Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Dini İşlər İdarəsinin rəisi Mehmet Nuri Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 22 iyul 2002-ci il


Mehmet Nuri Yılmaz: Hörmətli cumhur başqanım, hər dəfə Azərbaycana gəldikdə ölkənizin daha da inkişaf etdiyini görürük. Bu dəfə də Bakını gəzdik, həqiqətən, ölkənizdə böyük inkişaf olduğunu müşahidə etdik. Təbiidir ki, zati-alinizin rəhbərliyi sayəsində Azərbaycan daha da irəli gedəcək, inkişaf edəcəkdir. Allahdan Sizə cansağlığı diləyir, gələcəkdə də uğurlar əldə etməyinizi arzulayırıq. Azərbaycanın indi qarşılaşdığı ən böyük çətinlik torpaqlarınızın bir hissəsinin işğal edilməsi və bir milyona qədər insanın qaçqın durumunda olmasıdır. Dağlıq Qarabağ problemi həll edildikdən sonra qaçqınlığın aradan qaldırılması nəticəsində Azərbaycanın inkişafına mane olan əngəl aradan qaldırılacaqdır.

Bizim buraya gəlməyimiz Tbilisidəki beynəlxalq toplantı keçirilməsi ilə bağlıdır. Bu toplantı çox yararlı oldu və şeyxin dəvəti ilə Azərbaycanı ziyarət etməyi qərara aldıq. Əslində, Azərbaycan türkdilli cümhuriyyətlər içərisində ən çox dəyər verdiyimiz ölkədir. Həm ölkənizi ziyarət etmək, həm də dini məsələlərlə bağlı şeyxülislamla və cənab Rafiq Əliyevlə görüşlər keçirmək məqsədilə gəlmişik. Onlarla görüşlərimiz çox yararlı oldu. Burada bizim din xadimlərimiz xidmət etməkdədirlər. Yeni qəbul etdiyiniz qanuna uyğun olaraq, bunları bir əsasa bağlamaq lazımdır. Bununla bağlı bir anlaşma hazırladıq. İnşaallah, yaxın vaxtlarda, Türkiyədə imzalayıb həyata keçirəcəyik.

Biz hər cür fanatizmin əleyhinəyik. Azərbaycanda xidmət göstərən din xadimlərinin də buna mühüm diqqət və həssaslıq göstərmələrini istəyirik. İlahiyyat fakültəsində həm Türkiyədən, həm də Azərbaycandan dərs deyən müəllimlər, məscidlərdə xidmət edən din xadimləri çox diqqətlə seçilməlidir. Din insanlara düzgün anladıldıqda ölkələr inkişaf edər. Lakin din xürafata bürünmüş halda insanlara anladılarsa, o vaxt hər bir ölkə geri qala bilər. Biz Türkiyədə və Azərbaycanda din anlayışları arasında fərq olmadığını görürük və bundan da məmnunluq duyuruq.

Heydər Əliyev: Türkiyə ilə bizim aramızda dostluq, qardaşlıq əlaqələri çox yüksək səviyyədədir. Biz bunu qiymətləndiririk. "Biz bir millət, iki dövlətik" demişik və işlərimizi bu prinsiplər əsasında qururuq və bundan sonra da quracağıq.

Cəmiyyətdə dinin rolu haqqında söylədiyiniz fikirlər tamamilə doğrudur. Türkiyə ilə Azərbaycan arasındakı fərq ondan ibarətdir ki, Türkiyədə din heç vaxt yasaq olmayıbdır. İnsanlar həmişə dinə inamlarını, etiqadlarını həyata keçiriblər və dindən ayrılmayıblar. Amma sovet hakimiyyəti qurulandan sonra, təkcə Azərbaycanda deyil, Sovetlər İttifaqının bütün ərazisində din yasaq edildi, onunla mübarizə aparıldı. Ona görə də dini idarələrin hamısı ya dağıdıldı, ya da məhv oldu. Amma din insanların qəlbində yaşadı, nəsildən-nəslə keçməklə yaşadı.

Sovet İttifaqı dağılandan, Azərbaycan müstəqilliyini əldə edəndən sonra insanlara vicdan azadlığı, yəni din azadlığı verildi. Ötən on il ərzində Azərbaycanda bu siyasət həyata keçirilir. Doğrudur, bundan mənfi hallar üçün istifadə etmək istəyən qüvvələr də var. Yaxud da ki, ayrı-ayrı ölkələrdən Azərbaycana dini fanatizmi, dini ekstremizmi yaymaq istəyənlər də var.

Məlumdur ki, dünyada dindən istifadə edərək terrorizmlə məşğul olan qüvvələr də var. Buna görə də dini ekstremizm, eyni zamanda terrorizmlə də bağlanıbdır. Bu da müxtəlif ölkələrdə həm insanlara, xalqlara, həm də dövlətlərə çox zərər verir. Biz çalışmalıyıq ki, ölkələrimizdə xalqlarımızın vicdan azadlığını təmin edərək, eyni zamanda xaricdən, yaxud da daxildən ayrı-ayrı qüvvələr tərəfindən dini fanatizmin, ekstremizmin və bunun altında terrorizmin həyata keçirilməsi hallarına yol verməyək.

Bu işi biz Azərbaycanda aparırıq və aparacağıq. Bu, bizim üçün əsas məsələlərdən biridir.

Ancaq məlumdur ki, sizin də bəzi din xadimləriniz ayrı-ayrı dairələrlə əlaqədə olaraq öz planlarını həyata keçirmək istəyirlər. Lakin Türkiyədə bunun qarşısı çox ciddi alınır. Biz bunu bilirik.

Bizim müstəqil dövlətdə din dövlətdən ayrıdır. Din dövlətin işinə qarışa bilməz. Dövlət də dinin işinə qarışa bilməz. Ancaq təəssüflər olsun, bəziləri istəyir ki, Azərbaycanda idarəetmə işləri din qaydasında olsun, yaxud da burada islam dövləti yaransın. Bunlar xəyaldır, kim belə düşünürsə, bu yollara getmək istəyirsə, o, böyük risk edir. Çünki bunların qarşısını biz kəskin şəkildə alacağıq. Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət yaradırıq. Biz heç vaxt imkan vermərik ki, yaratdığımız bu gənc dövlətin xarakteri hansısa qüvvələr tərəfindən dəyişdirilə bilsin. Bu məsələlərdə Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq, bir-birinə yardım etmək zəruridir. Sizin imzalayacağınız sənəd bu məqsədləri həyata keçirməyə yönəlibsə, mən bunu dəstəkləyirəm. Biz xalqımızın mənəvi dəyərlərinin inkişafı üçün dindən də istifadə etməyə çalışmalıyıq. İndi bu da çox vacibdir, aktualdır.

Biz dünyəvi dövlət quraraq, eyni zamanda, imkan verə bilmərik ki, milli-mənəvi dəyərlərimiz tapdalansın və millətimizə, milli-mənəvi dəyərlərimizə yabançı olan hansısa dəyərlər tətbiq olunsun. Təəssüf olsun ki, gənclər arasında belə işlər görməyə çalışan qüvvələr də vardır. Ona görə də gənclərin tərbiyəsinə diqqət yetirmək lazımdır. Gənclərimiz həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən sağlam olmalıdırlar. Bu da həm sizin, həm də bizim vəzifəmizdir.

"Azərbaycan" qəzeti, 23 iyul 2002-ci il