Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Prezident sarayında respublikanın ali və orta ixtisas məktəblərinə qəbulla əlaqədar keçirilən müşavirədə giriş sözü - 2 avqust 1994-cü il


Ali və orta ixtisas məktəblərinə qəbul respublikanın ictimai həyatında çox böyük hadisədir. Müvafiq nazirliklər, Prezident Aparatının işçiləri və Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası bu il də müəyyən hazırlıq işləri görmüşdür. Buna baxmayaraq, qəbulun yüksək səviyyədə aparılması üçün mən belə bir müşavirənin keçirilməsini vacib bilmişəm.

Son illər Azərbaycanda ali və orta ixtisas məktəblərinə qəbul test üsulu ilə keçirilir. 1992 - 93-cu illərdə bu üsul tətbiq olunub və öz müsbət nəticələrini verib. Ümumi ictimai rəy də, bizim də rəyimiz belədir ki, test üsulundan bu il də istifadə edilsin. Ötən iki ildə bu sahədə müəyyən təcrübə qazanılıb. Bu təcrübədən səmərəli istifadə olunması, əvvəllər buraxılan səhvlərin təkrar edilməməsi, bu üsulun təkmilləşdirilməsi indi əsas vəzifədir.

Bir daha qeyd edirəm ki, ali və orta ixtisas məktəblərinə qəbul böyük hadisədir. Bu məsələ ictimaiyyəti həmişə maraqlandırır, narahat edir. Çünki respublikamızın bu keçid dövründə, ağır sosial-iqtisadi vəziyyət dövründə, müharibə şəraitində təhsil almaq istəyən gənclərin sayı çoxdur. Ona görə də ən bilikli gənclərin ali məktəblərdə təhsil almasını təmin edən qəbul kampaniyası çox mühüm tədbir kimi qiymətləndirilməlidir.

Biz bütün bunları nəzərə alaraq, respublikada üzün illər yaranmış ənənələrə sadiq qalaraq bu məsələni belə geniş toplantının müzakirəsinə çıxarmağı məsləhət bilmişik...

Yekun sözü

... Bu gün biz qəbul imtahanları ilə əlaqədar məsələlərin əsas hissəsini nəzərdən keçirib müzakirə etdik. Bir daha demək istəyirəm ki, ali və orta ixtisas məktəblərinə tələbə qəbulu respublikamızda həmişə böyük ictimai xarakter daşıyan tədbir olub. Bu, təbiidir. Çünki on illərdir ki, Azərbaycanda gənclərin əksəriyyəti orta məktəbi bitirdikdən sonra ali təhsil almaq istəyir və onların sayı ilbəil artır. Amma bir tərəfdən, ali məktəblərimizin imkanları məhduddur, digər tərəfdən isə, bu məsələləri dövlət planlaşdırsa da, hamının ali təhsil alması, ola bilsin, respublikamız, cəmiyyətimiz üçün vacib deyildir. Əlbəttə, hər bir şəxs istəsə də, ali təhsil ala bilmir. Kim qəbul imtahanlarından keçə bilirsə, o da ali məktəb tələbəsi olur.

Ali məktəblərə qəbul məsələsi keçmişdə də ictimaiyyətin diqqət mərkəzində olmuşdur. Aydındır ki, bir yerə beş-altı nəfər, hətta daha çox adam ərizə verir və onların yalnız ən layiqliləri, ən savadlıları tələbə adını qazanırlar. Bu sahədə əvvəllər buraxılan səhvlər, ali məktəblər, Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən yol verilən sui-istifadə, rüşvətxorluq halları, abituriyentin biliyindən asılı olmadan, tanışlıqla ali məktəblərə qəbul edilmək, bəzi şəxslərin öz vəzifəsindən istifadə edərək uşaqlarını ali məktəbə düzəltməsi, bilikli gənclərin qəbul olunmasına maneə törədilməsi halları həmişə respublikada ictimaiyyət arasında müzakirə edilib. Bir sözlə, bu sahə həmişə diqqət mərkəzində olub. Ayrı-ayrı adamların müxtəlif qeyri-qanuni yollarla, mənəviyyatımıza zidd olan vasitələrlə ali məktəblərə qəbul edilməsi gənclərin, xüsusən çox istedadlı, lakin belə imkanları olmayan gənclərin bu hüquqdan - ali məktəblərdə təhsil almaq hüququndan məhrum edilməsi ictimaiyyətdə haqlı olaraq, həmişə narazılıq doğurmuş, təkcə ali məktəblərin rəhbərlərinin, yaxud imtahan götürən müəllimlərin ünvanlarına deyil, respublika rəhbərliyinin ünvanına da giley-güzarlara səbəb olmuşdur. Bildiyiniz kimi, biz keçmiş illərdə belə hallara qarşı çox ciddi mübarizə aparırdıq. Bu cur mənfi əməllərlə məşğul olan ali məktəb müəllimləri, işçiləri cəzalandırılmış, işdən uzaqlaşdırılmışdılar. Təəssüf ki, görülən tədbirlər istənilən nəticəni verməmiş, bu hallar davam etmişdir.

Odur ki, dünyada, daha doğrusu, bir sıra ölkələrdə sınaqdan çıxarılmış test üsulunun Azərbaycanda tələbə qəbulunda tətbiq edilməsi, zənnimcə, çox müsbət hadisələrdən biridir. 1992-ci ildə bu üsulun bizdə də tətbiq edildiyini eşitdikdə mən ona müsbət münasibətimi dərhal bildirmişdim və bu gün də bildirmək istəyirəm.

Şübhəsiz ki, bu üsulun tətbiqində səhvlər də, çatışmazlıqlar da olub. Bunlara baxmayaraq, 1992-ci və 1993-cü illərdə test üsulu ilə qəbul əvvəlki bütün illərdəkinə nisbətən daha keyfiyyətli, daha ədalətli olmuşdur və ali məktəblərin müəllimləri və rəhbərləri barəsində bir çox hallarda tamamilə əsassız olan narazılıq və söz-söhbətlər qurtarmasa da, xeyli azalmışdır.

Elə baş prokurorun müavini də burada bir necə rəqəm gətirdi. 1991-ci, 1992-ci ildə nə qədər şikayət gəldiyi yadıma düşdü. 1993-cü ildə isə daha az, təxminən 130 şikayət alınmışdı. Ola bilsin ki, bunlar elə bir ciddi göstərici deyildir, amma hər halda, yaxşılığa doğru meyl yarandığına dəlalət edir.

Doğrudur, ali məktəblərə daxil olmayanların hamısı şikayət etmir. Ancaq ayrı-ayrı adamlar şikayət edirlər. Məsələn, 1991-ci ildə təxminən 500 şikayət alınmışdı. Bu, heç də o demək deyildir ki, onların hamısı narazı qaldığına görə şikayət etmişdir. Narazı olanlar ondan da çox idi. Şikayət edənlər həddindən artıq narazı qalan, yaxud öz hüquqlarının həddindən çox tapdalandığını görən, ədalətsizliyə dözməyən adamlardır. Ancaq açığını deyək, bu şikayətlər 1991-ci ildə də, sonrakı illərdə də elə bir böyük nəticə verməmişdir, yəni şikayətlər verilmiş, prokurorluq orqanları, inzibati orqanlar bu şikayətlərə baxmışlar. Amma nəticəsi nə olub? Əgər həmin şikayətçi barəsində ədalətsizlik aradan qaldırılmış olsaydı, onda bu nəticə hesab edilərdi. Yaxud da şikayətçi barəsində ədalətsizlik edən adam cəzalandırılmışsa, bu da nəticədir. Amma əslində bunların heç birisi olmamışdır.

Deməli, test üsulu indiki dövrdə bizim üçün yəqin ki, ən əlverişli üsuldur. Odur ki, biz bunu müdafiə etməli, tətbiq etməli və daha da səmərəli şəklə salmalıyıq. Əvvəlki illərin təcrübəsinə əsaslanaraq bu il test üsulundan daha səmərəli istifadə edilməlidir. Bu, birinci növbədə Dövlət Tələbə Qəbulu Komissiyasının vəzifəsidir. Prezidentə bilavasitə tabe olan Dövlət Tələbə Qəbulu Komissiyasının yaradılması da Azərbaycanda ali təhsil, ümumiyyətlə, təhsil sahəsində yeni bir hadisədir. Mən bunu müsbət hadisə kimi qiymətləndirirəm. Çünki bu komissiya müstəqildir, heç bir nazirlikdən, yaxud heç bir ali məktəbdən asılı deyildir. Onun müstəqilliyi builki qəbulu da ədalətlə keçirməyə imkan yaradır. Ancaq bu o demək deyil ki, komissiyanın işində səhvlər və ya çatışmazlıqlar yoxdur. Xeyr, belə hallar da var. Demək olmaz ki, bu komissiyanın, onun sədrinin bütün işləri bizi qane edir. Əlbəttə, görülən işlər müsbət qiymətləndirilir. Lakin komissiyanın işi daha da təkmilləşdirilməlidir.

Bu işdə Təhsil Nazirliyi, şübhəsiz, bilavasitə iştirak edir. Çünki bütün imtahanlar Təhsil Nazirliyi ilə birlikdə, onun bazasında, onun kadrlarının iştirakı ilə keçirilir. Duzdur, indi onlar imtahan götürmür, sadəcə olaraq, nəzarətçidirlər. Amma nəzarətçi də gərək sözün əsl mənasında nəzarətçi olsun. Duz və ədalətli olsun. Öz vəzifəsini yerinə yetirərkən heç bir qəbahətə, əyintiyə yol verməsin. Ona görə də Təhsil Nazirliyinin də üzərinə çox böyük məsuliyyət düşür. Bu işi Təhsil Nazirliyi və Dövlət Tələbə Qəbulu Komissiyası birlikdə həyata keçirməlidirlər.

Keçmiş vaxtlar yadımdadır. Adətən bu işə çox adam qarışmağa çalışırdı. Mən vəzifəli şəxsləri nəzərdə tuturam. Biri tanışını, digəri qohumunu, bəziləri uşaqlarını instituta düzəltmək istəyir, rektorlara təsir göstərirdilər, onlar da bundan sui-istifadə edərək, özününküləri də kənarda qoymurdular. Nə gizlədəsən, belə xoşagəlməz hallar baş verib, bunlar məlumdur, qoy heç kəs də deməsin ki, yox, belə şeylər olmayıb. Onların təqsirkarları bu gün də aramızda yaşayırlar. Keçmişdə rektor, ali məktəblərdə digər vəzifələrdə işləyərək belə çirkin yollarla varlananlar indi də göz qabağındadır.

Biz o dövrü yaşadıq, o dövrün bütün əzab-əziyyətlərini görüb çəkdik. Bütün bu mənfi hallara qarşı imkan daxilində mübarizə apardıq. Mən şəxsən özüm barədə deyirəm. Biz bu gün də Azərbaycanda, cəmiyyətimizdə pak və ülvi mənəviyyatı bərqərar etmək üçün tələbə qəbulu kampaniyasına xüsusi fikir verməliyik. Çünki bu, sadə, yəni ayrı-ayrı adamlara dəxli olan iş deyildir. Bu, dövlətin, millətin gələcəyi ilə bağlı bir işdir. Bu il məktəblərimizə daxil olacaq 15 min gənc Azərbaycanımızın gələcəyidir. Müstəqil Azərbaycanın həm dövlətini, həm siyasətini, həm iqtisadiyyatını, həm də elm və mədəniyyətini yalnız həqiqi ali təhsil, həqiqi bilik almış adamlar inkişaf etdirib irəlilədə bilərlər.

Biz keçmişdə diplomlu savadsızları da çox görmüşük. Bəzilərinin uc diplomu var idi. Amma başında bilik-savadlan əsər-əlamət yox idi. Diplomları başqa yollarla alanlar da vardı. Onlar indi də yaşayırlar, bəziləri, hətta çox yaxşı, çox firavan yaşayırlar. Lakin biz bu günümüz, müstəqil Azərbaycanın gələcəyi haqqında düşünsək, gənc nəslin tərbiyəsinə ciddi fikir versək, ən əvvəl ali təhsil almağa qadir, yəni buna öz biliyi, zəkası, fitri istedadı ilə layiq olan gənclərin ali məktəblərə qəbul olunmasını təmin etsək, onda gələcəyimiz üçün böyük işlər görmüş olarıq. Odur ki, mən bu məsələyə xüsusi diqqət yetirirəm. Yadınızda olar, 1970-ci ildən başlayaraq hər il ali məktəblərə qəbul məsələləri ilə ciddi məşğul olur, tədbirlər görürdük. Müəyyən nəticələr də əldə edirdik. Mənfi hallarla yanaşı, daha çox müsbət nəticələrə nail olurduq. O illərdə biz başqa respublikalarda, Moskvanın və digər şəhərlərin ali məktəblərində təhsil almaq üçün hər il 600 - 900 gənc göndərirdik. İndi onların bir çoxu Azərbaycanda müxtəlif sahələrdə çalışır. Necə-necə adam başqa respublikalarda, xarici ölkələrdə yaşayır. Onların hamısı Azərbaycanın yetirmələri, Azərbaycanın sərvətidir. Onlar burada olmasalar da, yenə də azərbaycanlıdır, Azərbaycanın milli sərvətidir.

İndi biz müstəqil dövlətik, öz respublikamızın, öz taleyimizin sahibiyik, xalqımızın bu günü və gələcəyi üçün cavabdehik. Məhz biz cavabdehik. Biz deyəndə, mən birinci növbədə ziyalıları nəzərdə tuturam. Alimlərimizi, ali məktəblərimizdə çalışan yüksək səviyyəli, bilikli və zəngin təcrübəli şəxsləri nəzərdə tuturam. Bəli, biz hamımız Azərbaycanın gələcəyi üçün cavabdehik, gənc nəslin yetişməsi üçün cavabdehik. Biz bu yaxınlarda ayrıca bir nazirlik yaratdıq. Gənclər və İdman Nazirliyi. Fürsətdən istifadə edərək demək istəyirəm ki, bu nazirliyin fəaliyyətinə çox böyük ümidlər bəsləyirəm. Belə hesab edirəm ki, bütün ali məktəblər, Təhsil Nazirliyi, ümumiyyətlə, gənclərlə əlaqədar olan bütün nazirliklər, idarələr, yerli hakimiyyət orqanları, hüquq-mühafizə orqanları, bir sözlə, bütün müvafiq təşkilatlar Gənclər və İdman Nazirliyinə kömək göstərməlidirlər. Bildiyiniz kimi, keçmişdə dövlət, ictimai-siyasi quruluşumuza görə Kommunist Partiyası hakim mövqe tuturdu və gənclərlə iş də bu partiyanın rəhbərliyi altında komsomol vasitəsilə aparılırdı. Bu isə o sistemə, o quruluşa uyğun bir struktur idi. Bunu inkar etmək olmaz. Həmin struktur da öz dövründə xeyli iş görmüşdür, elə bugünkü gənclərin böyük əksəriyyəti, demək olar, həmin o pillələrdən, o məktəbdən keçmişdir.

Ancaq indi başqa zamandır, şərait başqadır. Biz tamamilə fərqli olan ictimai-siyasi bir quruluşda yaşayırıq, öz iqtisadi, siyasi-ictimai cəmiyyətimiz var. Hüquqi-demokratik dövlət qururuq. Lakin bütün bunlar eyni zamanda gənclərlə daha ciddi məşğul olmağı tələb edir. Gənclərlə ciddi məşğul olmaq Azərbaycanın gələcəyi haqqında düşünmək, gələcəyi naminə çalışmaq deməkdir. Ona görə də yenə deyirəm: bu nazirlik yüksək səviyyədə fəaliyyət göstərməlidir və biz gənclərlə işimizi gücləndirməliyik. Bununla yanaşı, ilk növbədə ali məktəblərin, ümumiyyətlə, təhsil ocaqlarının işi yaxşılaşdırılmalıdır. Bilirik, bu sahədə çalışan adamların çoxunun, demək olar, əksəriyyətinin maddi vəziyyəti ağırdır. Amma buna dözmək, gələcəyimiz naminə dözmək gərəkdir. Dözmək lazımdır ki, bu keçid dövrünü müvəffəqiyyətlə ötüb gedək, müstəqilliyimizi möhkəmləndirə bilək.

Burada dedilər ki, bəziləri müəllimliyi buraxıb alverlə məşğuldur. Belələri də var. Nə etmək olar, onları buna bəlkə də həyat vadar edir. Amma həqiqi müəllim, müəllimlik sənətini doğrudan da sevən adam, nə qədər məhrumiyyətlərə dözdü. Yaxşı yadımdadır, 1941-45-ci illər müharibəsini görən adamların da xatirindədir, o vaxtlar insanlar nə qədər məhrumiyyətlərə dözdülər. Bəli, dözdülər. Müharibə də qurtardı, ölkədə əmin-amanlıq da yarandı, hamı, o cümlədən müəllimlər də yaxşı yaşadılar.

Xatirimdədir, o vaxtlar, yəni müharibə illərində mənə dərs verən müəllimlərdən bəziləri gedib bazarda xırda-xuruş satırdılar, çünki dolana bilmirdilər. Buna baxmayaraq, sonra gəlib müəllimliyini etdilər. Tələbə qəbulu məsələsinə kənardan müdaxilə meylləri keçmişdə olduğu kimi, indi də var. Yadımdadır. Keçən il bu işlərlə məşğul olan şəxslər mənə bildirdilər ki, müəyyən adamlar tələbə qəbulunun gedişinə müdaxilə etmək istəmişlər, bəziləri yenə də öz vəzifəsindən istifadə edərək bu işə qarışmağa can atmışlar. Biz belə hallara o vaxt da yol vermədik və indi də xəbərdarlıq edirəm: məsuliyyət Dövlət komissiyasının, Təhsil Nazirliyinin üzərinə düşür. Burada bir mərkəz var. Mən Prezident Aparatının müvafiq şöbəsini nəzərdə tuturam. Onun müdiri Fatma Abdullazadədir. Bütün məsələlərin əlaqələndirilməsini mən Fatma xanıma tapşırır və tələb edirəm ki, hamı ona tabe olsun. Fatma xanım bu məsələlərlə ciddi məşğul olmalı və bütün təşkilatların fəaliyyətini əlaqələndirməlidir.

Bir necə mühüm mərhələ var. Bunlar testlərin hazırlanması, mətbəədə çap edilməsi, imtahan verilən yerlərə çatdırılmasıdır. Mən bu mərhələləri görürəm, amma hesab edirəm ki, bu işlərlə məşğul olan şəxslər həmin mərhələləri daha aydın görməlidirlər. Buna görə də istərdim ki, siz məsələlərə ciddi fikir verəsiniz və bəzi incə məqamlara, bir nov təhlükəli mərhələlərə diqqəti gücləndirəsiniz ki, ardıcıllıq heç yerdə pozulmasın. Necə deyərlər, o nazik tel heç yerdə qırılmasın. Çalışmalısınız ki, hər şey tələb edilən səviyyədə olsun və biz qarşımıza qoyduğumuz məqsədə çata bilək.

Bir daha deyirəm, indi tələbə qəbulu kampaniyasını Azərbaycanın bütün ictimaiyyəti izləyəcəkdir. Əgər 55 min abituriyent sənəd vermişsə, bu rəqəmi təxminən 5 dəfə artıq hesab edin. Axı Azərbaycanda ailə üzvlərinin sayı beş-altı nəfər olur. Əgər bir ailədən bir oğlan və ya qız imtahan verirsə, deməli, bütün ailə buna maraq göstərir. Üstəlik, abituriyentlərin qohum-əqrəbası da maraqlanır. Bir sözlə, abituriyentin bütün doğmaları və qohum-əqrəbası onun üçün həyəcan keçirir, onun necə imtahan verdiyini soruşurlar. Belə şeylər həyatımızda təbii və adi hallardır. Ona görə də təkcə abituriyentlərin ailələrini götürsək, görərik ki, bir necə yüz min adam burada bilavasitə maraqlıdır. Lakin cəmiyyət də buna maraq göstərir.

Əksəriyyət ona görə maraqlıdır ki, hamıda vətəndaşlıq hissləri, vətənpərvərlik hissləri yaşayır, Vətənin gələcəyi barədə düşünür. Buna görə də istəyirlər ki, hər şey ədalətli olsun. Ali məktəblərə doğrudan da ən istedadlı gənclər daxil olsunlar. Başqa niyyətlə maraqlanan adamlar da var. Onlar istəyirlər ki, bu işlərdə hökmən mənfi bir şey olsun və bunu əldə bayraq edərək hay-küy qaldırsınlar. Desinlər ki, əllərindən bir iş gəlmədi, bunu bacarmadılar, onu yarıtmadılar. Cəmiyyətdə heç vaxt hamı bir fikirdə, bir səviyyədə, bir düşüncədə ola bilməz. Bu da təbiidir. Xüsusən də indi, fikir müxtəlifliyi, demokratiya, söz azadlığı və digər bu kimi amillər Azərbaycan Respublikasının, cəmiyyətimizin atributlarına çevriləndə.

Bilmək lazımdır ki, bu proseslərə əks mövqedən müdaxilə elən qüvvələr də var və onlar hər bir nöqsandan istifadə edəcəklər. Mən tək buna görə demirəm, çünki buna heç fikir də vermirəm. Ona görə də demirəm ki, nöqsan buraxılmasın və kim isə bu barədə yaza bilməsin. Ona görə deyirəm ki, ədalətsizlik olmasın, gələcəyimiz saydığımız gənclər - bu il ali məktəblərə qəbul edilən gənclərimiz təhsil almağa doğrudan da layiq olsunlar.

Güman edirəm ki, siz bu tövsiyələri nəzərə alacaqsınız. Şəxsən mən bu işə ciddi nəzarət edəcəyəm. İnzibati orqanların vəzifələri məlumdur. Burada daxili işlər naziri də, baş prokurorun müavini də, Bakı icra hakimiyyətinin başçısı da çıxış etdilər. Rayonların icra hakimiyyətlərinin başçıları da buradadırlar. Güman edirəm ki, onlar da öz vəzifələrini bilirlər. Daha elə olmasın ki, ağır işi kim isə başqasının üzərinə atsın. Hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməyə, digər sahədə işin öhdəsindən gələ bilməyənlərə də kömək etməyə çalışmalıdır. Bu, ümumxalq, ümummilli, ümumdövlət işimizdir. Hər kəs əlindən gələni etməlidir ki, bu iş uğurla başa çatsın.

Ali təhsil məsələsi ilə məşğul olan şəxslər, ali təhsil ocaqlarımızın rəhbərləri buradadırlar. Odur ki, fürsətdən istifadə edib ali təhsil barəsində fikirlərimi söyləmək istəyirəm. Mən bir necə aydır ki, bu məsələ ilə çox məşğul olmuşam. Ali təhsilə, ümumiyyətlə, təhsil məsələlərinə dair böyük müşavirə keçirmişəm. Qəbul imtahanları qurtardıqdan sonra daha bir müşavirə keçirəcəyik. Mən bu barədə göstəriş vermişəm. Bildiyiniz kimi, ali təhsil ocaqları, universitetlərimiz Azərbaycan mədəniyyətinin, elminin, milli mənəviyyatının zirvəsidir. Ona görə də bu mənəvi məsuliyyəti təhsil sahəsində, xüsusən ali məktəblərdə işləyən şəxslər gərək yaxşı dərk etsinlər. Arzu edərdim ki, indi cəmiyyətimizdə dəyişikliklərin baş verdiyi, mühüm proseslərin getdiyi, xüsusən Azərbaycanın müstəqil bir dövlət kimi formalaşdığı dövrdə ali məktəb işçiləri, ümumiyyətlə, təhsil sahəsində çalışan şəxslər öz mənəvi məsuliyyətini başa düşsünlər, hər cur mənfi hallardan uzaqlaşsınlar. Ali məktəbləri çirkin, mənfi hallardan təmizləsinlər. Bu, mütləq edilməlidir.

Bəzi şəxslər üzün illər ərzində müəyyən mövqe tutmuş, bundan öz şəxsi mənafeləri üçün istifadə etmişlər, milli mənafelərimizə çox böyük zərbələr vurmuş, zərər gətirmişlər. Belələri ali məktəb sistemindən, ümumiyyətlə, təhsil sistemindən uzaqlaşdırılmalıdır. Mən Lidiya Rəsulovanı təhsil naziri təyin etdim. Bu addımı atarkən belə fikirdə idim və öz fikrimdə qalıram ki, Lidiya Rəsulova təcrübəli kadrdır, respublikada tanınmış adamdır və ali təhsil sahəsində çox böyük təcrübəsi var, yüksək mənəviyyata malikdir. Əminəm ki, o, öz təcrübəsindən, biliyindən istifadə edərək, hazırladığımız tədbirləri həyata keçirəcəkdir.

Təəssüf ki, bir qrup neqativ adamlar bizim bu tədbirə qarşı çıxırlar. Lidiya Rəsulova xəstələnib, lakin mən əminəm ki, o, müalicə olunub qayıdacaq və işləyəcəkdir. Mən bunu tək Lidiya Rəsulovaya görə demirəm. Bilirsinizmi, öz şəxsi mövqelərini hər şeydən üstün tutaraq, təhsil sahəsində çirkin işlər görən adamların öz mənfi niyyətlərinə nail olmaq üçün necə alçaq vasitələrə əl atdıqlarını görürəm. Mən bir daha xəbərdarlıq edirəm qoy heç kəs güman etməsin ki, belə əməllər gözdən qaçacaq, yaxud onları görən yoxdur, bunlara görə cəza verilməyəcəkdir.

Xeyr. Belə şey olmayacaqdır. Mən bir prezident kimi Azərbaycan Respublikasının bu ali dövlət vəzifəsini öz üzərimə götürərkən xalqa söz vermişəm, mən öz sözümün üstündə durmuşam və axıra qədər duracağam, son damla qanımadək, son nəfəsimədək sözümdən dönməyəcəyəm. Heç kəs də iradəmi qıra bilməyəcək. Ona görə də belə adamlar bilməlidirlər ki, çirkin əməllərindən çəkinməsələr, onların haqqında ciddi cəza tədbirləri görüləcəkdir. Yenə də deyirəm, bizim ali təhsil sahəsində, ali məktəblərimizdə saf mənəviyyatlı, saf amallı adamlar çalışmalıdırlar. Başqa məqsəd güdənlər, başqa niyyətdə olanlar kənara çəkilməlidirlər.

Ona görə də təhsil nazirinin müavinlərinə, ali məktəblərimizin rektorlarına, ümumiyyətlə, təhsil sahəsində işləyən vicdanlı, namuslu, saf mənəviyyatlı adamlara müraciət edirəm: hər bir kəs mənim bu sözlərimi nəzərə alaraq, öz işinin, öz vəzifəsinin əhəmiyyətini başa düşsün və bilsin ki, kimdən nə tələb olunur. Tələb isə o qədər də böyük tələb deyildir: xalqımıza, Vətənimizə, müstəqil dövlətimizə sədaqətlə, təmiz niyyətlə, saf mənəviyyatla xidmət etmək.

Kim bunu bacarmırsa, qoy başqa sahələrə getsin. İndi o qədər sahə var ki, oralarda bu tələblər çox da vacib deyildir. Ancaq bizim bu müqəddəs sahələrimizi bundan sonra da ləkələmək, rüsvay etmək olmaz. İndiyədək olanlar bəsdir. Çirkin əməllərə son qoymaq lazımdır. Ümumiyyətlə, bu gün burada, ziyalılar qarşısında bildirmək istəyirəm ki, son vaxtlar cürbəcür söz-söhbət gedir. Guya burada hansısa bir qrup yaradılıb, orada başqa bir qrup təşkil olunub. Axır vaxtlar Moskva qəzetləri Azərbaycan əleyhinə məqalələr dərc edir, ayrı-ayrı adamlar bu yazıların təsiri altına düşür və belə fikirləşirlər ki, Azərbaycanda yenə də qarışıqlıq olacaq, yenə də dəyişikliklər baş verəcəkdir. Hətta bir necə Moskva qəzetinin müxbirləri yanıma gəlmiş, burada məni bir necə gün gözləmişlər ki, müsahibə alsınlar, görsünlər mən nə fikirdəyəm. Mən onların çoxuna heç müsahibə vermək istəmirəm, çünki bilirəm, bu məqalələr xüsusi olaraq hazırlanmışdır və fitnəkar xarakter daşıyır. Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına yönəldilmişdir.

Ona görə də mən onlara nə cavab verirəm, nə də əhəmiyyət. Amma, bununla yanaşı, bəzilərinə dedim, suallarına da cavab verdim ki, Azərbaycan müharibə şəraitindədir, Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuşdur, Azərbaycan öz torpaqlarını geri qaytarmaq istəyir. Respublikanın rəhbərliyi və prezident kimi mən

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün gecə-gündüz çalışıram. İqtisadi çətinliklər, sosial çətinliklər var. Keçmiş Sovet respublikalarını buruyən böhran Azərbaycanda da var və müharibə ilə əlaqədar daha da dərinləşir, ayrı-ayrı qruplar da müxtəlif yollarla gedərək iqtisadi və sosial vəziyyətimizi çətinləşdirirlər. Amma qoy heç kəs güman etməsin ki, onlar Azərbaycanda ictimai-siyasi sabitliyi yoza bilərlər. Yox, poza bilməyəcəklər!

Azərbaycan bir il bundan öncə vətəndaş müharibəsinin üzünü gördü. Azərbaycanı parçalamaq, onu dağıtmaq istəyən adamlar gördülər ki, onların qarşısı alındı, hətta bəziləri cəzasını da aldı. Bundan sonra da alacaqlar. Prezident kimi şəxsən mən yol verməyəcəyəm ki, Azərbaycanda kimsə ictimai-siyasi sabitliyi pozsun. İstəyir dövlət strukturunda olsun, istəyir kənarda olsun, istəyirsə də mühacirətdə yaşasın, fərqi yoxdur, biz heç kəsə bunun üçün imkan verməyəcəyik. Bir də ki, onların heç birinin burada sosial bazası yoxdur. Xalqımız da belə şeylərə yol verməz. Mən xalqımızın əhval-ruhiyyəsini bilirəm. İkincisi də, Azərbaycan müstəqil dövlətdir, bu dövlətin isə başçısı var, prezidenti var. O, dövləti, Azərbaycan vətəndaşlarını, müstəqil Azərbaycan cəmiyyətini, onun hüquqlarını qorumağa qadirdir.

Odur ki, qoy orada-burada şayiə yayanlar, yaxud bu şayiələrə uyan, çirkin niyyətlər güdən adamlar bunu eşitsin və bilsinlər: Azərbaycanın bu ağır dövründə heç kəsə heç vaxt ictimai-siyasi sabitliyi pozmağa imkan verilməyəcəkdir. İndi bizim əsas məqsədimiz müharibədən çıxmaq, işğal olunmuş torpaqları geri qaytarmaq, bu məsələləri sülh yolu ilə həll etməkdir. Bu sahədə müəyyən addımlar atılır, siz bunu bilirsiniz. Mayın 12-dən indiyədək atəş kəsilibdir.

Ermənistanla Azərbaycan arasında altı ildən artıq gedən müharibə dövründə ilk dəfədir ki, bu, üzünmüddətli atəşkəsdir və indi də davam edir. İyulun 27-də bu atəşkəs rejimini möhkəmləndirmək üçün yeni bir sənəd imzalandı, yəni Azərbaycanın Müdafiə Nazirliyi, Ermənistanın Müdafiə Nazirliyi Rusiyanın müdafiə və xarici işlər nazirlərinə, ATƏM təşkilatı Minsk qrupunun sədri Yan Eliassona məktub göndərərək bildirdilər ki, atəşkəs davam edəcək və Böyük Siyasi Saziş imzalanana qədər atəşkəs rejimi saxlanılacaqdır. Biz bu istiqamətdə çalışır, fəaliyyət göstəririk.

Bаşqа sаhələrdə də işlərimiz çoxdur. Onа görə də kim bizə mаnе olmаq istəyirsə, Аzərbаycаnın bеlə аğır vəziyyətində kimlərsə yеnə öz şəхsi mənаfеyi nаminə hər hаnsı çirkin yolu tutmаğа çalışırsа, onlаrın qаrşısı аlınаcаqdır. Odur ki, qoy heç kəs cürbəcür şаyiələrə, Аzərbаycаnın əlеyhinə olаn hər cür məqаlələrə fikir vеrməsin. Bir də dеyirəm, şəхsən mən onlаrın heç birinə əhəmiyyət vеrmirəm. Çünki хаlqımızın irаdəsinə, хаlqımızın mənəviyyаtınа inаnırаm və şübhəsiz ki, müstəqil Аzərbаycаn dövlətinin qüdrətinə аrхаlаnırаm. Fürsətdən istifаdə еdib bu sözləri bu gün mən həm sizə, həm də informаsiyа orqаnlаrı vаsitəsilə bütün ictimаiyyətə çatdırmаğı lаzım bilirəm.

Nəhаyət, bеlə hеsаb еdirəm ki, bugünkü müşаvirəmiz, burаdа gеdən söhbətlər, vəzifələrin müəyyənləşdirilməsi böyük ictimаi-siyаsi əhəmiyyəti olаn tədbirin müvəffəqiyyətlə həyаtа keçirilməsini təmin еdəcəkdir. Bu işdə hаmınızа uğurlаr аrzulаyırаm. Sağ olun.