Respublikanın Cənub-Qərb bölgəsinə səfər zamanı görüşlərdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Füzuli rayonunda döyüşçülər qarşısında çıxışı - 9 aprel 1994-cü il


scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb

Əziz əsgərlər, zabitlər. Mən bu gün sizin vəziyyətinizlə tanış olmağa, səngərlərə baxmağa, döyüş imkanlarınızın səviyyəsini yoxlamağa gəlmişəm. Hamımızın borcu odur ki, torpaqlarımızı etibarlı qoruyaq. Təxminən son 4-5 ayda ordu hissələrimizin xeyli müvəffəqiyyətləri olub. Mən noyabr ayında Azərbaycan xalqına müraciət etdim. O vaxt erməni silahlı qüvvələrinin hücum əməliyyatları günü-gündən genişlənirdi, ərazilərimiz işğal olunurdu və düşmənin qarşısını almaq lazım idi. Azərbaycan vətəndaşları, gənclər bu çağırışa səs verdilər, Vətənin müdafiəsinə qalxdılar. İndi mən burada həmin adamların bir neçəsi ilə də görüşdüm. Bütün bunlar onu göstərir ki, gənclərimiz öz torpaqlarını qorumağa qadirdilər. Bunu sübut edən bir də odur ki, mənim keçən səfərimdən sonra torpaqlarımızın bir qismi azad edilib, düşmən təxminən 40 kilometr geri oturdulub.

Mən dəfələrlə demişəm. Azərbaycan müharibə etmək istəmir, bu müharibəni Azərbaycan başlamayıb. Biz müharibənin sülhlə başa çatmasına tərəfdarıq. Lakin Ermənistan tərəfi bizim bu sülh təşəbbüslərimizə məhəl qoymur, hətta özü verdiyi vədə əməl etmir. Bu da onu göstərir ki, biz gərək heç kimə arxayın olmayaq, öz torpaqlarımızı özümüz müdafiə edək, ərazilərimizi işğalçılardan təmizləyək. Mən inanıram ki, biz ordumuzun gücü ilə torpaqlarımızı azad edəcəyik...

Siz özünüz də görürsünüz ki, orada müəyyən sənəd imzalandıqdan sonra Ermənistan silahlı qüvvələri öz çirkin əməllərindən əl çəkməyərək martın əvvəllərində yenidən hücuma keçmiş, lakin bu həmlələrin qarşısı alınmışdır. Həmin hücumların dəf olunmasında siz də iştirak etmisiniz, onların hərbi texnikasını, silahını, sursatını, həm də xeyli canlı qüvvəsini məhv etmisiniz.

Siz burada şərəflə, namusla xidmət edirsiniz. Qoy fərarilik edənlər eşitsinlər ki, torpağımızı qorumaq hər bir azərbaycanlının şərəfli borcudur. Əgər bəziləri bunu anlamırlarsa, hərbi xidmətə tab gətirə bilmirlərsə, onlar öz vicdanları, ata-anaları, Vətən qarşısında xəyanət edirlər. Onların hər biri ciddi cəza alacaqdır. Heç kim fikirləşməsin ki, fərarilik edib kənarda yaşaya bilər...

Xalqın bir hissəsi olan ordunun qayğılarının həllinə hər cür kömək göstəriləcəkdir.

Əziz döyüşçülər, bizim yeganə yolumuz odur ki, səngərlərdə möhkəm dayanaraq torpaqlarımızı müdafiə edək, düşmənin hər bir hücumuna layiqli cavab verək.

Əziz əsgərlər və zabitlər, indi siz bir neçə ay bundan qabaq düşməndən azad olunmuş Azərbaycan torpağında dayanmısınız. Ordumuzun rəşadəti nəticəsində Füzuli rayonu ərazisinin bir hissəsi düşməndən azad olunmuşdur və bu işdə sizin böyük xidmətiniz var. Keçən ilin noyabr ayından sonra Azərbaycan Ordusu öz gücünü toplaya bildi. Son vaxtlar ordu quruculuğu sahəsində böyük işlər görülmüşdür, bunları yüksək qiymətləndirirəm və əmin olduğumu bildirirəm ki, döyüşçülərimiz Vətən torpağının müdafiəsində bundan sonra da uğurlar qazanacaqlar.

Mən torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin ruhu qarşısında baş əyirəm və əmin edirəm ki, şəhidlərin qəhrəmanlığı və rəşadəti heç vaxt unudulmayacaq, onların xidmətləri xalqın qəlbində daim yaşayacaqdır. Allah onlara rəhmət eləsin! Onlar sizin döyüş yoldaşlarınızdır və torpaqlarımız uğrunda şəhid olublar. Onların qanı yerdə qalmayacaq. O döyüşlərdə yaralananlar da olub, indi müalicədədirlər. Arzu edirəm ki, onlar tezliklə sağalıb ordu sıralarına dönsünlər, yenə də qəhrəmanlıq göstərsinlər. Ümidvaram ki, bu belə də olacaq.

Siz öz ata-analarınızın, yurdunuzun, torpağınızın namusunu, şərəfini qorumaq üçün müdafiədə durmusunuz. Güman edirəm ki, bizim bu ədalətli mübarizəmiz nəticə verəcək, gün o gün olacaq ki, Azərbaycan torpaqlarının hamısı azad olacaq, hər bir vətəndaşımız öz evinə, obasına qayıdacaqdır. İndi burada, sizin qarşınızda çıxış etdiyim bu yerdən bir kilometr o tərəfdə erməni silahlı qüvvələri dayanıblar. Sizə deyirəm, qoy erməni işğalçıları da eşitsinlər - biz sülh tərəfdarıyıq, müharibəyə son qoymaq istəyirik. Bütün vasitələrdən istifadə edib, danışıqlar apararaq atəşi kəsib müharibənin qurtarmasını istəyirik. Ancaq bunun bir şərti var: erməni işğalçı qüvvələri Azərbaycan torpaqlarını tərk etməli və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Biz danışıqları da bu şərt əsasında aparırıq.

Qoy Ermənistan silahlı qüvvələri də bilsinlər ki, daha əvvəlki vaxt deyil. Onlar gəlib bizim ərazilərimizi asanlıqla işğal edə bilməzlər. Ancaq bu o demək deyil ki, biz hər şeyə nail olmuşuq. Xeyr. Qarşımızda çox böyük vəzifələr var. Yenə də deyirəm, vəzifə odur ki, işğal olunmuş torpaqlarımız azad edilsin, qaçqın düşmüş Azərbaycan vətəndaşları elinə-obasına qayıtsınlar...

Mən sizin iradənizə inanıram və əmin olduğumu bildirirəm ki, bu səngərlərdə möhkəm dayanacaq, düşmənin qarşısını alacaqsınız. Bunun üçün ordu quruculuğu məsələlərinə diqqət yetirməli, zabitlərimiz öz hərbi bilik səviyyəsini artırmalı, əsgərlərimiz döyüş təliminin incəliklərini dərindən mənimsəməlidirlər. Hamı - hər bir əsgər, zabit öz yerində, öz sahəsində vəzifəsini şərəflə, namusla yerinə yetirməyə hazır olmalıdır...

Ordumuzun son aylardakı nailiyyətləri göstərir ki, bizim böyük imkanlarımız var. Eyni zamanda ordunun bəzi hissələrində fərarilərin sayı artıb. Bu, dözülməz haldır. Hər bir fərari ictimaiyyətdə, cəmiyyətdə nifrətlə qarşılanmalıdır, bilməlidir ki, əgər fərarilik edirsə, xalqına, millətinə, ölkəsinə, öz doğma atasına-anasına xəyanət edir. Biz lazımi tədbirlər görəcəyik. Fərarilik edən gəncləri bir də düşünməyə dəvət edirəm. Onlara ordu sıralarına qayıtmağı təklif edirəm. Eyni zamanda müvafiq orqanlara əmr vermişəm ki, bu barədə lazımi ölçülər götürsünlər. Sizin burada - erməni işğalçıları ilə qısa məsafədə üzbəüz durmağınız hər bir azərbaycanlı gənc üçün nümunə olmalıdır və siz nümunəsiniz. Siz ağır şəraitdə yaşasanız da, mərdsiniz, qoçaqsınız, mətanətlisiniz. Bütün Azərbaycan gəncləri məhz belə olmalıdırlar. Bizim xalqımız əsrlər boyu belə mərd, cəngavər övladlar yetirib, onlar da Azərbaycanı əsrlərdən bəri qoruyub saxlayıb, gətirib müstəqil dövlətə çeviriblər. Sizin mətanətiniz və rəşadətinizlə torpaqlarımızı azad edib, müstəqil Azərbaycanın ərazi bütövlüyünə nail olacağıq.

Hər bir əsgər ailəsinə xüsusi qayğı göstərilməlidir. Amma müharibə apardığımız Ermənistanla müqayisə etsək, bizdə onlara nisbətən vəziyyət xeyli yaxşıdır. Onlar o ağır vəziyyətdə yaşaya-yaşaya gəlib bizim torpaqlarda müharibə aparırlar, ərazilərimizi işğal edirlər. Siz də fikirləşin, görək, bu fərariliyin qarşısını necə alaq?

... Mənə məlumat veriblər ki, siz burada möhkəm dayanmısınız, xeyli ərazini düşməndən azad etmisiniz. Ancaq bizim torpaqlarımızın xeyli hissəsi hələ işğal altındadır. Bax, elə lap yaxınlıqdakı kəndlər də düşmənin əlindədir. Bunları geri almaq lazımdır. Belə hesab edirəm ki, yerinizdə möhkəm durmaqla yanaşı, gücünüzü toplayıb düşmənə layiqli cavab verməlisiniz.

"Azərbaycan" qəzeti, 11 aprel 1994-cü il.