Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ali mükafatların təqdim olunması mərasimində nitqi - 6 iyul 2001-ci il


Hörmətli dostlar!

Hörmətli xanımlar və cənablar!

Bu gün bu ordenlərin təqdim olunması mərasimi mənim üçün, eyni zamanda Azərbaycanın çox görkəmli şəxsiyyətləri ilə görüşümün əksidir. Siz görürsünüz ki, burada tam səmimi və bəlkə də, qeyri-rəsmi, sadə bir əhval-ruhiyyə hökm sürür. Bunun da səbəbi ondan ibarətdir ki, Azərbaycanın prezidenti olaraq mən, eyni zamanda, heç prezident olmasam da, hələ gənc vaxtlarımdan elmə, mədəniyyətə, təhsilə həmişə yüksək qiymət vermişəm. Keçmişdə Azərbaycanda işlədiyim illərdə, yaxud Sovetlər Birliyinin rəhbərliyində olduğum dövrdə və indi son səkkiz ildə Azərbaycanın prezidenti vəzifəsini daşıyaraq, mən bu sahəni həmişə özüm üçün öncül sahə, yəni xüsusi əhəmiyyət kəsb edən sahə hesab etmişəm. Ona görə də mənim bu gün buradakı görüş, aldığınız mükafatlar sizi nə qədər sevindirirsə, - mən mükafat almıram, - sizinlə görüşmək, sizi yenidən belə yaxından görmək, sizinlə danışmaq, söhbət etmək, hətta zarafat etmək məni də sevindirir.

Bu gün burada, bu salonda mükafat alanların əksəriyyəti XX əsrdə Azərbaycanın inkişafına böyük töhfələr vermiş insanlardır. XX əsr bir tərəfdən, Azərbaycanın böyük inkişaf, sıçrayış dövrü, ikinci tərəfdən də faciələr, itkilər, repressiyalar və insanlara əziyyət verən başqa hallar dövrü olubdur. İndi XX əsr arxada qalıbdır. Əgər dərinə getməsək, bu barədə qısaca bir söz desək, mən hesab edirəm ki, XX əsrdə Azərbaycanın ən böyük nailiyyəti, birincisi, 1918-ci ildə öz dövlət müstəqilliyini elan etməsidir. İkincisi, 1991-ci ildə bu müstəqilliyin bərpa edilməsi və nəhayət, əldə olunmuş azadlığı, dövlət müstəqilliyini ötən on ildə çətin şəraitdə, çox ağır şəraitdə, bəlkə də, sizin hamınızın təsəvvür edə bilmədiyiniz şəraitdə qoruyub saxlamasıdır. Ancaq eyni zamanda, XX əsrdə Azərbaycanın ən böyük nailiyyətləri həm də bundan ibarətdir ki, Azərbaycan xalqı təhsil, mədəniyyət, elm sahəsində bir sıçrayış dövrü keçibdir. Əgər bütün başqa müsəlman ölkələri ilə indiki, bugünkü müstəqil Azərbaycanı müqayisə etsəniz görərsiniz ki, XX əsrdə bizim keçdiyimiz yol, insanların kütləvi savadlanması, böyük ali təhsil sisteminin, elmin yaranması və inkişaf etməsi, çox görkəmli alimlərin, maarifçilərin yaranması, Azərbaycan mədəniyyətinin - musiqisinin, ədəbiyyatının, incəsənətinin bütün sahələrinin yüksək inkişaf etməsi məhz bu dövrə aiddir.

Azərbaycan XX əsrdə çox şərəfli bir yol keçibdir və bizim fəxr edə biləcəyimiz dəyərli insanlarımız olub, bu gün də var, sabah da olacaqdır. Dünyasını dəyişmiş böyük alimlərimiz, bəstəkarlarımız, yazıçılarımız, şairlərimiz və digər sahələrdə böyük işlər görmüş insanlarımız Azərbaycanın bu səviyyəyə qalxmasına böyük xidmətlər göstərmişlər.

Siz, burada oturanların əksəriyyəti yaşlı nəslə aidsiniz. Siz də həmin bu qəbildən olan insanlarsınız. Siz Azərbaycanın mədəniyyətinin, elminin, maarifinin, ali təhsilinin, səhiyyəsinin və bütün başqa sahələrin inkişafında böyük xidmətlər göstərmisiniz. Bunlar insan cəmiyyəti üçün əsas sahələrdir.

Təbii ki, bizim neft sahəsində nailiyyətimiz çox böyükdür. Hörmətli Xoşbəxt Yusifzadə də bu barədə danışdı. Ancaq bizim neft sahəsində əldə etdiyimiz nailiyyətlər bir neçə nəslin qabaqcıl insanlarının, yüksək səviyyəli alimlərin, mühəndislərin və neft sənayesində işləyən fədakar adamların sayəsindədir. Bunlar hamısı bizim tariximizdir. Tarixi heç vaxt unutmaq lazım deyildir. Çünki əgər millətin tarixi yoxdursa, o millət deyildir. Millətin tarixinin bir hissəsini silib atmaq, o biri hissəsini qabartmaq da millətə xəyanət etməkdir. Sizin hər biriniz - görürəm ki, burada 80 yaşında da, 70 yaşında da olan adamlar var, aşağı yaşda olanları demirəm, 50 yaşında bir neçə nəfər var, qalanların hamısı bundan artıq yaşdadır, - siz nə qədər yol keçmisiniz. Hər birinizin arxanızda xidmətiniz durur. Məhz sizin bu xidmətləriniz, hərənizin öz sahənizdə xalqımızın inkişafına verdiyiniz töhfələr və sizdən əvvəlki nəsillərin yaratdıqları Azərbaycanı bu yüksək səviyyəyə qaldırıbdır. Ona görə də mən müstəqil Azərbaycan dövlətinin ali, yüksək mükafatları - orden və medallar təsis ediləndən sonra çalışıram ki, birinci növbədə sizin nəsildən olan insanları qiymətləndirim və təltif edim. Birincisi, ona görə ki, bu ordenlərin, medalların qiymətini də anlamaq lazımdır, bunu aşağı salmaq olmaz. Təəssüf ki, keçmiş Sovetlər İttifaqında son 20-30 ildə belə olmuşdu ki, orden və medalları hər adam alırdı. Adi bir sağıcı da inəyi yaxşı sağırdısa, o, ən yüksək orden alırdı. Əlbəttə, həmin sağıcı, heyvan saxlayan mənim üçün də əzizdir. Bu, o vaxt ölkənin, sistemin xüsusiyyəti idi.

Amma indi bizim müstəqil ölkəmizə, milli-mənəvi dəyərlərimizə, bəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin sintezini yaradıb inkişaf etdirmək arzumuz onu tələb edir ki, birinci növbədə sizin kimi insanlar yüksək qiymətləndirilsinlər. Çünki sizin hər biriniz öz işinizdə şəxsiyyətsiniz. Hər biriniz öz yaradıcılığınızla, öz elmi əsərlərinizlə, fəaliyyətinizlə yüzlərlə, minlərlə insana fayda vermisiniz. Bu gün də verirsiniz, gələcəkdə də fayda verəcəksiniz. Ona görə də bu gün istərdim, sizə xüsusi çatdırım ki, - görürəm, bəzilərinə oturmaq çətindir, bəzilərinə hərəkət etmək çətindir - mən nə qədər sevinirəm ki, bu insanlar hələ yaşayır. Sevinirəm, çünki mənə müyəssər olubdur ki, bu insanların gördüyü işləri qiymətləndirim, onları təltif edim və bu ordenləri şəxsən onların özlərinə təqdim edim.

Təbiidir ki, müstəqil dövlətimiz yaşayacaq, inkişaf edəcəkdir. Bu il Azərbaycanın müstəqilliyinin onuncu ildönümünü bayram edəcəyik.

Gənclər artıq fəaliyyətə başlayıblar və bizim nəsildən də çox işlər görəcəklər, müstəqil Azərbaycanı irəliyə aparacaqlar, inkişaf etdirəcəklər. Onların hər birinin zəhmətini qiymətləndirəcəyik və bizdən sonra gələn nəsillər də qiymətləndirəcəkdir. Ona görə nəsillərin bir-biri ilə bağlılığı xalq üçün, millət üçün çox əhəmiyyətlidir. İndi görürsünüz, hansısa bir ədalətsizlik nəticəsində Azərbaycanın itirdiyi böyük bir insan üçün biz nə qədər, üstündən 50-60 il keçəndən sonra da heyfsilənirik.

Məsələn, Tahir Salahov atasının aqibəti haqqında danışdı. Mən onu anladım. Ona 4 maddə vermişdilər. Maddələrdən biri də ondan ibarət idi ki, Azərbaycanı ayırmaq, müstəqil etmək istəyir. Mən anladım, indi o, nə qədər sevinir ki, onun atasının arzusu, istəyi və buna görə həlak olması bax, bu nəticəni veribdir ki, indi Azərbaycan müstəqildir və onun oğlu "İstiqlal" ordeni ilə təltif edilir. Elə təkcə Tahir deyil, çoxlarının aqibəti belə olubdur. Yəni onların valideynlərinin, qohumlarının, əqrəbalarının aqibəti belə olubdur. Amma bütün bu ağır dövrdən xalqımız keçib, yaşayır.

Nə qədər itkilərimiz olsa da, yenə də xalqımızın intellektual potensialı aşağı düşməyib, əksinə, yüksəlib, yüksəlib, yüksəlibdir.

Mən daim iftixar hissi ilə deyirəm ki, Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman respublikamız böyük iqtisadi potensiala malik idi.

Azərbaycan böyük intellektuaı potensiala - böyük elmə, böyük mədəniyyətə, böyük təhsilə malik idi. Əgər bunlar olmasaydı və təbiidir ki, bunları qiymətləndirən, bunlardan istifadə edən, bunların əsasında həyatımızın yeni mərhələsində işləri irəliyə aparanlar olmasaydı, indi bizim müstəqil dövlətimiz yaşaya bilməzdi. Amma yaşayır, baxmayaraq ki, başqa böyük müstəqil dövlətlərdən fərqli olaraq, bizim ağır çətinliyimiz var. Ermənistanın təcavüzü, torpaqlarımızın 20 faizinin işğal olunması, bir milyondan artıq vətəndaşımızın didərgin düşməsi, çadırlarda yaşaması - bütün bunlara baxmayaraq, xalqımız, millətimiz yaşayır. Yaşamaq o demək deyil ki, bu dünyada, sadəcə, mövcuddur, yox, yaşayır və inkişaf edir. Elmimiz də, mədəniyyətimiz də, iqtisadiyyatımız da inkişaf edir, insanların rifah halı da günü-gündən yaxşılaşır və yaxşılaşacaqdır. Azərbaycanın müstəqilliyi ilbəil möhkəmlənəcəkdir. Təbiidir ki, sizin hamınızın arzusu yerinə yetəcək - Azərbaycanın işğal olunmuş torpaqları azad ediləcək, ərazi bütövlüyü bərpa olunacaq və Azərbaycan bu müstəqillik, yeni iqtisadi siyasət yolu ilə irəliyə gedəcək və daim müstəqil dövlət kimi yaşayacaqdır.

Şübhə etmirəm ki, gələcək nəsillər bu dövrdə yaşamış, Azərbaycanı bu çətinliklərin içərisindən çıxarmış sizin kimi dəyərli insanları heç vaxt unutmayacaqdır. Bax, bütün bunlara görə bu gün sizinlə görüşməyim mənim üçün çox xoşdur, çox əzizdir. Mən çox məmnunam ki, bu mükafatları sizə özüm təqdim etdim. Sizi bir daha təbrik edirəm. Sizin hamınıza cansağlığı arzu edirəm, yeni-yeni uğurlar arzulayıram və əziz vətənimiz müstəqil Azərbaycana xoşbəxt gələcək arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 7 iyul 2001-ci il

Tarixi arayış