Danimarka televiziyası müxbirinə Azərbaycan Prezidenti Heydər Əliyevin müsahibəsi - Lissabon, 3 dekabr 1996-cı il


Sual: Cənab prezident, xahiş edirəm, Ermənistan-Azərbaycan münaqişəsindən danışasınız.

Cavab: Bilirsiniz ki, Ermənistan-Azərbaycan münaqişəsi Dağlıq Qarabağ üstündə yaranmışdır və bu münaqişəyə səkkiz il əvvəl Ermənistan Respublikası başlamışdır. Ermənistan Dağlıq Qarabağı ilhaq məqsədilə Azərbaycana qarşı hərbi təcavüz etmişdir.

Dağlıq Qarabağ Azərbaycanın mərkəzində yerləşən kiçik bir regiondur və ərazisi dörd min kvadratkilometrdir. O vaxtlar orada təxminən 130 min adam yaşayırdı. Onların 70 faizi erməni millətindən və 30 faizi Azərbaycan millətindən olan sakinlərdir. Ermənistan Dağlıq Qarabağı zor gücünə qoparıb özünə birləşdirməyi qərara almışdır. Münaqişə də bax buna görə yaranmışdır. Bundan sonra hərbi əməliyyatlar başlanmış, qan tökülmüş, çoxlu adam həlak olmuşdur. Lakin Ermənistan silahlı qüvvələri müxtəlif səbəblərə görə Azərbaycanın bəzi rayonlarını, o cümlədən də Dağlıq Qarabağı işğal etmiş, oradan bütün azərbaycanlıları didərgin salmışlar, çünki onlar digər dövlətlərdən yardım alırdılar, elə keçmiş Sovet İttifaqının rəhbərliyi də Azərbaycana nisbətən Ermənistana daha çox kömək göstərirdi. İndi Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, oradan bir milyon nəfərdən çox azərbaycanlı qovulmuşdur. Bu adamlar Azərbaycanın müxtəlif bölgələrində çox ağır şəraitdə, çadırlarda yaşayırlar.

Lakin iki il yarım bundan əvvəl biz hərbi əməliyyatları dayandırdıq, atəşkəs haqqında saziş əldə etdik və sülh danışıqları aparırıq. Lakin bu danışıqlar hələlik bir nəticə verməmişdir. Lissabon sammitində biz bunun üçün müvafiq mandat almağa çalışdıq və hesab edirəm ki, onu aldıq. ATƏT-in fəaliyyət göstərən sədri cənab Flavio Kottinin xüsusi bəyanatı oldu. O, bildirdi ki, ATƏT-in üzvü olan bütün dövlətlər Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün əsas prinsipləri dəstəkləyirlər. Bunlar Azərbaycanın ərazi bütövlüyü, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusu və bütün Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi üçün təminat verilməsi prinsipləridir. Biz hesab edirik ki, bu prinsiplər ATƏT-in prinsiplərinə uyğundur. Amma Ermənistan onları qəbul etmir. Halbuki bütün ATƏT üzvləri fəaliyyət göstərən sədrin bəyanatında öz əksini tapan bu prinsipləri dəstəklədiyini bildirmişlər. Bu bəyanat, ATƏT-in əsas sənədlərindən biri oldu. Biz bundan məmnunuq.

Müxbir: Çox sağ olun!