ki, Xan Azərbaycanda olduğu kimi, Kamandar da Borçalıdadır. Borçalı diyarı da azərbaycanlılar diyarıdır. Burada, yəni Azərbaycanda yaşayanlar Borçalını heç vaxt ayırmayıblar. Borçalı həmişə bizim qəlbimizdə olubdur. Xalqımızın da qəlbi belədir. Amma mənim qəlbimi götürsəniz, mən ömür boyu, həmişə Azərbaycanın bugünkü sərhədlərindən, hüdudlarından kənarda olan bütün azərbaycanlıların hamısını vahid Azərbaycanın birliyində görmüşəm, birliyində hiss etmişəm. Borçalı diyarına mən keçmiş illərdə - Azərbaycana rəhbərlik etdiyim zaman da həmişə qayğı göstərmişəm, həmişə onlara öz xidmətimi göstərmişəm. Bəlkə borçalıların çoxları bilmirlər ki, o illərdə - 70-ci illərdə orada onların yaşayışı üçün mən həm Gürcüstanın rəhbərliyi ilə, həm Moskvanın rəhbərliyi ilə nə qədər danışıqlar aparmışam, tələblərimi qoymuşam. Amma indi isə - Gürcüstan da müstəqil dövlət olduğu zaman, Azərbaycan da müstəqil dövlət olduğu zaman Gürcüstanla Azərbaycan arasındakı bu dostluq, səmimi qardaşlıq əlaqələri və mənimlə president Şevardnadzenin arasında olan əlaqələr birinci növbədə Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarını qorumaq məqsədi daşıyır, azərbaycanlıların yaşayış tərzinin yaxşılaşdırılması məqsədi daşıyır. Gürcüstanda yaşayan azərbaycanlılar, borçalılar - hamısı əmin ola bilərlər ki, mən Azərbaycanın prezidenti kimi həmişə onlarlayam. Mənim əlim sizing üstünüzdədir.

Zəlimxan Yaqub: Cənab prezident, biz hamımız elə bilir və belə də qiymətləndiririk.

Aşıq Kamandar Əfəndiyev: Möhtərəm prezident, Sizə cansağlığı, uzun ömür arzulayıram.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT