Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycanın Yəhudi icmasına məktubu - 26 sentyabr 2003-cü il


Hörmətli həmvətənlər!

Sizi - respublikamızın yəhudi əhalisini yeni il bayramınız - Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı və səadət arzulayıram.

Əsrlərdən bəri ölkəmizdə məskunlaşıb yaşayan yəhudilər heç zaman Azərbaycanda təqiblərə və ayrı-seçkiliyə məruz qalmamış, öz milli-mədəni özgürlüyünü qoruyub saxlayaraq, respublikamızın ictimai-siyasi və elmi-mədəni həyatında yaxından iştirak etmişlər. Azərbaycan milli müstəqillik qazandıqdan sonra respublikamızda yaşayan digər xalqların nümayəndələri kimi, yəhudilər də demokratik dövlət quruculuğu prosesində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirir, ölkəmizin tərəqqisi və inkişafı üçün əllərindən gələni əsigəmirlər.

Əziz həmvətənlər!

Hər il Azərbaycanda təntənə ilə qeyd olunan Roş-Ha-Şana yenilik, tövbə, mənəvi saflıq bayramıdır. Qoy bu bayram hamınızın həyatında xoş ovqat, ailələrinizə xoşbəxtlik və sevinc gətirsin.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 27 sentyabr 2003-cü il.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər