Azərbaycan Prezidenti Heydər Əliyevin Roma şəhərinin meri Françesko Rutelli ilə görüşdəki nitqindən - Roma, Kapitoli, 26 sentyabr 1997-ci il


Hörmətli cənab mer!

Möhtərəm xanımlar və cənablar!

Sizi ürəkdən salamlayır və gözəl Roma şəhərinin bütün sakinlərinə ən səmimi ehtiram hisslərimi, ən xoş arzularımı yetirir, onlara xoşbəxtlik və firavanlıq diləyirəm.

Biz hamımız xoşbəxtik ki, Romadayıq - saysız-hesabsız tarixi arxitektura və sənət abidələrini özündə saxlayan və bununla eyni zamanda müasir mədəniyyət, demokratiya və tərəqqi mərkəzi olan şəhərdəyik.

Müstəqil Azərbaycan Respublikası prezidentinin İtaliyaya ilk rəsmi səfərinin bizim üçün olduqca böyük əhəmiyyəti vardır.

Dünən biz İtaliya prezidenti cənab Skalfaro, baş nazir cənab Prodi, ölkənizin digər dövlət xadimləri ilə uğurlu, səmərəli danışıqlar apardıq. Son dərəcə böyük əhəmiyyətə malik dövlətlərarası, hökumətlərarası sənədlər imzalandı. Bu sənədlər ölkələrimiz və xalqlarımız arasında dostluğun və əmkdaşlığın daha da inkişaf etdirilməsinin müqavilə-hüquqi əsasını qoydu.

İtaliyaya rəsmi səfərimin gedişindən, aparılmış danışıqlardan da, burada əhatə olunduğumuz dostluq mühitindən də çox şadam. Əminəm ki, imzaladığımız hökumətlərarası, dövlətlərarası sənədlər İtaliya ilə Azərbaycan arasında, xalqlarımız arasında dostluğun və əməkdaşlığın daha da genişlənməsinə, möhkəmlənməsinə kömək edəcəkdir.

Şübhə yoxdur ki, bu işdə ölkələrimizin paytaxtları-Roma və Bakı mühüm rol oynayırlar. Bu gün mən Sizin-Roma merinin yanına, bizdə təbii olaraq heyranlıq hissləri doğuran bu tarixi yerə böyük ehtiram hissi ilə gəldim.

Deyirlər ki, özünün tarixi ərzində bütün bəşəriyyət Yer kürəsində yeddi möcüzə yaratmışdır və onlardan biri Müqəddəs Pyotr məbədi İtaliyada, Romadadır. Lakin bu deyilənlərə bir düzəliş etmək istərdim. Zənnimcə, burada möcüzələr çoxdur - bütün Roma şəhəri bütün bəşəriyyətin möcüzələrindən biridir. Burada hər hansı bir abidəyə, qurğuya, heykələ üstünlük vermək çətindir. Onların hamısı gözəl və əzəmətlidir, ən başlıcası isə yüksək bədiilik, yüksək sənət, yüksək mədəniyyət nümunəsidir. Məhz bu, İtaliya xalqının, belə gözəl torpaqda yaşayıb yaratmış adamların bütün nəsillərinin istedadında olduqca inandırıcı sübutdur.

Qeyd etmək xoşdur ki, Roma, əvvəlki zamanlarda olduğu kimi, bu gün də bütün dünya üçün açıq şəhərdir. Burada çox mühüm tarixi hadisələr baş verir. Avropa Birliyinin 40 il bundan əvvəl məhz burada, Romada, bu binada yaradılması XX əsrin görkəmli tarixi hadisəsidir. Biz İtaliyadan, Romadan danışdıqda zəngin tarixdən də, eyni dərəcədə zəngin müasir tarixdən də danışırıq.

Cənab mer, müstəqil Azərbaycan Respublikasının, xalqımızın ünvanına söylədiyiniz səmimi, mehriban sözlərə görə Sizə təşəkkür edirəm. Bəli, həqiqətən Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra öz qədim torpağında, Azərbacanda demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlət qurur. Bəli, biz bu yolumuzun üstündə dayanmış çox çətinlikləri aradan qaldırdıq və ölkəmizdə ictimai-siyasi sabitlik şəraiti, demokratiyanın, tərəqqinin, bazar iqtisadiyyatının inkişafına imkan yaratdıq. Biz dövlət müstəqilliyimizi demokratiya, siyasi plüralizm, insan hüquqlarının müdafiəsi prinsiplərini qoruyur və möhkəmləndiririk. Buna görə də biz əldə edilmiş uğurlardan məmnunluqla danışa bilərik. Lakin biz yolun başlanğıcındayıq və əminik ki, Azərbaycan xalqı məhz bu strateji yolla gedərək öz müstəqil Respublikasında yeni, daha böyük müvəffəqiyyətlərə nail olacaqdır.

Bizdə keçid dövrünün problemləri var və biz onları dəf edirik. Xarici hərbi müdaxilə ilə, Ermənistan tərəfindən təcavüzlə bağlı çətinlikləri də var, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etmiş və işğal olunmuş torpaqlardan ölkəmizin bir milyon nəfərdən artıq sakinini didərgin salmışdır və onlar çox ağır şəraitdədir, çadırlarda yaşayırlar. Sülh prinsiplərinə sadiq qalan Azərbaycan xalqı bu münaqişənin dincliklə aradan qaldırılmasına çalışır. Artıq üç ildən çoxdur ki, hərbi əməliyyatlar yoxdur, biz atəşkəsə nail olmuşuq, Dağlıq Qarabağ üstündə Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə aradan qaldırılmasına dair danışıqlar aparırıq və ümidvarıq ki, qarşıya qoyulmuş məqsədə Dünya Birliyinin, İtaliyanın da daxil olduğu Minsk qrupunun köməyi ilə çatacağıq.

Dünən aparılmış danışıqlardan, sənədlər imzalandıqdan sonra İtaliya ilə Azərbaycan arasında münasibətləri daha da inkişaf etdirmək üçün yaxşı imkanlar açılır. Biz bu imkanlardan istifadə etmək və ölkələrimiz arasında əməkdaşlığı ən yüksək səviyyəyə qaldırmaq üçün öz tərəfimizdən bu tədbirləri görəcəyik.

Bu əməkdaşlıqda paytaxtlarımızın - Roma ilə Bakının mühüm yeri var. Buna görə də belə düşünürəm ki, bu iki şəhər arasında əməkdaşlıq ölkələrimiz, xalqlarımız arasında əməkdaşlığın daha da inkişaf etməsinə təkan verəcəkdir.

Cənab mer, bizə göstərdiyiniz qayğı və diqqətə görə, buradan Romanın geniş bir sahəsini seyr etməyə imkan yaratdığınıza görə, əsası hələ 2500 il bundan əvvəl qoyulmuş bu tarixi binada olmağınıza görə sizə təşəkkür edirəm. Deyirlər ki, hər bir nəsil burada bir və ya yarım mərtəbə yaratmışdır. Heyf ki, yeni bir mərtəbə tikmək üçün sizə yer qalmamışdır. Lakin belə düşünürəm ki, əgər siz bütün bunları qoruyub saxlasanız, öz vəzifənizi tamamilə yerinə yetirmiş olacaqsınız.

Cənab mer, sizə çətin fəaliyyətinizdə uğurlar arzulayıram. Mən çoxillik dövlət fəaliyyəti təcrübəsinə malikəm və bilirəm ki, Roma kimi şəhəri idarə etmək çox çətindir. Roma nəinki böyük və izdihamlı, həm də açıq şəhərdir. Açıq şəhəri idarə etmək isə çox çətindir. Buna görə də sizə daha böyük qüvvə və sağlamlıq, işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - XII cild Azərnəşr, Bakı - 1998, səh.234