Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının geniş iclasında çıxışı - 1 fevral 1999-cu il


Mən yanvar ayının 17-dən 30-dək qədər ölkədə olmadım. Xəstəliyim haqqında sizin məlumatınız vardır. Yaxşı müalicə olundum. Yanvarın 30-da vətənə qayıtdım və bu gün də işdəyəm.

Mən Ankarada xəstəxanada olduğum zaman daim sizinlə əlaqə saxlayırdım. Respublikada aparılan işlər və prinsipial məsələlər müzakirə edilib mənimlə razılaşdırılırdı.

Deyə bilərəm ki, mənim Azərbaycanda prezident vəzifəsini daşıdığım dövrdə ilk dəfədir mən belə müddətdə, yəni 12-13 gün burada olmamışam, ölkədən kənarda olmuşam. Düzdür, xarici səfərlərin bəziləri zamanı belə olubdur. Məsələn, Amerika səfəri müəyyən qədər uzun bir səfər idi. Ancaq bu, səfər idi.

Lakin mən ilk dəfə olaraq xəstəxanaya düşməli oldum. Mən bilirəm ki, bu da Azərbaycanda çox böyük həyəcan doğurmuşdu, narahatçılıq doğurmuşdu və siz bilirsiniz, mən də bilirəm ki, xarici ölkələrdə və Azərbaycan vətəndaşlarından mənim ünvanıma, Ankaraya, Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəlin ünvanına çoxsaylı məktublar, teleqramlar göndərilirdi. Buraya da çoxsaylı müraciətlər olmuşdur. Mənə məlumat veriblər. Bunlar hamısı xalqın Azərbaycan dövlətçiliyinə, Azərbaycan Prezidentinə olan münasibətini əks etdirir. Bunların əsası ondan ibarətdir ki, bu müddətdə Azərbaycanda hakimiyyət orqanlarının hamısı normal işləyibdir. Dövlət, hökumət normal işləyibdir. Ölkəmizdə ictimai-siyasi sabitlik olduğu səviyyədə saxlanılıbdır.

Tarixi arayış