Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri (18-19 iyun 1997-ci il)


Azərbaycan Respublikasının xarici siyasət fəaliyyətində Mərkəzi Asiya dövlətləri arasında Özbəkistanla əlaqələrin özünəməxsus yeri var. Bu əlaqələrin möhkəmləndirilməsi, inkişaf etdirilməsi məqsədilə 1997-ci il iyun ayının 18-19-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Özbəkistan Respublikasının Prezidentinin dəvəti ilə Daşkəndə rəsmi səfərdə olub.

İyunun 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov ilə görüşüb. Görüşdə Azərbaycan Prezidenti bütün sahələrdə qarşılıqlı münasibətlərin, etibarlı tərəfdaşlığın Özbəkistan üçün də, Azərbaycan üçün də çox gərəkli olduğunu qeyd edib.

İki ölkə prezidentinin görüşündə eləcə də tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub, birgə əməkdaşlığın müxtəlif cəhətlərinə dair fikir mübadiləsi aparılıb.

Səfər zamanı, iyunun 18-də Azərbaycan və Özbəkistan dövlətlərarası və hökumətlərarası sənədləri imzalanıb. Bu sənədlər içərisində «Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında» müqavilə böyük əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün güclü fundamental müqavilə-hüquqi əsas yaradıb. Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə hökumətlərarası müştərək komissiyasının yaradılması haqqında razılığa gəlinib. Sənədlərin imzalanması mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev qeyd edib: «Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin».

Özbəkistan Prezidenti İslam Kərimov isə bildirib ki, iki ölkə arasındakı münasibətlər məhz strateji əməkdaşlıq səciyyəli olacaqdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət məsələsinə gəlincə qeyd edib: «Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqınların qayıtması və Azərbaycanın ərazi bütövlüyünə təminat verilməsi məsələlərində Azərbaycanın mövqeyi dəqiq, ədalətli və hətta deyərdim, düzgün mövqedir, bu gün bütün Dünya Birliyində getdikcə daha çox tərəfdaşlar tapır. Buna görə də biz şadıq ki, indi Azərbaycanın mövqeyi tanınır və bu məsələdə Azərbaycanın getdikcə güclənən nüfuzu və etibarı, zənnimcə, qanunauyğun prosesdir. Buna görə də biz belə hesab edirik ki, Qafqazda iki erməni dövləti ola bilməz və bir vaxtlar Azərbaycan tərəfindən söylənmiş bu fikri ağıllı və məntiqi fikir sayırıq. Bu baxımdan biz Qarabağ probleminin siyasi yolla, dincliklə həllinə tərəfdarıq.»

İyunun 19-da Azərbaycan Respublikasının Prezidentinə Daşkənd Universitetinin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimindəki çıxışında Heydər Əliyev əminliklə bildirib ki, Daşkənd Universiteti ilə Bakı Universiteti, Özbəkistan və Azərbaycan alimləri, elm və mədəniyyət xadimləri arasında əlaqələr özbək və Azərbaycan xalqlarının dostluq və qardaşlığını bundan sonra da möhkəmləndirəcəkdir.

Həmin gün müstəqil Azərbaycan dövlətinin Mərkəzi Asiyada ilk səfirliyinin - Daşkənddə Azərbaycan Respublikasının səfirliyi binasının açılış mərasimində çıxış edən Prezident Heydər Əliyev bildirib ki, bu səfirlik həm Azərbaycanın səfirliyi, həm də Özbəkistanın səfirliyi olacaq, münasibətləri daha da möhkəmlətmək və inkişaf etdirmək funksiyalarını eyni dərəcədə yerinə yetirəcəkdir. Prezident həmçinin tezliklə Özbəkistan səfirliyinin də Azərbaycanda açılacağına ümidvar olduğunu bildirib.

Açılış mərasimində prezident Azərbaycan səfirliyi binasında soydaşlarımızla – Özbəkistandakı Azərbaycan diasporunun nümayəndələrilə görüşüb onların həyatı ilə maraqlanıb və Azərbaycan həqiqətlərini Özbəkistan cəmiyyətinə çatdırılmasının onların vəzifəsi, borcu olduğunu vurğulayıb.