Azərbaycan Prezidenti Heydər Əliyevin görkəmli alim, akademik Zərifə Əliyevaya həsr edilmiş "Zərifə xanım Əliyeva" kitab - albomunun təqdimat mərasimində çıxışı - Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, 14 aprel 1999-cu il


Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Bu axşam biz burada birlikdə Zərifə xanım haqqında olan kitab-albomun təqdimat mərasimini, eyni zamanda bir xatirə gecəsini yaşadıq.

Bugünkü mərasim məni və ailə üzvlərimi bir daha on dörd il bundan öncə olan günlərə, aylara qaytardı. Nə qədər çox il keçsə də, bizim ailəmiz bu itkinin ağrısını-acısını həmişə hiss edir. Hesab edirəm ki, nəinki biz, mənim nəvələrim də, onların davamçıları da bu hisslərlə yaşayacaq və bizim hamımız üçün əziz, unudulmaz Zərifə xanım həmişə qəlbimizdə yaşayacaqdır.

Zərifə xanım haqındakı kitab onun şəxsiyyətinə, həyat yoluna, insani keyfiyyətlərinə, mənəviyyatına layiq bir kitabdır. Bu kitabı hazırlayanlara, çapdan çıxaranlara təşəkkür edirəm.

Bugünkü gecə bizim üçün çox təsirlidir, eyni zamanda olduqca maraqlıdır. Bu gecənin hazırlanması böyük incəsənət, mədəniyyət nümunəsidir. Bunun hazırlanması böyük istedad tələb edir. Bu gün biz bu istedadların şahidi olduq. Gecəni hazırlayanlara və proqram aparanlara, burada çıxış edənlərin hamısına təşəkkür edirəm.

Bu gün buraya bizim yaxın qohumlarımız, bunlarla bərabər, dostlarımız, xarici ölkələrin Azərbaycandakı səfirləri, elm, mədəniyyət xadimləri, vaxtilə Zərifə xanımla bir yerdə çalışmış, uzun illər dostluq etmiş çox dəyərli insanlar dəvət olunublar. Bu gecədə iştirakınıza görə mən sizin hamınıza təşəkkür edirəm.

Gecənin proqramı xatirə anlayışına uyğundur. Ona görə də bu, qəmli-kədərli bir gecəyə çevrildi. Bəlkə də biz bu hissiyyatları yaşamağımızdan da məmnunuq. Eyni zamanda, hörmətli dostlarımız, qonaqlarımız, bu hissiyyatlarımızı siz bizimlə bərabər yaşadınız. Bunlara görə, bugünkü gecədə iştirak etdiyinizə görə hamınıza təşəkkür edirəm.

Bu gün burada dəfələrlə qeyd olundu ki, o, həyatda çox nikbin, şən idi. İnsanlarla çox mehriban münasibətdə olmaq onun üçün əsas şərt idi. O, insanları sevirdi, insanlar da onu sevirdilər. Ona görə də mən bu gecəni bir növ dostluq, birlik gecəsi adlandırıram. Bu, Zərifə xanımın xatirəsinə ən dəyərli bir abidədir. Bu gecədə nə qədər təsirləndinizsə, eyni zamanda mən istəyirəm ki, buranı tərk edərkən şad əhval-ruhiyyədə dağılışasınız.

Sizin hamınıza cansağlığı, həyatınızda səadət, xoşbəxtlik, hər birinizə işlərinizdə uğurlar arzulayıram. Bir daha hamınıza təşəkkür edirəm. Sağ olun.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər