Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avstriya Respublikası Parlamentının sədri Haynts Fişer ilə görüşdəki söhbətindən - Vyana, 4 iyul 2000-ci il


Haynts Fişer: Cənab Prezident! Sizi səmimiyyətlə, mehribanlıqla salamlayıram və bu görüşdən məmnun olduğumu bildirirəm. Qeyd edim ki, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsinə biz xüsusi əhəmiyyət veririk. Dəvətimizi qəbul edərək Avstriyaya rəsmi səfərə gəldiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Əmin olduğumu bildirirəm ki, bu səfər Azərbaycan-Avstriya əlaqələrində yeni mərhələ açacaqdır.

Heydər Əliyev: Xoş sözlərə və səmimi qonaqpərvərliyə görə cənab Haynts Fişer, Sizə minnətdarlıq edirəm.

Müstəqil Azərbaycan Respublikasının dünya ölkələri, o cümlədən Avstriya ilə bütün sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələr qurmağa böyük maraq göstərdiyini vurğulayıram. Xatırlatmaq istəyirəm ki, Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv kimi qəbul edilməsi barədə qərar qəbul olundu. Bu məsələdə Avstriyanın Azərbaycana verdiyi dəstəkdən çox məmnun qaldığımı bildirirəm.

Bildiyiniz kimi, ölkəmiz üçün ən ağrılı problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Nəzərinizə çatdırım ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovularaq uzun illərdən bəri çadırlarda ağır vəziyyətdə yaşayır. Münaqişənin dincliklə aradan qaldırılması sahəsində Azərbaycan sülh tərəfdarıdır. Biz ölkəmizin işğal altında qalan torpaqlarının azad edilməsini, respublikamızın ərazi bütövlüyünün təmin olunmasını, yurdlarından zorla qovulmuş azərbaycanlı köçkünlərin və qaçqınların öz doğma yerlərinə qayıtmasını istəyirik. ATƏT-in Budapeşt, Lissabon, İstanbul zirvə görüşlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi sahəsində müzakirələr keçirilmiş, Minsk qrupu çərçivəsində və birbaşa danışıqlar aparılmışdır. Əmin olduğumu bildirirəm ki, hazırda ATƏT-ə sədrlik edən Avstriya bu sahədəki səmərəli fəaliyyəti ilə sülhün əldə edilməsinə lazımi kömək göstərəcək, öz imkanlarından istifadə etməyə çalışacaqdır.

Haynts Fişer: Avropanın tərkib hissəsi olan Azərbaycanda Sizin, prezident Heydər Əliyevin müdrik siyasəti, böyük təcrübəsi sayəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirirəm. Ümidvar olduğumu bildirirəm ki, Avstriyanın Xarici İşlər naziri, ATƏT-in hazırkı sədri xanım Benita Ferrero-Valdnerin başçılıq etdiyi nümayəndə heyətinin bölgəyə qarşıdakı səfəri bu münaqişənin həllinə, sülh prosesinin sürətlənməsinə müsbət təsir göstərəcəkdir.

Cənab Prezident, mən Sizin ölkənizi görmək arzusundaydım. Azərbaycan Milli Məclisinin sədrindən rəsmi dəvət aldığımı və imkan tapan kimi respublikanızı ziyarət edəcəyimi söyləyirəm.